Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3330/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, əmlakın boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sx oğlu və İx oğlundan ibarət tərkibdə, Sm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı “cavabdehlərin mənzildən çıxarılması və əmlakın bolaşdılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-509/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-41/2020 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilərək, Cavabdeh1 cəmi 44.725,67 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90.000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəyə minmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 8, mənzil 6 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASCnin adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər ailə olaraq həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 8, 6 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 8, 6 saylı mənzilinə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-41/2020 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli arayışından və “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair çıxarışdan göründüyü kimi, həmin mənzildə cavabdehlər qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.
5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 509/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin mübahisəsi gedən ev üzərində hər hansı hüquqları qalmamışdır və onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehlərin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, cavabdehlərin mübahisəli mənzildə yaşamaları mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə yaşamaları yeni mülkiyyətçiyə mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 157.2, 178.1-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətində göstərilən xüsusatların araşdırılması nəticəsinə uyğun olaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehlərin hüquqlarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinə vəsatət ilə müraciət edərək bildirmişdir ki, o, İddiaçı ASC-nin İdarə heyətinə ərizə ilə müraciət etmişdir. İdarə heyətinə ünvanladığı ərizənin mahiyyəti ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə ipoteka predmeti olmuş mənzilinin və yaşayış evinin keçmiş mülkiyyətçisi kimi aralarında həmin mənzil və yaşayış evi ilə bağlı kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilsin. Ancaq hal-hazıra kimi bank tərəfindən ona cavab verilməmişdir. Ola bilsin ki, ərizəsinə iddiaçı bank tərəfindən müsbət cavab verilərək onunla hal-hazırda çıxarılmaq istənilən yaşayış evi ilə bağlı kirayə müqaviləsi bağlanılsın. Əgər belə bir müqavilə bağlanılarsa, hal-hazırkı iddia tələbi dayandırılaraq geri götürülə bilər. Ona görə də, məhkəmə iclasının müəyyən vaxta kimi təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, həmin tarixli məhkəmə iclasının təxirə salınmayaraq, əksinə, həmin tarixdə iddiaçının iddia tələbinin təmin edilməsini məhkəmə tərəfindən iddiaçı ilə özünün kirayə müaviləsinin bağlanmasına fürsət verilməməsi kimi qəbul etməkdədir. Məhkəmə qətnaməsinin 4-cü bəndində iddiaçının nümayəndəsinin həm iddia tələbi, həm də məhkəmə iclasının təxirə salılnmasına dair onun tərəfindən verilmiş vəsatətə münasibət yer almaqdadır. İddiaçının nümayəndəsi qeyd edir ki, bank ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar heç bir danışıqlar yoxdur. Buna görə də edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsinin bu mövqeyinin düzgünlüyünün məhkəmə tərəfindən araşdırılmamasını, yəni doğrudan da İdarə heyətinə müraciət olunubolunmamasını, İdarə heyətinin onun ərizəsi barədə ortaya qoyduqları iradəni araşdırmadan tələsik qərar qəbul etməsini qanun və məhkəmə qarşısında bərabərlik, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin kobud surətdə pozulması kimi qəbul etməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin məqsədi qətnamənin icrasını uzatmaqdır. Bankın cavabdeh ilə mənzilə dair kirayə müqaviləsi bağlamaq niyyəti yoxdur.
12. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə vəsatət göndərərək qabaqcadan təyin edilmiş məhkəmə iclası səbəbi ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı hər hansı sənəd vəsatətinə əlavə etməmişdir. Digər cavabdehlər də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokol Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
16. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddə 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ona aid hissədə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə tutulmalı olan borc məbləğinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi qət edilmiş və qeyd olunan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
22. Qanunvericiliyin tələblərinə əsasən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğu təqdirdə həmin mənzilə tutmanın yönəldilməsi və mənzilin satılması həmin mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsasdır.
23. İddiaçının mənzilin keçmiş mülkiyyətçisi olan Cavabdeh1 ilə həmin mənzilə dair kirayə müqaviləsi bağlamaq niyyəti yoxdur. Həmin müqavilənin iddiaçının iradəsinə zidd olaraq bağlanmasına da qanunvericilik yol vermir.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaları mülkiyyətçi olaraq iddiaçının ona məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozur.
25. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
26. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 509/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.