Məhkəmə qərarları › İş №2(103)-337/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-337/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-337/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyun 2024-cü il tarixli qətnamədən cavabdeh Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh Banka qarşı irəli sürdüyü “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Həmin qətnamədən cavabdeh Bankın nümayəndəsi Bankın adından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə Məhkəmə tərəfindən baxılarkən iddiaçı Bankın nümayəndəsi ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında barışıq əldə olunmuş, iş üzrə tərəflər mülki mübahisəni məhkəmədən kənar öz aralarında həll etmişlər. Buna görə də, cavabdeh Bank apellyasiya şikayətindən imtina edir. Odur ki, apellyasiya şikayətindən imtina barədə ərizənin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.3-cü maddəsinə görə, məhkəmə MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. MPM-in 191-ci maddəsinin mənasına görə, tələbin etiraf edilməsi və ya tələbdən imtina icraatın xitam verilməsi üçün kifayət deyil bu imtina və ya etiraf məhkəmə tərəfindən təsdiq və qəbul edilməlidir. Göründüyü kimi MPM-in 369.3-cü maddəsi cavabdeh Bankın apellyasiya şikayətindən imtinasını iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPM-in “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Apellyasiya şikayətindən imtina buna səlahiyyəti olan şəxs – cavabdeh Bankın adından onun hüquqlarının müdafiə edən səlahiyyətli nümayəndəsi tərəfindən edilmişdir. MPM-in 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Cavabdeh Bankın apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və cavabdeh Banka münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslan və MPM-in 263, 369, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh ASC-nin “apellyasiya şikayətindən imtina barədə” ərizəsi təmin edilsin. Cavabdeh ASC-nin hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyun 2024-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Cavabdeh ASC-nin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinə ödədiyi 50 (əlli) manat məbləğində pul (“Hökumət ödəniş portalından” verilmiş ********** №-li “mədaxil qəbzi”; dövlət rüsumunun ödənildiyi tarix: xx.xx.2024-cü-ci il (saat 17:50:12)) dövlət büdcəsindən Cavabdeh ASC-yə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar