Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3308/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1134/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkina küçəsi, döngə 4 ünvanında yerləşən 7 saylı fərdi yaşayı evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), 1 ədəd samovar (1/1), 1 ədəd qızdırıcı radiator peçi (1/1) istifadə edilir. Evə quraşdırılmış sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş və əvvəlki sayğacın laboratoriya şəraitində keçirilmiş müayinəsinin nəticəsi olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda sayğacın elementinin bitdiyi, sayğacın hesablama mexanizmindən keçən qazın qeydə alınmadığı, elementin bitmə tarixinin xx.xx.2021-ci il tarix olduğu göstərilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilmiş və həmin aktda da laboratoriya aktına istinadən sayğacın hesablama mexanizminin keçən qaz həcmini qeyd etmədiyi göstərilmişdir. Nəticədə iddiaçının abonent hesabına ümumilikdə 2.233,65 manat məbləğində cərimə borcu hesablanmışdır ki, bu məbləğin 86,40 manat hissəsi sayğaca müdaxilyə görə hesablanmış, qalan 2.147,25 manat hissəsi isə təbii qazdan istifadə edilməsi, lakin sayğacın mənfiyə işləməsi nəticəsində yaranmış borc məbləğidir. Akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, aktda iddiaçının soyadı və adının baş hərfi göstərilmiş, lakin onun akta münasibəti əks etdirilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə onun **********00000 saylı abonent koduna 86.40 qəpik və 2.147.25 manat olmaqla, ümumilikdə 2.233.65 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o sözügedən evdə quraşdırılmış qaz sayğacında guya müəyyən nasazlıqların olması əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 86.40 qəpik və 2.147,25 manat olmaqla, ümumilikdə 2.233.65 manat məbləğində əsassız borc yazılmışdır. Qaz sayğacı ona məxsus evdən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda o cavabdehlik daşımamalıdır. Qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 1134/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 2.233.65 manat məbləğində borcun silinməsi, 42.33 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X5)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 2.233.65 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1ci, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 124.1-ci, 217.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, 9.4-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.9-cu, “Dövlət rüsumu haqqında “ Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4-cü bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan borc məbləğinin 2.147, 25 manat hissəsi sayğac vasitəsilə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəri, 86,40 manat hissəsi isə sayğaca müdaxiləyə görə hesablanmış dəymiş ziyanın məbləğidir. Belə ki, istehlakçının ünvanında quraşdırılmış elektron (əvvəlcədən ödənişli) qaz sayğacına xx.xx.2023-cü il tarixində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğaca müdaxilə edilmiş və sayğacda baş vermiş texniki nasazlıq nəticəsində sayğacın klapanı bağlanmadığı üçün (sayğac mənfiyə işlədiyi üçün) istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu səbəbdən də həmin tarixdə istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir (iş materiallarına əlavə edilib). Tərtib edilmiş aktda sayğacın mənfiyə işlədiyi, həmin tarixə mexaniki göstəricisinin 38.022 m3 qaz sərfiyyatı olduğu qeyd olunmuş və aktı istehlakçı İddiaçı özü şəxsən imzalamışdır. Daha sonra aktda qeyd olunan məlumatlarla elektron bazada olan məlumatlar qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, əvəzlənən sayğac üzrə istehlakçı tərəfindən cəmi 27.901 m3 qaz sərfiyyatının dəyəri ödənilmişdir. Qeyd olunan göstəricilər arasındakı fərq 10.121 m3 (38.022- 27.901=10.121) təşkil edir ki, həmin sərfiyyatın da dəyəri istehlakçı tərəfindən ödənilməmişdir. Həmin vaxt qüvvədə olan tariflərə əsasən sayğacın mənfiyə işləməsi nəticəsində istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 10.121 m3 sərfiyyatın 770 m3 hissəsi 0,10 manatla (770x0,10=77 manat), 1.200 m3 hissəsi 0,12 manatla (1.200x0,12=144 manat), 2.230 m3 hissəsi 0,20 manatla (2.230x0,20=446 manat), qalan 5.921 m3 hissəsi isə 0,25 qəpiklə (5.921x0,25=1.480,25 manat) hesablanmış və cəmi dəyəri ödənilməyən sərfiyyata görə 2.147,25 manat (77+144+446+1480,25=2147,25) borc hesablanmışdır. Bundan əlavə sayğaca müdaxiləyə görə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən də 86,40 manat dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi qeyd olunan məbləğ iddiaçı tərəfindən dəyəri ödənilmədən sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəridir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı maddəsinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən vurğulayır ki, sayğaca müdaxilə əsası ilə iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş və bunun nəticəsi olaraq, iddiaçının abonent hesabına ümumilikdə 2.233,65 manat məbləğində cərimə borcu hesablanmışdır ki, bu məbləğin 86,40 manat hissəsi sayğaca müdaxilyə görə hesablanmış, qalan 2.147,25 manat hissəsi isə təbii qazdan istifadə edilməsi, lakin sayğacın mənfiyə işləməsi nəticəsində yaranmış borc məbləğidir. Hazırda iddiaçı qaz sayğacına hər hansı müdaxilə etmədiyini bildirir və həmin məbləğin silinməsini tələb edir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
22. Eyni zamanda, sayğaca müdaxilə halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.
23. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən aktın bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Belə ki, sayğacın mənfiyə işləməsi də nəticə etibarı ilə sayğaca müdaxilə kimi qiymətləndirilir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Aşkar edilmiş pozuntuların texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması da təmin edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.
24. Digər tərəfdən akta əsasən sayğaca müdaxilə nəticəsində cəmi 720 m3 həcmdə, yəni 86,40 manat dəyərində təbii qazdan qanunsuz olaraq istifadə edilmiş, lakin bu məbləğin hesablanması qaydasını təsdiq edən hər hansı sənəd, o cümlədən akt əsasında qəbul edilmiş qərar təqdim edilməmişdir. Qalan 2.147,25 manat məbləğində pul isə sayğacın mənfiyə işləməsi nəticəsində, real olaraq təbii qazdan istifadə edilməsinə görə yaranmış borc kimi qiymətləndirilmiş və iddiaçının abonent hesabına daxil edilmişdir. Hüquqi nəticə etibarı ilə 2.233,65 manat hər hansı rəsmiləşdirmə aparılmadan borc kimi birbaşa iddiaçının abonent hesabına daxil edilmişdir. Bununla da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsi ilə müəyyən edilmiş hesablama qaydası pozulmuşdur.
25. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından istehlakçıya məlumat verməklə ildə bir dəfə (hər il noyabr ayının 1dək) müayinə keçirmək və nəticələrinə dair akt tərtib edərək, bir surətini istehlakçıya təqdim etmək vəzifəsi daşıyan cavabdehin əməkdaşlarının xx.xx.2021-ci il tarixindən bu ünvan barədə məlumatsız olması qeyri-mümkündür. Həmin maddəyə bu məzmunlu dəyişiklik xx.xx.2022-ci il tarixdə edilmiş, xx.xx.2022-ci il tarixdə isə qüvvəyə minmişdir. Müddət etibarı ilə akt həmin dəyişiklik qüvvəyə mindikdən təxminən 1 ilə yaxın müddət keçdikdən sonra tərtib edilmişdir. Lakin belə bir müayinə aktının mövcud olması da müəyyən edilmir.
26. Məhkəmə kollegiyası “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsinə istinadən o halı da qeyd edir ki, qaz paylayıcı tərəfindən qaz xəttində pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq təkrar müayinə aparılmalıdır. Belə bir müraciətin edilməsi üçün də ilk növbədə istehlakçının müayinənin keçirilməsi və aktın tərtib edilməsi (həmçinin, qanunsuz qoşulma ilə bağlı aktın) barədə məlumatı olmalıdır. Aktın vaxtında istehlakçıya təqdim edilməməsi, istehlakçını, bu hüququndan da məhrum edir.
27. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli aktda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması təmin edilməmiş, akt tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, 2.147,25 manatla bağlı isə ümumiyyətlə hər hansə rəsmiləşdirmə aparılmamışdır. Cavabdehin mülahizəsinə əsasən hesablanmış zərər məbləği bilavasitə iddiaçının abonent hesabına daxil edilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin akt hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənəddə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənəd əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1134/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.