Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3367/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-603/2025 saylı, 15 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-603/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 134 nömrəli mənzildə hazırda faktiki yaşayan şəxslərə dair məlumatları əks etdirən sənədlərin 5 (beş) gün müddətində təxirə salınmadan məhkəməyə təqdim edilməsi və qərardadın icrasının Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Maraqlı şəxs MMCyə həvalə olunması, qərardaddan şikayət verilmədiyi qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv olunmasına, müvafiq məlumatların qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-603/2025 saylı, 15 aprel 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 603/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdehin Cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil2) həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-603/2025 saylı, 23 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı elektron kabinet vasitəsilə təqdim etdiyi şikayətə etirazında bildirmişdir ki, 2019-cu ildə tam qanuni əsaslarla əldə etdiyi yaşayış sahəsindən istifadə hüququnu bu günədək reallaşdıra bilmir. Bu hüququnun pozulmasının əsas səbəbi, həmin əmlakın sabiq sahibi Xanmmədova İntizar və onunla qohumluq əlaqəsində olan Cavabdeh1dir. Həmin şəxslər 2019-cu ildən bəri müxtəlif məhkəmə iddiaları irəli sürməklə onun əmlak üzərindəki mülkiyyət hüququnu faktiki olaraq məhdudlaşdırmağa çalışırlar. Bu prosesə Cavabdeh1 vəkili Vəkil2 da qoşulmuşdur. Vəkil məhkəmənin və tərəflərin dəyərli vaxtını məqsədyönlü şəkildə israf edərək hüquqi boşluqlardan sui-istifadə etməklə işin müddətini uzatmağa cəhd edir. Nümunə olaraq, vəkilin Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardaddan şikayətini qeyd etmək olar. Qanunvericiliyə əsasən, belə bir qərardaddan şikayət vermək hüquqi baxımdan mümkün olmadığı halda, vəkil həmin qərardaddan şikayət vermişdir. Əlavə olaraq, həmin qərardad cavabdehə qarşı çıxarılmadığı üçün onun hüquq və mənafelərinə heç bir təsir göstərmir. Buna baxmayaraq, vəkil bu hüquqdan sui-istifadə edərək şikayət vermiş və şikayət rədd edildikdən sonra apellasiya şikayəti vermişdir. Bu hallar vəkilin qanunda mövcud olan boşluqlardan sui-istifadə etməsi, prosesi qəsdən uzatması və məhkəməyə qarşı hörmətsizlik nümunəsidir. Odur ki, cavabdehin şikayətinin təmin edilməməsini, həmçinin qanundan sui-istifadə halları üzrə tədbir görülməsini və hərəkətlərinə görə cərimələnməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Əvvəla, MPM-in 395.1-ci maddəsində birinci instansiya məhkəməsinin hansı qərardadlarından şikayət verilə bilməsi dəqiq müəyyən edilmişdir. Başqa sözlə, hansı qərardadlardan ki, şikayət verilə bilər, onlar MPM-də konkret göstərilmişdir. Eyni zamanda elə qərardadlar da ola bilər ki, onlardan şikayət verilməsi Məcəllədə birbaşa göstərilməsə də, işin sonrakı hərəkətlərinə mane olur. Bu hallarda, yəni işin sonrakı hərəkətlərinə maneə olduğu halda həmin qərardadlardan şikayət verilə bilər. Buna görə də, MPM-in 395.2-ci maddəsinin imperativ tələbinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-603/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı MPM-in 395.1-ci maddəsində nəzərdə tutulan qərardadlara aid olmadığı, əksinə 395.2-ci maddəsində nəzərdə tutulan qərardadlardan olduğu işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi bu cür qərardadı ayrıca akt formasında qəbul edib, üstəlik nəticə hissəsində qərardaddan şikayət verilməsinin nəzərdə tutulmadığını tərəflərə, o cümlədən cavabdehin vəkilinə izah edib. Ancaq cavabdehin vəkili bilə-bilə ki, bu cür qərardaddan şikayət verilmir, yenə də prosessual hüquqlarından sui-istifadə edərək davamlı olaraq şikayət vermişdir. Məhkəmə tərkibi vurğulayır ki, peşəkar hüquqşünas olan cavabdehin vəkilinin qanunvericiliyin bu tələbindən, yəni birinci instansiya məhkəməsinin hansı qərardadlarından kassasiya şikayəti verilə bilməsindən məlumatsız olması da inandırıcı deyildir. Buna görə də, məhkəmə tərkibi cavabdehin vəkilinin diqqətinə çatdırır ki, Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinin tələbinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-603/2025 saylı, 15 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-603/2025 saylı, 15 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3367/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3367/2025
26.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver