Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3360/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: uşaq tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər 13 may 2015-ci il tarixdə nikaha daxil olmuş, nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 atası Cavabdeh himayəsinə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2016-cı il təvəllüdlü X1 onun yanında saxlanılmaqla himayəsinə verilməsi, uşağın 18 yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, nikahın pozulması barədə məhkəmə prosesi gedən zaman Cavabdeh İddiaçı demişdir ki, övladının atasının himayəsində saxlanmasına sənəd üzərində etirazı olmadığını bildirsə, uşağın saxlanması üçün daha yaxşı maddi dəstək göstərəcəkdir. İddiaçı da ona inanıb məhkəmə zamanı iddia tələbini qəbul etmiş və qızı X1 atası Cavabdeh himayəsində saxlanılmasına etirazı olmadığını bildirmiş, lakin həmin razılığın mahiyyətini tam dərk etməmişdir. Baxmayaraq ki, tərəflərin nikahı pozulan zaman uşaq atanın himayəsinə verilmiş, lakin nə məhkəmədən əvvəl, nə də sonra xx.xx.2016-cı il təvəllüdlü X6 atası Cavabdeh yanında qalmamışdır. Uşaq hər zaman anası ilə, ananın himayəsində yaşamış, cavabdeh uşağın saxlanmasında nə maddi, nə də mənəvi dəstək olmamış, uşaqla maraqlanmamışdır. Uşaq anası İddiaçı himayəsində və yanında qalmaqla Bakı şəhəri 255 nömrəli tam orta məktəbdə təhsil alır. Uşağı məktəbə həmişə anası aparıb-gətirmiş, uşaqla ana məşğul olmuşdur ki, bu da məktəbdən verilmiş arayışla təsdiq olunur. Lakin məhkəmə qətnaməsi ilə uşağın himayəçiliyi atasında olduğundan iddiaçı uşağın sənədləşmə işləri ilə məşğul olduqda uşağın atada qalmasına dair məhkəmə qətnaməsinin olması ona maneçilik törədir. Belə olan halda uşağın mənafeyi üçün onun anasının himayəsində saxlanması barədə qətnamə qəbul edilməlidir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-345/25 saylı iş üzrə 19 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Əliyeva) iddia təmin edilmiş, uşağın ananın himayəsində saxlanılması, cavabdehdən xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, mediasiya üçün ödənilmiş 60 (altmış) manatın iddiaçıya qaytarılması, cavabdehdən məhkəmə xərci olaraq 30 (otuz) manat məbləğində rüsumun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 100.2-ci maddələri və digər əlaqədar normalarla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı azyaşlı qızı Rüqəyyaya qarşı laqeyd münasibət bəsləməklə onu mütəmadi olaraq amansızcasına döymüş və ona şiddət göstərmişdir.Bu barədə video görüntü də vardır.Artıq İddiaçı ilə birgə yaşamaq mümkün olmamış və eləcə də uşağın İddiaçı yanında qalması təhlükəli olmuşdur.Ona görə də 2018-ci ildə iddia ərizəsi ilə Bakı şəhəri,SabunçuRayon Məhkəməsinə müraciət edərək cavabdehlə aralarında olan rəsmi nikah pozulmaqla azyaşlı qızı Şücai Rüqəyyanın onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin vaxt Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və HimayəçilkKomissiyası tərəfindən idda ərizəsilə bağlı evinə baxış keçirilmiş və rəyində uşağın ananın himayəsində saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Buna baxmayaraq cavabdehin psixi durumu, mənzil-məişət şəraiti və azyaşlı qızını mütəmadi olaraq döyməklə ona şiddət göstərməsi və azyaşlı uşağın gələcək həyatının təhlükəsizliyi nəzərə alınmaqla iddiası təmin olunmuşdur. Maddi vəziyyəti və mənzil-məişət şəraiti yaxşıdır. Həmişə qızının qayğısına qalmış və onunla maraqlanmışdır. Göstərirəm ki, iddiaçının psixi vəziyyətində problemlər olmuş, o, qeyri-adekvat hərəkətlər etmişdir. 2018ci ildə biz rəsmi qaydada ayrıldıqdan son 3 ilə kimi – yəni 2022-ci ilin yayına kimi azyaşlı Rüqəyya atanın yanında qalmış və uşağa o özü və nənəsi baxmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı evdə yaşayır. İddiaçının boşanmış, xəstə bacısı da bir uşağı ilə həmin evdə yaşayır. İddiaçının bacısı psixi xəstə olmaqla öz damarlarını doğramışdır. İddiaçının qardaşı da həmin evdə yaşayır. Onun psixi durumunda problemlər var, o da ruhi-əsəb dispanserində müalicə olunmuş və orada qeydiyyatdadır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
10. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni əsassız sayaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 22.2.1. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarı: “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh özü də birinci instansiya məhkəməsində işə baxılarkən 19 mart 2025-ci il tarixli məhkəmə iclasında uşağın 2018-ci ildən onun yanında qaldığını, son 3 ildə anasının yanında yaşadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər də uşağın hazırda ananın himayəsində olduğunu təsdiq etmişlər.
18. 255 nömrəli tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2016-cı təvəllüdlü X6 2024/2025-ci tədris ilində 255 nömrəli tam orta məktəbin 3-cü sinifində təhsil alır. Oxuduğu müddət ərzində X3 anası X4 dərsə aparıb-gətirmiş, valideyn iclaslarında şəxsən özü iştirak etmiş, sinif rəhbəri uşaqla bağlı bütün məsələləri yalnız ana ilə əlaqə saxlamaqla müzakirə etdiyini bildirmişdir.
19. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-5/2-3628/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışından da uşağın anası ilə birlikdə yaşadığı müəyyən edilir.
20. Cavabdeh iddiaçının psixoloji problemləri olduğunu, mənzil-məişət şəraiti və maddi vəziyyətinin qənaətbəxş olmadığını, vaxtilə uşaqdan imtina etdiyini, həmçinin uşağa şiddət göstərdiyini bildirərək uşağın anaya verilməsinin onun mənafeyinə zidd olduğunu iddia edir.
21. İddiaçı isə cavabdehin iddialarının əsassız olmasını nəzərə alaraq uşağın onun himayəsinə verilməsini xahiş edir.
22. Apellyasiya baxışı zamanı cavabdeh tərəf uşağın hansı valideynin yanında qalmasının onun mənafeyinə daha çox uyğun olduğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası vəsatəti əsaslı sayaraq xx.xx.2025-ci il tarixli qərardadla məhkəmə-psixoloji ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
23. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, valideynlər arasında qarşılıqlı münasibətlərdə yaranmış gərginlik X2 emosional-iradi sferasına neqativ təsir göstərməklə, atası X7 olan münasibətinə, atası ilə bağlı fikirlərinə və ünsiyyətinə anası İddiaçı tərəfindən kənar psixoloji təsir əlamətləri üzə çıxır.
24. Ekspert rəyində həmçinin vurğulanır ki, X2 hazırda anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası X7 bağlılığı üzə çıxmır.
25. Kollegiya ekspert rəyində göstərilənləri, uşağın anaya bağlılığını, atası ilə hər hansı bağlılığının olmadığını, uşağın ananın himayəsində yaşadığını və həmin ərazidə yerləşən məktəbdə təhsil aldığını nəzərə alaraq apellyasiya baxışı zamanı uşağın anaya verilməsinə maneə olacaq faktlar aşkar etmədi. Cavabdeh uşağın anaya verilməsinin onun mənafeyinə zidd olduğunu bildirsə də, bunu təsdiq edə sübutlara istinad etməmiş, bu barədə hər hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə baxışı gedişində də bu faktlar öz təsdiqini tapmamışdır.
26. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın ananın yanında qalması ataya mane olmur ki, bir valideyn kimi istədiyi vaxt uşağı ilə ünsiyyət saxlasın və onun tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Apellyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatına görə ödənilməli olan 100 manat pul vəsaiti həmin eksperizanın təyin olunması barədə vəsatət vermiş cavabdehdən tutulmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 19 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.