Məhkəmə qərarları › İş №2(103)-3315/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3315/2020

27.02.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3315/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı X1 (bundan sonra – Departament) “vergi ödəyicisi olan müəssisənin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamədən iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən işə onun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Departament ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi – “xxxxxxxxxxxxxxxxxxx” X4 dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün həmin ASC-nin icra orqanının rəhbərinin – Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan ASC vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə xx.xx.2019-cu il tarixə 3.584,18 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borcu ödəməmişdir. Ərizə əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə ərizənin təmin edilməsini qət etmişdir. Maraqlı şəxs həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri seçilmiş və bundan sonrakı dövr üçün ASC-yə cəmi 432,70 manat məbləğində vergi borcu hesablanmışdır ki, o, həmin borcu ödəmişdir. Qalan borc isə onun həmin ASC-yə rəhbərlik etdiyi dövrdən əvvəl yaranmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilən bu halı və borcun Maraqlı şəxs şəxsi borcu olmamasını nəzərə almayaraq Departamentin ərizəsini təmin etmiş, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul etmişdir. Ərizəçi Departamentin nümayəndəsi və ASC-nin icra orqanının rəhbəri Maraqlı şəxs işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” və digər sənədlərdən görünür ki, ASC-nin xx.xx.2019-cu il tarixə 3.584,18 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisi olan ASC-yə bildiriş göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, ASC-nin rəhbəri Maraqlı şəxsdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. MPM-nin 355-5-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-7-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd edilən maddi və prosessual hüququ normalarının tələblərini işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Departamentin ərizəsi əsaslıdır, Rayon Məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, yuxarıda qeyd edilən borc Maraqlı şəxs şəxsi borcu deyil. Buna görə də, Maraqlı şəxs ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, ərizəçi olan Departament həmin borcun Maraqlı şəxs şəxsi borcu olmasını iddia etmir. Ümumiyyətlə hazırki mülki mübahisə bu kimi borcun mövcudluğu ilə bağlı deyil. İşin hallarından müəyyən edilir ki, qeyd edilən borc Maraqlı şəxs rəhbəri olduğu ASC-nin vergi borcudur. Yuxarıda artıq qeyd edilən maddi və prosessual hüquq normalarının tələbindən də, göründüyü kimi, vergi ödəyicisi olan müəssisənin icra orqanının rəhbərinin ölkədən getmək hüququ vergi borcuna görə müvəqqəti məhdudlaşdırıla bilər. Bu baxımdan Məhkəmə müzakirə edilən dəlili əsaslı hesab etmir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, yuxarıda qeyd edilən borc Maraqlı şəxs ASC-yə rəhbərlik etdiyi dövrdən əvvəl yaranmışdır və buna görə də, onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə bu dəlili də, əsaslı hesab etmir. Çünki yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən görünür ki, Qanun, vergi ödəyicisi olan müəssisənin vergi borcuna görə müəssisənin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur və bu zaman həmin borcun yaranma zamanını məsuliyyətdən azad edən amil kimi nəzərdə tutmur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar