Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3327/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, iddia müddətinin tətbiq edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-607/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə (“Port Wine” restoranına) “Şef aşbaz” vəzifəsinə işə qəbul olunmuşdur. 2023-cü ilin avqust ayında cavabdeh cəmiyyətin direktoru X8 iddiaçının restorana təhvil verilən məhsulları mənimsəməsi səbəbi ilə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin müraciət əsasında araşdırma aparılmış və toplanmış materiallarda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və iddiaçı barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanının rəhbərinə təqdim edilmişdir. Qərara uyğun olaraq Səbail RPİ-nin 8-ci Polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən iddiaçı barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(009)-2920/2023 nömrəli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata (təqsirinin olması sübuta yetirilmədiyi üçün) xitam verilmişdir. Bu qərardaddan cavabdeh cəmiyyətin dirktoru X5 apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-51/2024 saylı qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qeyd edilən qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı barəsində hüquq mühafizə orqanlarına müraciət edildikdən sonra cavabdeh cəmiyyət tərəfindən ona bildiriş də göndərilmiş və bir aydan artıq müddətdir ki, iş yerinə gəlmədiyi nəzərinə çatdırılmalqa xx.xx.2023-cü il tarixdə iş yerinə gələrək, bu məsələ ilə bağlı izahat verilməsi ondan tələb edilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə cavabdeh cəmiyyətin ona qarşı əmək qanunvericiliyinin tələblərini pozması əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq, xx.xx.2023-cü il tarixli məktubla tələb olunan sənədlərin cavabdeh cəmiyyət tərəfindən təqdim olunmaması səbəbindən müraciətin araşdırılmasının mümkün olmadığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemində onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin elektron informasiya sistemində qüvvədə olduğu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 dekabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yenidən araşdırılmasının mümkün olmadığı, müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya bildirilmişdir. Cavabdeh cəmiyyət tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, X-045 saylı əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər, o cümlədən əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023cü il tarixdə göndərilmiş və həmin tarixdə də iddiaçının ünvanında qəbul edilmişdir (Bədirova Aygün). Bundan sonra iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 8 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin icraçı direktoru X5 xx.xx.2023-cü il tarixli əmri ilə onun Cavabdeh MMC-dən aşbaz vəzifəsindən azad edilməsinə dair verilmiş əmrin ləğv edilməsi, onun son haqq-hesab pulunun və adının Azərbaycan Respublitkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnvormasiya Siteminin “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinin qüvvədə olduğu xx.xx.2023-cü il tarixdən sonra müddətli (qüvvədən düşdüyü müddətədək) əmək haqqının hesablanaraq (qüvvədə olduğu üçün o yeni işlə təmin edilə bilməməyin səbəbinə görə) Cavabdeh MMC tərəfindən ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək belə əsaslandırmışdır ki, o, işlədiyi müddətdə üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. 2023-cü ilin yay mövsümündə Cavabdeh MMC-nin icraçı direktoru X7 onun məzuniyyət pulunu vermək istəmədiyindən (çünki o, məzuniyyət pullarının ödənilməsini xahiş etmişdir) onun üzərinə böhtan atmış və guya ki, ətləri çəkdikdə onların qaimədə qeyd edildiyi kimi, düzgün çəkməmiş və nəticədə mənimsəmə etmişdir. Əslində o heç bir mənimsəmə etməmiş və işini vicdanla davam etdirmək istəsə də, cavabdeh onu işə buraxmırdı və xoşagəlməz, yəni onun üçün ağır nəticələrə səbəb olan münasibətlər yaradırdı. Bunu ona görə edirdi ki, qəsdən qalmaqal yaransın və bununla bağlı polis şöbəsinə müraciət etsin. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək vəzifərini kobud şəkildə pozduqda), bu Məcəllənin 72-ci maddəsinin "c" bəndinə (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması) əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmrin surəti poçt vasitəsilə qeydiyyatda olduğu ünvana (hazırda kirayədə yaşayır) xx.xx.2023-cü il tarixdə verilmişdir. O həmin əmri qanunsuz və əsassız hesab edir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, əslində cavabdehlə onun arasında olan əmək münasibətlərində onun deyil, cavabdehin qanunsuz əməlləri mövcud olmuşdur. Cavabdeh qərəzli olaraq onun üzərinə böhtan atmışdır. Məhkəmə qərarlarına əsasən onun Cavabdeh MMC-də fəaliyyəti nəticəsində nöqsanı (mənimsəmə ilə bağlı) olmadığı müəyyən edilmişdir. Bundan əlavə, adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsi qüvvədə olduğu üçün o heç bir yerdə özünə iş tapa bilmirdi və bu səbəbdən də özü və ailəsi ağır maddi şəraitdə yaşamışlar. O, istifadə edilməmiş əmək məzuniyyətlərinə dair ödənişlərlə bağlı cavabdehə müraciət edən kimi, cavabdeh ona qarşı qərəzli mövqedə oldu. O, xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə işdən azad edilməyini xahiş etmişdir. Lakin hazıradək cavabdehlə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dair bildiriş elektron informasiya sistemində qüvvədədir.
4. Bundan sonra Cavabdeh MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Yəni iddia ərizəsində də qeyd olunduğu kimi əmək kitabçası və xx.xx.2023-cü il tarixli əmrdən çıxarış onun qeydiyyatda olduğu və özünün hazırki iddia ərizəsində də qeyd etdiyi ünvana poçt vasitəsilə göndərilmişdir. İddiaçı özü də etiraf edir ki, həmin əmrdən çıxarış ona xx.xx.2023-cü ildə çatdırılmışdır. Belə olanda onun xx.xx.2024-cü il tarixinə kimi 1 aylıq iddia müddəti var idi. İddiaçı xx.xx.2024-cü il tarixdə onlara mediasiya ilə bağlı təklif göndərir, yəni iddia müddətinin bitməsinə 5 gün qalmış mediasiyada icraat dayandırılır, sonra xx.xx.2024-cü ildə ilkin mediasiya sessiyasının baş tutmaması barədə arayış verilir. Yəni xx.xx.2024-cü ildən müddət axımı başlayır. Diqqət olunsa ki, iddiaçının iddia müddətinin bitməsinə 5 gün qalmışdı, o, sonuncu müddət, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməli idi. Lakin o, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürərək, iddia ilə müraciət etmişdir (iddia müddətini 9 gün ötürüb). Bundan başqa, iddiaçının iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-nin hesabdan çıxarışından da görünür ki, ona Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmrə əsasən son haqq-hesab və bütün ödəmələr xx.xx.2023-cü il tarixdə 687,52 manat və xx.xx.2023-cü il tarixdə 206.55 manat olmaqla tam şəkildə ödənilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, əmək qanunvericiliyinin və mediasiya haqqında qanunun müvafiq maddələrini rəhbər tutaraq, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini tətbiq edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə yazılı etiraz təqdim edərək, işdən çıxarılması barədə əmrin surətinin xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə qeydiyyatda olduğu ünvana verildiyini, onun xx.xx.2024-cü il tarixdə mediasiya ilə bağlı cavabdehə təklif göndərdiyini, bu təklifin xx.xx.2024-cü il tarixdə cavabdehə çatdığını, xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etdiyini, xx.xx.2024-cü il tarixdə müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etdiyini bildirmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-607/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin X-045 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də “Şef aşbaz” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim X6).
7. Məhkəmə iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxıd bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verməsinə kifayət qədər əsası olmamışdır. Ona görə də, mübahisələndirilən əmr açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur. İşəgötürən tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, 72-ci maddəsinin “f” bəndinə, 300cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-cı, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia müddəti təbiq olunaraq iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixə təyin olunmuş hazırlıq iclasından qabaq elektron kabinet vasitəsiilə ərizə yerləşdirilərək məhkəmədən Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddia müdətinin tədbiq edilərək, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Eyni məzmunlu ərizə xx.xx.2024-cü il tarixdə də verilmişdir. Lakin bunun əksi olaraq məhkəmə qeyd olunan əsasları qətnamədə təşkilatın nümayəndəsinin izahatına salmış, lakin iddia müddətinin hansı səbəbdən tədbiq edilməməsi barədə heç bir əsaslandırma etmədən qətnamə qəbul etmişdir. Məhkəmə bir mənalı olaraq həmin ərizəni nəzərə almadan bir tərəfli qaydada əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə qanunun tələbinə zidd olaraq məhkəmə aidiyyətini pozmuşdur. Belə ki, cavabdeh şəxsin hüquqi ünvanı ünvan 1stansiya məhkəməsi Bakı şəhəri Yasamal rayon məhkəməsidir. Bu halı birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata götürən zaman yoxlamalı idi. Həmçinin belə çıxır ki, məhkəmə iddia ərizəsində qeyd olunmuş cavabdeh təşkilatın VÖEN-ni yoxlamamışdır. Əgər məhkəmə elektron sistemdə VÖEN-lə axtarış etsə idi, qeyd olunan hal öz təsdiqini tapardı.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh MMC-nin icraçı direktoru X8 ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətini müdafiə etdiyini və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qarşı verdiyi etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsininin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər; 186-cı maddənin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər; 296-cı maddəsinin 2-cü bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir; 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir; 32.4-cü, 32.4.1-ci və 32.4.2-ci maddələrinə əsasən mediasiya prosesinə barışıq sazişinin imzalandığı gündən və ya bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir; 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur; 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunaraq, iddianın iddia müddəti tətbiq edilməklə rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iddiaçını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı, o cümlədən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmiş və hüquqi nəticə etibarı ilə iddia tələbinə iddia müddətini tətbiq etməməkdə səhvə yol vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh cəmiyyətə “Şef aşbaz” vəzifəsinə işə qəbul olmuşdur. Cavabdeh iddiaçının ona təhvil verilmiş ət məhsullarını mənimsəməsi və nəticədə cəmiyyətə 238 manat məbləğində zərər vurması əsası ilə Bakı şəhəri Səbail rayon Polis idarəsinə şikayət etmiş və həmin qurum tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarla iddiaçının əməllərində cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işin başlanması rədd edilmiş və iddiaçı barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanının rəhbərinə təqdim edilmişdir. Həmin qərara uyğun olaraq Səbail RPİ-nin 8-ci Polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən iddiaçı barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(009)-2920/2023 nömrəli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata (təqsirinin olması sübuta yetirilmədiyi üçün) xitam verilmişdir. Bu qərardaddan cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-51/2024 saylı qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qeyd edilən qərarı dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, cavabdeh Səbail RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarını əsas götürərək, xx.xx.2023-cü il tarixli, X-045 saylı əmrlə iddiaçı ilə aralarında bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-ci il tarixdən xitam vermişdir.
24. Bununla bağlı aidiyyəti sənədlər, o cümlədən əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edildikdən sonra iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 8 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir, həm birinci instansiya məhkəməsi tərəfindən işin məhkəmədə baxılmağa hazırlandığı (hazırlıq), həm işin məhkəmə iclasında baxıldığı (baxış) dövrdə, həm də apellyasiya şikayətində iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə verdiyini bildirmiş və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu, habelə cavabdehin apellyasiya şikayəti üzrə irəli sürülmüş əsas dəlilinin də bundan ibarət olduğunu nəzərə alıb, hazırki iddiaya iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir.
26. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
27. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsində başlıca norma qismində Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi çıxış edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi günü hesab edir. Əmək Məcəlləsinin həmin müddəası hüquqların pozulduğu tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, əmək münasibətlərində işçi daha zəif tərəfdir və məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan suiistifadə edilməsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.
29. Məhkəmə kollegiyası iş materiallarında olan və əmək kitabçasının iddiaçıya təqdim edilməsini təsdiq edən xəbərnaməyə istinadən qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçının əmək kitabçasında bununla bağlı zəruri qeyd aparılmış və əmək kitabçası poçt vasitəsi ilə ünvan 2 ünvanı üzrə (iddiaçı iddia ərizəsində də bu ünvanı göstərir) xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı özü də əmək kitabçasının ona poçt vasitəsi ilə təqdim edildiyini bildirir, iş materiallarında olan bu xəbərnamənin həmin təqdim etməni təsdiq edən sənəd kimi qəbul edir, lakin əmək kitabçasını xx.xx.2023-cü il tarixdə əldə etdiyini söyləyir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixə aid hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası əmək kitabçasının iddiaçıya məhz iş materiallarında olan xəbərnamədə göstərilən xx.xx.2023-cü il tarixdə təqdim edilməsi qənaətinə gəlir.
30. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etdiyini bildirsə də, iş materiallarında olan “Mediasiya prosesinin tətbiqi barədə” təklifdən müraciətin xx.xx.2024-cü il tarixdə edildiyi müəyyən olunur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış isə iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı özü də bu halı təsdiq edir.
31. Bununla belə, xx.xx.2023-cü il tarixdə əmək kitabçasını rəsmi alan və onun məzmunu ilə tanış olmaqla onunla bağlanmış əmək müqaviləsinə orada göstərilən əsasla xitam verilməsi ilə razılaşmayan iddiaçı qeyd edilən əmrin ləğv edilməsi üçün xx.xx.2024cü il tarixədək (sonuncu gün 08 yanvar) məhkəmədə iddia qaldırmalı idi. Onun xx.xx.2024cü il tarixdə məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etməsi isə bu müddətin bitməsinə 3 gün qalmış onun axımını mediasiya prosesinə xitam verilənədək dayandırmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın xx.xx.2024-cü il tarixdə təqdim edilməsi ilə iddia müddətinin axımı bərpa edilsə də, hazırki iddia qeyd edilən 3 gün ərzində, yəni sonuncu gün xx.xx.2024-cü il tarixi (27-28 yanvar müvafiq olaraq şənbə və bazar gününə təsadüf etmişdir) olmaqla qaldırılmamış, bu tarixdən 10 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd eidlməsini tələb etmiş, apellyasiya şikayətində də bu mövqedən çıxış etmişdir. Lakin birinci instansiya məhkəməsi bu ərizəyə istinad etsə də, ona hər hansı formada hüquqi qiymət verməmişdir. Halbuki, mövcud vəziyyətdə həmin ərizə əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətinin ötürülməsi səbəbindən tədbiq edilməli və iddia məhz bu əsasla rədd edilməli idi. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qeyd edilən əsasla rədd edilməsini şərtləndirir.
32. Belə ki, hazırki iş üzrə əmrin ləğv edilməsi əsas, digər tələblər isə ona münasibətdə törəmə tələblərdir. Birinci instansiya məhkəməsi isə hazırki iddiaya iddia müddəti tətbiq etməli olduğu halda, tətbiq etməmiş, hüquqi nəticə etibarı ilə iddianı qismən rədd edərkən də başqa hüquqi əsaslardan çıxış etmişdir.
33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müddətlərlə bağlı iddiaçının mövqeyi əsas götürdüyü təqdirdə belə, iddia müddəti (xx.xx.2023-cü il - əmək kitabçası, xx.xx.2024-cü il – mediasiya, yəni 5 gün qaldı, xx.xx.2024-cü il arayış + 5 gün = iddia xx.xx.2024-cü il tarixədək qaldırlmalı idi, nəticədə 8 gün gecikdirilmişdir) ötürülmüş olur.
34. Məhkəmə kollegiyası ərazi aidiyyəti qaydalarının pozulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, artıq iddia müddəti ötürülməsi əsası ilə iddia rədd edildiyindən həmin dəlilə ayrıca münasibət bildirilməsinə hər hansı hüquqi zərurət qalmır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-607/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.