Məhkəmə qərarları › İş №2(103)-3310/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3310/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3310/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti qeyri-mümkün hesab edilib) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)-241/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı «müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə öhdəliklərini pozduğuna görə 35.525 manat təhsil xərcinin və penyaya görə hesablanmış 58.352 manat pul məbləğinin, cəmi 93.877 manat və rüsuma görə ödənilmiş 371,63 manat məbləğində pulun alınaraq İddiaçı bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)- 241/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun 107,94 manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Konstitusiyasının

4. 127-ci maddənin 10-cu hissəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

5. 11.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.

6. 11.2-ci maddəsinə əsasən işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur.

7. 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

8. 363.1.1-1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

9. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

10. 384.0.1-384.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

12. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, apelyatorun xahişinin nədən ibarət olması aydın şəkildə göstərilmədiyi müəyyən edilmişdir.

13. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.

14. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasında məhkəmə icraatı dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxs ana dilində şikayət etmək hüququna malik olsa da, bu sənədlər məhkəməyə təqdim edilərkən onun tərəfindən məhkəmə icraatının aparıldığı dilə tərcümə edilməlidir.

15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmalıdır.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)- 241/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar