Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3355/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-1458/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən (28 May) küçəsində yerləşən 20A nömrəli fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). 2.Ev özbaşına tikinti obyektidir. Evi iddiaçının əri Məhəmmədli Məmmədov 1994-cü ildə sənədsiz əldə edib. İddiaçı 2005-ci ildə Məhəmmədli Məmmədov ilə nikaha daxil olmaqla ailə qurub, həmin vaxtdan etibarən evdə yaşayıb, evdə təmir-tikinti işlərinin aparılmasında və evin sahəsinin genişləndirilməsində iştirak edib. İddiaçının əri Məhəmmədli Məmmədov xx.xx.2021-ci ildə ölüb. 3.Cavabdeh İddiaçı ögey oğlu Həsən Məmmədovun arvadıdır. Həsən Məmmədov iddiaçının mərhum əri Məhəmmədli Məmmədovun birinci nikahdan olan oğludur. Cavabadeh Cavabdeh ilə Həsən Məmmədovun nikahı xx.xx.2022-ci ildə qeydə alınıb. Birinci instansiya məhkəməsində icraat 4.Hazırkı iddia ərizəsi xx.xx.2024-cü ildə verilib. 5.İddia ərizəsində tələb olunub ki, cavabdeh evdən çıxarılsın. 6.Tələb onunla əsaslandırılıb ki, cavabdehin evdə yaşamağa hüquqi əsası yoxdur, cavabdehin əri Həsən Məmmədovun evə köçürülməsi barədə mülki iş Ali Məhkəmənin icraatında olduğu zaman Həsən Məmmədov öz arvadını - cavabdehi ev köçürmək üçün hazırlıq görmüş, iddiaçının iradəsinə zidd olaraq evdə bəzi təmir işləri aparmış və cavabdehin mebellərini evə yerləşdirmişdir. 7.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh evdən çıxarılsın. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 9.Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Cavabdeh evdə yaşamaq üçün qanuni əsası öz əri Həsən Məmmədova münasibətdə əldə bilər. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilib ki, cavabdehin əri Həsən Məmmədovun evdə yaşamaq üçün qanuni əsası yoxdur. Bu isə həm də onu təsdiq edir ki, Cavabdeh da evdə yaşamaq üçün qanuni əsası yoxdur. 12.Belə ki, Cavabdeh əri Həsən Məmmədov başqa mülki işdə iddiaçı kimi “evə istifadə hüququnun tanınması və evə köçürülmə barədə” iddia qaldırıb, həmin iddiada cavabdeh kimi öz atası Məhəmmədli Məmmədovu və ögey anası İddiaçı göstərib. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-2024/2020 nömrəli qətnaməsi ilə Həsən Məmmədovun evə köçürülməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4072/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilib və Həsən Məmmədovun evə köçürülmə barədə tələbi rədd olunub (iş v. 27). Bu qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-198/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılıb (iş v. 5). Cavabdeh ilə Həsən Məmmədovun nikahı xx.xx.2022-ci ildə, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən Həsən Məmmədovun evə köçürülmə barədə tələbinin rədd edilməsi barədə qətnamə qəbul edildikdən sonra qeydə alınıb. 13.Bundan başqa, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilib ki, cavabdehin evdə yaşamaq üçün qanuni əsası yoxdur. Belə ki, Cavabdeh başqa mülki işdə iddiaçı kimi evə köçürülmə barədə iddia qaldırıb, həmin iddiada cavabdeh kimi öz əri Həsən Məmmədovu və ərinin ögey anası İddiaçı göstərib. Bu iddia Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-5545/2023 nömrəli qətnaməsi ilə rədd edilib (iş v. 157). 14.İddiaçı 2005-ci ildən evdə yaşayır və evə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. İddiaçının iradəsinə zidd olaraq cavabdehin evdə yaşaması sahibliyin pozulması sayılır. Ev özbaşına tikinti olsa da iddiaçının qanunla qorunan marağı olduğuna görə, o, sahibliyin müdafiəsi üçün cavabdehin evdən çıxarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsindən görünür ki, qanunla qorunan maraqlar da hüquq və azadlıqlar ilə yanaşı məhkəmə müdafiəsinin obyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair qərardadında da görünür ki, qanunla qorunan maraq məhkəmə müdafiəsinin obyektidir. 15.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 16.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-1458/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3355/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3355/2025
13.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver