Məhkəmə qərarları › İş №2(103)-335/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-335/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-335/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və eyni zamanda cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əziz-ağa qızına qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-1133/2019 saylı qətnaməsindən və iddiaçı Cavabdeh Əziz-ağa qızının cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlakın paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 4140/2019 saylı qətnaməsindən Cavabdeh Əziz-ağa qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Əziz-ağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mirmehdi Seyidzadə küçəsi 2-ci döngədə yerləşən 25 saylı evdən Cavabdeh Əziz-ağa qızının (xx.xx.2013-cü il təvəllüdlü azyaşlı övladı X6 ilə birlikdə) istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mirmehdi Seyidzadə küçəsi 2-ci döngədə yerləşən 25 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evə dair ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Cavabdeh Əziz-ağa qızı artıq 7 ilə yaxındır ki, ona məxsus evdə yaşamır. Uzun müddətdir ki, cavabdehlə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə onun harada olması barədə heç bir məlumatı yoxdur. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını pozur və həmin mənzillə bağlı sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 1133/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli mənzil Cavabdeh anası X2 xüsusi mülkiyyətində olmuş və Cavabdeh doğulandan 2012-ci ilin aprel ayına, yəni ailə qurana kimi həmin evdə qeydiyyatda olmaqla yaşamışdır. Ailəli olduğu müddətdə dəfələrlə həmin mənzilə gəlmiş, anası oğluna baxmaqda ona yardımçı olmuşdur. Lakin 2017-ci ildə o boşandıqdan sonra həmin mənzilə köçmüş və anası sağ olduğu müddətdə oğlu ilə bərabər faktiki olaraq orada yaşamışlar. Anası vəfat etdikdən sonra iddiaçı müxtəlif bəhanələr gətirərək onu evdən qovmuş və qanunsuz olaraq özünü yeganə varis kimi təqdim edərək mənzili öz adına rəsmiləşdirmişdir. Məhkəmə isə yalnız iddiaçının mülahizələrinə əsaslanmaqla qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayətinə baxılarkən məlum olmuşdur ki, iddiaçı Cavabdeh Əziz-ağa qızı cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlakın paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mirmehdi Seyidzadə küçəsi 2-ci döngədə yerləşən 25 saylı iki otaqlı fərdi yaşayış evi atası Əli-zadə Əziz-ağa Hacıverdi oğlunun vəfatından sonra anası X2 xüsusi mülkiyyətində olmuşdur. Bu barədə ona Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnvenlarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxx 2005-ci il tarixdə Qeydiyyat vəsiqəsi verilmişdir. O həmin evdə boya-başa çatmış, doğulandan nikaha daxil olduğu dövrə qədər və nikahı pozulduqdan sonrakı müddətdə orada yaşamış və həmin evdə qeydiyyatda olmuşdur. Sonradan qardaşı Elşən qeydiyyatda olduğu həmin mənzilə onun istifadə hüququnun itirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur. Həmin mülki işin gedişatında ona məlum olmuşdur ki, qardaşı İddiaçı mərhum anasından miras qalmış Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mirmehdi Seyidzadə küçəsi 2-ci döngədə yerləşən 25 saylı evi öz adına rəsmiləşdirmiş, rəsmiləşdirmə zamanı isə cavabdeh tərəfindən qanunsuzluğa yol verilərək, digər vərəsə olan onun varlığını gizlədərək yanlış məlumat vermiş, notariat kontorunda vərəsələrin dairəsi tam göstərilməmişdir. Sonra isə cavabdeh mübahisəli mənzilə dair qanunsuz olaraq adına çıxarış əldə etmişdir. Həmin notariat işindən də görünür ki, vərəsə olaraq onun adı siyahıda göstərilməmiş, mirasın qəbulu zamanı onun mərhumun birinci növbədə qanun üzrə vərəsəsi olmasına baxmayaraq, o, vərəsəliyə çağırılmamışdır. Cavabdeh özünü mərhumun yeganə övladı kimi göstərərək miras əmlaka sahib olmuşdur. O, mərhum valideynlərinin doğma övladı olmasa da, onlar tərəfindən rəsmi qaydada qanunvericiliyin tələblərinə uyğun olaraq övladlığa götürülmüşdür. Mülki qanunvericiliyin tələblərinə görə, övladlığa götürülənlər övladlığa götürənin vərəsələri kimi övladlığa götürənin uşaqlarına bərabər tutulduqlarından, onun mərhum anasının vərəsəsi olaraq, vərəsəliyə çağırılmağına, miras əmlaka sahib olmağına heç bir qadağa və ya maneə mövcud olmamışdır. Bununla da müəyyən olunur ki, cavabdehin hərəkətləri hüquqazidd olmuş, qanunsuz sənədləşmə işləri aparılmaqla, miras əmlak üzərində onun da payına sahib çıxmış, vərəsəlik hüququnu kobud şəkildə pozmuşdur. Həmçinin anasının vəfatından sonra ondan miras qalmış pulundan dəfn xərcləri çıxılmaqla qalmış 1700 ABŞ dolları cavabdehdə qalsa da, cavabdeh anasından miras qalmış boyunbağını və başqa xırda əşyalarını ona vermiş və həmin əşyalar tərəfindən qəbul edilmiş, bu gün də ondadır. Hesab edir ki, miras əmlakın bir hissəsinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi, anasının ölümündən sonra da həmin evdə bir müddət yaşaması, evlə bağlı bir sıra kommunal haqların tərəfindən ödənilməsi də məhkəmə tərəfindən nəzərə alınmalı, 4 saylı "ASAN xidmət" mərkəzinin notariusu tərəfindən verilmiş 2V-903 reyestr nömrəli xx xxxxxx 2018-ci il tarixli vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli, həmin vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mirmehdi Seyidzadə küçəsi 2-ci döngədə yerləşən 25 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarış ləğv edilməli, həmin miras əmlaka onun vərəsəlik hüququ tanınmalı və miras əmlak paylara uyğun bölünməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 4140/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eyni olmaqla maddi hüquq normalarının pozulması və məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə əsaslandırılmışdır. Apellyasiya icraatı mərhələsində Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hər iki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş edərək izahatında göstərdi ki, Cavabdeh ilə qan qohumluğuna əsaslanmayan ögey bacı-qardaş münasibətləri var, yəni valideynləri ümumi deyil. Halhazırda Cavabdeh harada olmasını bilmir. Daxili İşlər Nazirliyinin X11 Mübarizə İdarəsinin əməkdaşları onun yaşadığı evə gəlib Zümrüdü axtardıqlarını bildirdikdə ona məlum olmuşdur ki, o, insan alveri ilə məşğul olmaqda təqsirləndirilir. Cavabdeh ərə getdiyi 2012ci ilin aprel ayından Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mirmehdi Seyidzadə küçəsi 2-ci döngədə yerləşən 25 saylı evdə yaşamamış, mübahisəli evdən daimi olaraq ər evinə köçmüş, cəmi bir dəfə evə qayıdaraq iki gün qalaraq çıxıb getmişdir. Zümrüd anası Sümbül Şirinovanın yas mərasimində cəmi bir saat iştirak edərək çıxıb getmiş, anasından miras qalmış əmlakı faktiki olaraq qəbul etməmişdir. Cavabdeh Əziz-ağa qızı məhkəmə iclaslarının yeri və vaxtı barədə AZEMİS vasitəsilə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-1133/2019 saylı və xx xxxxxx 2019-cu il tarixli 2(010)-4140/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 21 aprel 1979-cu ildə anadan olmuş, atası X7, anası X4r. Feyziyeva (Əli-zadə) Zümrüd Əziz-ağa qızı isə xx xxxx 1993-cü ildə anadan olmuş, doğum haqqında şəhadətnamədə atası qrafasında Əli-zadə Əziz-Ağa Hacıverdi oğlu, anası qrafasında X5 yazılmışdır. Zümrüd Əli-zadə xx xxxxxx 1993-cü ildə Əli-zadə Əziz-ağa və Əli-zadə Yaqut tərəfindən övladlığa götürülmüşdür. Əli-zadə Yaqut xx xxxxxxxx 1993-cü ildə vəfat etmiş, Əli-zadə Əziz-ağa xx xxxxxx 1993-cü ildə Şirinova Sümbüllə nikaha daxil olmuşdur. xx xxxxxx 1993-cü ildə Əli-zadə Zümrüd Əziz-ağa qızı X5 tərəfindən övladlığa götürülmüşdür. Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 034490 saylı Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Ə.Qarayev küçəsi döngə 2-də yerləşən 25 saylı fərdi yaşayış evi xx xxxxx 2005-ci il tarixdə mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. Sümbül Şirinova xx xxxxxx 2017-ci il tarixdə vəfat etdikdən sonra həmin evə dair xx xxxxxx 2018-ci il tarixdə İddiaçı vərəsəlik şəhadətnaməsi əldə etmiş və xx xxxxxx 2018-ci il tarixdə evə dair çıxarış etməklə mənzil onun mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bununla yanaşı, mülki qanunvericiliyin tələblərinə görə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh anasının yas mərsimində iştirak etməklə miras əmlak olan mənzilə dair vərəsələrin dairəsinin müəyyənləşməsindən, nəticədə mirasın açılmasından xəbərdar olmuşdur. Lakin o vaxtında miras payının qəbul edilməsinə dair hər hansı hərəkət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. İş materiallarında olan sənədlərdən aydın olur ki, Cavabdeh Əziz-ağa qızı mübahisəli evdə boya-başa çatmış, 2012-ci ildə ailə quraraq birdəfəlik olaraq bu evdən ər evinə getmişdir. İddiaçı 2017-ci ildə boşandıqdan sonra mübahisəli evə gəlmiş, bir neçə gün burada qalaraq, xalasının qızı ilə kirayəyə ev tutaraq, daimi olaraq həmin evə köçmüşdür. Cavabdeh mərhum Sümbül Şirinovanın yas mərasimində bir neçə saat iştirak etdikdən sonra çıxıb getmiş və bir daha mübahisəli evə qayıtmamışdır. Mərhum S.Şirinovanın vəfatından sonra mərhumdan miras qalmış hər hansı bir əmlakın iddiaçıya verilməsi və ya iddiaçının özü tərəfindən götürülməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdeh Əziz-ağa qızının “anasının ölümündən sonra ona bir sırğa və bir boyunbağı qalmışdır” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında iddiaçının özünün və onun tərəfindən məhkəmə prosesinə cəlb olunmuş şahid X3 ifadələrindən görünür ki, mərhum Sümbül Şirinova ölməmişdən bir gün qabaq bacısı Mərmərə bir sırğa və bir boyunbağı vermiş, o da onları Zümrüdə vermişdir. (iş v.119 və 140) Həmin əşyalar Cavabdeh miras əmlakı kimi deyil, hədiyyə kimi verilmiş, çünki mərhum Sümbül Feyziyeva həmin əşyaları verərkən sağ olmuşdur. Miras isə fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Bundan əlavə X2 vəfatından sonra da iddiaçı Cavabdeh Əziz-ağa qızının mübahisəli evdə qeydiyyatda qalması sonuncu tərəfindən mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, vərəsənin miras qalmış ünvanda qeydiyyatı yox, onun bu ünvanda faktiki yaşaması əhəmiyyətlidir, vərəsə miras qalmış əmlakın olduğu ünvanda qeydiyyatda olub, başqa ünvanda yaşamışdırsa, bu halda mirasın faktiki qəbulundan söhbət gedə bilməz. Bundan əlavə, Cavabdeh Əziz-ağa qızı vərəsə olaraq mirası qəbul etdiyinin sübutu kimi onun tərəfindən mübahisəli evin məişət tullantılarının daşınması üçün kommunal ödənişlərinin həyata keçirilməsinə dair mədaxil qəbzlərinə istinad etmişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli qəbzdən göünür ki, iddiaçı tərəfindən kommunal xərclərlə bağlı ödəniş mirasın açıldığı vaxtdan 6 ay sonra həyata keçirilmiş, xx xxxxx 2018-ci il və xx xxxx 2018-ci il tarixli ödənişlər isə mərhum Sümbül Şirinovanın adından həyata keçirilmişdir ki, bu ödənişlərin iddiaçı və yaxud da cavabdeh tərəfindən həyata keçirilməsi müəyyən olunmur. Beləliklə, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Əli-zadə Zümrüd Əziz-ağa qızı doğulduğu vaxtdan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mirmehdi Seyidzadə küçəsi 2-ci döngədə yerləşən 25 saylı evdə qeydiyyatda olsa da, xx xxxxx 2012-ci il tarixdən həmin evdə yaşamamış, xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakı faktiki olaraq qəbul etməmiş, habelə mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətdə notariat kontoruna ərizə verməmişdir. Buna görə də birinci instansiya məhkəməsi Cavabdeh Əziz-ağa qızının cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlakın paylara uyğun bölünməsi tələbinə dair iddiasını rədd etməkdə haqlı olmuşdur. Cavabdeh Əziz-ağa qızının mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Cavabdeh Əziz-ağa qızının Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mirmehdi Seyidzadə küçəsi 2-ci döngədə yerləşən 25 saylı evdən istifadə hüququ 1993-cü ildə yarandığından, mənzildən istifadə hüququ ilə bağlı münasibətlərə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87 və 123-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Feyziyeva (Əli-zadə) Zümrüd Əziz-ağa qızı həmin mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq xx xxxxx 2012-ci il tarixdən bu günə kimi həmin evdə yaşamadığına, daimi yaşayış üçün başqa ünvana getdiyindən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh Əziz-ağa qızına qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiasını təmin etməklə də birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Əziz-ağa qızının apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 1133/2019 saylı və xx xxxxxx 2019-cu il tarixli 2(010)-4140/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları Cavabdeh Əzizağa qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar