Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3315/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 və X4 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2022 saylı işi üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "ABC Telecom” MMC-yə qarşı "işə bərpa və əmək haqqı” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh "ABC Telecom” MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin etibarsız hesab edilməsi, 09.08.2021-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı işdən çıxarıldığı, 09.08.2021-ci il tarixdən işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: -"ABC” Telecom” MMC ilə İddiaçı arasında bağlanmış 02.11.2020-ci il tarixli, 4551 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı 02.11.2020-ci il tarixdən "ABC Telecom” MMC-nin "Kontakt Home 44” mağazasına fəhlə vəzifəsinə təyin edilmişdir. Əmək haqqısı 425 manat olmuşdur (səh.20-21); -İddiaçı 09.08.2021-ci il tarixli ərizəsinə əsasən o, "ABC Telecom” MMC-nin direktoru Həsən İsrafilzadəyə müraciət edərək, 09.08.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir(səh.42); -İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, 02.11.2020-ci il tarixdə 02.11.2020-ci il tarixli, 4551 nömrəli əmək müqaviləsin üzrə "ABC Telecom” MMC-də fəhlə vəzifəsinə qəbul edilmiş, 942-İR- 2021 saylı, 09.08.2021-ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir(səh.61); - "Azərpoçt” MMC-nin 09.08.2021-ci il tarixli dublikat çekinə əsasən İddiaçı 09.08.2021-ci il tarixdə "ABC- Telecom” MMC-yə (Kontakt Home rəhbərliyinə) teleqram göndərmişdir(səh.58). Cavebdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iş üzrə iddia tələbi və iddiasında göstərdiyi fikirlər tamamilə əsassızdır. Belə ki, iddiaçı öz iradəsi daxilində 09.08.2021-ci il tarixdə işlədiyi müəssisənin kadrlar şöbəsinə yaxınlaşaraq onunla işəgötürən arasındakı əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizə yazmışdır. İddiaçı həmçinin ərizəsində əmək müqaviləsinə elə 09.08.2021-ci il tarixdən xitam verilməsini qeyd etmişdir.Məhz iddiaçının həmin ərizəsi əsasında Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq, həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, iddiaçı ilə cavabdeh arasındakı mövcud əmək müqaviləsinə xitam verilmişdir, əlavə olaraq o da məhkəmənin diqqətinə çatdırılmışdır ki, iddiaçının əmək müqaviləsinə onun xahişi ilə xitam verildikdən sonra iddiaçı cavabdehə teleqram göndərərək həmin ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir, iddiaçının ərizəsinin etibarsız sayılması ilə bağlı teleqramı işəgötürənə daxil olan zaman artıq onun əmək müqaviləsinə xitam verilmiş və bu barədə elektron bildiriş müvafiq elektron sistemə daxil edilmişdir. AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində qeyd olunur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddədən də aydın olduğu kimi, işçinin işdən çıxması ilə bağlı ərizəsi olsa da belə işəgötürən onun əmək müqaviləsinə 1 aylıq xəbərdarlıq müddəti ərzində xitam verə bilməz, o halda ki, işçi həmin ərizəsində işdən çıxma tarixini göstərməsin. Yəni, əgər işçi ərizəsində əmək müqaviləsinə xitam verilməsi tarixini konkret olaraq göstəribsə, bu halda işəgötürən ƏM-in 69-cu maddəsinin 5-ci hissəsinin uyğun olaraq 1 aylıq xəbərdarlıq müddətini gözləmədən, ərizədə bildirilmiş tarixdə onunla aralarındakı müqaviləsinə xitam verə bilər və hətta verməlidir. İndiki halda da cavabdeh haqlı olaraq və qanunvericiliyinə tam uyğun qaydada onunla iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam vermişdir,cavabdehin verdiyi həmin xitam əmri tamamilə qanuni və əsaslıdır, iddia ərizəsində qeyd etdiyi digər hallar və əsasların isə, ümumiyyətlə, nə cavabdehin fəaliyyətinə, nə mahiyyətinə heç bir aidiyyətinin olmamasını, habelə həqiqətə uyğun olmadığını nəzərə alaraq onlara hər xüsusi münasibət bildirmədən etiraz edir və etirazlarını məhkəmənin diqqətinə çatdırırlar(iş səh.41). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2022 saylı, 17 fevral 2022-ci il qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "ABC Telecom” MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 9**-İR-***1 saylı, 09.08.2021-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı "ABC Telecom” MMC-də əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, İddiaçı 09.08.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, cavabdeh "ABC Telecom” MMC-dən 50 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin "a”, 69-cu maddəsinin 4, 300-cü maddəsinin 1; Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçının işdən azad edilməsi barədə ərizənin forma və məzmununa nəzər saldıqda müəyyən olunur ki, "Xahiş edirəm məni tarixdən işdən azad edəsiniz” məzmunlu hazır ərizə nümunəsidir. İddiaçı həmin ərizədə boş buraxılmış tarix yerinə "09.08.2021”, o cümlədən, ərizənin verildiyi tarixə də "09.08.2021” qeyd etmişdir. Lakin iddiaçı həmin ərizəni avqust ayının altısı, həftənin cümə günü verdiyini bildirir. Cavabdeh isə etiraz ərizəsində iddiaçının 09.08.2021-ci il tarixdə işəgötürənə yaxınlaşıb işdən azad edilməsi barədə ərizə yazdığını qeyd etmişdir; İddiaçı, cavabdehin etiraz ərizəsində qeyd edildiyi kimi, cavabdehə teleqram göndərərək işdən azad edilmə barədə ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Göründüyü kimi, işçinin işəgötürənə teleqramla müraciət edərək onun işdən azad olunma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etməsi işin mübahisəsiz halıdır. Teleqramın göndərilmə tarixinə gəldikdə, iş materiallarında olan Azərpoçt” MMC-nin 09.08.2021-ci il tarixli dublikat çekindən müəyyən olunur ki, iddiaçı "Kontakt Home” rəhbərliyinə 09.08.2021-ci il tarixdə teleqram göndərmişdir. Cavabdeh isə etiraz ərizəsində iddiaçı tərəfindən teleqram göndərildiyini etiraf etmiş, lakin teleqramı məhkəməyə təqdim etməmişdir; Cavabdeh, həmçinin ərizənin etibarsız hesab edilməsi barədə teleqramın göndərilməsindən əvvəl işçini işdən azad etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək iddia tələbinin tam təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi yeganə dəlil hansı teleqrama aid olduğu bəlli olmayan, teleqram göndərilməsinə dair qəbzin dublikatıdır. Bu sənədi də iddiaçı faktiki olaraq məhkəmə hazırlıq iclası bitdikdən sonra, iş məhkəmə baxışına təyin edildikdən sonra dəftərxana vasitəsilə məhkəməyə təqdim etmişdir. İddiaçı 09 avqust 2021-ci il tarixdə ərizə yazmaqla əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İddiaçının bu ərizəsi və ərizəsindəki xahişi əsas götürülməklə, AR ƏM-nin 68.2-ci maddəsinin "a" yarımbəndinə əsasən əmək müqaviləsinə ərizənin yazıldığı tarixdə, yəni 09.08.2021 tarixində xitam verilmişdir. AR ƏM-nin 69-cu maddəsinin 5-ci hissəsində göstərilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki halda isə iddiaçı əmək münasibətlərinə son verilməsini istədiyi günü konkret ərizəsində qeyd etmişdir. Əmək qanunvericiliyinin verdiyi imkanlar əsasında və işçinin də xahişi nəzərə alınaraq əmək müqaviləsinə qanuni şəkildə xitam verilmişdir.Məhkəmə isə ilk növbədə, teleqrama aid olduğu iddia edilən, lakin hansı teleqramın qəbzi olduğu bəlli olmayan qəbzin dublikatını (yazılı sübutu) iddiaçı tərəfdən 01.02.2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında fiziki olaraq qəbul etmək istəmiş, bununla bağlı etirazımızdan sonra isə hakim iddiaçı tərəfə sübutları dəftərxana vasitəsilə təqdim edilməsini bildirmişdir. AR MPM-nin 78.1-1-ci maddəsinə görə "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Hakim isə bu maddənin tələbini pozaraq sübutları kağız daşıyıcıda qəbul etmək istəmiş, etirazımızdan sonra isə yenə iddiaçı tərəfi yönləndirməklə sübutları AR MPM-nin tələbləri pozulmaqla dəftərxana vasitəsilə verilməsinə nail olmuş, faktiki olaraq sübutları məhkəmə baxış iclası təyin edildikdən sonra işə əlavə etmişdir. Bu hissədə hakimə verdiyimiz etiraz da baxılmamış saxlanılmışdır. Hakim işə baxmağa başladığı gündən qarşı tərəfin mətbuat vasitəsilə etdiyi təzyiqindən çəkinmiş, "mənim bəxtimdən bu iş mənə düşdü" şəklində ifadələr işlətməklə iddiaçı tərəfdən sanki "asılılığını"göstərmiş, iddiaçı tərəfin işin medianın diqqətində olduğu barədə çəkindirici söz atmalarına görə yekunda obyektiv və ədalətli qənaətə gələ bilməmişdir. Ümumiyyətlə məhkəmə iş üzrə əhəmiyyət kəsb edən əsas sübut olan və iş materiallarında olmayan teleqramın təqdim edilməsini iddiaçıdan tələb etməmiş, işə teleqram olmadan, sadəcə hansı teleqrama aid olmayan, göndərilmə vaxtı göstərilməyən qəbzin dublikatı əsasında baxaraq qətnamə qəbul etmişdir. Bu hissədə işin faktiki halları məhkəmə tərəfindən natamam araşdırılmışdır.Məhkəmə cavabdeh tərəfin teleqramı aldığını etiraf etdiyini qətnamədə qeyd edir, lakin teleqramın hansı tarixdə göndərildiyini və qəbul edildiyini ilkin etirazlarında bildiriblər. Bu halı sübut etmək və vaxtında teleqram göndərildiyini təsdiqləmək iddiaçı tərəfin vəzifəsidir. Eyni zamanda məhkəmə etirazlarında istinad etdikləri AR ƏM-nin 69-cu maddəsinin 5-ci hissəsinə qiymət verməmiş, həmin maddənin 1,2,3 və 4-cü hissələrinə istinad etməklə ƏM-nin tələblərini pozmaqla əmək müqaviləsinə xitam verdiyimizi qeyd etmişdir. Bu da məhkəmənin maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verdiyini bir daha göstərir. Belə ki, işçi əmək münasibətlərinə son vermək istədiyi günü ərizəsində göstərdiyi halda, işəgötürən xəbərdarlıq müddətini gözləməyə bilər, açıq şəkildə ƏM-nin 69-cu maddəsinin 5-ci hissəsi işəgötürənə bu hüququ verir. Hakim isə bu maddəni 69-cu maddənin 3-cü hissəsi ilə qarışdırmış, həmin hissədə göstərilən əsaslar olmadığından əmək müqaviləsinə ərizədə göstərilən gün xitam verilməsinin düzgün olmadığını əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, əmrin 09 avqust tarixində iddiaçının ərizəsinə əsasən verildiyini, teleqramın əmrdən sonra əldə olunduğunu, ümumiyyətlə təqdim edilmiş qəbzin hansı teleqrama aid olduğunu, teleqramın hansı məzmunda olduğunun, onlara belə bir teleqramın çatdırıldığının iddiaçı tərəfdən sübut olunmadığını, işçi ilə əmək münasibətlərinə onun öz ərizəsinə əsasən xitam verildiyini, işçinin öz ərizəsində tarix göstərdiyi təqdirdə işəgötürənin qanunla tələb olunan bir aylıq müddəti gözləməmək hüququnun olduğunu, işəgötürənin iddiaçını işdən azad etmək kimi mövqeyinin olmadığını, onun sırf öz ərizəsinə əsasən işdən azad edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil qızı apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının ərizəni 06 avqust tarixində boş bir vərəqə imza atmaqla yazdığını, teleqramın 09 avqust tarixində səhər sübhdən verildiyini, teleqramın mətnini əldə etməyin mümkün olmadığını, qarşı tərəfin öz etirazında teleqrama istinad etdiyini və bunun teleqramın onlara çatdırıldığının sübutu olduğunu, iddiaçının işdən azad olunmaq istəmədiyini və ərizənin etibarsız hesab edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının 25.04.2022-ci il tarixli iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X5 işçinin öz ərizəsində işdən çıxarılma tarixini göstərdiyi halda, işəgötürənin onu həmin gün işdən azad etmək hüququnun olduğunu və qanunvericilikdə bununla bağlı hər hansı bir məhdudiyyət olmadığını, işçinin öz ərizəsində tarix göstərmədiyi təqdirdə işəgötürənin 1 aylıq müddəti gözləməli olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10, 12, 68-76, 296; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76-82, 88, 106, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsinə onun xahişi ilə xitamından sonra iddiaçı cavabdehə teleqram göndərərək həmin ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir, iddiaçının ərizəsinin etibarsız sayılması ilə bağlı teleqramı işəgötürənə daxil olan zaman artıq onun əmək müqaviləsinə xitam verilmiş və bu barədə elektron bildiriş müvafiq elektron sistemə daxil edilmişdir. Bu ibarə məhz bu teleqramın iddia edilən məğzdə olmasını sübut edir və onun gec çatmasının sübut etmək vəzifəsi isə etirazı təqdim edən cavabdehə mənsubdur. Apellyasiya şikayətinin digər dəlili olan hakimin iddiaçıya köməklik göstərməklə prosessual pozuntuya yol verildiyinə dair qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən: Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qanunvericiliklə müəyyən edilmiş normalara düzgün riayət edilməməsi (tətbiqetmə) üzrə dəlillərə dair qeyd edilməlidir ki, Əmək məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələblərinə görə: işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Burada işlədilən «iradəsinin əleyhinə» ifadəsi tətbiq edilən maddənin dispozitiv şərtinin bu işçinin üstün mövqeyinin dominantlığını müəyyən edir. Ona görə işçinin iradə ifadəsinin dəqiq müəyyən edilməsi vəzifəsi işəgötürənin üzərinə düşür. Əlbəttəki əgər işəgötürənin işçinin işdən azad edilməsində öz fərqli mövqeyi və ya buna əsasları yoxdursa. Araşdırma zamanı cavabdehin (nümayəndəsinin izahatından) belə mövqeyinin olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3315/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3315/2022
16.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver