Məhkəmə qərarları › İş №2(103)-3313/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3313/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3313/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X13, X16, X5, İddiaçı və X4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi, tikiləcək binada yeni təmirli mənzilin təhvil verilməsi və təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1444/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 2949/2024 nömrəli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilmişdir.

2. Çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən əmlak X6 xüsusi mülkiyyətindədir.

3. Layihəçi Cavabdeh MMC ilə mülkiyyətçi X13 arasında bağlanmış xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, layihəçi ünvan 1 ünvanında yerləşən mülkiyyətçiyə məxsus olan 16.40 kv.m. sahəsi olan mənzilin əvəzinə 72.000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Tərəflər razılaşır ki, bu Müqavilə bağlandıqdan sonra 3 gün ərzində layihəçi müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləği mülkiyyətçinin hesabına ödəyir və mülkiyyətçi həmin məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verir. Mülkiyyətçi razılıq verir ki, məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verə bilmədiyi təqdirdə layihəçi heç bir xəbərdarlıq etmədən mənzili sökə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mülkiyyətçi razılaşır ki, bu müqaviləni imzalamaq ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 2949/2024 nömrəli qətnaməsi ilə ona verilməsi nəzərdə tutulan 6 nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 25 kv.m. sahəsi olan mənzildən imtina edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı “sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov 29/31 ünvanında ailəsi ilə birgə yaşayırdı. Bakı şəhər, İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 265 saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli cizgisinə əsasən mənzilin yerləşdirilməsi ərazisi icarəyə götürülmüşdür. Həmin ərazidə yeni inşa edilmiş binaların inşası nəzərdə tutulmuşdur. Bakı şəhəri, Yasmal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2949/2024 saylı qətnaməsinə əsasən "xxxx" MMC-nin ona və digərlərinə qarşı iddiası təmin edilmişdir. Qətnaməyə əsasən o, İddiaçı Bakı şəhəri,Yasamal rayonu, F.İbrahimbəyov 29/31 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilmişdir və mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci iltarixli, 2(103)-1444/2025 saylı qərardadına əsasən, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdeh tələsik ona heç bir kompensasiya ödəmədən, evlə təmin etmədən onun yaşayış yerini sökmüşdür. O, dəfələrlə iddiaçıdan özünün 1 otaqlı mənzillə təmin edilməsi və ya kompensasiya verilməsi barədə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Həta o, ona da razı idi ki, heç olmasa Hövsan qəsəbəsində 1 otaqlı ev verilsin. Onun kürəkəni 44 günlük müharibədə şəhid olmuşdur. İndi o, nəvəsi, qızı çöllərdə qalmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. 7.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X13, X16, X5, İddiaçı və X4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi, tikiləcək binada yeni təmirli mənzilin təhvil verilməsi və təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1444/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilmişdir. ünvan 1 ünvanında yerləşən əmlak X6 xüsusi mülkiyyətindədir. Layihəçi Cavabdeh MMC ilə mülkiyyətçi X13 arasında bağlanmış xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, layihəçi ünvan 1 ünvanında yerləşən mülkiyyətçiyə məxsus olan 16.40 kv.m. sahəsi olan mənzilin əvəzinə 72.000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Tərəflər razılaşır ki, bu Müqavilə bağlandıqdan sonra 3 gün ərzində layihəçi müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləği mülkiyyətçinin hesabına ödəyir və mülkiyyətçi həmin məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verir. Mülkiyyətçi razılıq verir ki, məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verə bilmədiyi təqdirdə layihəçi heç bir xəbərdarlıq etmədən mənzili sökə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mülkiyyətçi razılaşır ki, bu müqaviləni imzalamaq ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsi ilə ona verilməsi nəzərdə tutulan 6 nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 25 kv.m. sahəsi olan mənzildən imtina edir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı sözügedən daşınmaz əmlakın mülkiyyətçisi olmamış, həmin əmlak xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin tərəfi X7 məxsus olmuşdur. İddiaçının iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Mənzildə qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət hüququnun yaranması ilə nəticələnmir. Kompensasiya və ya digər formada razılaşma isə yalnız mülkiyyətçi ilə həyata keçirilə bilər. Digər şəxslərlə hər hansı razılaşmanın əldə edilməsi isə MM-in 390.1 və 390.5-ci maddələrinin kontekstdən qiymətləndirilə bilər ki, bu da imperativ deyil, dispozitiv imkandır. Bundan əlavə, sözügedən daşınmaz əmlaka dair tərəflər arasında qüvvədə olan etibarlı xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqavilə münasibətləri yaranmışdır ki, həmin müqavilənin etibarsızlığı və ya ləğv edilməsi mübahisə predmeti deyildir. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Nəticə etibarilə, mülki işin faktiki halları MM-in 560-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Hüquqdan sui-istifadə yolverilməzdir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsi; “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3.5.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “X9 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 77.1, 119.1, 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsi öz qətnaməsini onunla əsaslandırdı ki, "hüquqdan sui istifadə edilməsi yolverilməzdir". “Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insanüçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində insanların kompensasiyasız çölə atılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Məhkəmə burada Konstitusiya Məhkəməsinin "xxxx" MTK şikayəti ilə bağlı xx.xx.2020-ci il tarixli qərarına istinad etdi. Həmin qərara nəzər salsaq görünür ki, məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2 maddələrinin şərhi ilə bağlıdır. Konstitusiya məhkəməsi bu qərarda mənzilə istifadə olan şəxsləri kompensasiyasız çölə atılmasına bəraət vermir. 2) Daha sonra məhkəmə öz qərarında qeyd etdi ki, iddiaçı subyektiv hüquqa malik deyil və iddia irəli sürmək hüquq yoxdur. İddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Nəticədə iddia irəli sürmək hüququ olmaması - səhv yanaşmadır və MPM-nin 4-cü maddəsində göstərilmiş hüquqlarının pozulmasına gətirib çıxarır. İddia irəli sürmək hüququ müəyyən şəxsin iddia irəli sürmək üçün subyektiv hüququnun yaranmasının varlığı və ya olmaması ilə qanunun əlaqələndirdiyi müəyyən ilkin şərtlərə malik olmalıdır. Ümumi və xüsusi ilkin şərtləri bir-birindən ayırmaq lazımdır. Əgər belə hallar mövcuddursa, onda həmin şəxsin öz hüquqi tələblərini məhkəmə yolu ilə araşdırmaq hüququ var. Əgər ilkin şərtlərdən hər hansı biri mövcud deyilsə, onda həmin hüququn özü də mövcud olmur. Belə halda məhkəməyə müraciət etmək, göstərilən mübahisənin məhkəmə yolu ilə baxılması ilə nəticələnə bilməz; buna görə də məhkəmənin ədalətli məhkəmə araşdırması aparmaq hüququ yoxdur (və aparmamalıdır). İddia irəli sürmək üçün ümumi ilkin şərtlər aşağıdakılardır: 1. İddiaçının və cavabdehin prosessual hüquqi səlahiyyətləri, yəni işdə tərəf olmaq qabiliyyəti; 2 İşin məhkəmə aidiyyəti; 3 Məhkəmənin həmin tərəflər arasında baş verən mübahisəyə dair, həmin predmet haqqında və həmin əsaslarla qanuni qüvvəyə minmiş qərarının olmaması və ya iddiaçının iddiadan imtina etməsi ilə və ya tərəflərin sülh razılaşmasının təsdiq edilməsi ilə bağlı olaraq icraata xitam verilməsi haqqında məhkəmə qərarının olmaması. Gördündüyü kimi, iddianın irəli sürülməsi üçün ümumi şərtlər mövcuddur. Daha sonra məhkəmə ona kompensasiya verilməməsi-cəmiyyət arasında düzgün balansın olmasıdır. Nə qədər insanların evi varsa (kompensasiya verilibsə), bir o qədər də insanlar çöldə qalmalıdır ki, ədalətli balans yaransın. Burada məhkəmə Avropa Məhkəməsinin Lyudmita Siqunova ve X8rşı qərarına istinad etdi. Qeyd edir ki, Avropa Məhkəməsinin hüquqi mövqeləri mülli qanunvericiliyin tərkib hissəsidir və üstünlük qüvvəsinə malikdir. Yerli məhkəmələr (hüquq mühafizə orqanları) Avropa Məhkəməsinin hüquqi mövqelərini tətbiq etməlidir. Bu tətbiq etmələr yersiz xarakter daşımamalı, əslində onu Avropa Məhkəməsinin praktikasında başa düşüldüyü kimi tətbiq etməlidir. Avropa Məhkəməsi heç bir qərarında insanın kompensasiyasız mənzildən çıxarılmasına bəraət verməmişdir. İnsanların evlərindən çölə atılması cəmiyyətin ümumi maraqlarına qulluq etməsi və cəmiyyət arasında balans yaratması demək deyildir. Avropa Məhkəməsi dəfələrlə öz qərarlarına insanların belə olan halda insanların mülkiyyət hüququnun pozulması kimi qeyd etmişdir. 4) Daha sonra məhkəmə öz qərarını onunla əsaslandırdı ki, qeydiyyatda olmaq kompensasiya tələb etmək hüququ demək deyil. Cavab olaraq bildirir ki, onun qeydiyyatı formal xarakter daşımır. İddiaçı həmin ünvanda anadan olmuş, qeydiyyatdadır, həmin ünvandan istifadə etmək hüququ, sahiblik etmək hüququ var. Həmin mənzil əvvəllər dövlət balansında olmuşdur. Mənzili özəlləşdirərkən iddiaçının razılığı əsasında ev onun qardaşının adına özəlləşdirilmişdir. Həmin mənzildən istifadə hüququ, sahiblik hüququ olduğu üçün cavabdeh vaxtı ilə istifadə və sahiblik hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Apellyasiya məhkəməsinin qərardadına əsasən icraata xitam verilmişdir. Nəticədə iddiaçının hüququ saxlanılmışdır. Onun mənzillə bağlı hüququna xitam verilməsi barədə heç bir məhkəmə qətnaməsi mövcud deyildir. Qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti öz səlahiyyətini aşaraq faktiki olaraq həmin ərazidə yerləşən fiziki şəxslərin mülkiyyətində olan evlərini və digər tikintilərini icarəyə vermişdir. Bu da Mülki Məcəlləyə ziddir. İcarə müqaviləsinə nəzər salındıqda, görünür ki, icarə müqaviləsində həmin ərazidə heç bir tikili olmadığı qeyd edilmişdir. Bu isə həqiqətə uyğun deyil. Həmin ərazidə çoxlu yaşayış evləri mövcuddur. Bakı şəhər İcra Hakimiyyəti yalnız boş sahəni icra verə bilərdi. Bakı şəhər İcra Hakimiyyəti öz hərəkətləri ilə vətəndaşların faktiki olaraq yaşayış sahələrindən məhrum edir. Tərəfindən məhkəməyə “Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələri Bakı şəhər İcra Hakimiyyəti vətəndaşların yaşayış yerlərinin yerləşdiyi torpaq sahələrini icarəyə vermək imkan verirsə, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 149-cu maddələrinə uyğun olub-olmaması predmeti üzrə sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsi barədə vəsatət verilmişdir. Məhkəmə onun vəsatətini təmin etməyərək bildirdi ki, qanunverici konstitusiya məhkəməsinə müraciət etmək hüququnu məhkəmənin mülahizəsinə buraxmışdır. Nəticədə iddiaçı müdafiəsiz qalmışdır. Lakin bu fikir yanlışdır. Əgər qanunverici bunu nəzərdə tutmuşsa onda hazırkı halda vətəndaşların dövlətə qarşı inamının qorunub saxlanılması prinsipləri pozulmuş olardı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılğını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X13, X16, X5, İddiaçı və X4 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi, tikiləcək binada yeni təmirli mənzilin təhvil verilməsi və təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1444/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. 21.ünvan 1 ünvanında yerləşən əmlak X6 xüsusi mülkiyyətində olmuşdur. Layihəçi Cavabdeh MMC ilə mülkiyyətçi X13 arasında bağlanmış xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, layihəçi ünvan 1 ünvanında yerləşən mülkiyyətçiyə məxsus olan 16.40 kv.m. sahəsi olan mənzilin əvəzinə 72.000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Tərəflər razılaşır ki, bu Müqavilə bağlandıqdan sonra 3 gün ərzində layihəçi müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləği mülkiyyətçinin hesabına ödəyir və mülkiyyətçi həmin məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verir. Mülkiyyətçi razılıq verir ki, məbləği alandan etibarən 7 gün ərzində mənzili tam boşaldaraq layihəçiyə təhvil verə bilmədiyi təqdirdə layihəçi heç bir xəbərdarlıq etmədən mənzili sökə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mülkiyyətçi razılaşır ki, bu müqaviləni imzalamaq ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2949/2024 nömrəli qətnaməsi ilə ona verilməsi nəzərdə tutulan 6 nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 25 kv.m. sahəsi olan mənzildən imtina edir. 22.İddiaçının hazırkı tələb üzrə subyektiv hüququ olmadığına istinad edən məhkəmə iddia tələbini təmin etməmiş, iddiaçının mənzildə qeydiyyatda olması hüququndan sui-istifadə etməsi kimi qiymətləndirmişdir.

23. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan mənzil X6 xüsusi mülkiyyətində olmuşdur. Mübahisə predmeti olan mənzilin sökülməsi və əvəzində kompensasiya verilməsi barədə mülkiyyətçi Muradov Rövşən ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli K/221 nömrəli əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığı və ya ləğv edilməsi mübahisə predmeti deyildir. İddiaçı sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsini Cavabdeh MMC-dən tələb etmişdir.

24. Halbuki, mübahisə predmeti olan mənzilin mülkiyyətçisi X13 ilə Cavabdeh MMC arasında kompensasiya müqabilində mənzilin sökülməsi razılaşdırılmış və həmin razılaşma hazırda qüvvədədir. İddiaçının sökülmüş mənzilin əvəzində mənzillə təmin edilmə, kirayə haqqının ödənilməsi, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsini Cavabdeh MMC-dən tələb etməsi üçün subyektiv hüququ yoxdur. Çünki, qeyd edilən mənzil X6 mülkiyyətində olduğundan cavabdeh tərəf mülkiyyətçi ilə razılıq əldə etmişdir.

25. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz” 26.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar