Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3349/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-385/2022 saylı, 03.02.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “BMW 520” markalı, **-OS-*** d.q.n. avtomobil 01.10.2020-ci il tarixində Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində maddi zərərə məruz qalmışdır. Müvafiq DYP orqanının qərarına görə hadisənin törədilməsində təqsir “Ford Transit” markalı, **-JD-*** d.q.n. avtomobilin sürücüsündə olmuşdur. Həmin avtomobil hadisə tarixində “nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PDS ********** nömrəli şəhadətnamə ilə Dövlət Sığorta Kommersiya Şirkətində ("xxxx") sığortalı olmuşdur. Sığorta Şirkəti hadisə barədə vaxtında məlumatlandırılmışdır. Lakin zərərin qiymətləndirilməsi prosedurunda Dövlət Sığorta Kommersiya Şirkəti qanun pozuntusuna yol vermişdir. Belə ki, iddiaçının idarə etdiyi “BMW 520” markalı avtomobilin buraxılış ili 2017-dir və hələ də rəsmi qarantiyadadır. Avtomobilin rəsmi qarantiyada olduğu "xxxx" şirkətinin iddiaçıya verdiyi zərər qiyməti 5.866,91 manat təşkil etmişdir. Digər qiymətləndirici – sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil sığorta eksperti X4 (VÖEN **********) da iddiaçının dəvəti ilə avtomobilə dəymiş zərəri qiymətləndirmiş və zərərin 4.515 manat olduğunu müəyyən etmişdir. İki qiymət arasındakı fərq "xxxx" şirkətinin iş və ehtiyat hissələri üçün verdiyi qiymətlərin nisbətən yuxarı olması ilə izah olunur. İddiaçının avtomobili bu servisdə qarantiyada olmasına və digər yerdə təmir edildiyi təqdirdə qarantiyaya xitam verilməsi şərtinə görə təmiri burada etdirməlidir. Buna görə orta bazar dəyərindən yuxarı marjanı iddiaçı ödəməlidir. İddiaçı sığorta şirkətinin ləng tərpəndiyini görüb, özü də avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi üçün tədbirlər gördü. Bundan sonra, Sığorta şirkəti də, qanunla müəyyən edilmiş müddətləri pozaraq, nəhayət, özünün qiymətləndirilməsini etdi. Zərərə qoyulmuş qiymət kimi cəmi 2.520 manat yazıldığı aşkar olundu. Bunun niyə belə az olduğunu araşdıranda iddiaçıya məlum oldu ki, sığorta şirkətinin bu qiyməti rəsmi qarantiyada olan bir-neçə ilin avtomobilinin zədələnmiş hissələrini “döyəcləyib” düzəltməyə və ya digər avtomobillərin üstündən çıxarılmış hissələrin qoyulmasına əsaslansa belə, hətta bunların da dəyəri realda olduğundan aşağı yazılıb. İddiaçı narazılığını bildirəndə sığorta şirkətinin əməkdaşları qaydanın belə olduğunu və heç bir dəyişiklik olmayacağını bildirmişlər. Belə ki, Sığorta şirkəti əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində təşkil etməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə iddiaçıya dəymiş birbaşa ziyanın əvəzi kimi sığorta ödənişi olaraq 4.515 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat kompensasiyanın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin, cəmi 5.545 manat məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə ona dəymiş birbaşa ziyanın əvəzi kimi sığorta ödənişi olaraq 4941 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat kompensasiyanın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin, cəmi 5971 manat məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-385/2022 saylı, 03.02.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən maddi ziyana görə 4941 (dörd min doqquz yüz qırx bir) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-385/2022 saylı, 03.02.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən, 2520 (iki min beş yüz iyirmi) manat təmin olunması hissəsində yeni qətnamə çıxarılması, iş üzrə məhkəmənin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 (on beş, 40 qəpik) manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.10.2020-ci il tarixində Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Şirkətdə“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış “FORD TRANSİT” markalı, 99JD856 dövlət qeydiyyat nişanalı avtomobillə İddiaçı məxsus və onun tərəfindən idarə olunan “BMW 520 MİNİK” markalı, 10OS114 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar DYPŞ tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında Protokola əsasən hadisədə “FORDTRANSİT” markalı, 99JD856 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli hesab edilmişdir. Qeyd edilməlidir ki, baş vermiş sığorta hadisəsiilə əlaqədar Şirkətin əməkdaşları tərəfindən zərər dəymiş nəqliyyat vasitəsinə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində baxış keçirilmiş və Şirkətin qiymətləndirmə üzrə mütəxəssisi tərəfindən tərtib olunmuş 05.10.2020-ci il tarixli qüsur aktına əsasən nəqliyyat vasitəsinə dəymiş zərər 2520 manat müəyyən edilmişdir. Lakin iddiaçı avtomobilə dəymiş zərərə görə müəyyən edilmiş qiymətlə razılaşmadığından, Şirkətə yaxud onun səlahiyyətli nümayəndəsinə hər hansı məlumat vermədən, avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi üçün öz təşəbbüsü ilə "xxxx" MMM-ə müraciət etmiş və həmin müəssisənin tərtib etdiyi 08.10.2020-ci il tarixli qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə 5866.91 manat zərər dəydiyi hesablanmışdır. Qeyd edilməlidir ki, qiymətləndirmə Şirkətin məlumatı olmadan həyata keçirildiyindən, eyni zamanda nəzərə alsaq ki, həmin müəssisə qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrində qeydiyyatdan keçmədiyi üçün sığorta sahəsində qiymətləndirmə fəaliyyətini həyata keçirməyə ixtiyarı yoxdur, buna görə də həmin müəssisə tərəfindən zərər dəymiş avtomobillə bağlı tərtib edilmiş qüsur aktı iş üzrə mötəbər sübut qismində nəzərdən keçirilə bilməz. İddiaçı sözügedən avtomobilə dəymiş zərərin qiymətləndirilməsi məqsədilə həmçinin müstəqil ekspert qismində fəaliyyət göstərən X2 müraciət etmiş, ekspert tərəfindən tərtib olunmuş 02.11.2020-ci il tarixli qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə 4515 manat zərər dəymişdir. Bu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin tələbinin pozulması faktıdır. Belə ki, həmin maddənin 2-ci cümləsinə əsasən, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Lakin iddiaçı bu dəfə də istinad edilən normaya zidd olaraq Şirkətə və ya onun səlahiyyətli nümayəndəsinə məlumat vemədən, onunla razılaşmadan, öz təşəbbüsü ilə müstəqil ekspertə müraciət etmişdir. Bu səbəbdən müstəqil ekspert tərəfindən zərər dəymiş avtomobillə bağlı tərtib edilmiş qüsur aktı iş üzrə mötəbər sübut qismində nəzərdən keçirilə bilməz. Beləliklə, nəticə olaraq qeyd edilməlidir ki, işə baxılarkən yuxarıda qeyd olunanlara əsasən müəyyən edilmiş 17 dekabr 2021-ciil tarixli, 9/7702 nömrəli ekspert rəyi təktərəfli, eyni zamanda mötəbər olmayan sübutlara əsaslandığından ekspertizanın nəticəsi ədalətsizdir və reallığı əks etdirmir. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə tamamilə ləğv edilməli və iddianın Şirkət tərəfindən təqdim olunmuş 05.10.2020-ci il tarixli qüsur aktına əsasən, 2520 manat hissəsində təmin edilməsilə bağlı yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi mülki işə baxan zaman yuxarıda qeyd olunan faktları araşdırmamış, iş üzrə avtomobilə dəyən zərərin müəyyənləşdirilməsi üçün məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizanın rəyi ilə kifayətlənmiş və dəymiş zərərə görə sığorta ödənişinin verilməsi qənaətinə gələrək qətnamə çıxarmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi C.Əliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan "xxxx" tərəfindən verilmiş qüsur aktından görünür ki, “BMW 520” markalı, **-OS-*** dövlət nömrə nişanlı avtomobilə 2520 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən verilmiş 08.10.2020-ci il tarixli qüsur aktından görünür ki, “BMW 520” markalı, **-OS-*** dövlət nömrə nişanlı avtomobilə 5866,91 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən verilmiş 02.11.2020-ci il tarixli qüsur aktından görünür ki, “BMW 520” markalı, **-OS-*** dövlət nömrə nişanlı avtomobilə 4515 manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/7702 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" şirkətinin 08.10.2020ci il tarixli və sığorta eksperti Əhməd Talıblının 02.11.2020-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi WBAJA1106WC09327 olan “BMW 520” markalı, 10- OS-114 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4941 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş 2421 (4941-2520=2421) manat hissəsində mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır. Kollegiya iş materialları əsasında qeyd edir ki, İddiaçı “BMW 520” markalı, **-OS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 01.10.2020-ci il tarixdə Bakı şəhərində idarə edərkən, “Ford Transit” markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş, hadisənin törədilməsində həmin avtomobilin sürücüsü təqsirli hesab olunmuş, həmin avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. “Ford Transit” markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobilin təqsirli olması işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdeh də apellyasiya şikayətində avtomobilə dəymiş zərərin 2500 manat olmasını etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, 01 oktyabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 4941 manat məbləğində ziyan dəymişdir. Birinci instansiya məhkəməsi həmin qənaətini məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə əsaslandırmışdır. Həmin ekspert rəyindən görünür ki, 2017-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi WBAJA1106WC09327 olan “BMW 520” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4941 manat müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən ekspert rəyini mübahisələndirərək bildirir ki, ekspert rəyinin əsaslandırğı qüsur aktları mötəbər sübut qismində nəzərə alına bilmədiyindən, ekspert rəyi də əsassızdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasiətdə qeyd edir ki, iş materiallarında olan "xxxx" şirkəti tərəfindən verilmiş 08.10.2020-ci il tarixli və müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən verilmiş 02.11.2020-ci il tarixli qüsur aktlarında göstərilən məbləğlər müvafiq olaraq 5866,91 və 4515 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilən qüsur aktında isə dəymiş zərərin məbləği 2520 manat müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, göründüyü kimi cavabdeh tərəfindən verilən qüsur aktında göstərilən məbləğ digər iki qüsur aktında göstərilən məbləğlərdən kəskin şəkildə fərqləndiyindən həmin qüsur aktının mötəbərliyinə şübhə yaradır, ona görə də zərərin hesablanmasında əsas kimi götürülməməlidir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində həmin qüsur aktlarının qeyrimötəbərliyinə istinad etsə də, həmin qeyri-mötəbərliyin nədən ibarət olmasını əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, qüsur aktlarının və ona əsasən verilən ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən cavabdehin apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Odur ki, sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndiirlən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommetsiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-385/2022 saylı, 03.02.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3349/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3349/2022
13.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver