Məhkəmə qərarları › İş №2(103)-3366/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3366/2023

28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3366/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi olmaqla hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi olmaqla hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)-4981/2022 nömrəli qətnaməsindən maraqlı şəxsin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1978-ci ilin dekabr ayından 1993-cü ilin iyul ayına kimi Ağdam rayonunun Salahlı kəndi X2 fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)- 4981/2022 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi 1978-ci ilin dekabr ayından 1993-cü ilin 25 iyun tarixədək Ağdam rayonunun Salahlı kəndində “Qarabağ” Üzümçülük Sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir.

3. Qətnamə ilə razılaşmayan maraqlı şəxs ondan şikayət verərək, ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

5. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. İşdən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)-4981/2022 nömrəli qətnaməsi 18 yanvar 2023-cü il tarixli müşayiətedici məktubla məlumat üçün maraqlı şəxsin ünvanına göndərilmiş, daha sonra 22 fevral 2023-cü il tarixdə qətnamədən şikayət vermə müddəti bitdiyi və qanuni qüvvəsi aldığı üçün icra olunması üçün yenidən maraqlı şəxsin ünvanına göndərilmişdir. Maraqlı şəxsin hazırkı apellyasiya şikayəti isə 12 aprel 2023-cü ildə təqdim edilmiş, şikayətdə məhkəmə aktının alındığı tarix kimi 13 mart 2023-cü il göstərilmişdir.

7. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamənin maraqlı şəxsə nə vaxt çatdırıldığını, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddətin ötürülübötürülmədiyini araşdırmadan şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

8. İş materiallarının 80-81-ci səhifələrində olan məktubun və məktubların göndərilməsi barədə reyestrin surətindən görünür ki, qətnamə maraqlı şəxsə çatdırılması üçün 09 yanvar 2023-cü il tarixdə poçt – rabitə orqanına təhvil verilmiş, məhz qətnamənin çatıdırlması qənaətinə gəldikdən sonra 23 fevral 2023-cü il tarixdə qətnamə icraya yönəldilmişdir

9. Məktubların göndəriliməsi barədə reyestrin surətindən görünür ki, məktublar sifarişli göndərilmişdir. Belə olduğu halda məhkəmənin “www.azerpost.az” saytının “Poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil olmaqla qətnamənin surətinin maraqlı şəxsə çatıdırlma tarixini müəyyən etmək imkanı olduğu halda bunu aydınlaşdırmamışdır.

10. Həmçinin, şikayətdən görünür ki, apellyasiya şikayətinin ayrı-ayrı hissələrində şikayət verən şəxs kimi həm Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, həm də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialı göstərilmişdir.

11. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

12. Lakin birinci instansiya məhkəməsi qanunun tələblərini nəzərə almamaqla göstərilən xüsusatları araşdırmamış və şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

13. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(008)- 4981/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar