Məhkəmə qərarları › İş №2(103)-3334/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3334/2023

12.07.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3334/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-21/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixində "xxxx" QSC-yə məxsus ** PB *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500L” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** KT *** dövlət qeydiyyat nişanlı “Audi A4” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və "xxxx" QSC-nin sürücüsü Cavabdeh2 təqsirli hesab edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** KT *** dövlət qeydiyyat nişanlı “Audi A4” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 42 166 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən iddiaçı tərəfindən dəymiş ziyana görə yol nəqliyyat hadisəsindən sonra avtonəqliyyat vasitəsinin qalıq məbləği çıxılmaqla 22285,8 manat məbləğində sığorta ödənişinin zərərçəkənin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. "xxxx" QSC-nin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 5000 manat çıxılaraq 17285,8 manat məbləğində vəsaitin iddiaçının bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmişdir.

2. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5559 saylı ekspert rəyinə əsasən, tədqiq edilən 2016-cı il buraxılışlı, “Audi A4” markalı, **-KT-*** qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 19800 (33000-40%) manat, xx.xx.2023-cü il tarixli, 9/7232 saylı ekspert rəyinə əsasən, tədqiq edilən 2016-cı il buraxılışlı, “Audi A4” markalı, **-KT-*** qeydiyyat nişanlı avtomobilin ümumi deformasiyaya uğramış vəziyyyətdə real bazar qiyməti təxminən 13200 manat (33000- 19800) müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 17285,8 manat sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) cavabdeh "xxxx" QSC-nin işçisi Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-21/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 14700 manat məbləğində sığorta ödənişinin əvəzi, 25,5 manat dövlət rüsumu və 0,34 manat bank xidmət haqqının tutulması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv, həmin hissədə iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, hakim qətnamə çıxararkən təqdim olunmuş sübutları tam tədqiq etməmişdir. "xxxx" QSC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü zərərvuran şəxsin əmək münasibətlərində olması halında Mülki Məcəllənin 1099-cu maddəsi tətbiq edilməlidir. Belə ki, mülki hüquq pozuntusu nəticəsində zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır. Baxmayaraq ki qanunvericiliyin tələbi üzrə sığorta şirkəti yalnız dəymiş zərər üzrə ödənilən məbləği tələb edə bilər. Buna baxmayaraq məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş, nəticədə yalnız ekspertin verdiyi natamam rəy nəzərə alınaraq iddia qismən təmin edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. "xxxx" QSC-nin nümayəndəsi etiraz verərək bildirmişdir ki, ekspert rəyi birinci instansiya məhkəməsinədə təqdim edilmiş və müzakirə olunmuşdur, lakin buna baxmayaraq iddiaçı həmin rəyi birinci instansiya məhkəməsində mübahisələndirməmişdir. Odur ki, hazırda apellyasiya instansiya məhkəməsində ekspert rəyinin mübahisələndirməsi əsassızdır. Avtomobil sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun bazar dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir. Lakin buna baxmayaraq iddiaçı bizə məlum olmayan səbəblərə görə qəza zamanı bazar dəyəri 33000 manat məbləğində olan avtomobilə vururlmuş zərərə görə 42166 manat məbləğində müəyyən etmişd və həmin məbləğdən irəli gələrək sığortaçıya ödəniş etmişdir ki bu yolverilməzdir. Belə olan halda ekspert haqlı olaraq görə qəza zamanı nəqliyyat vasitəsinin bazar dəyərini 33000 manat məbləğində müəyyən etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş digər bir əsas odu ki, digər Cavabdeh2 Bakı İnşaah Layihə QSC ilə əmək müqaviləsi əsasında onun işçisi olmuşdur. Qeyd edilməlidir ki, bu həqiqətə uyğun deyil və heç bir hüququ və faktiki əsası yoxdur. Cavabdeh2 Bakı İnşaah Layihə QSC heç bir vaxt nə əmək müqaviləsi əsasında, nə də ki digər mülki müqavilə əsasında heç bir münasibətdə olmamış, Bakı İnşaah Layihə QSC-nin hər hansı buna dair birinci instansiya məhkəməsinə müvafiq arayış təqdim edilmişdir, eyni zamanda həmin hallar məhkəmə prosessində məhkəmə tərəfindədndə yoxlanılmış və bir daha təstiqlənmişdir.

Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Müki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16]

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

18. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.

21. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

22. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.

23. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

24. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

25. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

26. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

27. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

28. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

29. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Kollegiya nəzərə alır ki, qətnamə iddiaçı tərəfindən iddianın rədd olunan hissəsində mübahisələndirildiyindən, Cavabdeh2 isə apellyasiya şikayəti vermədiyindən qətnamə yalnız iddianın təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir.

37. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

38. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edildiyi halda cavabdehin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulmalıdır.

40. Birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsi 2-ci Cavabdeh2 tərəfindən gecə saat 23:50 radələrində törədilmişdir. Onun tərəfindən həmin saatda avtomobilin məhz xidməti vəzifələrinin icrası ilə əlaqədar idarə edilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdeh2 "xxxx" QSC-nin işçisi deyil, "xxxx" QSC-nin işçisi, direktor müavinidir. Burada Mülki Məcəllənin 1099-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş hal, yəni işçinin öz əmək vəzifəsinin icrası zamanı vurduğu zərər halı baş verməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia "xxxx" QSC-yə qarşı təmin edilə bilməz və Cavabdeh2 qarşı təmin edilməlidir.

41. Kollegiya Məhkəməsinin mövqeyi ilə razılaşmır.

42. Yuxarıda qeyd olunduğu kimi, ** PB *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500L” markalı avtonəqliyyat vasitəsi "xxxx" QSC-yə mülkiyyətində olmuş və yol-nəqliyyat hadisəsi həmin avtomobil Cavabdeh2 tərəfindən yol vərəqəsi əsasında idarə edildiyi zaman baş vermişdir.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.

44. Cavabdeh2 ** PB *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500L” markalı avtonəqliyyat vasitəsini "xxxx" QSC-nin verdiyi yol vərəqəsi əsasında idarə etmiş olması, onun həmin hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına adı çəkilən hüquqi şəxsin nəzarəti altında fəaliyyət göstərdiyi, yaxud fəaliyyət göstərməli olduğu qənaətinə gəlməyə əsas verir – bu qənaəti təkzib edəcək hər hansı sübut isə məhkəməyə təqdim olunmamışdır.

45. Bu baxımdan kollegiya hesab edir ki, "xxxx" QSC “Cavabdeh2 hadisəni törətdiyi vaxt tərəflərindən ona yol vərəqi verilmiş olsa da Bakı İnşaat Layihə” QSC-nin işçisi olmadığı və buna görə "xxxx" QSC-nin zərərdən məsuliyyət daşımadığı” dəlili əsaslı hesab oluna bilməz.

46. Digər tərəfdən qeyd olunmalıdır ki, hətta Cavabdeh2 “Mercedes Benz S500L” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" QSC-nin tapşırığı, yaxud işlərin təhlükəsiz aparılmasına adı çəkilən hüquqi şəxsin nəzarəti altında olmadan idarə etdiyi müəyyən olunsaydı belə, bu halda şirkətin etirazının həmin dəlili baxımından qiymət verilməli olan məsələ, avtomobilin onun istifadəsinə verilmiş olmasında QSC-nin təqsirli olub-olmadığı olacaqdı.

47. Belə ki, Cavabdeh2 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin "xxxx" QSC-nin iradəsi ilə sahiblik etmiş, lakin əgər o, adı çəkilən QSC-nin işçisi olmamışdırsa, bu sahiblik qanuni əsaslarla rəsmiləşdirilməyərək əslində avtomobilin müvafiq hüququ olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaradılmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilikdə nəqliyyat vasitəsinin sahibi ilə əmək münasibətlərində olmayan fiziki şəxslərə “yol vərəqəsi” adlanan sənədin verilməsi və avtomobilin həmin sənəd əsasında idarə olunması imkanı nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Mercedes Benz S500L” markalı avtomobilin hüququ olmayan şəxs tərəfindən idarə olunmasında (əgər Cavabdeh2 hüququ olmayan şəxs hesab olunarsa) QSC təqsirli olmuşdur və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır.

48. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

49. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçıya vurulmuş ziyan kimi qətnamə ilə müəyyən edilən ziyanın əvəzi olan 14700 manatın ödənilməsi həmçinin "xxxx" QSC-nin üzərinə qoyulmalıdır. Bu hissədə "xxxx" QSC-nin apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməlidir.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin olunmaqla qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalıdır.

51. Lakin vurulmuş ziyanın məbləğinə dair hissədə apellyasiya şikayətinin dəlili əsaslı sayıla və təmin edilə bilməz. Vurulmuş zərərin məbləğinə münasibətdə kollegiya qeyd edir ki, zərərin məbləği ekspert rəyi ilə müəyyən edilmiş, iddiaçı rəyi mübahisələndirsə də, onun məlumatlarını şübhə altına sübutları məhkəməyə təqdim etməmişdir. Ekspert rəyi aydın və dəqiqdir, mötəbərliyini şübhə altına almaq üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla ləğv edilməsi üçün əsas yoxdur.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-21/2023 saylı qətnaməsi qismən, 14700 manatın "xxxx" QSC-dən tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. 14700 (on dörd min yeddi yüz) manat məbləğində sığorta ödənişi həmçinin "xxxx" QSC-dən "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində işdə iştirak edən şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar