Məhkəmə qərarları › İş №2(103)-3368/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3368/2020

01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3368/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, pul tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)-765/2019 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli “X3 Verilməsi haqqında” müqavilənin ləğv edilməsi, 65 saylı depozit yeşiyinin açılaraq yeşikdə olan əmlakın bankın saxlancına verilməsi və 3666 ABŞ dolları icarə haqqı borcu, 3666 ABŞ dolları cərimə borcu və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ASC ilə cavabdeh arasında 12 ay müddətinə, aylıq icarə haqqı 26 ABŞ dolları məbləğində olmaqla, xx.xx.2006-cı il tarixli “X3 verilməsi haqqında" müqavilə bağlanmış, müqavilənin 2.3-cü və 2.4-cu bəndlərinə əsasən, müştəri müddətdən asılı olmayaraq İcarə haqqını bu müqavilə qüvvəyə mindiyi tarixdən hər növbəti ayın 5-dən gec olmayaraq qabaqcadan ödəyir və icarə haqqı həmin müddətdə ödənilmədikdə gecikdirilmiş hər ay üçün müştəri banka aylıq icarə haqqı məbləğində cərimə ödəyir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı ilə cavabdehin icarəsinə verilmiş depozit yeşiyinin 2 ədəd açarları ona təhvil verilmiş, açarlar hələ də cavabdehdədir. Hal-hazırda da bankda depozit yeşiyinin açarları yoxdur. Müqavilənin 5-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən müştərinin seyfdə olan əmlakının açılması yalnız müştərinin və bankın nümayəndəsinin iştirakı ilə mümkündür. Bu səbəbə görə də müqavilə üzrə depozit yeşiyinə müştəri tərəfindən qoyulmuş əmlak hələ də yeşikdə saxlanmaqdadır. Depozit yeşiyinin müştərinin iştirakı olmadan açılması mümkün olmadığından və bankın buna dair hər hansı bir hüququ olmadığından, eləcə də müştərinin depozit yeşiyinin açarlarını banka təhvil verməməsi tərəflərin müqavilə üzrə öhdəliklərinə bu günə qədər də xitam verilməməsinə səbəb olmuşdur. Beləliklə müqavilənin ləğv edilməməsi və öhdəliklərə xitam verilməməsinin səbəbi, məhz müştərinin müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməməsidir. Cari borcun tam şəkildə qaytarılması ilə bağlı Bank tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq bildirişi də heç bir nəticə verməmiş, cavabdeh hazırkı dövrə qədər ödənişlər həyata keçirməməklə, eyni zamanda depozit yeşiyində olan əmlakını götürmədən bank qarşısında olan öhdəliklərini pozmaqda davam etmiş və banka maddi zərər vurmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 765/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli “X3 Verilməsi haqqında” müqaviləsinin ləğv edilməsi, 65 saylı depozit yeşiyin açılaraq, yeşikdə olan əmlakın bankın saxlancına verilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə icarə haqqı üzrə 3666 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə borcu, cəmi 3966 ABŞ dolları məbləğində pul vəsaiti və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-8159/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-765/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh 836,85 manat icarə haqqı, 100 manat dəbbə pulu olmaqla, cəmi 936,85 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli X3 verilməsi haqqında müqavilənin ləğv edilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-163/2020 saylı Qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8159/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehdən tutulacaq məbləğin müəyyən edilməsi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və qətnamə İddiaçı ASC-nin kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Konstitusiyanın istinad edilən normasında Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilmiş, Konstitusiyanın həmin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin normanı yanlış təfsir edərək tərəflər arasında bağlanmış müqavilənin xarici valyuta ilə bağlı müddəasını əhəmiyyətsiz şərt hesab etmişdir. Lakin göründüyü kimi, müqavilədə icarə haqqının məbləğinin xarici valyutada qeyd edilməsi istisna edilmir. Tərəflər öz müstəqil iradə ifadəsi ilə müqavilənin şərtini müəyyən etməkdə sərbəstdirlər. Həmçinin ödəniləcək aylıq habelə hər hansı bir dövr üçün ümumi icarə haqqının məbləğinin xarici valyutada müəyyən edilməsi, həmin xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi anlamına gəlmir. İcarə haqqının məbləği xarici valyuta ilə hesablanmaqla ödənişin həmin vaxtın məzənnəsi üzrə manatla həyata keçirilməsi nə Konstitusiyanın, nə də yuxarıda göstərilən habelə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanunverciliyin normalarına zidd deyildir. Belə olan halda tərəflər arasındakı depozit qutusunun icarəyə verilməsi haqqındakı müqavilənin icarə haqqının ABŞ dolları ilə hesablanmasına dair şərti əhəmiyyətsiz hesab oluna bilməz. Həmin şərtin etibarsız hesab olunması, yaxud müqavilə şərtlərinin dəyişdirilməsi barədə də tərəflərin hər hansı birinin iddiası yoxdur. Məhkəmənin öz təşəbbüsü ilə Mülki Prosessual Məcəllənin 337.1-ci maddəsinə istinad edərək müqavilənin həmin şərtinin mübahisə edilən əqd kimi etibarsız sayması isə iddia tələblərindən kənara çıxmadır.Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsi başqa pul vahidlərinin ödəniş vasitəsi kimi istifadə edilməsini qadağan etməsi, hazırki iş üzrə tərəflərin müəyyən etdiyi müqavilə şərtlərinə əsasən iddiaçının borcunu xarici valyutada hesablanmasına maneə deyildir. Lakin məhkəmə pulun tutulmasını müəyyən edərkən Konstitusiyanın qeyd edilən normasının nəzərə alaraq pulun ödənildiyi andan Azərbaycan manatına uyğun məzənnəsinin tutulmasını müyyən etməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin yalnız cavabdehdən tutulacaq məbləğin (valyuta növünün) müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, hazırki apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli “X3 verilməsi haqqında” kirayə müqaviləsinə əsasən İddiaçı ASC 65 nömrəli depozit qutusunu 12 ay müddətə müvəqqəti istifadə üçün Cavabdeh kirayəyə verməyi, Cavabdeh isə depozit qutusundan istifadəyə görə aylı 26 ABŞ dolları məbləğdə kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilə ilə icarənin müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsini yazılı müraciətlə tələb etmirsə, bu müqavilə əvvəl müəyyən olunmuş müddətdə uzadılmış sayılması barədə şərt təsbit olunmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq 65 nömrəli depozit qutusu xx xxxxxx 2006-cı il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı cavabdehin kirayə haqqı üzrə 3.666 ABŞ dolları və cərimə borcu üzrə 3.666 ABŞ dolları borcun yarandığını bildirir və həmin məbləği cavabdehdən tələb edir. İcarə haqqının ABŞ dolları ilə tutulmalı olmasına münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində isə təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Lakin iddiaçı xarici hüquqi şəxs deyil. İcarə müqaviləsinə kredit müqaviləsi kimi qiymət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxx 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, «Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur». Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış əqdin predmeti pul öhdəliyi olmadığından həmin müqavilənin xarici valyuta ilə ifadə edilməsi barədə şərtləri özü-özlüyündə etibarsızdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Kollegiya hesab edir ki, icarə müqaviləsinin predmetinin dəyəri manat kimi qəbul edilməli və borc məbləği də həmin valyuta ilə hesablanmalıdır. Tərəflər arasında X3 verilməsi haqqında müqavilənin bağlandığı tarixə, yəni xx xxxxxx 2006-cı il tarixə olan məzənnə 1 ABŞ dolları = 0,8941 manat təşkil edir. Həmin məzənnə ilə hesabladıqda müəyyən olunur ki, cavabdeh tərəfindən 1 ay ərzində ödənilməli olan icarə haqqı 23,2466 manat (26 x 0,8941 = 23,2466), 12 ay ərzində cəmi ödənilməli olan icarə məbləği 278,95 manat, 36 ay ərzində cəmi ödənilməli olan icarə məbləği isə 836,85 manat təşkil edir (278,95 x 3 = 836,85). Həmçinin müqavilənin 2.3-cü və 2.4-cü bəndlərinə əsasən icarə haqqı hər növbəti ayın 5-dən gec olmayaraq ödənilmədikdə gecikdirilmiş hər ay üçün müştəri banka aylıq icarə haqqı məbləğində cərimə ödəyir. Kollegiya Mülki Məcəllənin 462.1və 467-ci maddələrinə əsaslanaraq, ödənilməli cərimə məbləğinin 100 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-765/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə icarə haqqı üzrə 3666 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə borcu, cəmi 3966 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 836,85 manat icarə haqqı, 100 manat dəbbə pulu olmaqla, cəmi 936,85 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar