Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3366/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X5 ibarət tərkibdə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, 11 avqust 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU1-24 505-10495 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçının xeyrinə 26.342,22 ABŞ dolları əsas, 13.924,79 ABŞ dolları faiz, 74.892,31 ABŞ dolları məbləğində dəbbə, cəmi 115.339,32 ABŞ dolları məbləğində kredit borcunun, bildirişin DƏDRXDƏ qeydə alınması üçün ödənilmiş 30 manat, ödənilmiş dövlət rüsumunun və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 41,20 manat notariat haqqının alınması, Cavabdeh2 məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 18300 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, Zeytun emalı ərazisi, Xətai küçəsi, 2-ci döngədə yerləşən 22 nömrəli, 95,3 kv.m. ümumi, 47,2 kv.m. yaşayış, 48,1 kv.m. yardımçı sahəsi olan, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı ərazisi, Xətai küçəsi, 2-ci döngədə yerləşən, 22 nömrəli, 95,3 kv.m. ümumi, 47,2 kv.m. yaşayış, 48,1 kv.m. yardımçı sahəsi olan, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 26.342,22 ABŞ dolları əsas, 13.924,79 ABŞ dolları faiz, 1.000 ABŞ dolları məbləğində dəbbə, cəmi 41.267,01 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq, "xxxx" Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Bakı şəhəri, Xətai küçəsi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, Bakı şəhəri, Xətai küçəsi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş 1 aylıq prosessual müddətin ötürülməsi səbəbindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qərardadı ilə geri qaytarılmışdır. Bu qərardaddan xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi səbəbindən) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şikayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008) 196/2018 saylı qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008) 196/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, 13 iyul 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-196/2018 saylı qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək, bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan da iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Məhkəmə cavabdehin 2019-cu ildə əməliyyat olunmasını, övladlarının xəstəliyi ilə bağlı guya “ölkə xaricində olmasını” (bunu təsdiq edən heç bir sübut yoxdur) və “məhz sonuncu tərəfindən qeyd olunan qətnamənin rəsmi qaydada alınmasını təsdiq edən sənədin müəyyən edilmədiyini” şikayət vermə müddətinin bərpa edilməsi üçün kifayət hesab etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə gətirir. Qətnamənin qanuni qüvvəyə minməsi və icraya yönəldilməsi qəbul edildiyi tarixdən 18 təqvim ayı sonra baş vermişdir və cavabdehin apellyasiya şikayəti vermək hüququnun pozulması ehtimal olsaydı məhkəmə qətnamənin qüvvəyə minməsi barədə möhür vurmaz və 18 ay sonra icraya yönəltməzdi. Bu qərardadın mövcudluğundan Bakı Apellyasiya Məhkəməsində “mənzilin boşaldılması” iddiası üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iclasda xəbər tutmuş və qərarın alınması üçün xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sənədin surətini xx.xx.2023-cü il tarixdə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, 19 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 196/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında qətnamənin məhkəmə qəbzinə imza etməklə qəbul edilməsini təsdiq edən sənədin olmaması və həmin qətnamədən xx.xx.2018-ci il tarixdə apellyasiya şikayətinin verilməsi, Cavabdeh2 tərəfindən qətnamənin qeyd edilən ünvan üzrə qəbul edilməsini və həmin poçt ünvanı üzrə göndərilən məhkəmə sənədlərinin çatdırılmasını təsdiq edir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş 1 aylıq prosessual müddətin ötürülməsi səbəbindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmçinin Cavabdeh2 tərəfindən apellyasiya şikayəti yenidən, bu dəfə müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə xx.xx.2023-cü il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(006)-196/2018 saylı qətnaməsinin tərəflərə, o cümlədən cavabdehlərə göndərilməsinə dair məktub olsa da, məhz sonuncu tərəfindən qeyd olunan qətnamənin rəsmi qaydada alınmasını təsdiq edən sənəd müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi cavabdehə çatdırılmışdır, lakin qətnamənin artıq icraya yönəldilməsi, apellyasiya şikayətinin qətnamənin çıxarılmasından uzun müddət sonra verilməsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdeh tərəfindən ötürülmüşdür. Bundan başqa birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş epikrizlərdən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə yad cismin xaric edilməsi əməliyyatı olunmuşdur. X1 sağ böyrəyin qalça distopiyası, böyrək fəaliyyətinin zəifləməsi xəstəliyindən əziyyət çəkir. Qeyd edilən hallarla bağlı Cavabdeh2 məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin qaytarılması ilə bağlı məhkəmə qərardadlarında qanunla müəyyən edilmiş müddətdə verə bilməmişdir. Göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi 10 aprel 2018-ci il tarixdə qəbul edilmiş, cavabdeh isə 02 aprel 2019-cu il tarixdə əməliyyat keçirmişdir ki, cavabdeh məhz qətnamə qəbul edildikdən sonra səhhəti ilə əlaqədar olaraq şikayət verə bilməməsini sübut edə bilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün isə ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apelyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut da təqdim etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qərardadında da cavabdehin müəyyən edilmiş 1 aylıq prosessual müddətin ötürülməsi olmasının qeyd etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məhəmmədov və digərləri Rusiyaya qarşı” iş üzrə 28 mart 2017-ci il tarixli qərarında isə həmin məhkəmə vurğulamışdır ki, “...Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir. ...Ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir”. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Cavabdehin isə qətnamənin qəbul edilməsindən, həmçinin qətnamənin icraya yönəlməsindən keçən müddət ərzində qəbul edilmiş qətnamədən məlumatlı olmaması ağlabatan hesab edilmir, həmçinin keçən bu müddət ərzində qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Hazırki iş üzrə isə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin cavabdehdən asılı olmayan səbəblərdən baş verməsi sübuta yetirilməmişdir. Cavabdeh2 qanunla müəyyən edilmiş prosessual hüquqlarından prosessual müddətlər daxilində həyata keçirilməməsi üçün hər hansı üzürlü səbəb olmadığından, onun ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş 2(008)-196/2018 saylı, 11 avqust 2023-cü il tarixli qərardad ləğv edilməli və buraxılmış müddətin bərpası haqqında ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qaəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, 11 avqust 2023cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3366/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3366/2024
20.05.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver