Məhkəmə qərarları › İş №2(103)-3320/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3320/2024

31.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3320/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı2 və cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı “evə köçürülmə barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-594/2024 nömrəli qətnaməsindən İddiaçı2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mübahisə Nəsimi rayonu, İlqar İsmayılov küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). İlk iddia ərizəsində tələb olunub ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 evə köçürülsün. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı1 evdən istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia təmin edilsin, İddiaçı1 evdən istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən yalnız İddiaçı2 apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ilk iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı2 bildirdi ki, apellyasiya şikayətini həm öz adından, həm də İddiaçı1 adından onun etibarnamə üzrə nümayəndəsi kimi verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehiddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin əsaslılığı yalnız İddiaçı2 aid hissədə yoxlanılır. Belə ki, apellyasiya şikayətinin mətnində İddiaçı2 digər şəxsin - İddiaçı1 etibarnamə üzrə nümayəndəsi kimi şikayət verməsi qeyd olunmayıb. Ona görə də hesab olunur ki, İddiaçı2 apellyasiya şikayətini öz adından verib. O, öz adından verdiyi apellyasiya şikayətində qətnamənin yalnız özünə aid hissəsini mübahisələndirə bilər. Qətnamə mübahisləndirilən hissədə, yəni İddiaçı2 evə köçürülmə barədə tələbinin təmin edilməməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı2 evə köçürülmə tələbinin təmin edilməsi üçün onun evdən istifadə hüququ əmələ gəlməlidir, lakin belə hüquq əmələ gəlməyib. Ev İddiaçı2 qayınatası Cavabdeh mülkiyyətindədir. İddiaçı2 mülkiyyətçi Cavabdeh qızı Nuranə Novruzzadə ilə xx.xx.2010-cu ildə nikah bağlayıb, həmin nikah xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulub, xx.xx.2023-cü ildə İddiaçı2 mülkiyyətçi Cavabdeh digər qızı İddiaçı1 ilə nikah bağlayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə, İddiaçı2 evdən istifadə hüququnun əmələ gəlməsi üçün onunla evin mülkiyyətçisi Cavabdeh arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalı və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin yazılı razılaşma bağlanmayıb. Beləliklə, birinci instansiya məhkəməsi İddiaçı2 evə köçürülmə barədə tələbini təmin etməməklə düzgün nəticəyə gəlib. Qətnamənin qalan hissəsi mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-594/2024 nömrəli qətnaməsi İddiaçı2 evə köçürülmə barədə tələbinin təmin edilməməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar