Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3347/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2(006)-777/2022 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı vəfat edən oğlu hərbi qulluqçu Vəliyev Asif Nizami oğlunun sığorta olunmasına görə ona 11.000 manat məbləğində sığorta pulunun ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu - Vəliyev Asif Nizami oğlu 25 yanvar 1998-ci il tarixdə hərbi vəzifəsini yerinə yetirən zaman güllə yarası almış və şəhid olmuşdur. Onun vərəsəsi o və qardaşı X2r. Onlar şəhid ailəsidirlər. Lakin mərhum oğlunun ölümünə görə sığorta ödənişi almamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2(006)-777/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı 11.000 manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmuşdur. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının mərhum oğlu hərbi xidmət vəzifəsini yerinə yetirərkən güllə yarası alması və sağ ciyərin zədələnməsi diaqnozu ilə vəfat etmişdir. Baş vermiş sığorta hadisəsinə görə Şirkət tərəfindən sığorta olunanın vərəsələrinə sığorta ödənişinin verilməsi ehtimalı vardır. Lakin sığorta ödənişinin verilməsi ilə əlaqədar ödəniş tapşırığının təqdim edilməsi qeyri-mümkündür. Həmçinin sığorta ödənişinin verilməsi üçün mərhumun vərəsələrinin adına vərəsəlik işinin açılıb-açılmaması araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.05.2021-ci il tarixli Fərmanına əsasən qeyd edilən sahədə Şirkətin səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.08.2019-cu il tarixli, AZ-İ 699901 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Vəliyev Asif Nizami oğlu 25.01.1998-ci il tarixdə “hərbi vəzifəsini yerinə yetirərkən güllə yarası, sağ çiyin zədələnməsi” səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 17.09.2021-ci il tarixli məktubdan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanunun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Hadisədən 23 ildən artıq müddət keçdiyinə görə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Göstərilənləri nəzərə alan Kollegiya mövcud mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Məhkəmə tərəfindən hazırki işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, iddiaçının oğlu hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və iddiaçının oğlu vəfat etmişdir. Beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “a” bəndinin mənasına görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə 100 faiz miqdarda sığorta ödənişi verilir. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə vəfat etmiş oğluna görə qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. Cavabdeh iddiaçının mərhum oğluna sığorta ödənişin verilməsinin ehtimal edildiyini, lakin bu barədə ödəniş tapşırığını təqdim edə bilmədiklərini qeyd etmişdir. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin qeyd edilən dəlili əsassız hesab edilir, iddiaçının mərhum oğlu faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığortalanmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi zamanı həlak olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.05.2021-ci il tarixli Fərmanına əsasən qeyd edilən sahədə Şirkətin səlahiyyətlərinin 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, sözügedən Fərmanın 2.7-ci bəndinə göstərilmişdir ki, 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir. Göründüyü kimi baxılan iş üzrə sığorta ödənişinin verilməsi öhdəliyi Şirkətə aid olduğundan, bununla bağlı cavabdeh tərəfin dəlili əsassız hesab edilir. Eləcə də iddiaçı mərhumun anası olmaqla birinci dərəcəli vərəsəsidir və sığorta ödənişini almaq hüququ olan şəxs hesab olunur, gələcəkdə vərəsələr arasında yaranması ehtimal edilən mübahisə isə müstəqil məhkəmə araşdırmasının predmeti ola bilər. Beləliklə, apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-777/2022 saylı iş üzrə 08 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3347/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3347/2022
27.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver