Məhkəmə qərarları › İş №2(103)-3340/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3340/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3340/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X5, həmçinin iddiaçının vəkili X2, Üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzil tələbi”nə dair dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzil tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 nömrəli mənzilin boşaldılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MMC arasında 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 nömrəli mənzil ona satılmışdır. Həmin mənzil ona satıldıqdan 3 il sonra, yəni 2016-cı il tarixdə X3 Cavabdeh1 MMC və “xxxx” MMC-yə və ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək qeyd edilən mənzilin ona satılması barədə müqavilənin etibarsız hesab edilməsi, X1 həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavadeh arasında həmin mənzilin tikintisi haqqında 19 dekabr 2017-ci il tarixdə müqavilə bağlanmışıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli 2(011)-4702/2016 nömrəli qətnaməsilə X1 iddia tələbi təmin olunmuşdur. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi onun şikayətinin qismən təmin etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli 2(011)-4702/2016 nömrəli qətnaməsi qismən dəyişdirilmişdir. Onun kassasiya şikayəti əsasında apelyasiya məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(103)-6781/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli 2(011)-4702/2016 nömrəli qətnaməsi ləğv edilərək X1 iddia tələbi rədd olunmuşdur. X3 həmin qətnamədən kassasiya şikayəti versə də Azərbaycan Respublikasının Ali Məhkəməsi apelyasiya instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Lakin bütün bu qeyd edilənlərə baxmayaraq ona məlum olmayan şəxslər tərəfindən həmin mübahisəli mənzilin açarları dəyişildiyindən və ona verilmədiyindən mülkiyyətçisi olduğu mənzilə daxil ola bilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, onunla Cavabdeh1 MMC arasında 14 yanvar 2013-cü il tarixdə bağlanmış 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 nömrəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi qət olunmuşdur. “xxxx” MMC həmin qətnamədən apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4486/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)- 6609/2018 nömrəli qətnaməsi “xxxx” MMC-yə və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4639/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qətnamədən apellyasiya şikayəti verən maraqlarına toxunan Maraqlı şəxs onun ləğv, iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən ünvanda yerləşən 2 otaqlı 79 saylı mənzil məhkəmə qərarına əsasən Cavabdeh3 mülkiyyətində olmuş, hazırda isə mənzil onun mülkiyyətindədir. Bununla əlaqədar baxılan cinayət işləri üzrə Cavabdeh3 zərərçəkmiş şəxs qismində tanınmış, binanın 1-ci girişinin ümumi sahəsi 75.46 kvadrat metr olan 2 otaqlı saylı mənzilin onun mülkiyyətin verilməsi barədə mülki iddia təmin edilmişdir. Lakin binanın mərtəbələrinin hesablanmasından yaradılan süni mübahisə mərtəbələr arasında mübahisə yaratmışdır. Hazırkı işə baxan məhkəmə tərəfindən işin faktiki hallarına hüquqi qiymət verilmədən, mənzilin hüquqi və faktiki mülkiyyətçisi müəyyən edilmədən, mənzildə təmir işlərinin aparıldığı halda yerində araşdırma aparılmadan qətnamə qəbul edilmişdir. İddiaçı nümayəndəsinin mənzilin müliyyətçisi barədə məlumatlı olduğu halda buna dair məhkəmədə məlumat verməmiş, nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilmişdir. Qeyd edilən mənzilin tikintisi “xxxx” MMC-yə ayrılmış, satışı isə “xxxx” MMC tərəfindən həyata keşirilmişdir. Cavabdeh1 MMC-nin mübahisəli ünvanda yerləşən mənzilin satışına dair heç bir hüquqi bağlılığı olmadığı halda “xxxx” MMC ilə aralarında bağlanan müqavilə əsasında mülkiyyətində olan və faktiki istifadəsində olan mənzilə dair iddia təmin edilmişdir. Məhkəmə iclasında iştirakı edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin həlli məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlarına toxunan Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bununla belə onun nümayəndəsi (vəkili) qismində Şaiq Hüseynov məhkəməyə teleqram ünvanlayaraq, korona virusa yoluxduğuna görə hazırda stasionar müalicədə olduğunu nəzərə alıb məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bununla belə xəstəliyini təsdiq edəcək sübutları məhkəməyə göndərməmiş, həmçinin məhkəmə iclasından 1 gün əvvəl şəxsən Şaiq Hüseynov tərəfindən məhkəməyə teleqram ünvanlaması onun xəstə olmamasına dəlalət edən hal olduğunu nəzərə alıb kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli, 2( 102)-9095/2017 saylı qərarının surətindən görünür ki, iddiaçı Məhərrəmov Natiq Rəşid oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-6781/2017 nömrəli iş üzrə 21 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 71/2017 saylı, 21 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, Məhərrəmov Natiq Rəşid oğlu Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə və İddiaçı qarşı iddia ərizəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 saylı mənzilin İddiaçı satılması barədə müqavilənin etibarsız hesab edilməsi, mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli 2(011)-4702/2016 saylı qətnaməsilə X1 iddia tələbləri təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 saylı mənzilin İddiaçı satılması barədə müqavilənin etibarsız hesab edilməsi, mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə onun şikayəti qismən təmin edilərək göstərilən qətnamə qismən dəyişdirilmiş, İddiaçı narazı qaldığı üçün əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə ikinci dəfə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2017-ci 2(103)- 6781/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016--cı il tarixli, 2(011)-4702/2016 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək X1 iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən N.R.Məhərrəmov kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli 2(102)-9095/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(103)-6781/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin qətnamədən tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən 1ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 saylı 41503 manata İddiaçı satılmışdır və mənzilin dəyəri tam dəyəri ödənilmişdir. İş materiallarında olan Çıxarışdan görünür ki, çıxarış verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən Gəncə prospekti 2935 A ünvanında hündürmərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 75.46 kv.metr olan 2 otaqlı mənzilin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. İş materiallarında olan 14 yanvar 2013-cü il tarixli maliyyə arayışından görünür ki, arayış İddiaçı ondan ötəri verilib ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti A ünvanında tikilən hündürmərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75.46 kv.metr olan 2 otaqlı mənzilin müqavilə dəyəri tam ödənilmişdir. İş materiallarında olan 14 yanvar 2013-cü il tarixli, 47 №-li müqavilədən görünür ki, Cavabdeh1 MMC-nin direktoru X4 ilə İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin predmeti isə Bakı şəhəri, Gəncə prospekti, 29/35A nında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində ümumi sahəsi 75.46 kv.m mənzildən ibarətdir. İş materiallarında olan hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən göndərilən 01 oktyabr 2019-cu il tarixli sorğuya cavab məktubuna əsasən qanuni qüvvəsini almış və bu səbəbdən hazırki işin icraatın təzələnməsinə səbəb olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(011)-5260/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh3 Cavabdeh1 MMC və “xxxx- K” MMC-yə qarşı Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış 14 yanvar 2013-cü il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədə istinad olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzil” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 14.01.2013-cü il tarixli 47 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı, 79 saylı mənzilin boşaldılaraq, İddiaçı verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamədə əsaslandırılmışdır ki, “İş materiallarında olan 14.01.2013-cü il tarixli, 258 saylı çıxarışdan görünür ki, İddiaçı Gəncə prospekti, 2935 A ünvanı, hündürmərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mənzilin mülkiyyətçisidir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91 saylı, 08.10.2014cü il tarixli hökmü ilə Cavabdeh3 Bakı şəhəri Gəncə prospekti, 2935 A ünvanında yerləşən 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 27920 manat pul tələbinə dair mülki iddia təmin olunmuş və həmin iddianın ödənilməsi “xxxx-K”xxxxCavabdeh1 MMC-yə həvalə olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzil 02.04.2011-ci il tarixli, 336 saylı müqavilə əsasında Cavabdeh3 satılmış, həmin mənzilin və ya onun dəyəri olan 27920 manat pulun Cavabdeh3 verilməsi vəzifəsinin “xxxx-K”xxxx“Cavabdeh1 MMC-yə həvalə olunması Bakı Ağır Cinayətlər Məhkəməsin 1(101)- 91 saylı, 08.10.2014-cü il tarixli hökmü ilə qərara alınmış, həmin binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı, 79 saylı mənzil isə İddiaçı satılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı, 16.10.2018-ci il tarixli qətnaməsi ilə qeyd edilən mənzilin boşaldılaraq İddiaçı verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi qət edilmişdir, iddiaçıya məxsus mənzil binanın 13-cü mərtəbəsində, üçüncü şəxs İddiaçı məxsus mübahisələndirilən mənzil isə binanın 12-ci mərtəbəsində olmaqla fərqlənirlər və eyni deyil.” Göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli 47 saylı müqavilədən irəli gələn hüquq münasibətləri yaranmış, həmin müqaviləyə əsasən MMC, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 79 saylı mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, bununla belə bu müqavilənin şərtlərinə MMC tərəfindən əməl olunmamış, mənzilin iddiaçıya təhvil verilməsi barədə Cavabdeh1 Məsuliyyətli Cəmiyyətinin götürmüş olduğu öhdəliklər sonuncu tərəfindən yerinə yetirilməyərək müqavilə üzrə iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Adı çəkilən Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 (hazırda Maraqlı şəxs məxsus) və İddiaçı məxsus mənzillər fərqli mənzillərdir və fərqli mərtəbələrdə yerləşirlər. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar