Məhkəmə qərarları › İş №2(103)-3318/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3318/2021

25.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3318/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “aktların etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Geofizika və Geologiya İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2014-cü ildə Geofizika və Geologiya İdarəsinə dəvət edilməyi, lakin bu çağırışa getməkdən imtina etməyi barədə olan xx.xx.2014-cü il tarixli, eləcə də, iddiaçıya “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün 2 saylı çöl seysmik ekspedisyasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinin təklif etməsi və iddiaçının bu təklifdən imtina etməyi barədə olan xx.xx.2014-cü il tarixli aktların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4533/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən aktların surətlərini cavabdehdən tələb etsə də cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlayaraq aktların Nərimanov Rayon Məhkəməsinin icraatına olan iddia tələbi üzrə iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim olunduğu bildirlmişdir. Aktlarının surətlərinin verilməsi barədə Nərimanov Rayon Məhkəməsinə edilən müraciətə məhkəmənin verdiyi xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan isə məlum oldu ki, cavabdeh tərəfindən məhkəməyə hər hansı akt tərtib edilməyib və bu səbəbdən də iş materillarında mövcud deyil. Mübahisələndirilən aktların nəticəsində Azərbaycan Respublikası Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsində tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməyinin səbəbi kimi məhz mübahisələndirilən aktlar olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4533/2020 nömrəli qərardadına əsasən şikayət ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı şikayətin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası iddiaçını dinləyib, şikayəti, mülki işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə məhkəmə tərəfindən əmək münasibətləri üzrə aktların etibarsızlığı əmək mübahisələrindən irəli gələn münasibətlərə aid deyildir. Bununla belə iddiaçı geofizika və geologiya idarəsi tərəfindən tərtib edilmiş, iddiaçının xx.xx.2014-cü ildə geofizika və geologiya idarəsinə dəvət edilməyi, lakin bu çağırışa getməkdən imtina etməyi barədə olan xx.xx.2014-cü il tarixli, eləcə də, iddiaçıya “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün 2 saylı çöl seysmik ekspedisyasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinin təklif etməsi və iddiaçının bu təklifdən imtina etməyi barədə olan xx.xx.2014cü il tarixli aktların etibrasız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibrasız sayıla bilər. İş materiallarından göründüyü kimi, iddia ərizəsində mübahisələndirilən xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il taixli aktların hansı hüquqi nəticəyə səbəb olduğunu iddiaçı iddia ərizəsində əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4533/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar