Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3309/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli, 2(001)-760/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqları İddiaçı3, X2 və X7 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürülməklə yaşayış yerlərinin müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə 1988-ci ildə Ermənistandan qaçqın düşərək Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçmüşdür. Həmin ildən o, valideynləri ilə birlikdə bu evdə yaşayır. 2003-cü ildə o, İddiaçı2 ilə nikaha daxil olmuş və həyat yoldaşını da atası Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürmüş, daha sonra mülkiyyətçinin razılığına əsasən İddiaçı2 həmin evə qeydiyyata alınmışdır. Təxminən keçən il Rusiyadan qayıdan bacısı X1 həyat yoldaşı ilə birlikdə mübahisəli evə köçərək orada yaşamağa başlamışdır. Baxmayaraq ki, onların Qazaxın Çaylı kəndində və Bakı şəhəri 2-ci Alatava qəsəbəsində evləri vardır. Bundan sonra evdə yaranan darısqallıq səbəbindən narazılıqlar başlanmış, nəticədə o, ailə üzvləri ilə birlikdə evdən məcburi çıxarılmışdır. Təxminən 1 il 2 aydır ki, o, ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətindədir. Artıq maddi imkanı kirayədə yaşamaq, beş nəfərdən ibarət ailə üzvlərini maddi cəhətdən təmin etməyə imkan vermir. Mübahisəli evin, Quba rayonu İkinci Nüqədi kəndində məxsus evin tikilməsində onun da zəhməti olmuşdur. İndi isə valideynləri onu istəmirlər. Evə buraxılmadığı yataq xəstəsi olan anası ilə də ünsiyyətdə ola bilmir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli, 2(001)-760/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı1 mübahisəli evə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmşdir. Həmin qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli 2(001)-760/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və tələbin İddiaçı2, həmçinin iddiaçıların uşaqları İddiaçı3, X4 və X5 aid hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qüvvədən düşmüş və hazırkı münasibətlərə şamil olunan Azərbaycan Respublikasın Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, məhkəmə İddiaçı1 aid hissədə iddia tələbi təmin edilən zaman, AR MM-nin 228-ci və qüvvədən düşmüş AR Mənzil Məcəlləsinin 123-cü maddələri rəhbər tutaraq, onun (İddiaçı1) yetkinlik yaşına çatmayan uşaqlarının da həmin evə köçürməsini təmin etməli idi. Yalnız İddiaçı1 münasibətdə tələbin təmin edilməsi, qəbul edilmiş qətnamənin formal və xəyali xarakter daşımasını ehtiva edir, çünki faktiki olaraq iddiaçı, həmçinin onun ailə üzvləri (arvadı və yetkinlik yaşına çatmayan uşaqları) qarşılıqlı olaraq birgə yaşamaq imkanından məhrum edilmiş olurlar. Hesab edirlər ki, hazırda iddiaçıların bir ailə olması faktı nəzərə alınmalı və iddia tələbi tam təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli, 2(001)-760/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən edilməli, yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı3, X2 və X7 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürülməli, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Nəzərə alınmalıdır ki, hazırkı apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni mübahisələndirməmiş, apellyator isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM № 011575 seriyalı 06.04.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə dair mülkiyyət hüquqları Cavabdeh adına 50 saylı reyestr kitabında 7623 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan 1 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli 05/Q3341/69 saylı arayışdan müəyyən olunur ki, xx.xx.1975-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş İddiaçı1 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə qarşı 13.10.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: arvadı xx.xx.1983-cü il təvəllüdlü İddiaçı2, oğlu xx.xx.2004-cü il təvəllüdlü İddiaçı3, qızı xx.xx.2005-ci il təvəllüdlü X3, oğlu xx.xx.2011-ci il təvəllüdlü X7. İş materiallarında olan 1 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı3, xx.xx.2011-ci il təvəllüdlü X7 Bakı şəhəri Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evdə daimi qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı1 cavabdehin mülkiyyətində olan evdə 1988-ci ildən yaşayan ailə üzvüdür, digər İddiaçı2 və yetkinlik yaşına çatmayanlar İddiaçı3, X2 və X7 mülkiyyətçi olan cavabdehin ailə üzvü və ya onları saxlamaq vəzifəsi daşımalı olan digər qohumları kateqoriyasına daxil deyildir, sonuncular cavabdehin mülkiyyətində olan evdə 2003-cü ildən sonra yaşamışlar. Cavabdeh İddiaçı2 və onun yetkinlik yaşına çatmayan övladlarına mülkiyyətində olan evə qeydiyyata alınmalarına icazə versə də, həmin evin mülkiyyətçisi ilə onlar arasında mənzilə istifadə hüquqlarının yaranmasına əsas ola biləcək razılaşma bağlanmamışdır. İddiaçı2 və uşaqların evə hər hansı bir hüquqlarının mövcud olmadığı müəyyən olduğundan məhkəmə onların cavabdehin mülkiyyətində olan evə köçürülmələrinə və həmin evdə yaşayış yerlərinin müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə qismən razılaşır. Belə ki, iş materialları və tərəflərin verdikləri izahatlarla mübahisəsiz qaydada müəyyən olunur ki, mübahisəli ev cavabdehin mülkiyyətindədir, iddiaçılardan İddiaçı1 cavabdehin oğlu, İddiaçı2 gəlini, yetkinlik yaşına çatmayan Hüseyn, Gülnar, Anar adlı uşaqlar isə nəvələridir. İddiaçı2 2003-cü ildə İddiaçı1lə nikaha daxil olaraq mübahisəli mənzilə gəlin köçmüş, həmin evdə yuxarıda adları qeyd edilən 3 uşaqları anadan olmuşdur. Ailə münasibətləri zəminində yaranmış narazılıq üzündən İddiaçı2 və uşaqları mübahisəli mənzildən getmişdir. İddiaçının hazırkı tələbi uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi və yaşayış yerinin müəyyən edilməsi barədədir. Birinci instansiya məhkəməsi İddiaçı2 və uşaqların mənzilə köçürülməsi hissəsində iddia tələbini təmin etməmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228 və Mənzil Məcəlləsinin 123-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququəmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 152, 157.4). Məhkəmə Kollegiyası iş materiallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı2 2003-cü ildə mübahisəli mənzilə köçərkən əmlakın mülkiyyətçisi qaynatası Cavabdeh olmuşdur. Bu səbəbdən, tərəflərin arasında yaranmış mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Kollegiya hesab edir ki, apellyator mənzilin mülkiyyətçisi ilə aralarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan İddiaçı2 mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Onun həmin evdə istifadə hüququ olan İddiaçı1lə rəsmi nikahda olması da bu evdən istifadə hüququnun yaranmasına əsas vermir. Ona görə də İddiaçı2 mübahisəli mənzilə köçürülməsi tələbi təmin oluna bilməz. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı2 aid hissədə iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 mənzilə köçürülməsi tələbini təmin etsə də, azyaşlı uşaqlarının mənzilə köçürülməsini təmin etməmişdir. Halbuki, nəzərə alınmalıdır ki, adları yuxarıda qeyd olunan uşaqlar iddiaçılar İlahə və İddiaçı1lərin birgə nikahından doğulmaqla cavabdehin mənzilə istifadə hüququnun tanındığı oğlundan olan nəvələridir. İddiaçı1 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcud olması və həmin mənzilə köçürülməsi mübahisələndirilməmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Bu maddənin dispozisiya şərtindən çıxış edərək kollegiya hesab edir ki, İddiaçı1 mübahisəli mənzilə istifadə hüququ tanınaraq mənzilə köçürülməsi, ataya münasibətdə onun yetkinlik yaşına çatmayan uşaqlarının da həmin evə köçürülməsinə hüquqi zəmin yaradır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı uşaqlara münasibətdə rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə həmin hissədə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə T ET D İ : İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17.02.2022-ci il tarixli, 2(001)-760/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı3, X2 və X7 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 10 saylı evə köçürülsün. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3309/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3309/2022
12.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver