Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3350/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrlü hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilə üzrə və kommunal xidmətlərə görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadından İddiaçı MTK-nın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halı
1. İddiaçı MTK (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə arasında Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı evin sahəsi 163,6 kv.metr olan 40-cı mənzilinə dair bağlanmış müqavilə üzrə 24 445,46 manat borcun və kommunal xərclərə görə yaranmış 3198 manat borcun, qanunla müəyyən olunmuş qaydada, məhkəmə qərarı qəbul edilən günədək hesablanmış gecikmə faizlərinin, məhkəmə xərcləri üçün 173 manatın, ümumilikdə isə 27 816,46 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə akt(lar)ı
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, kommunal xidmət haqqı borcuna görə 3198 (üç min yüz doxsan səkkiz) manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur.
3. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, forma və məzmuna uyğun olmadığı əsas göstərilməklə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmış, bundan sonra birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
4. Cavabdeh xx.xx.2024-cü il tarixdə qətnamədən növbəti dəfə apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir.
5. Məhkəmənin 23 fevral 2024-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmuşdur.
6. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmiş, cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qətnamədən apelyasiya şikayəti vermiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş məzmuna uyğun olmadığına görə geri qaytarılmış, cavabdeh növbəti dəfə şikayət verdikdə isə müddəti ötürmüşdür.
7. Həmin qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
8. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
12. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Apellyasiya baxışının həddi
13. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
14. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə onun apellyasiya şikayəti elektron sistemə yüklənmiş, yuxarıda qeyd olunduğu kimi, bu şikayət apellyasiya instansiyası tərəfindən qeyri-mümkün hesab edilmişdir.
15. Kollegiya hesab edir ki, cavabdeh apellyasiya şikayətini ilk dəfə vaxtında verdiyi nəzərə alınaraq, onun sonradan verdiyi şikayət üzrə müddətin bərpa edilməsi məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün məqsədəuyğun sayılmalıdır.
16. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-800/2023 saylı iş üzrə 23 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov