Məhkəmə qərarları › İş №2(103)-336/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-336/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-336/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(010)-152/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 aprel 2018-ci il tarixə banka olan 32830,88 ABŞ dolları məbləğində əsas borcunun, 5518,09 ABŞ dolları məbləğində faiz borcunun, 263,88 ABŞ dolları məbləğində cərimənin, cəmi 38612,85 ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus girov predmeti olan “İnfiniti QX602” minik markalı Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış 16 may 2014-cü il tarixli 125024-CNS-4634 saylı avtomobil krediti müqaviləsinə əsasən bank cavabdehə “İnfiniti QX60 minik” markalı avtomobilin alınması üçün 60 ay müddətinə illik 17 % olmaqla 39698 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh 16 may 2014-cü il tarixli 125024-CNS4634 saylı ipoteka müqaviləsinə əsasən dövlət qeydiyyat nişanı Az ** UT *** olan, “İnfiniti QX60 minik” markalı avtomobili bankın xeyrinə girov qoymuş, girov (ipoteka) müqaviləsi qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmişdir. 18 mart 2016-cı il tarixdə bağlanmış 1 saylı razılaşmalara əsasən, həmin tarixə olan kredit borcu kapitallaşdırılaraq 34155 ABŞ dolları məbləğində müəyyən edilmiş və kredit müddəti 38 ay---16 may 2019-cu il tarixədək müəyyən edilmişdir. Hazırda Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit borcunu və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq hazırkı vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(010)-152/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməlidir. Belə ki, onun tərəfindən kredit müqaviləsi üzrə vaxtlı-vaxtında ödənişlər edilməsinə baxmayaraq, ödənişlər ancaq faiz borcuna çıxılmaqla əsas borcda azalma həyata keçirilmədiyindən artıq ödəmələrə əsas yaratmışdır. Hal-hazırda da banka ödənişlər edilməkdədir. Lakin bankın iddia tələbi həddən artıq şişirdilmiş məbləğdən ibarətdir. Bundan başqa məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş, bu səbəbdən o, məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət verə bilməmişdir. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən tələb olunan cərimənin hamısının tutulmasını qət etmiş, cərimənin məbləğini azaltmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2019-cu il tarixli 2(103)-9411/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının növbəti iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(010)- 152/2019 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki işin materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış 16 may 2014-cü il tarixli avtomobil krediti müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə illik 17 % olmaqla 39698 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh 16 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən özünə məxsus olan Az ** UT *** dövlət qeydiyyat nişanlı “İnfiniti QX60 minik” markalı minik avtomobilini bankın xeyrinə girov qoymuşdur. 18 mart 2016-cı il tarixdə bağlanmış 1 saylı razılaşmalara əsasən, həmin tarixə olan kredit borcu kapitallaşdırılaraq 34155 ABŞ dolları məbləğində müəyyən edilmiş və kredit müddəti 38 ay---16 may 2019-cu il tarixədək müəyyən edilmişdir. Girov hüququ qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İş üzrə iddiaçı "xxxx"(Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarında qeyd olunan yazılı göstərişlərə uyğun olaraq, yenidən apellyasiya qaydasında işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və girov predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən olunması müstəqil qiymətləndiriciyə həvalə olunmuşdur. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 27 oktyabr 2020-ci il tarixli 9/2987 saylı rəyinə əsasən, 16 may 2014-cü il tarixli 125024-CNS- 4634 saylı kredit müqaviləsi üzrə (iş materiallarında olan hesabat cədvəlləri və ödəniş qəbzləri nəzərə alınmaqla) maliyyə arayışının verildiyi 03 aprel 2018-ci il tarixə Cavabdeh əsas borcu 35910 ABŞ dolları, faiz borcu isə 5324,90 ABŞ dolları təşkil edir. Beləliklə, Cavabdeh "xxxx"(Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə 16 may 2014-cü il tarixli 125024-CNS-4634 saylı kredit müqaviləsi üzrə əsas borcunun məbləği iddia tələbinin həcmindən çox, faiz borcunun məbləği isə azdır. Buna görə də faiz borcunun məbləği 5324,90 ABŞ dolları məbləğində müəyyən edilməli, əsas borcun məbləği isə dəyişdirilməməlidir. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki-hüquqi məsuliyyət tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri). Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. MM-in 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində. Cərimə borcunun məbləğinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, 32830,88 ABŞ dolları məbləğində əsas borca nisbətdə bank tərəfindən tələb olunan və mübahisələndirilən qətnamə ilə tutulması qət olunan 263,88 ABŞ dolları cərimə əsas borcun məbləğinə mütənasibdir. Cərimə məbləğinin azaldılmasına əsas yoxdur və bu barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarında Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsinin əsaslarından biri də birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməməsi və apellyasiya instansiyası məhkəməsinin bu hala diqqət yetirməməsidir. Apellyasiya icraatı zamanı qiymətləndirmənin nəticələrinə əsasən "xxxx" MMC tərəfindən verilmiş 7 oktyabr 2020-ci il tarixli rəyə əsasən, “İnfiniti QX-60” minik markalı Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 60000 manatdır. Həmin rəy avtomobilin likvid qiymətini əks etdirmədiyindən, "xxxx"(Azərbaycan) ASCnin vəsatəti əsasında təkrar qiymətləndirmə keçirilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş "xxxx" MMC-nin qiymətləndirmənin nəticələrinə dair 13 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus ipoteka predmeti olan “İnfiniti QX602” minik markalı ağ rəngli, mühərrik nömrəsi VQ35441424Y, ban nömrəsi 6N1ALOMM4EC5040902 olan Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 58000 manatdır. İddiaçı bankın nümayəndəsi yenidən vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 13 avqust 2021-ci il tarixli rəyi ilə razı olmadığını bildirmiş və həmin rəyin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf vəsatətə "xxxx" MMC-nin 25 oktyabr 2021-ci il tarixli rəyini əlavə etmişdir. Həmin rəyə əsasən, Cavabdeh məxsus “İnfiniti QX-60” minik markalı Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 47500 manat, likvid dəyəri 45000 manat təşkil edir. Bundan əvvəl iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin 04 dekabr 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən “İnfiniti QX-60” minik markalı Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin 4 dekabr 2020-ci il tarixinə bazar dəyəri 48000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Məhkəmə kollegiyası girov predmetinin ilkin satış qiyməti ilə bağlı aşağıdakıları qeyd edir: Girov predmeti olan “İnfiniti QX-60” minik markalı Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 16 may 2014-cü il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 66165 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən “İnfiniti QX-60” minik markalı Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri "xxxx" MMC tərəfindən 60000 manat, avtomobilin likvid dəyəri "xxxx" MMC tərəfindən 58000 manat müəyyən edilmişdir. İddiaçı "xxxx"(Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin rəyinə əsasən girov predmeti olan avtomobilin bazar dəyəri 48000 manat, likvid dəyəri 40000 manat, "xxxx" MMC-nin rəyinə əsasən isə avtomobilin bazar dəyəri 47500 manat, likvid dəyəri 45000 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən qiymətləndirmənin keçirilməsi həvalə olunmuş qiymətləndirmə təşkilatlarının rəyləri ilə iddiaçı bankın məhkəməyə təqdim etdiyi qiymətləndirmə rəyləri arasında avtomobilin dəyəri ilə bağlı kəskin ziddiyyətlər vardır. Rəylərdən və iş materiallarından görünür ki, “İnfiniti QX-60” minik markalı Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil 2013-cü ildə istehsal olunmaqla 17.05.2014-cü ildə Cavabdeh tərəfindən “Nurgün Motors” şirkətindən alınmış və qiymətləndirilən dövrə qədər 29482 kilometr yürüş etmişdir. Avtomobilin konstruktiv elementləri, materialların konstruksiyası, bəzək və digər işlər normal və işlək vəziyyətdədir. Vizual baxış zamanı avtomobildə əzik, batıq, cızıqlar və s. qiymətə təsir edən amillər müşahidə edilməmişdir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən qiymətləndirmə rəyləri avtomobilə yerində baxış keçirməklə, "xxxx" MMC və "xxxx" MMC tərəfindən isə rəylər avtomobilə yerində baxış keçirilmədən, texniki sənədlərə və avtomobilin texniki vəziyyətinə istinad edilməklə verilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində avtomobil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş girov predmetinin ilkin satış qiymətinin 58000 manat olması daha ağlabatandır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar olunmuş, vəsatət və şikayətlər vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(010)-152/2019 saylı qətnaməsi faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 5324,90 ABŞ dolları məbləğində, ümumi borcun məbləği 38419,66 ABŞ dolları məbləğində müəyyən edilsin. İpoteka predmeti olan “İnfiniti QX-60” minik markalı Az ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 58000 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar