Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3312/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə iddia tələbinə dair iş üzrə QƏTNAMƏ İş № 2(103)-3312/2025 (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «nikahın qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(006)-1457/2025 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «nikahın qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ərizəçinin doğma atası, X6 isə doğma anasıdır. Atası 1934-cü il təvəllüdlü, anası isə 1946-ci il təvəllüdlüdür. Atası xx.xx.2017-ci ildə ürəyin ateroskerotik xəstəliyindən, anası isə xx.xx.2024-cü ildə beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnməsindən vəfat etmişlər. Hər iki valideyni Bakı şəhərində vəfat etmişlər. Valideynləri vəfat edənə kimi onlar bir yerdə yaşamışlar. Rəhmətlik valideynlərindən eşitdiyinə görə onlar 1962-ci ilin 10 mart tarixində rəsmi nikaha daxil olmuşlar. Valideynlərinin rəsmi nikahlarından xx.xx.1963-cü ildə böyük qardaşı X11, xx.xx.1967-ci ildə ərizəçi, xx.xx.1972-ci ildə isə balaca qardaşı X14 doğulmuşlar. Böyük qardaşı X11 artıq rəhmət getmişdir. Onların hər üçünün doğum haqqında şəhadətnamələri var və şəhadətnamələrində ata adı qrafasında ataları-X5, anaları isə-X7 qeyd edilmişdir. Bu yaxınlarda bəzi sənədləşdirmə işlərinin aparılması üçün notariat ofisinə müraciət etdi. Orada ərizəçidən valideynlərinin nikah haqqında şəhadətnaməsini tələb etdilər, lakin valideynlərinin nikah haqqında şəhadətnaməsi itdiyindən həmin sənədi təqdim edə bilmədi. Valideynlərinə məxsus nikah haqqında şəhadətnaməni əldə etmək üçün Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etdi və ərizəsinə cavab olaraq bildirdilər ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Təqdim edilmiş sənədlərdə ziddiyyət olduğundan və ya valideynlərindən hər hansısa biri vəfat etdiyində onların nikah haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməyini mənə tövsiyə etmişlər. Ərizəçi də bu əsasla məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizəçinin atası X5 ilə anası X7 arasında xx.xx.1962-ci il tarixdə bağlanmış nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(006)- 1457/2025 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini, Mülki Prosessual Məcəllənin 14.2, 217.1, 305.1.1, 307.2.8, 308, 311-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin təmin edilməsi üçün müraciət etdiyi hüquqi fakt iş materialları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən ərizəçi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, nikahın qeydə alınması faktının müəyyən olunması ona etibarnamə ala bilmək üçün notariusa təqdim edilməsi üçün lazımdır.
9. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
13. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:
14. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı;
15. Maddə 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
16. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
24. Belə ki, işin materiallarında olan АЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1937-ci il tarixdə anadan olmuş, ata adı qrafasında X5, ana adı qrafasında X6 qeyd edilmişdir.
25. İşin materiallarında Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 15 noyabr 2024-cü il tarixdə verilən AZ-İİ seriyalı, 462950 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür.
26. 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2017ci il tarixdə verilən AZ-İ seriyalı, 908346 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
27. 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 15 dekabr 2024-cü il tarixdə verilən Arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 76 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur.
28. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi verilən xx.xx.2024-cü il tarixli, 127 nömrəli cavabda bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Təqdim etdiyi sənədlərdə ziddiyyət olduğundan və ya valideynlərindən hər hansısa biri vəfat etdiyində onların nikah haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə edir.
29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 5263 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhərində xx.xx.1967-ci ildə anadan olmuşdur. 1. Atası: X5 (xx.xx.1934) (vəfat etmişdir- xx.xx.2017). 2. Anası: X7 (xx.xx.1946) (vəfat etmişdir-xx.xx.2024). 3. Əri (arvadı): X10 (xx.xx.1968). 4. Qardaşı: X11 (xx.xx.1963) (vəfat etmişdir-xx.xx.1993). 5. Qardaşı: X14 (xx.xx.1972). 6. Oğlu: X12 (xx.xx.1996). 7. Oğlu: X8 (xx.xx.1999).
30. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Plenumunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
31. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
32. Belə ki, Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum Qərarının 4.5-ci bəndində qeyd edilir ki, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.
33. Qərarın məzmunundan da göründüyü kimi nikahın qeydə alınması faktı ilə bağlı məhkəməyə müraciət etmə hüququ sağ olan ərə və ya arvada birgə və ayrı-ayrılıqda bu iddianı qaldırmaq üçün mənsubdur və bu faktın onlardan ən azı birinin sağ ikən şəxsən özləri tərəfindən verilmiş iddianın araşdırılması nəticəsində təsdiqi mümkündür. Lakin hazırki iş üzrə yuxarıda göstərilən iş materiallarından göründüyü kimi nikahlarının qeydə alınması faktının müəyyən edilməsi tələb edilən ər və arvad, yəni X5 və X7 vəfat etmişlər. Bu halda hazırki iddianın onların övladları tərəfindən qaldırılmasının hər hansı hüquqi əsası olmamışdır.
34. Bundan əlavə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, müvafiq sənədlərin mövcudluğu ilə bağlı heç bir sübut təqdim etməmişdir.
35. Belə ki, iddiaçı hazırki müraciətində valideynlərinin nikaha daxil olduqları tarix və yer barədə də hansısa digər təsdiqedici sübut təqdim etməmiş, “rəhmətlik valideynlərindən eşitdiyinə görə onlar 1962-ci ilin 10 mart tarixində rəsmi nikaha daxil olmuşlar” kimi ifadə verərək hazırda təsdiq edilməsini xahiş etdiyi faktın belə qeyri-müəyyən olduğunu dolayısı ilə göstərmişdir. Göründüyü kimi iddia tələbini əsaslandıran bütün hallar ərizəçinin mülahizələrindən ibarət olmuşdur.
36. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
37. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(006)- 1457/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov