Məhkəmə qərarları › İş №2(103)-3318/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3318/2023

05.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3318/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsinə maneənin aradan qaldırılması, hasarın və tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3n cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 101 saylı torpağın sərhədlərinin ölçüsünə uyğun olaraq müəyyən edilməsi, torpaqdan istifadə edilməsinə maneənin aradan qaldırılması, mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyə maneəçilik törədilməməsi barədə cavabdehlərin və digər şəxslərin üzərinə öhdəlik qoyulması, cavabdehlərin və digər şəxslərin onlara məxsus torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən çəkilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə tökülmüş zibillərin cavabdehlərin hesabına təmizlənməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi, vurulmuş mənəvi ziyana görə cavabdehlərdən 57.000 manat pul vəsaitinin onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsinə maneənin aradan qaldırılması, hasarın və tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını, işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdilər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda hazırkı iddianın qiyməti 57.000 manat təşkil etdiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən əlavə olaraq 161 manat məbləğində dövlət rüsumunun ödənilməli olduğunu göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb edən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”. Mənəvi zərər tələbi qeyriəmlak tələbi olduqda qiymətləndirilə bilməz və tələb olunan mənəvi zərərin məbləğindən asılı olmayaraq, dövlət rüsumu ödənilməməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarın 12-ci bəndində izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar hüquqi nəticə etibarı ilə onlara məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edirlər və həmin sahənin onlara qaytarılmasını tələb edirlər. Başqa sözlə, iddiaçıların tələbi əmlak xarakterlidir, mənəvi zərərin ödənilməsi tələbi də bilavasitə bu tələblə əlaqəlidir. Bu da öz növbəsində dövlət rüsumunu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsində müəyyən olunmuş məbləğlərdə ödənilməsini şərtləndirir. Bununla belə, həmin qanuna əsasən hazırki mülki iş üzrə 57.000 manat məbləğində mənəvi zərər tələb edildiyindən, dövlət rüsumu qismində həmin məbləğin 10.000 manat hissəsi üçün 120 manat, həmçinin bu məbləğdən artıq hissənin 0,3 faizi miqdarında, yəni ümumilikdə (120 + (47.000 x 0,3 = 141) 141 = 261) 261 manat məbləğində pul ödənilməlidir. Hüquqi nəticə etibarı ilə iş üzrə cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilməklə, iddiaçı müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da hüquqi nəticə etibarı ilə bu əsasla iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar