Məhkəmə qərarları › İş №2(103)-3329/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3329/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3329/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun patronu X2, tərcüməçi X4 iştirakı ilə İddiaçı Cavabdeh1nə və Ələsgəroğlu-K” məhdud məsuliyyətli cəmiyyətinə qarşı “fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qiyabi qətnaməsindən Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və Ələsgəroğlu-K” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisindəki 0,4 ha torpaq sahəsində yerləşən, 9-cu sıradakı 74 m2 sahəli 3 otaqlı 2 nömrəli fərdi yaşayış evinə istifadə və sahiblik hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 08.09.2011-ci il tarixdə onunla Cavabdeh2 MMC (icraçı) arasında “Fərdi yaşayış evinin kredit yolu ilə alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə görə icraçı, Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Hövsan qəsəbəsində ayrılmış 0,4 ha torpaq sahəsində 74 m2 sahəli 3 otaqlı fərdi yaşayış evini layihələndirməyi, tikintisini həyata keçirməyi və ona bir pay kimi istismara hazır vəziyyətdə təhvil verməyi, o isə cəmi 31 000 manatı ilkin ödəniş 11 000 manat, qalan hissəni 50 ay ərzində hər ay 400 manat olmaqla ödəməyi öhdələrinə götürmüş, tərəfindən 08.09.2011-ci il tarixdə 11 000 manat, 08.10.2011-ci il tarixdə 400 manat, 03.12.2011-ci il tarixdə 400 manat, 07.12.2011-ci il tarixdə 400 manat, 07.01.20121-ci il tarixdə 400 manat, 23.02.2012-ci il tarixdə 400 manat olmaqla cəmi 13 000 manat Cavabdeh2 MMC-nə, 01.06.2012-21.12.2013-cü il tarixləri arasında ümumilikdə 18 200 manat isə Cavabdeh1 MMC-nə ödənilmiş, Cavabdeh1 MMC tərəfindən ona 16.07.2012-ci il tarixdə çıxarış verilmiş, çıxarışda onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisindəki 0,4 ha torpaq sahəsində yerləşən, 9-cu sıradakı 74 m2 sahəli 3 otaqlı 2 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğu göstərilmişdir. Beləliklə müqavilə üzrə öhdəliklərini tam icra etmiş, lakin cavabdehlər evi ona təhvil verməmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 17 avqust 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən X7 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının hüquq iddia etdiyi evi 2012-ci ildə yarımtikili vəziyyətdə Cavabdeh1 MMC-dən satın alıb inşa etməklə oraya ailəsi ilə bərabər köçdüyü, hazırkı dövrədək orada yaşadığı, evi alması və tam ödəniş etməsi barədə Cavabdeh1 MMC tərəfindən ona 12.02.2012-ci il tarixli maliyyə arayışı verildiyi, evin ona məxsus olmasını qonşuların, sahə müvəkkilinin təsdiq edə biləcəyi, məhkəmənin evdə kimin yaşamasını aydınlaşdırmayaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. X3 əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmiş, cavabdehlər Cavabdeh1 MMC-nin və Ələsgəroğlu-K” MMC-nin nümayəndələri isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, 08.09.2011-ci il tarixdə Cavabdeh2 MMC (icraçı) ilə İddiaçı (payçı) arasında “Fərdi yaşayış evinin kredit yolu ilə alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə görə icraçı, Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Hövsan qəsəbəsində ayrılmış 0,4 ha torpaq sahəsində 74 m2 sahəli 3 otaqlı fərdi yaşayış evini layihələndirməyi, tikintisini həyata keçirməyi və payçıya bir pay kimi istismara hazır vəziyyətdə təhvil verməyi, payçı isə müqavilə qiyməti olaraq razılaşdırılmış cəmi 31 000 manatı ilkin ödəniş 11 000 manat, qalan hissəni 50 ərzində hər ay 400 manat olmaqla ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə iclasında verilən izahatlara görə, Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC arasında “birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə bağlanmış, sözügedən yaşayış evinin inşası hər iki MMC tərəfindən həyata keçirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı 08.09.2011-ci il tarixdə 11 000 manat, 08.10.2011-ci il tarixdə 400 manat, 03.12.2011-ci il tarixdə 400 manat, 07.12.2011-ci il tarixdə 400 manat, 07.01.20121-ci il tarixdə 400 manat, 23.02.2012-ci il tarixdə 400 manat olmaqla cəmi 13 000 manatı Cavabdeh2 MMC-nə, 01.06.2012- 21.12.2013-cü il tarixləri arasında ümumilikdə 18 200 manatı isə Cavabdeh1 MMC-nə ödəmiş, Cavabdeh1 MMC tərəfindən ona verilmiş 16.07.2012-ci il tarixli “çıxarış” adlanan sənəddə isə onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisindəki 0,4 ha torpaq sahəsində yerləşən, 9-cu sıradakı 74 m2 sahəli 3 otaqlı 2 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğu göstərilmişdir. Apellyatorun irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, iddiaçının hüquq iddia etdiyi evi 2012-ci ildə yarımtikili vəziyyətdə Cavabdeh1 MMC-dən satın alıb inşa etməklə oraya ailəsi ilə bərabər köçmüş, orada yaşamağa başlamış, evi alması və tam ödəniş etməsi barədə Cavabdeh1 MMC tərəfindən ona 12.02.2012-ci il tarixli maliyyə arayışı verilmişdir. İrəli sürdüyü halla bağlı apellyator məhkəməyə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisindəki 0,4 ha torpaq sahəsində yerləşən, 9-cu sıradakı 116 m2 sahəli 3 otaqlı 2a nömrəli fərdi yaşayış evinin dəyərini ödəməsinə dair Cavabdeh1 MMC tərəfindən 12.02.2012-ci il tarixdə tərtib edildiyi göstərilən maliyyə arayışının, habelə 12.02.2013-cü il tarixli “çıxarış” adlanan “sənədin” kserosurətlərini təqdim etmişdir. İş materiallarından görünür ki, İddiaçı X1 qarşı “mənzildən çıxarılma” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq, X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu “Yeni Qəsəbə” şəhərciyi ərazisindəki 0,4 ha torpaq sahəsində yerləşən, 9-cu sıradakı 116 m2 sahəli 2 nömrəli fərdi yaşayış evindən çıxarılması qət edilmiş, Maarif Abbasov həmin işə baxılarkən də göstərilən kserosurətlərə istinadən iddianın əsassız olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı Maarif Abbasovun nümayəndəsinə (vəkilinə) sözügedən “sənədlər”in əsillərinin, yaxud lazımi qaydada təsdiq olunmuş surətlərinin təqdim olunması təklif edilmiş, lakin müvafiq sənədlər təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Kollegiya hesab edir ki, apellyator irəli sürdüyü faktiki halı, yəni mübahisəsi gedən evi məhz özünün 2012-ci ildə yarımtikili vəziyyətdə Cavabdeh1 MMC-dən satın alıb inşa etməklə orada yaşamağa başladığını sübuta yetirə bilməmişdir və təqdim etdiyi kserosurətlərin sübut kimi qəbul olunması ümumiyyətlə mümkün deyildir. Nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mübahisəsi gedən evlə bağlı məhz İddiaçı daha əvvəl iddia irəli sürdüyündən və eyni zamanda cavabdehlərin öhdəliyi onun xeyrinə daha əvvəl yarandığından (apellyatorun təqdim etdiyi kserosurətlərdə əks edilən məlumatlar əsas götürülərsə), onun şikayəti həm də bu əsasla əsaslı hesab oluna bilməz. Bununla yanaşı kollegiya Maarif Abbasova izah edir ki, əgər o, mübahisəsi gedən evin inşasına xərc çəkmişdirsə, bununla bağlı müvafiq sübutları təqdim etməklə həmin xərcin ödənilməsi barədə ümumi qaydada iddia irəli sürmək hüququna sahibdir. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, iddiaçının iddiası əsasında Maarif Abbasovun mübahisəsi gedən evdən çıxarılması barədə qətnamə mövcuddur və məhz bu səbəblə o, hazırda yoxlanılan qətnamə üzrə hüquq və vəzifələrinə toxunulan şəxs kimi qəbul edilmişdir. Kollegiya onu da qeyd edir ki, hazırkı apellyasiya icraatı qətnamənin hüquq və vəzifələrinə toxunduğunu iddia edən şəxsin şikayəti əsasında başlanmış olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi onun hüquqlarının pozulması ilə nəticələnmədiyindən Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinin tətbiqinə zərurət mövcud deyildir; çünkü həmin prosessual hüquq normasına görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6261/2017 saylı iş üzrə 17 avqust 2017-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar