Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-332/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təmir xərclərinin və kirayə haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndələri (övladı) X1 və (vəkili) Vəkil1, cavabdeh “X3” MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən əla təmirli mənzilin verilməsi ilə bağlı müqavilə şərtlərinə əməl edilmədiyinə görə tərtib olunmuş smeta sənədlərinə əsasən, ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138.7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzilin əla təmirinin dəyəri olan 89.210 manat pulun və mənzilin təmiri qurtarana kimi müvəqqəti yaşadığı mənzilin kirayə haqqının bir aylıq 600 manat olmaqla cavabdeh MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 99 saylı evin 26 saylı mənzili iddiaçının mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına, Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 264 nömrəli sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli, xx/xx-1176 nömrəli rəyinə əsasən Nərimanov rayonu Təbriz, F.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 7,5 ha torpaq sahəsi “X3” MMC-nin istifadəsinə verilmişdir. Göstərilən sənədlərə əsasən, iddiaçıya məxsus mənzilin yerləşdiyi bina sökülmüş və iddiaçıya məxsus mənzilin əvəzinə yeni inşa ediləcək binada ona mənzil verilməsi barədə MMC ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin şərtlərinə əsasən, iddiaçı, onun mülkiyyətində olan 26 saylı mənzili MMC-yə təhvil vermək, MMC isə həmin mənzilin əvəzinə, həmin mənzilin yerləşdiyi binanın söküntüsündən sonra həmin sahədə inşa edəcək 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 60 saylı 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə iddiaçıya təhvil vermək, mənzilin təmirində döşəməyə əla növ palıd parketdən istifadə olunacağını öhdələrinə götürmüşlər. Lakin binanın tikintisinin başa çatmasına baxmayaraq, mənzilin təmirinə başlanan andan MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, təmirdə istifadə edilən materiallar aşağı keyfiyyətli materiallardır. İddiaçı, dəfələrlə cavabdeh MMC-yə müraciət edərək təmir işlərinin smeta sənədlərinin tanış olaraq razılaşdırmaq üçün təqdim edilməsini xahiş və tələb etsə də, smeta sənədləri ona təqdim edilmir. Bu hal isə əla təmirli mənzilin təhvil verilməsini sual altında qoyur. İddiaçı tərəfindən mənzilin əla təmiri ilə bağlı smeta sənədi hazırlanmış və təmirin dəyəri 89.210 manat müəyyən edilmişdir, yəni 1 kv.metrin qiyməti 641 manat edir. Mənzildə müqavilədə göstərildiyi kimi, əla təmir aparılmadığından iddiaçı cavabdeh MMC tərəfindən təmirin aparılmasına icazə vermir. Bu barədə cavabdeh MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir. Təmir iddiaçı tərəfindən aparılacaqdır. İddiaçı hesab edir ki, mənzilin təmir xərci - 89.210 manat cavabdeh MMC tərəfindən ona ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilənin digər şərtinə görə, mənzil iddiaçıya təhvil verilənə kimi MMC tərəfindən iddiaçıya hər ay 600 manat məbləğində kirayə haqqı ödəməli idi. Lakin MMC xx.xx.2020-ci il tarixədək kirayə haqqını iddiaçıya ödəsə də, həmin tarixdən sonra ödənişi dayandırmış və iddiaçı tərəfindən MMC-nin rəhbərlərinə dəflərlə etdiyi müraciətlərə baxmayaraq bərpa etməmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh MMC-nin nümayəndəsi vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini Rayon Məhkəmədən xahiş etmişdir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə iddiaçıya məxsus mənzilin sökülməsi ilə bağlı cavabdeh MMC iddiaçıya yeni inşa edilən hündürmərtəbəli tikilidə əla təmirli mənzilin verilməsi öhdəliyini öz üzərinə götürdüyündən, iddiaçının məhz həmin öhdəliklərin icra edilməsi tələb etmək hüququ vardır. Başqa sözlə, yeni tikilən mənzilin təmirinin aşağı səviyyədə olması belə, əla təmirin dəyərinin cavabdeh MMC-dən tələb edilməsi anlamına gəlmir. Odur ki, məhkəmə 89.210 manat pulun cavabdeh MMC-dən tutulması ilə bağlı iddia tələbini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər iddia tələbi təmir qurtarana kimi kirayə haqqının iddiaçıya ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu tələb öz mənasına görə təmir pulunun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması ilə bilavasitə bağlı olduğundan, əsaslı hesab edilə bilməz və rədd edilməlidir.
d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan göstərilən nəticəyə gəlmişdir. İddiaçı, məhkəməyə əla təmir üçün smeta sənədlərini təqdim etmişdir. Məhkəmə qarşı tərəfdən də smeta sənədlərini tələb etmiş və cavabdeh məhkəməyə həmin mənzilin 4 dəfə az məbləğdə dəyərləndirilmiş smeta sənədini təqdim etmişdir. Məhkəmədə artıq 2 smeta sənədi olduğu və bunlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə tərəfindən əla təmirin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli idi. Lakin, məhkəmə tərəfindən ekspertiza keçirilməsindən imtina edilmişdir. Cavabdehin smeta sənədlərini təqdim etdiyi məhkəmə iclasında isə məhkəmə iddiaçıya smeta sənədləri ilə tanış olmasına imkan yaratmadan ekspertiza keçirilməsi barədə qərardad çıxarmağa hazır idi. Lakin, smeta sənədləri ilə tanış olmaq barədə təkidli tələblərindən sonra məhkəmə iclası təxirə salınmışdı. Növbəti iclasda isə məhkəmə ekspertiza təyin etməkdən imtina etdi. Kirayə haqqı ilə bağlı məsələdə də məhkəmə araşdırma aparmamış və səhv nəticəyə gəlmişdir.
e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
8. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-3982/2021) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, yeni inşa edilən binada yerləşən 60 nömrəli 3 otaqlı mənzildə təmir işlərinin bərpa olunduğu vaxtdan mənzilin iddiaçıya təhvil verildiyi günədək, hər ay 600 manat məbləğində kirayə haqqının cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdeh MMC-nin təmirlə bağlı öhdəliyini icra etməməsi, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Ekspert rəyindən də, göründüyü kimi, mənzilin təmirində ciddi qüsurların mövcud olmadığı müəyyən edilmişdir. Təmir işlərinin dayandırılması isə iddiaçının tələbi ilə olmuşdur. Belə olan halda, təmir işlərinin keyfiyyətsiz aparılması sübuta yetirilmir. Buna görə də, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi iddianın kirayə haqqının ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh MMC, onunla iddiaçı arasında bağlanmış müqavilə ilə mübahisəli mənzil iddiaçıya təhvil verilənədək, aylıq 600 manat olmaqla kirayə haqqı ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Təmir işləri iddiaçının təkidi ilə cavabdeh MMC tərəfindən dayandırıldığından, hal-hazırda kirayə haqqı MMC-dən tutula bilməz. Müqavilə şərtlərinə uyğun olaraq mübahisəli mənzildə təmir işləri bərpa olunduğu vaxtdan mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 600 manat məbləğində kirayə haqqı iddiaçıya ödənilməlidir.
f) kassasiya instansiyasında icraat barədə məlumat
10. İş üzrə tərəflərin həmin qətnamədən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-2264/2022) ilə hər iki kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
11. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəla işin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən ilk növbədə ekspert rəyinə istinad edərək mənzilin təmirində ciddi qüsurların olmadığını müəyyən edərkən həmin sübutu işin digər halları ilə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, iddiaçı verdiyi tələbi təmirin qüsurlu aparılması ilə deyil, aparılan təmirin əla təmirli mənzilə xas olan standartlarla aparılmaması ilə əsaslandırmışdır və bununla bağlı subyektiv hüquqa malik olmasını onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulduğunu göstərmişdir. Həmin müqavilənin məzmunundan göründüyü kimi, iddiaçı, mülkiyyətində olan mənzili cavabdehə MMC-yə təhvil verdiyinə görə sonuncu inşa etdiyi binada sahəsi 138.7 kv.m. olan 3 otaqlı mənzili 18 ay müddətində əla təmir etməklə iddiaçıya təhvil verməli idi. Bununla yanaşı iş materiallarından görünür ki, tərəflər arasında mübahisə baş verənə qədər mənzildə ancaq suvaq işləri, qismən elektrik işləri görülmüş və plastik pəncərələr qoyulmuşdur. Mənzildə aparılmış elektrik işlərinin və plastik pəncərələrin keyfiyyətli olub-olmaması və standartlara cavab verməsi barədə ekspert qarşısında qoyulmuş suallara müxtəlif səbəblərdən rəy verilməmiş, işin tam və obyektiv həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, həmin məsələlər üzrə sonrakı araşdırmalar aparılmadan apellyasiya instansiyası məhkəməsi aparılan təmir işlərinin standartlara uyğun olması qənaətinə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının yalnız mənzildə əla təmir işlərinin aparılmasını tələb etmək və əla təmir aparıldığı halda əla təmirə görə pul tələb etmək hüququnun olmadığı barədə qənaəti ilə razılaşmır və hesab edir ki, cavabdeh MMC tərəfindən mənzildə əla növ təmir aparılmadığı sübuta yetirildiyi təqdirdə iddiaçı təmiri öz hesabına aparmaq və çəkilmiş təmir xərclərini cavabdeh MMC-dən tələb etmək hüququna malikdir. Ona görə də, işə yeni apellyasiya baxışında işə baxan məhkəmə kollegiyası əla təmirin özündə hansı standartları əks etdirdiyini, mübahisə baş verənə qədər aparılan təmir işlərinin bu standarta cavab verib-vermədiyini, ümumiyyətlə əla təmirlə bağlı iddiaçıya məxsus mənzilə münasibətdə layihə-smeta sənədlərinin tərtib edilib-edilmədiyini müəyyən etməli və müəyyən etdiyi halları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə müvafiq məhkəmə aktı qəbul etməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, kirayə pulunun tutulması tələbi təmir xərclərinin tutulması tələbi ilə bilavasitə bağlı olduğundan həmin hissədə də iddia tələbinə təmir xərclərinin tutulması barədə iddianın təmir edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Beləliklə işin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
g) apellyasiya instansiyası məhkəməsində ikinci icraat barədə məlumat
12. İş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar ilə yeni apellyasiya baxışına göndərildiyi üçün, iddiaçının Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır.
h) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
13. İddiaçının nümayəndələri olan övladı Cəmil Cəbrayılov və vəkili olan Vəkil1 apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmiş və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.
14. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, MMC, onunla iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə iddiaçının özünün təsiri nəticəsində əməl edə bilmir. İddiaçı hüquqdan suiistifadə edərək, mənzildə təmir aparmağa imkan vermir. MMC tərəfindən mənzildə aparılan təmir qurtardıqdan sonra təmirin keyfiyyəti barədə fikir söyləmək mümkündür. Lakin iddiaçı buna imkan vermir. İddiaçı hüquqdan sui-istifadə etdiyi üçün MMC kirayə haqqının ödənilməsini dayandırmışdır.
i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, İş üzrə tərəflər arasında bağlanmış və Bakı Şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən “Sakin” (hazırki iş üzrə iddiaçı) mülkiyyətində olan və ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 65,65 kv.metr (faktiki - 111 kv.metr) olan 26 saylı mənzili MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər.
17. Hazırda iddiaçı cavabdeh MMC-nin mənzilin təmiri zamanı aşağı keyfiyyətli məhsullardan istifadə edildiyindən narazılıq edir və cavabdehin əla təmirli mənzil təhvil verilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirmədiyini bildirir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təmir xərcinin və əlavə olaraq kirayə haqqının ödənilməsini tələb edir.
18. İş materiallarına əlavə olunmuş tərəflər arasında olan məktub yazışmalarından aydın olur ki, iddiaçının təkidi ilə cavabdeh MMC tərəfindən iddiaçıya ayrılmış mənzil üzrə aparılmalı olan təmir işləri 2020-ci ilin yanvar-fevral aylarından dayandırılmışdır.
19. Məhkəmə qeyd edir ki, iddiaçı, cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddianı mənzildə aparılan təmirin əla təmirli mənzilə xas olan standartlarla aparılmaması ilə əsaslandırmış və bununla bağlı subyektiv hüquqa malik olmasını onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulduğunu göstərmişdir.
20. Həmin müqavilənin məzmunundan göründüyü kimi, cavabdeh MMC 3 otaqlı mübahisəli mənzili 18 ay müddətində əla təmir etməklə iddiaçıya təhvil verməli idi.
21. Məhkəmə, iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, cavabdeh MMC tərəfindən mənzildə əla növ təmir aparılmadığı sübuta yetirildiyi təqdirdə iddiaçı təmiri öz hesabına aparmaq və çəkilmiş təmir xərclərini cavabdehdən tələb etmək hüququna malikdir.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.).
23. MPM-nin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14., 77. və 88.).
24. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə baş verənə qədər mənzildə ancaq suvaq işləri, qismən elektrik işləri görülmüş və plastik pəncərələr qoyulmuşdur.
25. Mənzildə aparılmış elektrik işlərinin və plastik pəncərələrin keyfiyyətli olubolmaması və standartlara cavab verməsi barədə ekspert qarşısında qoyulmuş suallara müxtəlif səbəblərdən rəy verilməmişdir.
26. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2152 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli 3-cü binanın, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzildə arakəsmə divarların məsaməli hörgü bloklar (qazobeton) ilə hörüldüyü və gips əsaslı birbaşa astar suvağı ilə suvandığı müəyyən olunur. Faktiki vəziyyətdə divarlara vurulmuş suvaq qatında hər hansı qüsur aşkar olunmadı. Mənzildə dəhliz, sanitar qovşağı daxil olmaqla bütün tikililərinin elektrik xətləri çəkilmişdir. Elektrik xəttinin çəkilməsinə dair layihə təqdim olunmadığından sualın ikinci hissəsi barəsində tədqiqat aparılmadı. Mənzildə iki ədəd 2x2 metr ölçüdə və iki ədəd 2,7x3 metr ölçüdə plastik materialdan olan pəncərənin quraşdırıldığı müəyyən olunmuşdur. Qeyd olunur ki, təmir zamanı istifadə olunan materialların keyfiyyətinin müəyyən olunması tikinti-texniki ekspertizanın predmetinə aid deyil. Mənzilin tavanında və döşəməsində hər hansı təmir işlərinin görülmədiyindən, eyni zamanda divarlarında suvaq işi tam olaraq görülmədiyindən həmin mənzilin divarlarında və tavanın düzlüyünün müəyyən olunması barədə tədqiqat aparmaq mümkün olmamışdır. Qeyd olunur ki, faktiki olaraq mənzilin divarlarında və tavanın düzlüyündə ciddi qüsurların mövcud olmadığı müəyyən olunur. Mənzildə təmir işləri başa çatdıqdan sonra tavanın, döşəmənin, divarların düzlüyü və təmir işlərinin keyfiyyətli aparılıb-aparılmaması müəyyən oluna bilər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi qərarında əla təmirin özündə hansı standartları əks etdirdiyini, mübahisə baş verənə qədər aparılan təmir işlərinin bu standarta cavab verib-vermədiyini, ümumiyyətlə əla təmirlə bağlı iddiaçıya məxsus mənzilə münasibətdə layihə-smeta sənədlərinin tərtib edilib-edilmədiyinin müəyyən etməsi və müəyyən edilən halların MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə müvafiq məhkəmə aktı qəbul edilməsi ilə bağlı göstərişlərini və həmin halların müəyyən edilməsinin işin tam və obyektiv həlli üçün əhəmiyyət kəsb etdiyini nəzərə alan Məhkəmə, qeyd edilən xüsusatların araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə və (ilkin) məhkəmə tikintitexniki ekspertizası təyin edilməsini qərara almışdır.
28. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/2418 saylı xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, mənzildə elektrik naqilləri çəkilməmişdir. Mənzildə 2 ədəd 2x2 metr ölçüdə və 2 ədəd 2,7x3 metr ölçüdə plastik materialdan olan pəncərənin quraşdırıldığı müəyyən edilmişdir. Mövcud olan pəncərə boşluqlarının ölçülərinin “Yaşayış binaları. İayihələndirmə normalarının” tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Təmir zamanı istifadə olunan materialların keyfiyyətinin müəyyən olunması tikinti-texniki ekspertizasının predmetinə aid deyil. Mənzilin xarici divarlarının və daxili arakəsmə divarlarının (məsaməli hörgü blokları ilə) hörgüsü başa çatdırılmışdır. Baxış zamanı həmin divarların inşasında hər hansı qüsur olması müəyyən edilməmişdir. Baxış zamanı mənzilin divarları, döşəməsi və tavanın inşasında hər hansı qüsur olması müəyyən edilməmişdir. Qeyd edilir ki, mənzil təmirsiz vəziyyətdə olduğundan, divarlarda təmir işləri yekunlaşdırılmadığından, eləcə də mənzilin tavanında və döşəməsində hər hansı təmir işləri görülmədiyindən mənzilin təmirinin keyfiyyətli olub-olmaması (divarın, döşəmənin, tavanın düzlüyü, görülmüş işlərin keyfiyyətli olub-olmaması və s.) barədə tədqiqat aparmaq mümkün olmamışdır. Mənzil təmirsiz vəziyyətdə olduğundan (divarlarda təmir işləri yekunlaşdırılmmış, elektrik xətti çəkilməmiş, santexnika işi qismən görülmüş, mənzilin tavanında və döşəməsində hər hansı təmir işləri görülməmiş və s.) ekspert qarşısında qoyulmuş digər suallar üzrə tədqiqat aparmaq mümkün olmamışdır.
29. Göründüyü kimi, mənzil təmirsiz vəziyyətdə olduğundan ekspert qarşısında qoyulmuş mənzilin təmirinin müqavilədə göstərilən “əla təmir” edilməsi anlayışına cavab verib-verməməsi, aparılmış təmir işlərinin təhvil verilmiş mənzildəki təmir ilə müqayisədə standartlara cavab verib-verməməsi, aparılmış təmir işləri zamanı divarların suvağının keyfiyyəti ilə bağlı suallara cavab alınması mümkün olmamışdır.
30. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə iddiaçıya məxsus mənzilin sökülməsi ilə bağlı cavabdeh iddiaçıya yeni inşa edilən çoxmərtəbəli tikilidə əla təmirli mənzilin verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin iddiaçı cavabdeh MMC-nin bu öhdəliyini icra etməsinə mane olduğu üçün öhdəliyin tam icrası mümkün olmamışdır.
31. Cavabdeh MMC-nin təmirlə bağlı öhdəliyini icra etməməsindən qəsdən yayınması, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Ekspert rəyindən də, göründüyü kimi, mənzildə suvaq, qismən elektrik işlərinin görülməsi və plastik pəncərələrin qoyulması ilə əlaqədar işlərdə hər hansı qüsur aşkar edilməmiş, digər işlərin keyfiyyətinin isə mənzilin təmiri başa çatdırılmadan müəyyən edilməsi mümkün deyildir.
32. Əksinə işin hallarından bəlli olur ki, MMC tərəfindən mənzildə təmir işlərinin aparılmasına iddiaçı özü maneələr yaradır və bu səbəbdən də cavabdeh MMC mənzilin təmirini başa çatdıra bilmir. Nəzərə alınmalıdır ki, mənzilin təmirinin nöqsanlar ilə və keyfiyyətsiz həyata keçirilməsinin müəyyən edilməsi üçün təmir, MMC tərəfindən başa çatmış elan olunmalı və artıq təmir edilmiş mənzil iddiaçıya təhvil verilən zaman iddiaçı təmirin keyfiyyəti ilə bağlı iradlarını bildirə bilər. Çünki mənzil iddiaçıya təhvil verilməyənə qədər qəbul edilməlidir ki, təmir başa çatmamışdır və ortaya çıxan nöqsanlar təmiri həyata keçirən MMC tərəfindən aradan qaldırıla bilər.
33. Bu səbəbdən də müəyyən edilir ki, iddia tələbinin “mənzilin əla təmirinin dəyəri olan 89.210 manat pulun cavabdeh MMC-dən tutulması barədə” hissəsi əsassızdır və Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
34. İddia tələbinin “mənzilin təmiri qurtarana kimi iddiaçının müvəqqəti yaşadığı mənzilin kirayə haqqının cavabdeh MMC-dən tutulması barədə” hissəsi də əsassızdır. Çünki artıq qeyd edildiyi kimi MMC tərəfindən mənzildə təmir işlərinin aparılmasına iddiaçı özü maneələr yaradır və bu səbəbdən də cavabdeh MMC mənzilin təmirini başa çatdıra bilmir.
35. Göründüyü kimi iddiaçı hüquqlarından sui-istifadə edir. İddiaçının niyyəti cavabdeh MMC-yə ziyan vurmağa yönəlib.
36. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
37. Bu səbəbdən də müəyyən edilir ki, iddia tələbinin “mənzilin təmiri qurtarana kimi iddiaçının müvəqqəti yaşadığı mənzilin kirayə haqqının cavabdeh MMC-dən tutulması barədə” hissəsi əsassızdır və Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili də əsassızdır.
j) apellyasiyanın nəticəsi
38. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.