Məhkəmə qərarları › İş №2(103)-3344/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3344/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3344/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər:iddia ərizəsinin icraata götürülməsinin prosessual əsası, bir və ya bir neçə cavabdehə qarşı yönəldilən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb, iddia ərizəsinin baxılmamış saxlanılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X4 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh6, onların nümayəndələri (vəkilləri) X5, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İddiaçı Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qızıl zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36 900 manat pulun qaytarılması” tələbi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. X7 tərəfindən imzalanmış əlyazısında (kserosurət) göstərilmişdir ki, “Esmira Nəsir qızından 10 000 manat aldım və bu pul dekabr ayının 1 qaytaracağıma söz verirəm. Bu pul Mahirəyə çatacaq”.

2. X7 tərəfindən imzalanmış digər əlyazısında (kserosurət) göstərilmişdir ki, “Yuxarıda göstərilən qızıl əşyaları qoyub 1350 manat götürdüm. Əgər götürdüyüm malları vaxtında ödəməsəm qoyduğum qızıl əşyalarının satılaraq borcun ödənilməsinə etiraz etmirəm”.

3. Cavabdeh4 tərəfindən imzalanan əlyazısında (kserosurət) göstərilmişdir ki, “Mən Cavabdeh4 7200 + 960 + 1100 manatlıq qızıl almışam X8 almışam, satmaq məqsədilə almışam. Hər ayın axrı 300 manat göndərəcəm. Aldığım maldan boyun qaçırtmıram. Mən bu məbləği ödəməyə razıyam”.

4. Cavabdeh1 tərəfindən imzalanmış əlyazısında (kserosurət) göstərilmişdir ki, “Mən Mahirə müəllimədən 3700 manatlıq malın pulu borcluyam. Onu hissə-hissə verəcəyəm”.

5. Qeyri-müəyyən şəxs tərəfindən imzalanmış əlyazısında (surət) göstərilmişdir ki, “Mahirə müəlliməyə borc 4630 m. qaldı”.

6. Cavabdeh3 tərəfindən imzalanmış əlyazısında (surət) göstərilmişdir ki, “Mən Cavabdeh3 150 manat məbləğində pulu İddiaçı vermək üçün mütəntiq Nicat Osmanova təhvil verdim. Hal-hazırda mənim Mahirəyə 100 manat borcum qalır və həmin 100 manat pulu yaxın zamanda Mahirəyə verəcəm”.

7. Nəsimi RPİ İŞ-nin 25 avqust 2016-cı il tarixli qərarına əsasən vətəndaş İddiaçı şikayəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

8. Nizami RPİ-nin müstəntiqi tərəfindən 25 avqust 2017-ci il tarixdə tərtib olunmuş “maddi ziyanın könüllü ödənilməsi üçün təqdim edilməsi haqqında” protokolda göstərilmişdir ki, “Azərbaycan Respublikası CPM-nin 178.3.2-ci maddəsi ilə istiqtaq olunan cinayət işi üzrə Cavabdeh1 İddiaçı olan 1850 manat pul vəsaitindən könüllü şəkildə 500 manat hissəsini ödəmək istədiyini, qalan məbləği 2017-ci ilin sentyabr ayının sonuna qədər ödənilməsi ilə bağlı X9 ilə anlaşdığını bildirdi. Cavabdeh1 500 manat pul vəsaitini X6 verilməsi üçün xidmət otağında İstiqtaq şöbəsinin müstəntiqinə təqdim etmişdir”.

9. Nizami RPİ-nin müstəntiqi tərəfindən 29 may 2018-ci il tarixdə tərtib olunmuş “maddi ziyanın könüllü ödənilməsi üçün təqdim edilməsi haqqında” protokolda göstərilmişdir ki, “Cavabdeh1 vətəndaş İddiaçı olan 300 manat pul vəsaitini könüllü şəkildə ödəmək istədiyini bildirdi. Cavabdeh1 300 manat pul vəsaitini X6 xidmət otağımda təqdim etdi”.

10. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin 11 yanvar 2020-ci il tarixli qərarı ilə İddiaçı şikayəti üzrə başlanmış cinayət işinin icraatına xitam verilmişdir.

11. İddiaçı Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24 000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15 000 manatın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur.

12. İddiaçı həmin iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh6 ona 8000 (səkkiz min) ABŞ doları və 8000 (səkkiz min) manat borcludur, 8000 (səkkiz min) ABŞ dolları və 8000 (səkkiz min) manat məbləğində qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda satmaq üçün ondan almış və qızıl-zinət əşyalarını satıb pulunu ona qaytaracağına söz versə də indiyə kimi buna əməl etməmiş və nə pulu qaytarmış, nə də qızıl-zinət əşyalarını. Dəfələrlə həmin məbləğin verilməsi əlaqədar müraciət etsə də, o, müxtəlif bəhanələrlə ona borclu olduğu pulu qaytarmaqdan boyun qaçırır. Pulun verilməsi barədə müvafiq orqanlara dəfələrlə müraciət etsə də, bunun məhkəməyə aid olduğu bildirilmişdir. Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır.

13. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2022ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı:

14. İddiaçı (iddiaçı) Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1 1300 manat, X1 10 000 manat, Cavabdeh3 4000 manat, Cavabdeh4 9000 manat, Cavabdeh5 4630 manat və Cavabdeh6 12 000 manat dəyərində qızıl-zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36 900 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini aşağıdakı kimi əsaslandırmışdır: “Cavabdeh1 3700 manat dəyərində qızıl-zinyət əşyaları almış, ondan 2000 manat ödəmiş 1300 manat borcu qalmışdır. 2 ildir yalan vədlər verir. Cavabdeh X7 ondan pul xeyli qızıl-zinyət əşyaları, 36 000 manat dəyərində almış. Guya təndirxana işlədərək borcu qaytaracaq. Ancaq qohumları arasında bölüşdürüb özünə 10 000 manat dəyərində malları verib talan edib. Borcu istədikdə onun borcu yoxdur, Ramilə, Vəfa, Səlbinaz verəcək. Özü Nəsimi rayon Məhkəməsində dələduzluq maddəsi ilə 7 il həbs almışdır. Ondan əvvəl T.Zeynəbə onun mallarından 6000 manat borcu qalmışdı.Könül Şahverdiyeva az miqdarda ödənişlər etmiş və qızılların İlyas adlı faizçiyə qoyaraq pul götürmüş, kefi necə istəyir, elə xərcləmişdi. Qızılların bir qismini onun yanında qohumları ilə birlikdə ona köçürmüş, onlar razı olmuş, əl yazıları ilə təsdiqləmişdir. Könül hal-hazırda Nəsimi rayonunda 7 il həbs cəzası almışdır. Cavabdeh X10 özü ondan Cavabdeh6 vasitəsilə 8450 manat mal almış, hal-hazırda 4000 manat borcu qalmışdır. Onun evinə gedib əl yazısı ilə təsdiq edən qəbz almışdır. Cavabdeh4 Vaqıf qızı könülün qohumudur. Alver edən dələduzdur. O 16000 manatlıq mal almış, hal-hazırda 9200 manat borcu qalmışdır. Hamısı qızıl zinyət əşyalarıdır. 2020-ci ildə 50 manatlıq ərzaq alıb borcdan çıxmışdır. Hal-hazırda 9000 manat borc almışdır. O, qızıllarını tələb edir. İsayeva X21 qohumudur və onunla birlikdə dələduzluqla məşğul olan birisidir, xanıma 7500 manatlıq qızıl zinyət əşyalarını ondan və Könüldən alaraq satıb İrana alverə gedib özü üçün qazanc əldə edir. Hal-hazırda 4650 manat borcu qalmışdır. Cavabdeh6 Nəsır qızı 2014-2019-cu illər kimi ondan qızıl zinyət alverini etmişdir. Onu Könüllə tanış edən o olmuşdur. O, özü ondan xeyli miqdarda qızıl zinyət əşyaları alaraq satmışdılar. Təxmini 30000 manatlıq hal-hazırda onun Könülə olan borcu, yəni ona 6000 manat. Zümrüd adlı qadın da 3450 manat, Humay adlı qadın da 2500 manat qızıl zinyət əşyaları borcu qalmışdır. Cəmi 12 000 manat dəyərində qızıl zinyət əşyaları borc qalmışdır. Bu haqda qəbz alınmışdır”.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Ülkərin 1350 manat borcu qalmışdır. O, 200 manat pul ödəmişdir. Digərlərinə baxmış borcu hissə-hissə ödəmişdir. Mənəvi zərər dəymişdir. Hazırda cavabdehlərin borcları olduğu kimi qalmışdır.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçıya 1050 manat borcu qaldıqdan sonra 400 manat ödəniş etmişdir. Dekabrda 100 manat, yanvarda 100 manat, 2018-ci ildə isə 350 manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş edir.

18. Digər cavabdehlər birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər.

19. Birinci instansiya məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 600 manat, X1 10 000 manat, Cavabdeh3 4000 manat, Cavabdeh4 9000 manat, Cavabdeh5 4630 manat, Cavabdeh6 12 000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

20. Məhkəmə hesab etmişdir ki, X2 10 000 manat, Cavabdeh3 4000 manat, Cavabdeh4 9000 manat, Cavabdeh5 4630 manat, Cavabdeh6 12 000 manat məbləğində pulu iddiaçıdan borc götürmələri işin mübahisəsiz hallarını təşkil edir. Cavabdehlər iddiaçıdan göstərilən məbləğlərdə borc pul almış və qəbzləri imzalamış, lakin borc pulu qaytarmamışlar. Lakin iş materallarına əlavə edilmiş sübutlardan görünür ki, Cavabdeh1 müxtəlif vaxtlarda iddiaçıya borcundan ödəmələr etmiş, borcu 600 manat məbləğinə kimi azalmışdır. Odur ki, Cavabdeh1 600 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

21. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 425.1-ci, 439.3-cü, 448.1-ci, 448.2-ci, 740.1-ci, 740.2-ci maddələrinə istinad etmişdir.

22. Həmin qətnamədən Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 nümayəndələri (vəkilləri) tərəfindən apellyasiya şikayətləri verilmiş, qətnamənin Cavabdeh3 və Cavabdeh5 aid hissədə ləğv olunub iddianın onlara münasibətdə rədd edilməsi, X13 aid hissədə ləğv olunub, ona aid hissədə işin icraatına xitam verilməsi xahiş olunmuşdur.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, izahatlar

23. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3, X20 və Cavabdeh6, onların nümayəndələri (vəkilləri) X12 apellyasiya şikayətlərini müdafiə edərək izahatlarında göstərmişlər ki, iddiaçının Cavabdeh6 qarşı əvvəllər qaldırmış olduğu eyni iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan ona aid hissədə işin icraatına xitam verilməli, Cavabdeh3 və Cavabdeh5 aid hissədə isə iddianın əsaslılığına dair heç bir sübut olmadığından iddia tələbi rədd olunmalıdır.

24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 da onlara qarşı qaldırılan iddianın əsassız olduğunu bildirmiş, apellyasiya şikayəti verə bilmək üçün müddətin bərpa edilməsini istəmişlər.

25. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

27. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

28. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ...149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb.

29. Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

30. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); ...150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri.

31. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

32. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; ...152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə.

33. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

36. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

37. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: ...387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.

38. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

Apellyasiya baxışının həddi

39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.

Məhkəmə kollegiyasının mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

43. Belə ki, prosessual qanunvericilik, bir neçə tələbin bir iddia ərizəsində birləşdirilməsinə yalnız həmin tələblər bir-biri ilə bağlı olduğu halda imkan tanıyır və əgər iddia ərizəsində bir-biri ilə bağlı olmayan tələblər birləşdirilmişdirsə, yaxud bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdirsə ərizə geri qaytarılmalıdır (§ 29, 31, 32).

44. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan məhz iddiaçı ərizənin qanunla müəyyən olunmuş məzmununa əməl etməli, bununla bağlı hər hansı qüsur olduqda isə məhkəmənin icraatına qəbul edilmiş işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları məhkəmə baxışının gedişində aradan qaldırmalıdır.

45. Əgər iddia ərizəsi prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmadan icraata götürülmüşdürsə, hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanlar aradan qaldırılmadıqda ərizə baxılmamış saxlanılır (§ 33).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-521/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qızıl zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36 900 manat pulun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar