Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3356/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin tam yerinə yetirilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və digər tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin tam yerinə yetirilməsi barədə” ilk iddiasına aid hissədə iş üzrə icraata xitam verilsin. İddiaçı şikayətində tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən ona istinad edib ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı var. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, belə halda iş üzrə icraata xitam verilir. Müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı var. Həmin qərardad Binəqədi RM tərəfindən 2(001)-193/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixdə qəbul olunub. Qərardadın aid olduğu işdə Cavabdeh MMC ilk iddiaçı, İddiaçı isə qarşılıqlı iddiaçı olub. İddiaçı hazırkı işdə irəli sürdüyü tələbi əvvəlki işdə irəli sürməmişdi. Lakin əvvəlki işdə bağlanmış barışıq sazişi hazırkı işdə irəli sürülmüş tələbi də əhatə edir. Ona görə də hesab olunur ki, əvvəlki işdə bağlanmış barışıq sazişi hazırkı işdəki tələbə münasibətdə “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə barışıq sazişi” hesab olunur. Belə ki, hazırkı işdəki ilk iddiada İddiaçı tələb edib ki, tərəflərin arasında bağlanmış “Razılaşma” adlandırılan xx.xx.2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirsin, yəni xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan dövr üçün razılaşdırılmış kompensasiya məbləğini ödəsin. “Razılaşma” adlandırılan xx.xx.2016-cı il tarixli həmin müqavilənin 1.2-ci bəndində qeyd olunub: “Qeyri-yaşayış sahəsində fəaliyyət göstərən ticarət obyektinə dair kompensasiyanın həcmi (2016-cı il aprel ayının 1-dən başlayaraq 2.000 manat olmaqla qeyri-yaşayış sahəsi təhvil verilənədək veriləcək) Öhdəlik müqaviləsi ilə tənzimlənəcək”. Əvvəlki işdə tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişində “Razılaşma” adlandırılan xx.xx.2016-cı il tarixli müqavilənin 1.2-ci bəndində qeyd olunan məsələ ilə bağlı da barışıq əldə olunub. Belə ki barışıq sazişinin “Tərəflərin öhdəliyi” adlı hissəsinin 6-cı abzasında qeyd olunub: “... Razılaşmanın 1.2-ci bəndinə əsasən qeyriyaşayış sahəsində fəaliyyət göstərən ticarət obyektinə dair kompensasiyanın həcminin Öhdəlik müqaviləsi ilə tənzimlənəcəyi razılaşdırılmışdır. Razılaşmaya əsasən öhdəlik müqaviləsi bağlandıqdan sonra tərəfə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur, öhdəlik müqaviləsi bağlanmadan İddiaçı qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay yüksək məbləğdə müvafiq kompensasiya ödənilməklə, ümumilikdə 62.500 manat pul ödənilmişdir”. Göründüyü kimi, barışıq sazişinin bu hissəsi “Razılaşma” adlandırılan xx.xx.2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə aiddir, yəni həmin bənd də barışıq sazişinin predmeti ilə əhatə olunur. Hazırkı işdəki iddiada isə məhz 1.2-ci bənddəki öhdəliyin icrası tələb olunub. Bundan başqa, tərəflər barışıq sazişinin 2.8-ci bəndində qeyd ediblər: “Tərəflər təsdiq edirlər ki, bununla da onların arasında məhkəmənin icraatında olan iş üzrə məhkəmə çəkişməsinin davam etdirilmədinə əsas verə biləcək mübahisəli məsələ qalmamışdır”. O cümlədən tərəflər barışıq sazişinin 2.10-cu bənində qeyd ediblər: “Tərəflər bu sazişin icrası tələbi istisna olmaqla gələckdə barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldırmayacaqlar”. Göründüyü kimi, bu şərtləri razılaşdırmaqla tərəflər təsdiq edibər ki, onların arasında həm də “Razılaşma” adlandırılan xx.xx.2016-cı il tarixli müqavilənin 1.2-ci bəndindəki məsələyə münasibətdə barışıq əldə olunub. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ilk iddiasına aid hissədə iş üzrə icraata düzgün olaraq xitam verib, həmin nəticə Mülki- Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. İddiaçı ilk iddiasına aid hissədə iş üzrə icraata xitam verilməsi barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4114 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3356/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3356/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver