Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3366/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı; mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilə mülkiyyət hüquqlarının tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma”, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi İşin halları
1. 7 noyabr 1996-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 130, m.43 saylı mənzil saıcı X15 tərəfindən İddiaçı 15000000 (on beş milyon manat) müqabilində satılmışdır.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 043940 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabına xx.xx.1997-ci il tarixdə 662-ci səhifədə 99296 saylı qeydiyyat aparılmışdır.
3. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(14295)/2023 saylı Qərardadı ilə X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “qeydiyyatın ləğv edilməsi və yeni çıxarışın verilməsi” iddiası mümkün sayılmamışdır.
4. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisi Cavid ismayılzadə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli 3-13-30-1/2-13-4310 saylı məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixli ərizəsi əsasında müraciətə baxılmış, aparılan araşdırma zamanı vətəndaş Cavabdeh1 izahatı alınmış və bu barədə xəbərdarlıq edilmiş, o da öz növbəsində evi boşaldıb təhvil verəcəyini bildirmişdir
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzilindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu hüququnun qeydiyyatdan keçməsi barədə ona Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 043940 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edir ki, Cavabdeh2 onun yerlisi və eləcə də qaynı Mahir Babaşovun dostu Kamilin qızıdır. Cavabdehlər evləndikdən sonra ev almaq imkanları olmadığından Cavabdeh2 atası Kamil onun qaynı Mahirə kömək etməsini xahiş etmişdir. Kamil onun qaynına demişdir ki, “sizin bildiyim qədərilə şəhərdə eviniz var, mümkünsə həmin evdə qızımgil yaşasın, özün də görürsən ev almağa imkan yoxdur, imkan etsinlər, pullarını yığsınlar özlərinə ev alanadək uzağı bir-iki il yaşasınlar”. Qayını da ondan bu səbəbdən xahiş etdiyindən, o özü ailəsi ilə Ağsu rayonunda yaşadığından Nərimanov rayonunda yerləşən ona məxsus Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzildə cavabdehlərin əvəzsiz olaraq qısa müddətlik yaşamlarına icazə vermişdir. Onu da xüsusilə qeyd edir ki, Cavabdeh2 atası rəhmətə getməmişdən əvvəl demək olar hər dəfə min bir xahiş edərək qızı ilə kürəkəninin evdə yaşamasına dair xahişlər etmiş, hər il imkan edib özlərinə ev alıb çıxacaqlar demişdir. Kamil rəhmətə getdikdən sonra isə onun yoldaşı xahişlər etdi, onun qaynı da Kamillə dost olduğundan onun rəhmətə getməsini nəzərə alaraq kəskin şəkildə cavabdehlərə evdən çıx deyə bilməmişdir. Bir müddət olar ki, xəbər tutmuşdur ki, cavabdehlər özlərinə ev alıblar və ona məxsus evi də özbaşına başqalarına kirayə veriblər. O da bunu bilən kimi qaynı ilə əlaqə saxladı ki, ona inanıb, xahişlərini nəzərə alıb, dostuna, qızına yazığı gəlib heç bir qarşılıq gözləmədən onların bir müddət orada qalmasına icazə verdiyi halda necə ola bilər ki, onlar onun evini özbaşına kirayə verib gəlir əldə edirlər. Bununla yanaşı cavabdehlərlə əlaqə saxlayaraq evin boşaldılaraq təhvil verilməsini tələb etsə də onlar evi boşaltmayacaqlarını, evi ona verməcəyəklərini bildirdilər, hətta Cavabdeh1 öz işindən, statusundan istifadə edərək ona hədə-qorxu gəlir ki, onu kimsə bu evdən çıxarda bilməz. O da yaranmış mübahisəni danışıqlarla həll edə bilmədiyimdən aidiyyəti qaydada ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə şikayətlə müraciət etmişdir. Şikayət üzrə qanuni araşdırılma aparılaraq, Cavabdeh1 izahatı alınmış, qanunvericiliyin tələbləri onun diqqətinə çatdırılmış, o cümlədən evdə kirayə qalan şəxs barəsində də inzibati tənbeh tətbiq edilmişdir. Onu da qeyd edir ki, müraciəti üzrə aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2023-cü il tarixdə ona ünvanlanmış cavabda Cavabdeh1 izahatının alınması və ona pozuntu bu barədə xəbərdarlıq edilməsi, Cavabdeh1 isə yaxın vaxtda mənə məxsus evi boşaldıb təhvil verəcəyini bildirməsi barədə qeyd əksini tapmışdır.
7. İşə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə X6 vərəsəsi kimi onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 90-cı ilin axırlarında onun vəfat etmiş yoldaşı X10 tərəfindən alınmışdır. Həmin vaxt X10 Bakı qeydiyyatı olmadığı üçün mənzili öz yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun yaxın qohumu cavabdeh İddiaçı adına almışdır. Həmin vaxtdan mənzil faktiki olaraq o və rəhmətə getmiş yoldaşının sahiblik və istifadəsində olmuşdur. X10 xx.xx.2016-cı ildə rəhmətə getdikdən sonra da o bir müddət orada yaşamışdır. Daha sonra övladının yanına köçdüyündən həmin mənzil boş qalmasın deyə, yaxın qohumların övladları təhsil aldıqları müddətdə əvəzsiz olaraq onların istifadəsinə vermişdir. Bu günə kimi həmin mənzilin mülkiyyətçisi həm qonşular tərəfindən, həm də MKİB tərəfindən X10 və onun yoldaşı kimi o tanınmışdır. Evin bütün kommunal xərcləri X10, o rəhmətə getdikdən sonra isə onun tərəfindən ödənilmişdir. Ödənişlərin həyata keçirilməsi barədə MKİB-nin müvafiq aktı da mövcuddur. Son bir aydır ki, İddiaçı mənzili onun əlindən almaq istəyir. Bu səbəbdən İddiaçı tərəfindən onun qızı Cavabdeh2 və yeznəsi Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Həmin iddia tələbi qeyd edilən mənzillə bağlı olduğundan onun hüquqlarına toxunur və onun tərəfindən İddiaçı iddia tələbi sürmək hüququ verir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaları; Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırarkən hesab etmişdir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. İlkin iddiaçı, mənzilin mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehlərin isə iddiaçıya məxsus mənzildə qalması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
11. Həmçnin məhkəmə qeyd etmişdir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 mənzili əslində onun mərhum əri tərəfindən alındığını bildirsə də, mülki işin materialları ilə birmənalı şəkildə müəyyən edilir ki, mənzil iddiaçıya məxsusdur, əvəzli müqavilə əsasında əldə edilmişdir. X3 digər dəlili mənzildən həmişə özünün və ailə üzvlərinin istifadə etdiyi həqiqətə uyğun olmuş olsa belə, həmin hal iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus mənzildən nə istifadə, nə də digər hər hansı hüquq yaratmır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının hüquqi əsası mövcud deyil, belə ki, mənzildən mülkiyyət hüququnun yaranmasının əsasları mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Hazırki iddia ərizəsində həmin əsaslar müəyyən edilmir. Eyni zamana üçüncü şəxs inzibati icraat qaydasında da iddiaçıya məxsus qeydiyyatın ləğv edilməsini xahiş etmiş, lakin iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, üçüncü şəxsin iddiası əsassızdır.
12. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 157.2, 228.1, 228.2 və 228.5-ci maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
13. Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı iş üzrə 27 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 qeyd olunan mənzildə faktiki olaraq yaşamırlar. Bu "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışla təsdiq olunur. Həmin arayışda qeyd edilir ki, o və Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078A məhəlləsində,235 korpus, mərtəbə 10, mənzil 2 də ailə üzvləri ilə birlikdə yaşayırlar. Bu onu deməyə əsas verir ki, məhkəmə Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzilində cavabdehlərin yaşayıb-yaşamadığını müəyyən etməyərək və qeyd edilən faktları aydınlaşdırmayaraq iddianı əsassız olaraq təmin etmişdir. Əslində həmin mənzil faktiki olaraq cavabdehlərin anası X5 məxsusdur. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil 90-cı ilin axırlarında X3 vəfat etmiş yoldaşı X10 tərəfindən alınmışdır. Həmin vaxt X10 Bakı qeydiyyatı olmadığı üçün mənzili öz yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun yaxın qohumu İddiaçı adına almışdır. Həmin vaxtdan mənzil faktiki olaraq Quliyeva Vəfanın və mərhum ərinin sahiblik və istifadəsində olmuşdur. X10 xx.xx.2016-cı ildə rəhmətə getdikdən sonra da Quliyeva Vəfa bir müddət orada yaşamışdır. Daha sonra övladının yanına köçdüyündən həmin mənzil boş qalmasın deyə, yaxın qohumların övladları təhsil aldıqları müddətdə əvəzsiz olaraq onların istifadəsinə vermişdir. Bu günə kimi həmin mənzilin mülkiyyətçisi həm qonşular tərəfindən, həm də MKİB tərəfindən X10 və onun arvadı kimi Quliyeva Vəfa tanınmışdır. Evin bütün kommunal xərcləri X10, o rəhmətə getdikdən sonra isə X8 tərəfindən ödənilmişdir. Ödənişlərin həyata keçirilməsi barədə MKİB-nin müvafiq aktı da mövcuddur. Məhkəmə qeyd edilən faktları araşdırmadan iddianı təmin etmişdir. ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehlər faktiki yaşamadığı halda məhkəmə həmin şəxslərin yaşamadığı mənzildən çıxarılması barədə qətnamə qəbul etməklə cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
15. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı iş üzrə 27 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin müstəqil tələb irəli sürən üçüncü şəxsə münasibətdə ləğv edilməsini, iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 90-cı ilin axırlarında onun vəfat etmiş yoldaşı X10 tərəfindən alınmışdır. Həmin vaxt X10 Bakı qeydiyyatı olmadığı üçün mənzili öz yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun yaxın qohumu cavabdeh İddiaçı adına almışdır. Həmin vaxtdan mənzil faktiki olaraq onun və mərhum ərinin sahiblik və istifadəsində olmuşdur. X10 xx.xx.2016-cı ildə rəhmətə getdikdən sonra da o bir müddət orada yaşamışdır. Daha sonra övladının yanına köçdüyündən həmin mənzil boş qalmasın deyə, yaxın qohumların övladları təhsil aldıqları müddətdə əvəzsiz olaraq onların istifadəsinə vermişdir. Bu günə kimi həmin mənzilin mülkiyyətçisi həm qonşular tərəfindən, həm də MKİB tərəfindən X10 və onun arvadı kimi o tanınmışdır. Evin bütün kommunal xərcləri X10, o rəhmətə getdikdən sonra isə onun tərəfindən ödənilmişdir. Ödənişlərin həyata keçirilməsi barədə MKİB-nin müvafiq aktı da mövcuddur. Eyni zamanda işlə birbaşa əlaqəsi olmasa da daxili inam yaratmaq məqsədilə aşağıdakı məqamları məhkəmənin diqqətinə çatdırmaq istəyir. Babaşov Mahir Ağası oğlu xx.xx.2021-ci il tarixdə “Öhdəlik Ərizəsi” adlı ərizə yazaraq adında olan Quliyev Kamilə məxsus olan 16 ha torpaq sahəsinin, satılmış torpaqların və borc pul məbləğini X9 Fərid Kamil oğluna geri qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin ərizədə Babaşov Mahir özü də etiraf etmişdir ki, həmin torpaq sahələrinin alınması üçün bütün maliyyə xərcləri Quliyev Kamil tərəfindən çəkilmişdir. Babaşov Mahir Ağası oğlu üzərinə götürmüş olduğu öhdəliklərdən yayınmağa çalışdığından Bakı şəhəri Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı Babaşov Mahir Ağası oğlu götürmüş olduğu öhdəlikdən yayınmaq məqsədilə imzanın ona aid olmadığını bildirmiş və iş ilkin olaraq xəttşünaslıq, daha sonra isə texniki ekspertizaya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyləri ilə həmin ərizənin məhz Babaşov Mahir Ağası oğlu tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır Bakı şəhəri Yasamal rayon məhkəməsinin e-2(004)-39/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir Bu fakt onu təsdiq edir ki, Babaşov Mahir Ağası oğlunun və onun qohumlarının əslində adında olan bütün əmlaklar Quliyev Kamil tərəfindən alınmışdır. Bundan başqa Babaşov Mahir Ağası oğlunun adında olan "xxxx" MMC-də Quliyev Kamilin maddi dəstəyi və yardımı ilə yaradılmış, Babaşov Mahirin adı təsis sənədlərində qeyd edilsə də, formal olmuşdur. Belə ki, xx.xx.2008-ci il tarixdə Güzdək kəndində X10, Babaşov Mahir Ağası oğlu, X16, Aycibin Hasan və İlyas Olgun arasında "xxxx" MMC-nin qurulması barədə təsis müqaviləsi imzalanmışdır. Həmin müqavilənin ön səhifəsində X10 rəsmiyyət olmadan Babaşov Mahir Ağası ortağı kimi imza atmış, digər şəxslərdə öz imzaları ilə təsdiq etmiş, İlyas Olgun adından isə Aycibin Hasan imza atmışdır. Həmin zaman Quliyev Kamilin göstərişinə əsasən Babaşov Mahir Ağası oğlunun formal olaraq adı müqavilədə qeyd edilmişdir ki, sonradan rəsmiyyətdə formal təsisçi kimi qeyd edilsin. Müqavilənin birinci səhifəsindən aydın olur ki, Aycibin Hasan və X20 Respublikasında mozaika fabrikası olan iş adamları olmuşdur. Aycibin Hasan Azərbaycan Respublikasına bir neçə dəfə mal satıqdan sonra burada da fabrika açmaq niyyətinə düşmüşdür. Bundan sonra onu Quliyev Kamillə tanış etmişlər, aralarında razılıq olduqdan sonra, Aycibin Hasan bir neçə dəfə Quliyev Kamilə təlim keçmiş və mozaikanın incəliklərini izah etmişdir. Müqavilənin ikinci səhifəsindən aydın olur ki, Quliyev Kamil tərəfindən şirkətin qurulmasına 100.000 ABŞ dolları məbləğində nəğd pul vəsaiti qoyulmuş və ona məxsus torpaqda mozaika sexinin binasının tikintisini təşkil edilmişdir. Bütün bu sadalanlar onu deməyə əsas verir ki, ünvan 1 ünvanında yerləşən mənzilə X6 vəsaiti hesabına alınmış, formal olaraq İddiaçı adına sənədləşdirilmişdir. Məhz buna görə 30 ilə yaxındır müddətidir ki, həmin mənzil X6 və o vəfat etdikdən sonra onun istifadəsində olmuşdur. Nə iddiaçı, nə də Babaşov Mahir Ağası oğlu 30 il ərzində bununla bağlı heç bir iddia qaldırmamış, pretenziya irəli sürməmişdir. Yalnız münasibətlər kəskinləşdikdən sonra Babaşov Mahir hazırkı iddia üzrə iddiaçıya göstəriş verərək bu iddianın qaldırılmasını tapşırmış, eyni zamanda Babaşov X2 Fəridlə və təsisçisi olduğu "xxxx" MTK məhkəmə mübahisələrinə başlamışdır. Məhkəmə qeyd edilən faktları araşdırmadan yalnız iddiaçının adına formal sənədləşmənin olmasına istinad edərək iddianı təmin etmişdir.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini etiraz edərək təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin tam ləğv edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
24.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
25.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
26.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 27.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 28.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 29.139-1.1.2-ci və 139-1.1.3-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. 30.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 31.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
33.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı olan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
39. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.
41. Beləliklə də, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq cavabdehlər iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.
42. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır.
43. Yuxarıda qeyd edilənlərin məntiqi davamı olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayətinin (iddianın) də təmin olunması Mülki Məcəllənin 140, 148.2 və 149.2ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.
44. Halbuki iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023cü il tarixli, 2-1(14295)/2023 saylı qərarından müəyyən edilir ki, X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “qeydiyyatın ləğv edilməsi və yeni çıxarışın verilməsi” iddiası mümkün sayılmamışdır.
45. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Günay Axundova