Məhkəmə qərarları › İş №2(103)-331/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-331/2022

12.01.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-331/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, X1, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ARKO MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(007)-272/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh ARKO MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanuna və müqavilə şərtlərinə zidd olaraq mövcud olmayan 10,5 kv.m mənzil sahəsinə görə əlavə olaraq ondan alınmış 3360 ABŞ dolları məbləğində pulun (ekvivalent 5712 manat) geri alınaraq ona ödənilməsi, 26.10.2006-cı il tarixdən bu günkü günə qədər olan əldən çıxmış fayda olaraq 4368 ABŞ dolları məbləğində pulun (ekvivalent 7425 manat) cavabdehdən tutulub ona ödənilməsi, onun dövlət rüsumu ödənişindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ARKO QSC ilə (indiki ARKO MTK ilə) 26 oktyabr 2006-ci il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlayaraq ünvan 1 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının 1 - ci girişində, 16 - cı mərtəbdə, ümumi sahəsi 111,7 kv.m olan, 3 otaqlı, 58 nömrəli mənzili almışdır. Alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, adı çəkilən mənzil 3 otaqdan ibarətdir, binanın 1-ci blokunda 16-cı mərtəbədə yerləşir və ümumi sahəsi 111,7 kv.m təşkil edir. Mənzil alıcıya son variantda təmirsiz vəziyyətdə giriş qapısı olmadan verilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən, ona verilən mənzilin ümumi dəyəri 35.744 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 26.10.2006-cı il tarixli və 04.02.2020-ci il tarixli maliyyə arayışlarına əsasən, o, adı çəkilən mənzilin pay dəyərini vaxtlı - vaxtında birdəfəlik olaraq ARKO QSC (ARKO MTK-nin) kassasına nəğd şəkildə tam ödəmişdir. Maliyyə arayışlarından göründüyü kimi, o, müqavilə öhdəliyini vaxtında, dərhal, qüsursuz yerinə yetirmişdir. Kooperativ yaşayış binası böyük çətinliklə istismara verildikdən sonra, 12.02.2020-ci il tarixdə o, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ərazi idarəsinə ona məxsus olan 58 nömrəli mənzilə çıxarış verilməsi və texniki pasport tərtib edilməsi barədə yazılı ərizə ilə müraciət etmişdir. Mənzildə ölçü işlərinin aparılması üçün 62.24 manat, texniki pasportun tərtib edilməsi üçün 50 manat, çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Ölçü işləri aparılarkən, texniki pasport tərtib edilərkən müəyyən olunmuşdur ki, ona verilən 58 nömrəli mənzilin ümumi sahəsi 111,7 kv.m deyil 1,101,2 kv.m təşkil edir, yəni 10,5 kv.m çatışmır. Bu isə, müqavilənin 2-ci bəndində göstərilən şərtlərin və müqavilə öhdəliyinin ARKO MTK (keçmiş ARKC QSC) tərəfindən kobud şəkildə pozulmasıdır. Müqaviləyə əsasən, 1 kv.m dəyəri 320 ABŞ dolları təşkil edir, 10,5 kv.m dəyəri isə 3360 ABŞ dolları təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(007)-272/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" Mənzil Tikinti Koperativindən 3360 ABŞ dolları qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" Mənzil Tikinti Koperativindən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və məhkəmə tikinti-texniki ekspertizasına sərf olunmuş 50 manat məbləğində vəsaitin "xxxx" Mənzil Tikinti Koperativindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş, apelyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyində göstərilən sahə məhz çıxarışda olan, texniki pasporta və rəy verilən günə olan vəziyyəti əks etdirir, tərəflər arasında müqavilə 26.10.2006-cı il tarixdə bağlanmış və mənzil təmirsiz suvaq olunmuş halda təhvil verilmişdir, həmin vəziyyətdə mənzilin ümumi sahəsi 111,7 kv.m təşkil etmişdir. Ekspertiza keçirilməsində iştirakları təmin olunmamış və əlavə ekspertiza keçirilməsi tələbləri təmin edilməmişdir. Mənzilin təmirdən sonrakı vəziyyəti deyil, təmirsiz vəziyyətdə ümumi sahəsinin nə qədər təşkil etməsi araşdırma predmeti olmalı idi, çünki mənzilin daxilində divarların suvaq, macun və s. örtüklərdən 3-5 sm örtüldükdə, mənzil daxilində araskəsmələr dəyişdirildikdə mənzilin ümumi sahəsi azalmış olur. Ona görə həmin binada təmirsiz vəziyyətdə olan mənzilə baxış keçirilərək, ölçülər götürülməklə, müqayisəli şəkildə ekspertiza keçirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Ekspert rəyi ilə razı olmadıqlarını bildirərək, əlavə ekspertizanın keçirilməsini xahiş edərək, bu barədə şifahi vəsatətlə müraciət etdi. İddiaçı vəsatətin əsassız olduğunu bildirərək, təmin edilməməsini, həmçinin apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hazırda qətnamə cavabdehin apelyasiya şikayəti həddində iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlanılır, iddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan ARKO MTK ilə İddiaçı arasında bağlanmış 26 oktyabr 2006cı il tarixli müqaviləyə əsasən ARKO MTK Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2529-61-ci məhəllədə yerləşən kooperativ binanın 111,7 kv.m ümumi sahədən ibarət olan, 58 nömrəli mənzili “alıcıya” təhvil verməyi, “alıcı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin 3 otaqdan, ümumi sahəsinin 111,7 kv.m-dən ibarət olması göstərilmişdir. ARKO MTK-nın 04 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2529-61-ci məhəllədə yerləşən kooperativ binanın 58 nömrəli mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2529-61-ci məhəllədə yerləşən 58 nömrəli mənzilin ümumi sahəsi 101.20 kv.m-dir. İş üzrə birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın 18 fevral 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 26 oktyabr 2006-cı il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2529-61-ci məhəllədə yerləşən kooperativ binanın 58 nömrəli mənzilinin faktiki ümumi sahəsi Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun hesablandıqda 101.2 kv.m təşkil edir. Apelyasiya şikayətində cavabdeh tərəf ekspertiza rəyi ilə razılaşmayaraq, qeyd etmişdir ki, mənzilin təmirdən sonrakı vəziyyəti deyil, təmirsiz vəziyyətdə ümumi sahəsinin nə qədər təşkil etməsi araşdırma predmeti olmalıdır, çünki mənzilin daxilində divarların suvaq, macun və s. örtüklərdən 3-5 sm örtüldükdə, mənzil daxilində araskəsmələr dəyişdirildikdə mənzilin ümumi sahəsi azalmış olur. Ona görə həmin binada təmirsiz vəziyyətdə olan mənzilə baxış keçirilərək, ölçülər götürülməklə, müqayisəli şəkildə ekspertiza keçirilməlidir. Qeyd edilən dəlilin araşdırılması məqsədi ilə Kollegiyanın 13.08.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.11.2021-ci il tarixli 10/4422 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” 3.8-ci bəndinin tələblərinə əsasən sözügedən mənzilin balkonunun sahəsinin 0,3 azalma əmsalı, lociya 0,5 azalma əmsalı tətbiq olunmaqla hesablandığından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2529-61-ci məhəllədə yerləşən kooperativ binanın 58 nömrəli mənzilin ümumi sahəsi 101,2 kv.m, həmin binada yerləşən baxış zamanı təqdim olunmuş təmirsiz mənzilin ümumi sahəsi 102,6 kv.m təşkil edir. Eyni zamanda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2529-61-ci məhəllədə yerləşən kooperativ binanın 58 nömrəli mənzilin faktiki sahəsi (balkon və lociya azalma əmsalı tətbiq olunmadıqda) 107 kv.m, həmin binada yerləşən baxış zamanı təqdim olunmuş təmirsiz mənzilin faktiki sahəsi 108,5 kv.m təşkil edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az, yəni ümumi sahə 111.7 kv.m olmalı olduğu halda 101.2 kv.m sahədən ibarət tikinti tikməklə iddiaçıya təhvil vermiş və nəticədə iddiaçı tərəfindən cavabdehə mənzilin dəyərindən artıq məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq Kollegiya hesab edir k, qətnamə cavabdehdən tutulmalı olan məbləğə aid hissədə dəyişdirilməlidir. Göründüyü kimi, müqaviləyə əsasən mənzilin ümumi sahəsi 111,7 kv.m olduğu halda, apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza nəticəsində müəyyən edilir ki, azalma əmsalı tətbiq olunmaqla hesablandıqda mənzilin ümumi sahəsi 101,2 kv.m, təmirsiz mənzilin ümumi sahəsi isə 102,6 kv.m; balkon və lociya azalma əmsalı tətbiq olunmadıqda mənzilin faktiki sahəsi 107 kv.m, təmirsiz mənzilin faktiki sahəsi isə 108,5 kv.m təşkil edir. Beləliklə müəyyən olunur ki, iddiaçı mənzili təmirsiz vəziyyətdə almışdır və belə vəziyyətdə mənzilin ümumi sahəsi 108,5 kv.m olmuşdur, müqavilədə isə 111,7 kv.m göstərilmişdir. Belə olan halda mənzilin müqavilədə göstərilən 111,7 kv.m sahəsi ilə ekspert rəyinə əsasən təmirsiz mənzilin faktiki sahəsi olan 108,5 kv.m arasında fərq məbləği - 1024 ABŞ dolları (111,7-108,5=3,2x320 (1 kv.m-nin dəyəri)) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-272/2021 saylı iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. "xxxx" Mənzil Tikinti Koperativindən İddiaçı xeyrinə tutulmalı olan məbləğ 1024 ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar