Məhkəmə qərarları › İş №2(103)-334/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-334/2023

21.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-334/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və X2 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(002)-148/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 21 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş 15 iyul 2021-ci il tarixli, 621 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəsisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, müqavilə icarəyəverən ƏMDX ilə icarəçi İddiaçı MMC arasında bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvandakı qeyri yaşayış binasının yerləşdiyi 7057,5 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Müqavilə üzrə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək müəyyən edilmişdir.

2. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvandakı 0,6687 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 1047 nömrəli reyestr kitabının 103951 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, A seriyalı, 643776 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, dövlət mülkiyyətində olub, İddiaçı MMCyə icarəyə verilmiş yuxarıda qeyd olunan (0,6687 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

4. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli A seriyalı 607485 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan (Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvandakı 0,4146 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Əsas: xx.xx.2016-cı il tarixli ******* saylı çıxarış.

5. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvandakı 0,4146 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 02 may 2013-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi BakıSalyan şossesi 15-ci km. 1 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 14 saylı reyestr kitabının 1306 saylı vərəqində qeydiyyata alınmışdır. Əmlakın ümumi sahəsi 2418,1 m2 təşkil edir. Əmlakın yerləşdiyi 0,2713 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Cavabdeh istifadəsindədir.

7. İş materiallarına əlavə olunmuş əmlak kompleksi kimi müəssisəsinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-ci km 1 ünvanda yerləşən əmlak kompleksinə dair Cavabdeh adına xx.xx.2013-cü il tarixə olan vəziyyətə əsasən 11/1059 inventar nömrəli texniki pasport tərtib edilmişdir.

8. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC-nin icarəsində olan torpaq sahələrinin sorğuda qeyd olunan digər ünvanların sərhədləri ilə üst-üstə düşüb-düşməməsi barədə ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, müraciətdə göstərilən Cavabdeh məxsus ********** və ********** qeydiyyat nömrəli daşınmaz əmlak obyektlərinin sənəd üzrə torpaq sahələri ilə İddiaçı MMC-nin adına **********, ********** və ********** ərizə nömrələri ilə qeydiyyata alınmış daşınmaz əmlak obyektlərinin sənəd üzrə torpaq sahələri üst-üstə düşmür. Bundan əlavə olaraq İddiaçı MMC-nin sənəd üzrə əraziləri ilə Cavabdeh aid hissələr arasında mişar daşı ilə hasar mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı kilometr ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqi şəxs İddiaçı MMC-nin xüsusi mülkiyyətində ümumi sahəsi 0,4146 ha-dan ibarət olan torpaq sahəsi vardır. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlanmış 621 nömrəli 15 iyul 2021ci il tarixli müqavilə əsasında həmin ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsi xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nin icarəsinə verilmişdir. Hər iki daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı mövcuddur. Lakin istifadədə olan həmin torpaq sahəsi İddiaçı MMC-nin qanuni istifadəsinə verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir və mülkiyyətçinin istifadəsinə maneələr törədir. Dəfələrlə mübahisəli sahəni boşaldaraq təhvil verilməsi təklif edilsə də, cavabdeh qanuni tələbin yerinə yetirilməsindən yayınmışdır. Beləliklə, cavabdeh iddiaçının mülkiyyət hüquqları pozaraq mübahisəli ərazidən çıxmaqdan imtina etmişdir. Halbuki, cavabdehə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-ci km., 1 ünvanda yerləşən, dövlət qeydiyyatına alınmış 2418,1 m2 torpaq sahəsi, faktiki isə 0,2713 ha təşkil edən daşınmaz əmlak vardır. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində və icarəsində olan torpaq sahələri ilə cavabdehin istifadəsində olan torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlakın ünvanları fərqlidir, həmin ünvanlar qonşudurlar, torpaq sahələrinin sərhədləri üst-üstə düşmür. Lakin cavabdeh istifadəsində olan 0,2713 ha torpaq sahəsindən kənarda yerləşən və iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 621 nömrəli 15 iyul 2021-ci il tarixli müqavilə əsasında iddiaçının icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km. ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən iddiaçının istifadə etməsinə müdaxilələr edir, iddiaçının icarəsində olan həmin torpaq sahəsindən istifadə etməklə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdeh özünə məxsus olan bəzi əşyaları mübahisəli torpaq sahəsinə yerləşdirməklə iddiaçının icarəsində olan sözügedən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, həmin təyinatı üzrə torpaq sahəsində səmərəli fəaliyyət üçün zəruri olan tikinti işləri aparmağa və avadanlıqlar quraşdırmağa, habelə torpaq sahəsindən istifadə zamanı qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirməyə və vəzifələri icra etməyə, torpaq sahəsindən icarə müqaviləsinin şərtlərinə müvafiq surətdə istifadə etməyə əsassız və qanunsuz maneə törədir. Bunun nəticəsində isə iddiaçının bir icarəçi olaraq icarə əsasında istifadəsində olan torpaq sahəsindən istifadəyə olan hüquqları, həmin torpaq sahəsinə cavabdehin hər-hansı aidiyyətinin olmamasına baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq pozulur. İddiaçı tərəfindən cavabdehə dəfələrlə izah edilmişdir ki, onun iddiaçının icarəsində olan torpaq sahəsinə qanunsuz daxil olması, iddiaçının hüquqlarını pozması, bir icarəçi olaraq vəzifələrinin icrasına maneə törətməsi qanunsuzdur. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə təklif edilmişdir ki, bu qanunsuz hərəkətlərindən əl çəksin. Lakin cavabdeh öz qanunsuz hərəkətlərindən əl çəkmir, əksinə onları daha da aktiv bir surətdə davam etdirir.

11. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(002)- 148/2022 nömrəli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbi təmin edilmiş, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı kilometr ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən çıxarılması, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Tərəflərə icarə hüququ əsasında məxsus torpaq sahələrinin, o cümlədən mübahisəli torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, tərəflərə icarə hüququ əsasında məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi haqqında tərəfindən məhkəməyə vəsatət verilsə də, məhkəmə sözügedən vəsatəti xx.xx.2022-ci il tarixli qərardadla təmin etməmişdir. Ekspertiza təyin edilməsi haqqında vəsatəti məhkəmə rədd edərkən qanuni əsaslandırılmış qərardad qəbul etməyə borclu olduğu halda, formal əsasla vəsatəti rədd etmişdir. Məhkəmə öz qərardadında vəsatətin rədd edilməsinin halı kimi qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli üçüncü şəxsin mövqeyini əks etdirən arayışda torpaq sahələrinin üst-üstə düşmədiyi göstərilir. Bu formal və qeyri-qanuni əsasla məhkəmənin iddianı təmin etməsi üçün də gətirdiyi dəlildir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddiaçının haqlı olduğunu bildirdi, cavabdehin apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

20. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. Maddə 158.1. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.

22. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

23. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

24. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

25. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Birinci instansiya məhkəməsində işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsindən hər hansı hüququ olmadan istifadə edir və bununla da, iddiaçının qanunla qorunan hüququ pozulur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli məktubunda tərəflərin torpaq sahələrinin üst-üstə düşməməsi təsbit olunur. Bu səbəbdən, cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsindən çıxarılmalıdır.

35. Apellyasiya baxışı zamanı cavabdehin vəsatətinə əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı MMC-nin icarəsində olan **********, ********** və ********** ərizə nömrələri ilə qeydiyyataq alınmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 16-cı km ünvanında yerləşən 7057,5 kv.m torpaq sahələri ilə Cavabdeh məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15-ci km, 1 ünvanda yerləşən ********* və ********** ərizə nömrələri ilə qeydiyyata alınmış torpaq sahələrinin sərhədləri sənəd üzrə (texniki pasport və plan ölçülərə əsasən) üst-üstə düşmür. İddiaçının icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 16-cı km ünvanında yerləşən 7057,5 kv.m torpaq sahəsi hazırda Cavabdeh tərəfindən zəbt edilməyib. Torpaq sahələri arasında daş hasar mövcuddur.

37. Göründüyü kimi iddiaçının icarəsində olan torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin sərhədləri sənəd üzrə üst-üstə düşmür, iddiaçı tərəfindən təqdim olunmuş foto şəkillər ilə cavabdehin əşyalarının iddiaçının icarəsində olan torpaq sahəsində olması öz təsdiqini tapır.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Məhkəmə aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

39. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

40. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(002)- 148/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar