Məhkəmə qərarları › İş №2(103)-3310/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3310/2022

18.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3310/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin X1 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Lənkəran rayon İcra şöbəsi və "xxxx" KB ASC cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon İcra şöbəsi və "xxxx" KB ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hərracın nəticələri haqqında 293/21 nömrəli, 10.09.2021-ci il tarixli yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 dekabr 2012-ci il tarixdə iddiaçı, yəni İddiaçı ilə "xxxx" KB ASC arasında bağlanmış 25 KL/12 saylı sonrakı kredit müqaviləsindən görünür ki, o, mülkiyyətində olan Lənkəran şəhəri, V.Hüseynov küçəsi, 39 saylı fərdi yaşayış evini 25 dekabr 2012-ci il tarixli, 25 KL/12 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini ipotekaya qoymaqla tərtib olunan müqaviləni imzalamışdır. 10 sentyabr 2021-cu il tarixli, 293/21 saylı protokolun təsdiq edilmiş surətindən göründüyü kimi, ipoteka predmeti ilə bağlı bir neçə dəfə hərrac təşkil olunmuş, guya iki dəfə hərrac baş tutmamışdır. İddiaçının mülkiyyətində olan, yəni ipoteka qoyduğu əmlakın ilkin olaraq dəyəri 185400 manat olduğu halda, guya hərrac baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 118192,50 manat dəyərləndirilmişdir. Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinə görə cavabdeh olan Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərrac mərkəzi və üçüncü şəxs qismində qeyd etdiyi Lənkəran rayon İcra və Probasiya şöbəsi üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. İlkin olaraq qeyd edir ki, Lənkəran rayon İcra və Probasiya şöbəsi hərracın keçirilməsi ilə bağlı ixtisaslaşdırılmış təşkilata sifariş verərkən bu barədə iddiaçıya rəsmi məlumat verilməmiş, habelə iddiaçı ilə ipoteka saxlayanın qarşılıqlı razılığının olub- olmamasına əhəmiyyət verilmədən hərracın keçirilməsi ilə bağlı sifariş verilmişdir. Ona görə də hesab edir ki, bu barədə sifariş verilərkən “İpoteka haqqında” qanunun 41.2-ci maddəsinin tələbləri pozulmuşdur. Daha sonra bildirir ki, hərracın keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrində heç bir elan dərc edilməmiş, iddiaçıya bildiriş göndərilməmişdir. Həmçinin onun mülkiyyətində olan ev və həyatyanı torpaq sahəsi demək olar ki, Lənkəran şəhərinin mərkəzinə yaxın, Bakı Astara şosesinin yaxınlığında yerləşir. Həmin ərazidə yerləşən torpaq sahəsinin sotu isə 4000-5000 manat civarındadır. Bundan başqa mülkiyyətində olan, yəni ipoteka qoyduğu əmlakın qiyməti ekspertlər tərəfindən 185400 manat qiymətləndirilmişdir. Hərracda da ilkin olaraq həmin qiymət qoyulmuşdur. Lakin guya hərrac baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 118192,50 manat qiymətləndirilmişdir. Hesab edir ki, qoyulmuş qiymət həmin ipoteka predmetinin faktiki dəyərini ifadə etmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianı təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını araşdırmadığını irəli sürmüşdür. Həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi hərracın keçirilməsi barədə cavabdeh tərəfindən ona bir tərəf olaraq məlumat verməli olduğu halda bunun edilməməsinə diqqət etməmiş, əks tərəfin sonradan tərtib edib işə əlavə etdirdikləri xəbərnamə-bildirişlərə istinad etmişdir. Hansı ki, ona Hərrac Mərkəzindən və İcra Şöbəsindən rəsmi məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hərrac zamanı qoyulmuş qiymət ipoteka predmetinin faktiki dəyərini ifadə etmir, halbuki evin faktiki dəyəri torpaq sahəsi ilə birlikdə 185000 manatdan yüksək olmuşdur. Digər tərəfdən hərrac barədə ona vaxtında məlumat verilməmişdir. Həmçinin 2015-ci ildə kredit borcuna görə vaxtı-vaxtında ödənişlər etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X4 apellyasiya şikayətini müdafə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin X3 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçıya keçirilmiş hərrac barədə məlumatlar verilmiş, həmçinin hərracın keçirilmə yeri və vaxtı barədə qəzetdə elan verilmişdir. Bundan başqa qeyd edilməlidir ki, ipoteka predmetinin hərracda ilkin satış qiyməti məhz qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon İcra şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-348/2020 saylı, 22.01.2020-ci il tarilxi qətnaməsinin surətinə əsasən ilk iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-12/2019 saylı 23 aprel 2019-cu il tarixli qətnaməsi qismən - “cavabdehdən faiz borcunun tutulması” hissəsində dəyişdirilmiş, ilk iddia üzrə cavabdeh İddiaçı tutulmalı olan faiz borcunun məbləği 25KL/12-2 saylı, 04.03.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 8617,97 ABŞ dolları, 9mpsLKN/14 saylı 23.07.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 60,36 manat məbləğində müəyyən edilmiş və həmin faiz məbləğlərinin qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 10.09.2021-ci il tarixli, 293/21 nömrəli protokolunun təsdiq edilmiş surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-348/2020 saylı, 22.01.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, 39 saylı ev açıq hərracda ilkin satış qiyməti 185400 manat müəyyən edilməklə 118192,5 manata "xxxx" KB ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş 16.07.2021-ci il tarixli 293/21 №-li, 13.08.2021-ci il tarixli 293/21 №-li bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən müvafiq olaraq 11.08.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 185400 manat və 30.08.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 157590 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı, Lənkəran rayon İcra Şöbəsi və "xxxx" KB ASC-yə göndərilmişdir. İş materiallarında olan xəbərnamələrin surətinə əsasən müəyyən edilir ki, İddiaçı adına Lənkəran rayon, V.Hüseynov küçəsi 39 saylı evə göndərilmiş bildiriş 23.07.2021 və 20.08.2021ci il tarixlərdə imza edilməklə əldə edilmişdir. İş materiallarında olan 09.08.2021-ci il və 23.08.2021-ci il tarixli aktların surətinə əsasən qaimə nömrəsi 042648 və 045699 olan məktublar İddiaçı imtina etdiyindən çatdırılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 09.09.2021-ci il, 19.08.2021-ci tarixli “Market reklam və elanlar” qəzetinin və “Nedelya” qəzetinin 16-22 iyul 2021-ci il tarixli sayından görünür ki, Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, 39 saylı ev üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, təşkil edilmiş və keçirilmiş açıq hərrac barədə məlumatı olmamasına, ona hər hansı bir rəsmi məlumat daxil olmamasına, eləcə də hərracın keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrində heç bir elanın dərc edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır və hərracın keçirilməsi barədə bildirişlər də məhz həmin ünvana göndərilərək imza edilməklə əldə edilmişdir. Eləcə də kütləvi informasiya vasitələrində elanlar dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 185400 manat, ikinci dəfə isə 157590 manat müəyyən edilmişdir. Kollegiya, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Həmçinin qeyd edilməlidir ki, mənzilin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş qətnamə ilə 185400 manat müəyyən edilmiş, mənzil həmin qiymətlə hərraca çıxarılmış, lakin keçirilən iki hərrac baş tutmadığından ipotekasaxlayan "xxxx" KB ASC mənzili 118192,5 manata almışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş hazırlıq, eləcə də məhkəmə baxışı iclaslarından məumatlı olsa da məhkəmə iclaslarında iştirak etməmişdir. Bu əsasdan məhkəmə kollegiyası məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar