Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3361/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil-Tikinti Koperativinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və.s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1835/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Mənzil-Tikinti Koperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MTK tərəfindən xx.xx.2022-ci il tarixdə baş mühasib vəzifəsinə işə qəbul olunmuş və bu barədə tərəflər arasında xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmışdır.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" MTK ya ərizə ilə müraciət edərək Əmək Məcəlləsinin 69- cu maddəsinin 1 və 2 –ci bəndlərinə əsasən 11 dekabr 2022-ci il tarixinədək “Baş mühasib” vəzifəsindən azad edilməsini xahiş etmişdir.
3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xxxxxxx000600 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-də Baş mühasib vəzifəsinə işə qəbul olunmuş və bu barədə tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə MTK-nın sərdi Əhmədov Əjdər Mahmud oğluna müraciət edərək, xx.xx.2022-ci il tarixindən işdən azad edilməsini xahiş etmiş, sənədləri təhvil-təslim etməyə hazır olduğunu, bundan sonrakı proseslərə məsuliyyət daşımayacağını bildirməklə şirkətin asan imzasını poçt vasitəsilə təqdim etmişdir.
5. İş materiallarından göründüyü kimi İddiaçı 11, 14 Noyabr 2022-ci il tarixli işdən çıxmaq barədə ərizələrinə 11, 14, 15 Noyabr 2022-ci il tarixlərində cavab verən MTK-nın rəhbərliyi onun şirkət üçün yaratdığı vergi borclarını qaydaya saldırmasını, əks təqdirdə məsuliyyətə cəlb olunacağını, vergi borclarını qaydaya salmağın və vergi orqanı ilə məsələnin həll edilməsinin, hesablanan vergi borcunun geri qaytarılmasının onun vəzifə öhdəliyi olmasını xatırlatmaqla işdən çıxarılmağa dair ərizəsini qəbul etməmişdir.
6. İş materiallarından göründüyü kimi Development MTK İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmiş və əmri onunla əsaslandırmışdır ki, İddiaçı vəzifəsindən sui-istifadə edərək, 2019, 2020, 2021-ci ilin vergi hesabatlarına artıq məbləğlərdə (əlavə kvadrat yazmaqla) dəqiqləşmə hesabat verib şirkətə borc yaratmışdır. Gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırmışdır. Şirkətə məxsus asan imza telefonunu isə kuriyerlə göndərmişdir. Ən əsası odur ki, şirkətin üzərinə 422700 AZN borc yazdırmışdır. Və buna görə də şirkət onu bu maddə ilə vəzifəsindən azad etmək qərarına gəlmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh Mənzil-Tikinti Koperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən qanunsuz verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, yenidən işə barpa edilməsi, macburi iş buraxmağa gora orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi, 50 manat mediasiya xarcinin va vəkilə çəkdiyi 2000 manat məbləğində xərcin cavabdehdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayında "xxxx" MTK-da Baş mühasib vəzifəsində çalışmağa başlamışdır. İşə başladiği ilk vaxtlar rəhbərliklə aralarında heç bir problem yaranmamışdır. "xxxx" MTKnin direktoru Tofiq Aslanov ona bildirmişdi ki, vergi orqanında müəyyən problemləri movcuddur lakin, tezliklə bu problemləri həll edəcəklər. Sonradan T.Aslanov öz vəzifə səlahiyyətlərini aşaraq ona qarşı şər və böhtan atması, barəsində əsassız olaraq müəyyən qurumlara həqiqəti əks etdirməyən və heç bir təsdiqini tapmayan məlumatlar göndərməsi nəticəsində onunla arasında müəyyən problemlər yaranmışdır. Belə ki, çalişdıgı MTK-da 2021-ci ilin noyabr ayında, yəni, onun şirkətdə rəsmi olaraq çalışmağa başladığı müddətdən 6 ay əvvəl Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarasi tərəfindən yoxlama keçirilməyə başlanmışdır.Yoxlama nəticəsində Development MTK-nın 422.700 manat məbləğində vergi borcunun olması müəyyən edilmişdir. Yoxlama müddətində rəhbərliyin tapşırığına əsasən o, vergi işçisi olan Orxan adlı şəxslə 2 dəfə görüşmüş, yoxlama üçün lazım olan sənədləri ona təqdim etmişdir. Rəsmi məktub əsasında keçirdiyi görüşlərin nəticəsi barəda T.Aslanova məlumat vermişdir. 10 noyabr 2022-ci il tarixində T.Aslanov tərəfindən vergi orqanının əməkdaşı Orxan Niftəliyev barəsində həqiqəti əks etdirməyən ittihamlara əsaslanan və bütünlüklə şər-böhtandan ibarat olan şikayətlərini onun adından Azarbaycan Repsublikasinın Prezidenti İlham Əliyevə göndərdiklərini bildirmişlər. Həmin zaman o buna etiraz etmiş, ittihamların çox ağır və həqiqəti əks etdirmədiyini, qeyd olunan halların heç birinə şahidlik etmədiyini, sözügedən müraciətə imza edə bilməyəcəyini və işdən çıxmaq istədiyni bildirmişdir.Sonradan o, qeyd olunan məktubu öz adından deyil, şirkətin adından müvafiq qurumlara göndərmişdir. Daha sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 11 noyabr 2022-ci il tarixində direktor T.Aslanova ərizə ilə müraciət etmişdir.T.Aslanov onunla razılaşmış va yerinə başqa mühasib də gətirmişdir.O mühasibat işlərinin apalıma qaydasını və görüləcək işləri yeni mühasibə izah etmişdir. 14 noyabr 2022-ci il tarixində yeni işə götürən-"xxxx" MMC-lə əmək müqaviləsi bağladığından onunla Development MTK arasında bağlanmış əmək müqaviləsinə həmin gündən xitam verilməsi barədə təkrar ərizə ilə rəhbərliyə müraciət etmişdir. Lakin, rəhbərlik tərəfindən ona cavab verilmişdir ki, vergi işçisi ilə əlbir olub şirkət üçün 422700,44 manat məbləğində vergi borcu yaratdığına, vəzifə öhdəliklərini yerinə yetirməməklə vergi orqanı ilə məsələni həll etmədiyinə, ona görə də cinayət məsuliyyətinə cəlb olunacağına dair və s.. məzmunlu cavablar verilməklə öz ərizəsinə əsasən işdən çıxarılmasından imtina edilmişdir.Qeyd olunanlara baxmayaraq Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli əmri ilə heç bir əsas mövcud olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi il əmək müqaviləsinə xitam verilmişdir. Tərəfimdən xx.xx.2022-ci il tarixində xx.xx.2022 tarixli əmrin dəyişdirilməsi, əmrin ləğvi, işə bərpa, əmək haqqinın ödənilməsi və maddi zərərin ödənilməsi ilə bagli cavabdeh tərəfə mediasiya prosesinin tətbiqi barədə ərizə göndərilmşdir. 10 gün ərzində Cavabdeh MTKdan heç bir cavab almadığına görə xx.xx.2022-ci il tarixində tərəfimdən mediasiya üçün müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş lakin, Cavabdeh MTK mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2022-ci il tarixində başqa işəgötürən ilə əmək müqaviləsi bağlamış və həmin tarixdən də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq Cavabdeh MTK qeyd olunanları nəzərə almamış, yenidən ona şər və böhtan xarakterli maktublar ünvanlamişdır. Ona görə də, cavabdeh idarə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, yenidən işə bərpa edilməsi, məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi, 50 manat mediasiya xərcinin və vəkilə çəkdiyi 2000 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1835/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi (hakim Ruslan Mirzəliyev) ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh MTK-in xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 384/22 nömrəli Əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MTK-da Baş mühasib vəzifəsinə bərpa edilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin -cı maddəsinin 2-ci bəndinə, 70, 71, 84-cü maddəsinin 1-ci bəndində, 84-cü maddəsinin 2-ci bəndinə, 186, 187-ci maddəsinin 2-ci bəndinə, 300-cü maddəsinə, “Poçt xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 20-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh Mənzil-Tikinti Koperativi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Cavabdeh MTK-ın xx.xx.2022-ci il tarixli 384/22 nömrəli əmrinin qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qətnamədə göstərilmişdir ki, MTK-da Səyyar vergi yoxlama aktı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, işəgötürən həmin vergi aktına görə A.Salmanovaya 2 ay 11 gün sonra intizam cəzası vermişdir. Yəni işəgötürən vergi aktının tərtib olunmasında, MTK-ya vergi borcunun yaradılmasında A.Salmanovanı intizam pozuntusuna yol verməkdə təqsirli hesab edərsə belə qanunla nəzərdə tutulmuş 1 aylıq müddət ötdüyü üçün ona intizam cəzası verə bilməzdi. Lakin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********156992 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən Cavabdeh MTK-da aprel-2019-mart 2022-ci illəri əhatə edən növbədən kənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Səyyar vergi yoxlaması xx.xx.2022- ci il tarixində başlanılmış və xx.xx.2002-ci il tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması aktı tərtib edildikdən sonra yoxlamanın nəticəsində xx.xx.2022-ci il tarixli **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilərək kooperativə 281773,62 manat əlavə vergi hesablanılmış və 140926.82 manat maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli **********164408 nömrəli qərar qəbul edildikdən sonra qanunla nəzərdə tutulmuş 1 aylıq müddət keçmədən xx.xx.2022-ci il tarixdə A.Salmanovanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi haqqında əmr verilmişdir. A.Salmanovanın təhvil-təslim aparıb-aparmadığı araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, ərizəsində göstərdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
15. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər.
16. 71-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
17. 84-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi bardə əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.
18. 84-cü maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
19. 187-ci maddəsinin 2-ci bəndində göstərilir ki, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu və ya aşkar edildiyi gündən 1 ay müddət keçənədək verilə bilər.
20. 300-cü maddəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, hazırkı apellyasiya baxışının həddi qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanması təşkil edir. Başqa sözlə qətmamə iddia tələbi təmin edilməyən hissədə yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1835/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, İddiaçı 2019, 2020, 2021-ci illər üzrə vergi hesabatlarına artıq məbləğdə dəqiqləşmə hesabatı verməsi, şirkətə vəzifəsindən sui-istifadə etməklə vergi borcu yaratması hər hansı bir sübutla təsdiq olumamış, cavabdeh idarə bu barədə məhkəməyə sübut tədim edə bilməmişdir. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində vermiş olduğu izahatından müəyyən olunur ki, MTK vergi borcunun müəyyən edilməsinə dair Aktı, yəni vergi orqanının hərəkətlərini məhkəmə qaydasında mübahisələndirmişdir.
31. Həmçinin məhkəmə araşdırması zamanı MTK üçün vergi borcunun hesablanmasında İddiaçı təqsirli olması, əmək müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini pozması müəyyən edilməmişdir.
32. İddiaçının gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırması barədə əmrdə göstərilənləri də əsaslı hesab etmək olmaz. Belə ki, işçinin barəsində işdən çıxarılmaya dair əmr verilmədən, ondan təhvil-təslim edilməsinin tələb olunması əsaslı deyildir. Hansı ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində əmr verilərkən təhvil-təslim etməyə hazır olduğunu MTK-nın sədrinə bildirmişdir. Eləcə də xx.xx.2022-ci il tarixli əmrdən sonra da İddiaçı təhvil-təslim etməsi tələb olunmamış, onun hesabında hər hansı bir mal- material və yaxud təhvil veriləsi hər hansı bir sənəd qalması göstərilməmişdir. Ona görə də məhkəmə təhvil-təslim etməkdən imtina barədə əmrdə göstərilənləri əsaslı hesab etmir və nəticəyə gəlir ki, bu halda da işçi tərəfindən əmək müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklər pozulmamışdır.
33. Əmrin digər hissəsinə, yəni asan imzanın kuriyerlə göndərilməklə şirkətin kommersiya sirrinin pozulmasına istinad edən cavabdeh idarə konkret olaraq hansı sirrin pozulmasını əsaslandırmamış, bu hərəkətə görə ona ziyan dəyməsini göstərə bilməmişdir. Yəni asan imza kuriyer vasitəsi ilə göndərilmiş və cavabdeh idarə tərəfindən qəbul edilmişdir. Həmin hərəkətləri ilə İddiaçı əmək müqaviləsi ilə şərtləşdirilmiş hansı öhdəliklərini pozması və bunun nəticəsində MTK-ya ziyan vurulması göstərilməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
34. İş materiallarından göründüyü kimi İddiaçı sonuncu iş günü xx.xx.2022-ci il tarixində işə getmiş və növbəti iş günü xx.xx.2022-ci il tarixi olduğundan yeni işəgötürənlə bağlamış olduğu əmək müqaviləsinin surətini və asan imza telefonunu kuriyerlə şirkətə çatdırmışdır.
35. “Poçt xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində Poçt rabitəsi sahəsində fəaliyyətin prinsipləri sırasında 8.0.2 İstifadəçilərin hüquqlarının qorunması, 8.0.4 poçt rabitəsi sahəsində məxfiliyin qorunması qeyd olunmuşdur.
36. Həmin Qanunun 20-ci maddəsinə əsasən Poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyi bu qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə qorunur. Poçt rabitəsi sahəsində işləyən şəxslər poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyini qorumalıdır.
37. xx.xx.2022-ci il tarixli əmrin nəticə hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin məzmunu göstərilsə də, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olumması konkret göstərilməmişdir.
38. İşçinin xx.xx.2022-ci il tarixdən sonra işə çıxmaması, başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla xx.xx.2022-ci ildən işdən azad olunması barədə ərizə verməsi işin mübahisəsiz halıdır. Lakin, cavabdeh idarə verdiyi əmrdə onu üzürlü səbəb olmadan işə gəlməməsinə görə işdən azad etməmiş, bu barədə əmrdə heç nə göstərməmişdir.
39. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisənin həllində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilməz, həmin əmrin genişləndirici təfisiri mümkünsüzdür.
40. İşdən göründüyü kimi İddiaçı MTK-da işə çıxmamasına görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, nəticədə mülkiyyətçiyə hər hansı bir ziyan dəyməsi halı müəyyən edilməmiş, işəgötürən xx.xx.2022ci il tarixli əmrində bu barədə heç nə göstərməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.
41. İş materiallarında olan Development MTK-nın işcilərin davamiyyət cədvəlindən görünür ki, İddiaçı həftədə iki gün 2-ci və 5-ci günlər işə çıxmışdır. Eləcə də 3ABBBMM001000 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə Adilova Zülfiyyə Xanoğlan qızı Development MTK-da mühasib vəzifəsinə qəbul olunmuş və onunla əsas iş yeri kimi müddətsiz əmək müqaviləsi bağlanmışdır. Yəni MTK işə yeni mühasib qəbul etdiyi üçün İddiaçı işə çıxmaması idarədə işin normal ahənginin pozulmasına səbəb olmamışdır.
42. Cavabdeh idarənin xx.xx.2022-ci il tarixli əmrində iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “A” bəndinə əsasən, yəni heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə işdən azad olunması göstərilməmiş, əmrdə həmin bəndə istinad olunmamışdır.Eləcə də İddiaçı idarəyə vergi borcu yaratmaqla maddi ziyan vurmasına əsaslanan işəgötürən işdən çıxarmağa dair əmrində Əmək Məcəlləsinin 72-ci maddəsinin heç bir bındinə istinad etməmişdir.
43. Məhkəmə haqlı olraq hesab etmişdir ki, Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduğundan cavbadeh idarənin xx.xx.2022-ci il tarixli əmri qanun pozuntusu ilə verildiyindən etibarlı hesab oluna bilməz və ləğv edilməlidir.
44. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixdə Development MTK-ya ərizə ilə müraciət edərək digər işəgötürən olan "xxxx" MMC-də baş muhasib vəzifəsinə qəbul olduğunu və onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022ci ildən ləğv olunmasını xahiş etmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
45. İşdən göründüyü kimi MTK xx.xx.2022-ci ildən işə başqa mühasib dəvət etmiş və xx.xx.2022-ci ildə həmin şəxslə əmək müqaviləsi bağlamışdır. Yəni İddiaçı mühasib kimi ehtiyac olmasa da, əmək müqaviləsini işçinin ərizəsinə əsasən ləğv etməkdən imtina etmişdir.
46. İş materiallarından göründüyü kimi, İddiaçı intizam tənbehi verən işəgötürən “intizam tənbehinin verilməsi qaydaları”nı nəzərdə tutan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələblərini pozmuşdur. Belə ki, işəğötürən həmin maddənin 1-ci bəndinin tələblərini pozaraq intizam tənbehi verməzdən əvvəl İddiaçı yazılı izahat verməsini tələb etməmişdir.
47. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndində göstərilir ki, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu və ya aşkar edildiyi gündən 1 ay müddət keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi MTK da Səyyar vergi yoxlama Aktı xx.xx.2022- ci ildə tərtib olunmuş, işəgötürən həmin vergi aktına görə İddiaçı 2 ay 11 gün sonra intizam cəzası vermişdir. Yəni işəgötürən vergi aktının tərtib olunmasında, MTK-ya vergi borcunun yaradılmasında İddiaçı intizam pozuntusuna yol verməkdə təqsirli hesab edirdisə belə qanunla nəzərdə tutulmuş 1 aylıq müddət ötdüyü üçün ona intizam cəzası verə bilməzdi.
48. Şərh olunanlardan göründüyü kimi, işəgötürən əmək müqaviləsinin ləğv edilmə qaydalarına da əməl etməmişdir.
49. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh idarə iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla qanun pozuntusu ilə işdən azad etməsi iş materialları ilə tam təsdiq edilir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Mənzil-Tikinti Koperativinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1835/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.