Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3337/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Nümayəndəliyinin nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Nümayəndəliyinə qarşı “işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Nümayəndəliyinə (şirkət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2016-cı il tarixdən etibarən şirkətdə çalışdığını, şirkətin xx xxxxxxxx 2019-cu il tarixli 07-T-2020 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini və qanunsuz olaraq işdən kənarlaşdırıldığını, işdən çıxarılmasına səbəb kimi guya iş təlimatına uyğun olaraq öhdəliklərini yerinə yetirmədiyinin göstərildiyini, halbuki şirkətin əsaslandığı xx xxxx 2020-ci il tarixli aktda qeyd olunanların onun vəzifə öhdəliklərinə aid olmadığını, aktda göstərilən çatışmazlıqların aradan qaldırılmasının birbaşa satış nöqtələrinin vəzifələri olduğunu, işəgötürənin ona qarşı qərəzli davrandığını irəli sürmüş, buna görə də şirkətin xx xxxxxxxx 2019-cu il tarixli 07-T-2020 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Şikayətin dəlillərinə görə, məhkəmə onun işdən azad olunmasına əsas təşkil edən aktda qeyd olunan halların vəzifə öhdəliklərinə aid olmamadığına düzgün qiymət verməmiş, işlədiyi ərazidə satış nöqtələri olduğuna və həmin satış nöqtələri ilə bağlı Cavabdeh MMC-nin ümumi xidmət şərtləri adlı müqaviləsi olmaqla aktda göstərilən halların həmin müqavilədə göstərildiyinə, eləcə də vəzifə təlimatına əhəmiyyət verməmişdir. Həmin müqavilədəki şərtlərdən görünür ki, aktda qeyd olunan qüsurlar birbaşa olaraq satış nöqtələrinin vəzifə öhdəlikləridir, hansı ki, satış nöqtələrində avadanlıqların işıqlandırılması, təmiz saxlanılması və bu kimi hallar satış nöqtələrinin vəzifəsidir və buna görə satış nöqtələrinə Cavabdeh MMC tərəfindən pul vəsaiti verilir. Bundan başqa o, əraziyə baxış keçirdikdə həmin gün orada olan qüsurlar barəsində, mağazaya daxil olanda vəziyyət necədirsə onun xüsusi planşet vasitəsilə fotoşəkilini çəkir, optium adlı proqrama yerləşdirir və şirkətin bütün nümayəndələri ona baxıb nəzərdən keçirə bilər. Digər tərəfdən, əmrə əsas olmuş aktda qeyd olunan hallar reallığı əks etdirmir. Çünkü satış nöqtəsində ola bilər ki, bir gündə malların kifayət qədər çox satışı həyata keçirilsin və səhərisi gün həmin satış nöqtəsinə gedəndə orada mallar az olsun. Bu, onun əmək funksiyasını kifayət qədər yaxşı yerinə yetirməməsi anlamına gəlmir. Çünki satış nöqtələrinə həftədə bir neçə dəfə gedərək, orada malların olub-olmaması ilə maraqlanmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatlarında göstərmişlər ki, Ruslanla çoxsaylı yazışmalar olmuş, onun öz işinə, öz əmək funkisiyasına məsuliyyətsiz yanaşması barədə ona xəbərdarlıqlar olmuş, lakin bundan bir nəticə çıxarmamış və fəaliyyətindəki yanlışlıqları aradan qaldırmamışdır. Şirkət olaraq ona humanist münasibət göstərilmiş, 2019-cu ildə ona töhmət verilməsinə baxmayaraq fəaliyyətində olan yanlışlığın aradan qaldırılması üçün bir ildən çox vaxt verilmiş və bütün ödənişləri tam şəkildə ödənilmişdir. Lakin işinə səhlənkar münasibətini davam etdirməsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuşdur. Bundan başqa bir həftə ərzində bu qədər dəyişiklik olması mümkün deyil və heç bir işçinin nəzarətində olan satış məntəqələrində belə vəziyyət müşahidə edilməmişdir. Əgər satış nöqtəsində problem vardırsa o, həmin nöqsanları aradan qaldırmaq üçün hər gün getməli idi. Bundan başqa Ruslanın şirkətin Qafqaz nümayəndəliyinin direktoruna müraciəti şirkətin baş menceri tərəfindən araşdırılmış və ona qarşı hər hansı qərəzli münasibətin olmaması barədə cavab verilmişdir. İddiaçının hazırkı iddiasına əsas verən hallarla bağlı əvvəllər qaldırdığı iddia üzrə artıq qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur və həmin qətnamə ilə müəyyən olunmuşdur ki, ona töhmət verilməsinə əsas olmuş qüsurlar onun vəzifə öhdəliklərinə aiddir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı, xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Ərazi nümayəndəsi vəzifəsinə işə qəbul olunmuş, şirkətin xx.xx.2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrə əsas təşkil edən xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin satış meneceri İsmayıl Məmmədxanov və Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Qərb bölgəsi üzrə supervayzeri Yasin Hacızadə tərəfindən xx.xx.2020 xx.xx.2020-ci il tarixlərində Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ərazi nümayəndəsi İddiaçı cavabdeh olduğu ərazilərə aid Göyçay, Ağdaş, Mingəçevir bölgələrində yerləşən 20 ticarət məntəqəsinə ziyarət edərək baxış keçirilmiş və ticarət məntəqələrindən aşağıdakı uyğunsuzluqlar müəyyən edilmişdir: JTİ avadanlıqlarının tərtibatında JTİ siqaret qutularının olmaması; mövcud materialların (cari komunikasiya dalğasına) uyğunsuzluğu; JTİ avadanlığında qiymət göstəricilərinin (etiket) olmaması; JTİ avadanlığın işıqlandırılmasının olmaması; JTİ avadanlığının ölçüsünə uyğun olmayan qiymət göstəricilərinin (etiket) qurulması; JTİ avadanlıqlarının/siqaret qutularının üzərindəki qiymət göstəricilərinin (etiketlərin) məhsulun pərakəndə satış qiymətinə uyğunsuzluqu; köhnə pul qabları; JTİ avadanlığının və siqaret qutularının təmiz olmaması; bəzi JTİ avadanlıqlarının digər məhsullarla/rəqiblərin avadanlığı ilə örtülməsi; arxa ehtiyat yanaşmasının "X1" şirkətinin standartlarına uyğun olmaması. İş materiallarında olan, iddiaçının tutmuş olduğu vəzifə üzrə iş təlimatına əsasən iddiaçının əsas vəzifələri - JTİ merçendayzinq standartlarını bilmək; pərakəndə satış nöqtələrində merçendayzinq avadanlıqlarının (stendlərin) JTİ Merçendayzinq Standartlarına uyğun şəkildə yerləşdirilməsinə, istifadə edilməsinə və saxlamasına nəzarət etmək; pərakəndə satış nöqtələrində JTİ şirkətinin tütün məmulatlarının JTİ Merçendayzinq Standartlarına uyğun şəkildə yerləşdirilməsini, düzülməsini, görünməsini, işıqlandırılmasını, təmiz saxlanılmasını, həbelə müvəqqəti tanıtım materiallarının yerləşdirilməsini təmin etmək; pərakəndə satış nöqtələrinin işçilərinə JTİ Merçendayzinq Standartlarına uyğun olaraq JTİ tütün məmulatlarının yerləşdirilməsini, düzülməsini, görünməsini, işıqlandırılmasını, təmiz saxlanması, habelə müvəqqəti tanıtım materiallarının yerləşdirilməsi qaydalarını öyrətmək və onlar tərəfindən həmin qaydalarına riayət olunmasını tələb etmək; pərakəndə satış nöqtələri tərəfindən JTİ Merçendayzinq Standartlarının pozulduğu aşkar edildiyi təqdirdə belə nöqsanları aradan qaldırmaq, pozuntular təkrarlanarsa bu barədə müvafiq supervayzerə (nəzarətçiyə) və ya satış menecerinə məlumat/raport verməkdən ibarət olmuş, İş Təlimatının (Job Description) Əsas vəzifələr bəndində (Main responsibilities) aşağıdakılar qeyd edilmişdir: Hesabat ərazisində KPİ üzrə məqsədləri bilmək; Rəqəmli və ölçülmüş əhatələnməni, ticarət məntəqələrinə ziyarətlərin tezliyini bilmək və paylaşdırmaq; Distribyüterin işi haqda informasiyaya malik olmaq; Öz məsuliyyət ərazisini bilmək; İnformasiyaya malik olmaq: şirkətin satışları, bazarın şirkətlər üzrə payları, qiymət əmələ gəlmə, markalar/seqmentlər; Bazarın seqmentlərinin və pərakəndə kanallarının inkişaf tendensiyalarını bilmək - Rəqiblərin hərəkətlərini və müştərilərlə iş sistemini bilmək; Məlumatların təhlili və kommunikasiya üçün kompüter bacarıqlarına malik olmaq; Hesabat ərazisində JTİ Merçendayzinq Standartlarını anlamaq və tətbiq etmək; Qərarların layihələrin həm müştərilər, həm də şirkət üçün maliyyə effektivliyini hesablamaq və əsaslandırmaq (şirkətin mənfəətinə fokuslanma); CPA layihənin istiqamətlərini və onun alətlərim bilmək. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, vəzifələrini və əmək funksiyalarını tam yerinə yetirmədiyinə görə İddiaçı xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə izahatlar alınmış, ona şifahi xəbərdarlıq olunmuş, şirkətin xx.xx.2019-cu il tarixli əmri ilə töhmət verilmiş, həmin intizam tənbehi onun tərəfindən mübahisələndirilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuş, bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı əmək intizamını pozduğuna və işinə məsuliyyətsiz yanaşdığına görə əvvəllər intizam tənbehi verilmiş, həmin intizam tənbehi onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, lakin iddia tələbi təmin olunmamışdır. İşin yuxarıda sadalanan müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması, habelə əvvəllər də intizam tənbehi aldığı əsas götürülmüşdür. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5264/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3337/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3337/2021
11.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver