Məhkəmə qərarları › İş №2(103)-3361/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3361/2021

17.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3361/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ayrıa-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla 2009-cu ildə rəsmi nikaha daxil olduğunu və Suraxanı rayonu, Zabrat 2, İstixanada yerləşən evə gəlin köçərək orada cavabdehlə birlikdə yaşayıb ümumi təsərrüfatı idarə etdiyini, nikahlarından xx xxxxxxxx 2009-cu il tarixdə Yusif, xx xxxxxxx 2011-ci il tarixdə Murad adını verdikləri uşaqlarının dünyaya gəldiyini, 2014-cü ilə qədər həmin evdə yaşadıqlarını, nikahlarının xx xxxx 2014-cü il tarixdə pozulduğunu, həmin dövrdə cavabdehlə aralarındakı razılaşmaya əsasən cavabdehin sözügedən evi satıb satışdan əldə olunan pul vəsaitindən ona ev almaq üçün pul verəcəyini öhdəsinə götürdüyünü, lakin sonradan yenidən barışdıqlarına görə cavabdehin evin satılmasından əldə olunan vəsaitlə, yəni ona verəcəyi pul da daxil olmaqla Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi, ev C007, mənzil ******* ünvanda yerləşən 3 otaqlı yaşayış evini aldığını, bundan sonra uşaqları ilə birlikdə həmin evə köçdüyünü və 2016-2017-ci illərdə cavabdehlə bir ailə üzvü kimi qeyd olunan evdə birgə yaşayıb təsərrüfat apardığını, uşaqlarının həmin ərazidə yerləşən poliklinikada qeydiyyata düşdüklərini və mütəmadi olaraq həmin poliklinikada həkim nəzarətindən keçdiklərini, böyük oğlunun həmin ərazidə yerləşən 113 saylı orta məktəbdə təhsil almağa və qeyd olunan məktəbə gedib-gəlməyə başladığını, 2017-ci il tarixdə cavabdehlə münasibətlərində yenidən soyuqluq yarandığı üçün müvəqqəti olaraq 5-10 günlük valideynlərinin yanına getdiyini, geri qayıtdıqda cavabdehin onları evə buraxmadığını, başqa yaşayış yerləri olmadığından hazırda ünvan 1 ünvanında kirayədə qaldıqlarını, heç bir yerdə işləmədiyini və heç yerdən gəliri olmadığını bildirmiş, buna görə də uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi, ev C007, mənzil ******* ünvanında yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi, ev C007, mənzil ******* ünvanında yerləşən yaşayış evinin əmisinin həyat yoldaşı Tamilla Mərdanovaya məxsus olduğu, keçmiş həyat yoldaşı olan iddiaçı ilə birlikdə orada bir müddət kirayədə yaşadıqları və sonradan evi əmisigilə geri qaytardığı, lakin məhkəmənin sübutlara düzgün qiymət verməyərək və işi hərtəfli araşdırmayaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. X4 da apellyasiya şikayəti vermiş, şikayətini cavabdehin şikayətində qeyd etdiyi arqumentlərə bənzər arqumentlərlə əsaslandırmaqla, ünvan 3 massiv, sahə 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin içərisində olan tikilinin 2015-ci ildən onun və ailəsinin sahiblik və istifadəsində olduğunu, həmin tikilinin ailənin maddi vəziyyətinin yaxşılaşdırılması üçün kirayəyə verildiyini, 2017-ci ilin təqribən avqust ayından etibarən Cavabdeh orada ailəsi ilə birlikdə 10 aya yaxın müddətdə kirayədə yaşadığını, sonradan evin ona (Tamilla Mərdanovaya) qaytarıldığını və hazırda orada başqa kirayənişinlərin yaşadıqlarını, məhkəmənin bu halı təsdiq edən sübutlara, xüsusilə kommunal xidəmət göstərən müəssisələrlə bağlanmış müqavilələrə və tikilinin yerləşdiyi torpaq sahəsinə görə məhz onun (Tamilla Mərdanovanın) vergi ödəyicisi olmasına düzgün qiymət vermədiyini, qanunsuz və ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh, habelə Tamilla Mərdanovanın nümayəndəsi (vəkili) apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərinin təmin olunmasını xahiş etmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, tərəflər 2009-cu ildə rəsmi nikaha daxil olmuş, nikahdan sonra İddiaçı cavabdehin valideynlərinin yaşadığı Suraxanı rayonu, Zabrat 2, İstixanada yerləşən evə gəlin köçmüş, nikahlarından xx xxxxxxxx 2009-cu il tarixdə Yusif, xx xxxxxxx 2011-ci il tarixdə Murad adını verdikləri uşaqları dünyaya gəlmiş, 2014-cü ilə qədər həmin evdə yaşamış, nikahları xx xxxx 2014-cü il tarixdə pozulmuş, bir müddət ayrı yaşasalar da sonradan barışaraq Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi, ev C007, mənzil ******* ünvanda yerləşən 3 otaqlı yaşayış evində yaşamağa başlamış, 2017-ci ildə münasibətləri yenidən pozulmuş və İddiaçı uşaqları ilə birlikdə evi tərk edib getmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi, ev C007, mənzil ******* ünvanda yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış tikilidir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş sözügedən hallarını sadalayaraq, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi, ev C007, mənzil ******* ünvanda yerləşən yaşayış evinin tərəflərin əvvəl yaşadıqları evin satışından əldə edilmiş vəsait hesabına alındığının, habelə evə dair kommunal xidmət barədə qəbzlərin (müqavilələrin) cavabdehin adına olduğunun müəyyən edildiyini vurğulamış və iddiaçının həmin evə köçürülməsi üçün əsasın mövcud olması nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, müəyyən olunmuş hesab etdiyi hallar sübuta yetirilməmiş, gəldiyi nəticə biri digərini tamamlayan mötəbər sübutlarla əsaslandırılmamışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından, mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının 2016-2017-ci illərdə mübahisəsi gedən evdə yaşadığı müəyyən edildiyindən, mübahisəyə xx xxxxxxx 2009cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunduğu kimi, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi, ev C007, mənzil ******* ünvanda yerləşən yaşayış evi özbaşına tikilidir; bununla belə iş materiallarından görünür ki, həmin evin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin əmisinin həyat yoldaşı olduğu bildirilən X1 qəsəbə Bələdiyyəsində vergi ödəyicisi kimi qeydə alınmış, tikili xx.xx.2015-ci il tarixdə onun sifarişi əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən layihələndirilmiş, xx.xx.2016-cı il tarixdə evə qaz sayğacı quraşdırılaraq xx.xx.2019-cu il tarixdə onunla müvafiq müqavilə bağlanmış, xx.xx.2019-cu il tarixdə isə onunla “xxxx” ASC-nin Sabunçu rayon Sukanal İdarəsi arasında müqavilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, mübahisəsi gedən evin iddiaçının keçmiş həyat yoldaşı olan Cavabdeh hər hansı aidiyyatı müəyyən edilməməkdəir və belə olan halda onun (iddiaçının) “digər qohum” olaraq həmin evə köçüb orada yaşadığı qənaətinə gəlinməsi daha ağlabatandır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı mübahisəsi gedən evə sahiblik edən şəxsdən (cavabdehin əmisinin həyat yoldaşından) özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də onun həmin evə köçürülməsi tələbinin qanuni əsası mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4226/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. Mərdanova Xumar Dadaş qızının Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar