Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-334/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 27 saylı notariat Ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşılıqlı iddiası ilə bağlı iş üzrə Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılma, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindəm çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 27 saylı notariat Ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat ofisində bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh mülkiyyətində olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən, ümumi sahəsi 189,94 kv.m. ölçüdə bağ evini 65.000 manat məbləğində pula İddiaçı satmışdır. Həmin müqavilənin 11-ci və 13-cü bəndlərinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinədək bu əmlakı İddiaçı faktiki sahibliyinə verilməsi, habelə xx.xx.2022-ci il tarixinədək pasport qeydiyyatından çıxma barədə üzərinə öhdəlik götürmüşdür;
2. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən bağ evi üzərində X3 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6688, 9/6749 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 220.000 manat (190.24 kv.m x 1151 manat) məbləğində müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 610 saylı bağ evindən istifadə hüququna xitam verilməsini və onun həmin bağ evindən çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh bu günə kimi 1 ildən artıq vaxt keçməsinə və dəfələrlə müraciət etməyinə baxmayaraq qeydiyyatdan çıxmamış və bağ evini boşaltmamışdır.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilənin şərtinə görə o, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, lakin 1 il keçməsinə baxmayaraq bu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, əslində onların arasında 65.000 manatla bağlı münasibətlər həmin əmlakın faktiki alqısatqısı deyil, tamam başqa şərtlərdən irəli gəlmişdir. Həmin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən verilmiş 65.000 manat borcun təminatı olaraq rəsmiləşdirilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, onun oğlu Elvin Əliyevə kommersiya məqsədi üçün pul lazım olduğundan, tanışı Səbinə Sadıqovadan ona borca pul tapmasını xahiş etmiş, sonuncu da onu İddiaçı ilə tanış etmişdir. İddiaçı ona 65.000 manat borc verəcəyinə razılaşmış və pulun təminatı üçün də tələbi belə olmuşdur ki, ev onun adına alqı-satqı ilə rəsmiləşdirilsin. Pulu qaytarandan sonra da alqı-satqı müqaviləsinə xitam verəcəkdir. Razılaşdıqları gün oğlu – Elvin Əliyev, tanışı Səbinə, İddiaçı və onun oğlu onlara gəlmişlər. Danışıqlar zamanı evi 65.000 manat borca qarşı girov qoyulacağı bildirilmişdir. Onlar da buna razılıq vermişlər və girovu rəsmiləşdirmək üçün növbəti gün notariat kontoruna getmişdilər. Notariat kontorunda qeydiyyatda olan ailə üzvlərinin razılıqları alınmış, ona müqavilə və bir sıra sənədlərə imza etdirəndən sonra İddiaçı 65.000 manat pulu notarius vasitəsi ilə Elvin Əliyevə vermişdir. Yəni pulu notariusun depozit hesabına qoymuş, pul depozitdən götürülmüşdür. Çünki əmlakla bağlı notariat rəsmiləşdirməsi üçün bu prosedur tələb olunmuşdur. Son danışıqlar da onun üstündə qaldı ki, borc 3 ay müddətində qaytarılsın. Müqavilədən sonra bir müddət oğlu hissə-hissə olaraq borcdan cəmi 14.150 manat İddiaçı qaytarmışdır. Lakin sonradan biznesləri pozulduğundan ziyan etdikləri üçün borcu vaxtında qaytara bilməmişdir. Borcun qaytarılması üçün razılaşdırılan vaxtdan bir neçə ay keçdikdən sonra oğlu borcu tam şəkildə toplayıb İddiaçı aparmışdır. Lakin İddiaçı ondan borcun üstünə faiz gəldiyini deyib, 130.000 manat tələb etmiş, əks təqdirdə evi onlardan alacağı ilə hədələmiş və nəticədə ona aparılmış 55.000 manatı götürməmişdir. Göründüyü kimi, qarşı tərəf onun oğluna verdiyi 65.000 manat borcun əvəzində, onun faktiki girov qismində razılaşdığı evinə dair girov müqaviləsi yerinə alqısatqı müqaviləsi rəsmiləşdirmiş, daha sonra da həmin müqaviləni təqdim edib adına reyestrdən çıxarış almaqla, əvvəlcədən məqsədli şəkildə hərəkət etmişdir. Daha sonra da ona qaytarılmalı olan borcdan qalmış məbləği qəbul etməyib, iki dəfə artıq məbləğdə pul tələb etməklə qəsdən mübahisə yaratmış, əmlakı ələ keçirmək niyyətinə nail olmaqdan ötrü də evin boşaldılması ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, evin alqı-satqısı müqaviləsinin faktiki olaraq verilmiş 65.000 manat borc qarşılığında rəsmiləşdirilməsinə dair yetərincə dəlillər mövcuddur. Ona görə də iddia təmin edilməməlidir.
7. Bundan sonra Cavabdehlər İddiaçı və Bakı şəhəri 27 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşılıqlı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində onunla İddiaçı arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 610 saylı evin alqı-satqısına dair rəsmiləşdirilmiş “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin və həmin müqavilə əsasında üçüncü şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
8. Qarşılıqlı iddia ilk iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh əmlakını ələ keçirmək məqsədi ilə həm onu aldatmaq və həm də girov müqaviləsini pərdələməklə alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Ortada oğlu Elvin olduğundan imzaladığı müqavilə və sənədlərin məzmununa varmadan imza etmişdir. Digər cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisində də müqavilənin alqı-satqı müqaviləsi olduğuna dair ona izah edilməmişdir. Ona təqdim edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsini, girov müqaviləsi düşüncəsi ilə imzalamışdır. Hesab edir ki, cavabdehlə aralarında bağlanmış mübahisələndirilən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmçinin, həmin alqı-satqı müqaviləsindən sonra yaranmış hüquqlar o cümlədən cavabdehin adına verilmiş mülkiyyət sənədi olan reyestrdən çıxarış ləğv edilməlidir.
9. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia müddətinin tədbiq ediməsi barədə ərizə təqdim edərək, qarşılıqlı iddia üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə X14 arasında Bakı şəhəri, Şüvəlan qəsəbəsi, bağ 610 ünvanda yerləşən daşınmaz əmlakın alqı-satqısına dair Bakı şəhəri 27 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, dövlət büdcəsinə keçirilmişdir (hakim: X16).
11. Məhkəmə öz mövqeyi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş X5 ilə Cavabdeh Tahir qızının oğlu Elvin Əliyev arasında aparılmış telefon danışıqlarını qeydə alınması barədə “səs yazıları” və “WhatsApp Messenger” proqramı vasitəsi ilə aparılmış yazışmalar tərəflərin iştirakı ilə məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Rəfael Mahmudova ilə Cavabdeh oğlu Elvin Əliyev arasında borc mübahisələri olmuş, səs yazısı zamanı X18 Əliyevə bildirmişdir ki, “ona ev lazım deyil, heç kimin evində gözü yoxdur. Ödədiyi 14.150 manatı geri qaytarır”. Bundan başqa onlar arasında “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmalar zamanı da Rəfael Mahmudova ilə Elvin Əliyev arasında həqiqətən borc münasibətlərinin yaranması müəyyən edilmişdir. Bununla belə, mübahisəli bağ evinin alqı-satqısı ilə bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuşdur. Lakin tərəflərin əqdin bağlanmasından əvvəlki və sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, onlar arasında alqı-satqı müqaviləsi bağlanıldıqda iddiaçının əsl niyyəti mənzilin satılması olmamış, onun əsl niyyəti cavabdeh və başqa şəxslər arasında yaranmış borc öhdəliyinin icrasını təmin etməyə yönəlmişdir. Çünki mübahisəli mənzilə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanıldıqda formal baxımından bütün tələblərə əməl olunmuşdur. Lakin bu fakt, yəni mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin formal tələblərinin gözlənilməsi işin həqiqi hallarına uyğun deyildir. Həmin müqavilənin başqa əqdi pərdələmək üçün bağlandığı təsdiq olunur.
12. Məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin (torpaq sahəsi il birlikdə) orta bazar qiyməti 220 000 manat məbləğindədir. Bazar qiyməti 220 000 manat civarında olan mübahisəli fərdi yaşayış evinin (torpaq sahəsi il birlikdə) cəmi 65.000 manat qiymətləndirilməklə alqı-satqı müqaviləsinin bağlamaqla cavabdehə satılması ağlabatan və inandırıcı deyil. Qeyd olunan hallar isə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin əslində formal olaraq bağlanması barədə Cavabdeh dəlillərinin inandırıcı olmasına dəlatət edir. Tərəflər arasında alqı-satqı müqaviləsi Cavabdeh oğlu X2 öhdəliklərini pərdələmək məqsədilə formal olaraq bağlanmışdır. Bu hal tərəflərin məhkəmə iclasında verdikləri izahatları, şahid ifadəsi, tədqiq olunmuş səs, ekspert rəyi və “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmalar ilə tam şəkildə sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə ilk iddia əsassız olduğundan onun təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə də münasibət bildirərək qeyd etmişdir ki, etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddəti iddia müddəti kimi qiymətləndirilə bilməz. İddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır və təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci, 404-cü, 324.5-ci, 337-ci, 340.2-ci, 354-cü, 375.2-ci, 568-ci, 598-ci, 646.1-ci maddələrinə və Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 101-ci, 103.1-ci, 217.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
15. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, tərəflər alqı-satqı müqaviləsi bağlayarkən notariusun nümayəndəsi Cavabdeh müraciət edərək açıq səslə soruşur: Venera xanım göstərilən evi İddiaçı 65.000 manata satırsınız, razısınız? Cavabdeh göstərilən evi 65.000 manata İddiaçı satmağa razı olduğunu bildirmişdir. Ekspertin rəyi sübut növü kimi qəbul edilə bilməz. Çünki tərəflər müqavilədə öz iradələrini açıq ifadə etmişlər. İddiaçı Cavabdeh oğlu Əliyev Elvinə 65.000 manat deyil, 90.000 manat borc vermişdir və qaytarılan 14.150 manat həmin borca aiddir. Həmin mübahisə üzrə hazırda Xəzər rayon Polis İdarəsində araşdırma aparılır. Həmçinin onunla Əliyev Elvin arasında telefon danışığı bu işdə sübut kimi qəbul edilə bilməz. Çünki müqavilənin tərəfləri onunla Cavabdehdır. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında göstərilən tələblərə də ziddir. Baxmayaraq ki, tərəflər müqavilədə öz iradələrini açıq ifadə etmişlər. Məhkəmə tərəfindən iş üçün ən əsas əhəmiyyət kəsb edən bu hala qiymət verilməmiş, ehtiyac duyulmadığı halda ekspertiza təyin etmiş və yalnız ekspertin rəyinə əsaslanmışdır. Halbuki, ekspertin rəyi də digər sübutlarla birgə qiymətləndirilməlidir. Hətta tərəf müqavilə bağlayarkən yanılmışdırsa, o bir ay ərzində həmin əqdi mübahisəsləndirə bilərdi. Bu halda belə məhkəmə tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə təmin olunmalı idi. Məhkəmə telefon danışığını sübut növü kimi qəbul etməklə səhvə yol vermişdir. Qətnamə tərəflər arasında olan qarşılqlı münasibətə uyğun əsaslandırılmamış, yalnız ehtimallara istinad etmiş və ona görə də işin həqiqi hallaraına qətiyyən uyğun gəlmir. Həmçinin məhkəmə özünün istinad etdiyi normaları düzgün tövsif etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin və ilk iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bilrimişdir ki, mübahisəli bağ evi hər hansı borcun əvəzi olaraq ona verilməmişdir. O, alqı-satqı müqaviləsi bağlamaqla və razılaşdırılmış dəyəri ödəməklə ev almışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və ilk iddianın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, ilk iddiaya qarşı etirazın və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı borca götürülmüş pulun 14.150 manat hissəsi ötən dövr ərzində ödənilmiş, lakin yaranmış maddi sıxıntılar səbəbindən bir müddət qalan məbləğin ödənilməsi mümkün olmamışdır. Lakin sonradan qalıq qalmış 50.850 manat pulu ona vermək istədikdə İddiaçı bu məbləği artıq qəbul etməmiş və daha yüksək məbləğdə pul tələb etmişdir. Bundan sonra tərəflər arasında məhkəmə mübahisəsi başlamışdır. Qeyd edilən məbləğin hazırda da ödənilməsinə hazırdılar. Sadəcə olaraq İddiaçı bu məbləği qəbul etməkdən imtina edir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyası tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X15 iştirak etdiyi məhkəmə iclasında qarşılıqlı iddianın və ilk iddiaya qarşı etirazın məzmununa uyğun mövqedən çıxış etmiş və apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə bu cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respubikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
27. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli qərarında göstərilmişdir ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğısatqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Hazırkı apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması xahiş olunduğundan qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər hansı əsas yoxdur.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericilikdə əqdə verilmiş anlayışdan görünür ki, əqdin bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil (bağlanmayıb); əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
33. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyriciddi) iradə ifadəsi göstərilə bilər. İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.
34. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar)
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, ilk iddiaçı ilə qarşılıqlı iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən qarşılıqlı iddiaçı mülkiyyətində olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 610 saylı bağ evini 65.000 manat pula ilk iddiaçıya satmış, eyni zamanda, xx.xx.2022-ci il tarixinədək bu əmlakı ilk iddiaçının faktiki sahibliyinə verməyi, habelə xx.xx.2022-ci il tarixinədək həmin ünvandan pasport qeydiyyatından çıxmağı barədə üzərlərinə öhdəlik götürmüşdür. Bundan sonra ilk iddiaçı həmin müqavilə əsasında xx.xx.2022-ci il tarixdə bu əmlak üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmışdır.
36. Hazırda ilk iddiaçı həmin hallara istinad edərək, qarşılıqlı iddiaçının bağ evi üzərindəki istifadə hüququna xitam verilməsini və onun həmin bağ evindən çıxarılmasını tələb edir. Qarşılıqlı iddiaçı isə bu iddianı qəbul etməməklə, onun oğlu ilə ilk iddiaçı arasında borc münasibətlərinin yarandığını və həmin münasibətlər çərçivəsində sonuncunun onun oğluna 65.000 manat məbləğində borc verdiyini, məhz həmin borcun təminatı olaraq mülkiyyətində olmuş bağ evinin iddiaçı qarşısında girov qoyulduğunu, aralarında alqı-satqı müqaviləsinin də həmin münasibətləri pərdələmək üçün bağlandığını, borcun 14.150 manat məbləğində hissəsinin qaytarıldığını, lakin ilk iddiaçının qalan məbləği qəbul etməkdən imtina etdiyini iddia edir və irəli sürdüyü qarşılıqlı iddia üzrə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsini tələb edir.
37. Məhkəmə kollegiyası tərəflərin mövqeyinə istinadən vurğulayır ki, hazırki mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk öncə tərəflər arasında bağlanmış müqavilənin etibarlı olub-olmaması araşdırılmalı və məhz bundan sonra qarşılıqlı iddiaçının mübahisəli bağ evindən istifadə hüququna xitam verilməsinə və onun həmin evdən çıxarılmasına baxılmalıdır.
38. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçının mülkiyyətində olan bağ evini satmaq istəməsi, bununla bağlı elan verməsi müəyyən edilmir. Hazırki iş üzrə şahid qismində ifadəsi alınmış X11 hər iki tərəfi uzun illərdir tanıdığını, X9 (qarşılıqlı iddiaçının oğlu) sahibkarlıq məsələləri ilə bağlı borcu yarandığından pula ehtiyacının olduğunu, ona borca pul tapması üçün müraciət etdiyini, bu səbəbdən onu ilk iddiaçı ilə tanış etdiyini, X9 da ondan borc istədiyini, lakin sonuncunun borcu yalnız girov müqabilində verməyə razı olduğunu, X9 da bu şərti qəbul edərək, anasının evini girov qoymağa təklif etdiyini, lakin sənədləşmə zamanı problem yarandığından evin alqı-satqısı müqaviləsini bağlamaq məcburiyyətində qaldıqlarını, nəticədə ilk iddiaçının X12 3 ay müddətinə 7 faiz ödəmək şərti ilə 65.000 manat pulu borc verdiyini, 3 ay müddətində də X15 tərəfindən ilk iddiaçıya 14.150 manat pul ödənildiyini bildirmişdir. Lakin ilk iddiaçı bu ifadəni təkzib etməmiş, şahid tərəfindən deyilənlərin həqiqətə uyğun olmadığını bildirməmişdir.
39. Həmin evin alqı-satqı müqaviləsinin faiz ödəmək şərti ilə 65.000 manat məbləğində pulun borc verilməsi müqabilində bağlanması iş materiallarında olan ilk iddiaçı ilə X15 arasında aparılmış “whatsapp” sosial şəbəkəsində yazışmalardan çıxarışın, habelə onların arasında aparılmış telefon danışıqlarının səs yazısının məzmunu ilə də öz təsdiqini tapır. İşə birinci instansiya məhkəməsində baxılan zaman xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ilk iddiaçı aralarında telefon danışığının olduğunu və təqdim edilmiş səs yazılarının ona məxsus olduğunu etiraf edir (i.v.105).
40. Buna baxmayaraq, ilk iddiaçı apellyasiya şikayətində X9 hazırki mübahisə üzrə tərəf olmaması, bu səbəbdən həmin yazışmalara istinad edilməsinin yolverilməz olması, səs yazılarının sübut kimi qəbul edilməsinin qanunvericiliyin tələblərinə zidd olması, X9 ona 65.000 manat deyil, 90.000 manat borcunun olması, məhz bu borcdan 14.150 manat hissəsinin qaytarılması mövqeyindən çıxış edir. Halbuki, tərəflər arasında telefon vasitəsi ilə aparılmış danışıqların X15 tərəfindən qeydə alınmasında hər hansı qanunsuzluğa yol verilməmişdir. Ən əsası da həmin səs yazılarından da açıq və aydın şəkildə eşidilir ki, ilk iddiaçı heç kimin evində gözünün olmadığını, borc verdiyi pulunun qaytarılmasının ona lazım olduğunu bildirir və bu fikirləri söyləyərkən, hətta X8 onun səsinin və bu sözlərinin yazılmasını (öz mövqeyinin təsdiqi olaraq) israrla tələb edir. Hüquqi nəticə etibarı ilə ilk iddiaçı səsinin yazılmasına nəinki razılıq vermiş, hətta bunu israrla tələb də etmişdir. Həmin səs yazılarında da borc məbləği olaraq 90.000 manat ümumiyyətlə səslənmir, söhbət 65.000 manat borcdan, məhz bu borca görə faizlərin ödənilməsindən, evdə gözünün olmadığından gedir. İlk iddiaçı “whatsapp” sosial şəbəkə üzərindən X12 ünvanladığı mesajda da “Elvin 4-nə kimi verməsəniz satışa çıxacaq” cümləsini işlədir. Hər bir halda, bağ evi real alqı-satqı müqaviləsinin predmeti olsa idi və həqiqətən də ilk iddiaçının mülkiyyətinə verilsə idi, ilk iddiaçı mübahisəli müqavilədə göstərilən məbləğə uyğun olan 65.000 manat pulun qaytarılmadığı təqdirdə evin satışa çıxarılması ilə X13 hədələməzdi, həmçinin borc məbləği ilə evin alqı-satqı qiyməti də məbləğ etibarı ilə eyni olmazdı.
41. Məhkəmə kollegiyası alqı-satqı müqaviləsi üzrə bağ evinin qiyməti ilə bağlı onu da qeyd edir ki, iş materiallarında olan ekspert rəyi ilə bu əmlakın orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin 220.000 manat (190.24 kv.m x 1151 manat) məbləğində olduğu müəyyən edilir. Bununla belə, müqaviləyə əsasən bağ evi öz bazar dəyərindən təxminən 3 dəfə daha ucuz qiymətə satılmışdır. Halbuki, onun qısa müddət ərzində real olaraq satılmasını təmin etmək üçün məbləğ etibarı ilə belə bir əlverişsiz (xüsusilə də borclar səbəbindən pula daha çox ehtiyac duyulan bir məqamda) adımın atılması inandırıcı olmamaqla, ağlabatan mühakiməyə də uyğun gəlmir.
42. Nəzərə alınmalıdır ki, hazırda da həmin bağ evində qarşılıqlı iddiaçı yaşayır, müqavilə bağlanan tarixdən bugünədək əmlak onun istifadə və sahibliyindədir.
43. Bununla belə, məhkəmə kollegiyası tərəflərin mövqeyini, o cümlədən izahatlarını, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini və buna uyğun olaraq aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi onun tərəflərinin, yəni ilk və qarşılıqlı iddiaçının əsl hüquqi niyyətlərini əks etdirmir və müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun deyil.
44. Hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi görüntü üçün, həqiqətdə həmin vaxt yaranmış borc müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təminat altına almaq məqsədi ilə bağlanmış və bu baxımdan borc və ipoteka müqaviləsini pərdələyən müqavilə kimi qiymətləndirilməlidir. Həmin müqavilədə göstərilən məbləğ ilk iddiaçı tərəfindən mübahisəli bağ evinin alınması üçün deyil, onun mülkiyyətçisi olan qarşılıqlı iddiaçının oğluna borc olaraq verilmiş və mübahisəli əmlak məhz bu borcun təminatı qismində çıxış etmişdir. Həmin vaxt tərəflər arasında eyni anda borc və ipoteka müqavilələri bağlanmışdır. Qeyd edilənlər öz növbəsində həmin müqavilənin yalan əqd olduğunu, verilən borcun rəsmiləşdirilməsi və bu münasibətlərdən irəli gələn öhdəlikləri təminat altına almaq məqsədi ilə bağlandığını və bu baxımdan əhəmiyyətsiz olmaqla, etibarsız olduğunu təsdiq edir.
45. Bu baxımdan həmin müqavilə bağlanarkən qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə (müqavilə yazılı bağlanmış, notariat qaydada təsdiq olunmuş, pul vəsaiti notariusun depozit hesabından dövr etmişdir) formal baxımdan əməl olunmuşdur. Halbuki, əqdin etibarlı olması üçün təkcə sadalanan tələblərə əməl edilməsi kifayət deyil. Əks mövqe, yəni zahirən əqdlərə dair tələblərə uyğun şəkildə bağlanmış müqavilənin mütləq şəkildə etibarlı olması kimi birmənalı qiymətləndirilmə “əqdlərin etibarsızlığı” institutunun əhəmiyyətsizliyinə gətirib çıxarmış olardı.
46. Bu müqavilənin etibarsız olması artıq qeyd edildiyi kimi, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, həmçinin, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri ilə bilavasitə təsdiq edilir (38-42-ci bəndlər və sair).
47. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə ipoteka müqaviləsindən irəli gələn mülki qanunvericiliklə müəyyən edilmiş prosedura riayət edilməmişdir. Bu səbəbdən mövcud vəziyyətdə ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edən qaydaları tətbiq etmək mümkün deyildir.
48. Məhkəmə kollegiyası Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərini rəhbər tutub, alqı-satqı müqaviləsi bağlanarkən əslində borcun verilməsi və onun təminat altına alınması ilə bağlı münasibətlərin mövcud olması ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı və onun oğlu borc kimi götürülmüş məbləğin qaytarılması ilə bağlı öhdəliyindən imtina etməmiş, ötən dövr ərzində bu borcun 14.150 manat hissəsini ödəmiş və faktiki olaraq hazırda müqavilənin etibarsızlığını tələb etməklə ilk iddiaçının güvənmiş olduğu əvvəlki rəftara zidd hüququ həyata keçirməyə, bununla da hüquqdan sui-istifadə etməyə çalışmır. Başqa sözlə, belə bir hal müəyyən edilmir. Əksinə qarşılıqlı iddiaçı real olaraq öz öhdəliyini icra etmək niyyətindədir və apellyasiya icraatı zamanı bir neçə məhkəmə iclasında qalıq qalmış borc məbləğinin ödənilməsinə hazır olduğunu, məhz həmin icraat çərçivəsində də borc məbləğini ödəmək istədiyini israrla bildirmiş, iddiaçı isə buna razı olmamış və pulunu verib ev aldığını bildirməklə qarşılıqlı iddiaçının mübahisəli bağ evindən istifadə hüququna xitam verilməsini və onun evdən çıxarılmasını tələb etmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini şərtləndirir.
49. Belə ki, qarşılıqlı iddianın təmin edilməsi, birmənalı şəkildə ilk iddianın rədd edilməsini şərtləndirir. Bu səbəbdən mövcud vəziyyətdə məhkəmə kollegiyası ilk iddianın əsassız olmasının əsaslandırılmasına hər hansı hüquqi zərurət görmür.
50. Məhkəmə kollegiyası qarşılıqlı iddiaya iddia müddətinin tətbiq edilməsi məsələsinə münasibətdə qeyd edir ki, hazırki münasibətlərə iddia müddəti anlayışı şamil edilmədiyindən iddia müddəti tətbiq edilə bilməz. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadən qeyd edilir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
51. Bununla belə, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarına şamil edilir. Hazırda mübahisələndirilən əqd - əhəmiyyətsiz əqddir. Bela olan halda, bu əqdə iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərə şamil olunan kəsici müddət şamil edilə bilməz.
52. Beləkilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti əsassızdır, bu səbəbdən təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.