Məhkəmə qərarları › İş №2(103)-3370/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3370/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3370/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3370/2022 (Açar sözlər: “ilk tələb: “qarajın təhvil verilməsi və pul tələbi” qarşılıqlı tələb: “göstərilən xidmət haqqının tutulması”) Bakı şəhəri 28 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, İlham Əziz oğlu Kərimli və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)-1334/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh MTK ilə İddiaçı arasında 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 117 saylı 15 mart 2003-cü il tarixli sərəncamına əsasən Cavabdeh MTK tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən, Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən avtomobil qarajını MTK İddiaçı (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, İddiaçı isə həmin qarajı qəbul etməyi öz öhdələrinə götürmüşlər. Təhvil veriləcək məbləğ 11040 manatdır (həmin vaxtın məzənnəsi ilə ABŞ dolları ilə).

2. Cavabdeh MTK tərəfindən verilmiş 28 fevral 2006-cı il tarixli 415 saylı arayışa əsasən, İddiaçı qaraja görə 11040 manat vəsait ödəmişdir.

3. Müqavilədə nəzərdə tutulan qaraj təhvil verilmədiyi üçün iddiaçı hazırkı mübahisəni başlatmışdır.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 10/3975 saylı tikinti-texniki ekspertizasının rəyindən görünür ki, 1-ci sual üzrə İddiaçı ilə Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında avtomobil qarajının inşa olunmadığı müəyyən edilir. 2-ci sual üzrə İddiaçı ilə Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında avtomobil qaraj tikilisi inşa olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006- cı il tarixli Q/10-A176-7 saylı müqavilənin predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın MTK tərəfindən ona təhvil verilməsi, ona dəymiş olan maddi zərərin əvəzi olaraq 8850 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul olmaqla, cəmi 8880 manat pulun MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, MTK müqavilə öhdəliklərini yerinə yetirməmiş, bu illər ərzində müqavilədə nəzərdə tutulmuş qarajı təhvil verməmiş, buna görə o, avtomobili digər ödənişli qarajlarda saxlamağa məcbur olmuş, nəticədə ona maddi zərər vurulmuşdur.

7. İddiaçı Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı qaraj və 8850 manat qaraj icarəsinə görə pul tələblərinin əsassız olduğuna görə iddianın rədd edilməsini, MTK tərəfindən İddiaçı məxsus avtomobilə göstərilən xidmətlərə görə hesablanmış 2655 manat vəsaitin "xxxx" MMC-yə ödənilıməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "Hüquq” MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ona 15 kv.metr qaraj yeri ayrılmış və onlar 2006-cı ildən 2017-ci ilə qədər garajdan istifadə etmişlər. Bu müddətdə, yəni 177 ay qarajın mülkiyyətçisi olduğuna görə başqa avtomobil sahiblərindən (qaraj istifadəçilərindən) fərqli olaraq ay ərzində 15 manat hesabı ilə onların maşınlarına xidmət göstərilmişdir. 177 ay x 15 manat = 2655 manatlıq tərəflərindən xidmət göstərilmişdir. Həmin xidmətlərə avtomobilin mühafizəsi, ərazinin işıqlandırılması və ərazinin təmiz saxlanılması daxildir. Əldə etdikləri məlumatlara və müşahidələrə görə ailədə ciddi maliyyə çətinlikləri olmuşdur. Ona görə də, bu ailə avtomobilini özgəninkiləşdirmişdir. Hansı səbəbə görə İddiaçı keçən 15 il ərzində qarajı tələb etməmişdir. S.Məmmdlinin ailəsindəki maliyyə problemləri bu ailəyə göstərilən digər kommunal xidmətlərinin haqqının ödənilməsinə də problemlər yaratmışdır. İddiaçı kommunal haqqını ödəmədiyinə görə "Kommunal” MMC tərəfindən qeydiyyat ünvanı Sumqayıt şəhəri olduğuna görə Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Sumqayıt şəhər Məhkəməsi öz növbəsində iddiaçı "Kommunal” MMC-nin İddiaçı qarşı qaldırılmış 6080 manat iddia tələbini təmin etmişdir. Məsələ Sumqayıt Apellyasiya Məhkəməsində də baxılmış və Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı hazırki çətin vəziyyətdən çıxış yolunu guya onlara məxsus avtomobilin başqa yerdə icarəyə götürdüyü qarajda saxlamaqda axtarır. Hansı ki, istər sakinlərin, istərsə də "Kommunal” MMC-nin əməkdaşlarının dediklərinə və apardığı qeydiyyata əsasən son 3 il ərzində onların avtomobili olmayıb. Əvvəlki illərdə isə onlara məxsus avtomobil binada onlar üçün ayrılmış yerdə saxlanılmışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)1334/2021 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hər iki iddia tələbini rədd edərkən ancaq tərəflərin sübutetmə vəzifəsinin öhdəsindən gələ bilmədiklərinə istinad etmişdir.

11. Məhkəmə öz mövqeyini Konstitusiyanın 29, MM-nin 152, 178.8, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1334/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2021-ci il tarixli, 2(103)-8123/2021 saylı qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx.xx.2021-ci il tarixli, 2(103)-8123/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)1334/2021 nömrəli qətnaməsi qismən – ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

15. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli qanunvericilik aktlarının tələbləri baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında 28 fevral 2006-cı il tarixli Q/10-A/176-7 saylı müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmiş və müqavilə predmetinin dəyərini cavabdehə tam olaraq ödəmişdir. Buna baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və müqavilə predmetini iddiaçıya təhvil verməkdən imtina etmişdir.

16. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir.

17. Sonradan cavabdehin müraciəti əsasında qətnamədə yol verilmiş yanlışlığı aradan qaldıran məhkəmə qətnamənin “qət etdi” hissəsinə iddiaçıya Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən avtomobil qarajında bir ədəd qarajın verilməsi kimi düzəliş verilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, apellyator apellyasiya şikayətində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, həmin halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə, 152.1-ci maddəsinə, 152.2-ci maddəsinə, 157.4-cü maddəsinə, 158-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

20. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və İddiaçı iddiasının tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-957/2022 saylı Qərarı ilə apellyasiya instansiyası məhəməsinin qətnaməsinin ləğv olunmasını və mülki işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi Qərara alınmışdır.

22. Həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi həmin hissədə iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. Mülkiyyət hüquqlarının pozulması, eyni zamanda bu müddət ərzində onun maddi zərər çəkməsinə səbəb olmuşdur.

23. Kollegiya onu qeyd etmişdir ki, hazırkı işdə kassasiya baxışının predmetini ilk iddianın təmin olunmaması ilə bağlı hissə təşkil edir. İlk iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın MTK tərəfindən ona təhvil verilməsi, ona dəymiş olan maddi zərərin əvəzi olaraq 8850 manat zərərin ödənilməsi barədədir. Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən 18 mərtəbəli yaşayış binasında yerləşən qarajdan deyil, onun yanında inşa edilmiş 1 ədəd qarajın iddiaçıya təhvil verilməsi qət olunub. İddiaçı iddiasının tam təmin olunmasını xahiş edir, deməli ilk iddiasını tam olaraq müdafiə edir və qarajın binanın yanandakı qarajdan verilməsini qəbul etmir.

24. İddiaçı 18 №li binadan (mənzilinin yerləşdiyi binadan) qarajın verilməsini ona görə tələb edirdi ki, müqavilədə nəzərdə tutulan binanın yanında inşa edilməli olan avtomobil dayanacağı binası inşa edilməmişdir və zərərin əvəzi olaraq binanın özündə yerləşən qarajdan yer verilməsini tələb edirdi.

25. İşə baxan məhkəmə iddianı təmin edərkən qarajın faktiki olaraq inşa edilməməsini nəzərə almalı, belə olan halda qanunvericiliyin tələblərindən çıxış edərək qərar qəbul etməliydi. Çünki, işin mübahisəsiz halı ondan ibarətdir ki, qarajın alqı-satqısına dair müqavilədə nəzərdə tutulan iki mərtəbəli qaraj (binanın yanındakı) inşa edilməmişdir. 2006-cı ildən bəri inşa edilməmiş avtomobil dayanacağı binasında iddiaçıya qaraj verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması absurddur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət olunmuşdu(iddia tələbində qeyd olunan kimi), qətnamə çıxarıldıqdan dərhal sonra cavabdeh təşkilat ərizə yazaraq qətnamədəki yanlışlığın aradan qaldırılmasını xahiş etmiş və məhkəmə həmin ərizəni təmin etmiş və bundan sonra cavabdeh qətnamədən şikayət də verməmişdir. Çünki mövcud olmayan dayanacaq binasından qarajın verilməsi barədə qətnamə icra edilməmiş qalacaq.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

d) Apellyasiya şikayətinin dəlilləri

27. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətin dəlilləri ilə oxşar olaraq əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK ilə aralarında bağlanmış 28 fevral 2006-cı il tarixli Q/l 0-A176-7 saylı alğı-satqı müqaviləsinin predmeti olan Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən 1 ədəd avtomobil qarajını alğısatqı yolu almış və 28 fevral 2006-cı il tarixli maliyyə aryışından görünür ki, qeyd edilən 1 ədəd avtomobil qarajının dəyəri olan 11.040 manat tərəfindən ödənilmişdir, heç bir borcu yoxdur. 28 fevral 2006-cı il tarixli Q/l 0-A176-7 saylı alğı-satqı müqaviləsi və 28 fevral 2006-cı il tarixli maliyyə arayışının notarial təsdiqli surətləri Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Buna baxmayaraq, Cavabdeh MTK 2006-cı ildən bugunə qədər Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən 1 ədəd avtomobil qarajını ona təhvil verməmişdir. Əlavə olaraq, qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək guya onun qarajdan istifadə etdiyini və 2006-cı ildən 2017-cı ilədək, yəni 177 ay avtomobilinə görə guya kommunal və mühafizə xidmətləri göstərmişlər. Daha sonra da, qeyd edir ki, istər sakinlərin, istərsə də MMC-nin əməkdaşlarının dediklərinə və apardığı qeydiyyata əsasən son 3 il ərzində onun mülkiyyətində avtomobil olmayıb. Maraqlıdır ki, cavabdeh ilk öncə avtomobilə xidmət göstəriklərini və hətta buna görə pul tələb ettiklərini, sonra isə buna əks absurd şəkildə onun mülkiyyətində heç bir avtomobilin olmadığını qeyd edir. Halbuki, X1 mülkiyyətində olan **-CL-*** qeydiyyat nişanlı “Mercedes BENZ-GL 450” markalı minik avtomobili o, № 903946 saylı etibarnamə əsasında idarə edir. 2006-cı ildən bugünədək satın aldığı qarajın ona təhvil verilməməsi səbəbindən 177 ay, hər ay 50 manat olmaqla avtomobili ödənişli qarajlarda saxlamalı olmuşdur. Bu səbəbdən də, ona dəymiş maddi zərərin əvəzi olaraq 8.880 manat məbləğində pulun və ona məxsus qarajın ona təhvil verilməsini haqlı olara tələb etmişdir.

e) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ə) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4 ilk iddia ərizəsinin və apellyasiya şkayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

30. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. 752.1-ci maddəsi Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

32. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

33. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

35. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

f) Apellyasiya baxışının hədləri

45. Apellyasiya şikayətində qətnamə ilk iddianın rədd olunduğu hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

46. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Kollegiya qeyd edir ki, hazırkı işdə apellyasiya baxışının predmetini ilk iddianın təmin olunmaması ilə bağlı hissə təşkil edir. İlk iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın MTK tərəfindən ona təhvil verilməsi, ona dəymiş olan maddi zərərin əvəzi olaraq 8850 manat zərərin ödənilməsi barədədir.

49. İddiaçı iddiasının tam təmin olunmasını xahiş edir, deməli ilk iddiasını tam olaraq müdafiə edir və qarajın binanın yanandakı qarajdan verilməsini qəbul etmir.

50. İddiaçı 18 №li binadan (mənzilinin yerləşdiyi binadan) qarajın verilməsini ona görə tələb edir ki, müqavilədə nəzərdə tutulan binanın yanında inşa edilməli olan avtomobil dayanacağı binası inşa edilməmişdir və zərərin əvəzi olaraq binanın özündə yerləşən qarajdan yer verilməsini tələb edir.

51. İşə baxan məhkəmə Kollegiyası hesab edir ki, qarajın faktiki olaraq inşa edilməməsi nəzərə alınmalı, belə olan halda qanunvericiliyin tələblərindən çıxış edərək qərar qəbul edilməlidir.Çünki, adıçəkilən müqavilədə nəzərdə tutulan iki mərtəbəli qaraj (binanın yanındakı) inşa edilməmişdir.

52. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 10/3975 saylı tikinti-texniki ekspertizasının rəyindən görünür ki, 1-ci sual üzrə İddiaçı ilə Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında avtomobil qarajının inşa olunmadığı müəyyən edilir. 2ci sual üzrə İddiaçı ilə Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında avtomobil qaraj tikilisi inşa olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.

53. Beləliklə, inşa edilməmiş avtomobil dayanacağı binasında iddiaçıya qaraj verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması absurddur.Çünki mövcud olmayan dayanacaq binasından qarajın verilməsi barədə qətnamə icra edilməmiş qalacaq.

54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir.

55. İddiaçı isə Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006- cı il tarixli Q/10-A176-7 saylı müqavilənin ləğv edilməsi və vurulmuş ziyana dair tələb irəli sürməmişdir.

56. Halbuki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (Mülki Məcəllənin 421.1-ci, 421.2.-ci, 421.3-cü, 424.5-ci maddələri).

57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilənin ləğv edilməsinə və vurulmuş ziyana dair tələb irəli sürmədiyindən, həmin müqavilədə isə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında avtomobil qarajının inşa olunması nəzərdə tutulduğundan, lakin 2006-cı il tarixdən hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasının yanında avtomobil qaraj tikilisi inşa olunmadığından iddia rədd olunmalı və iddiaçıya izah olunmalıdır ki, iddiaçı Cavabdeh MTK ilə onun arasında bağlanmış 28 fevral 2006- cı il tarixli Q/10-A176-7 saylı müqavilənin ləğv edilməsinə və vurulmuş ziyana dair iddia qaldırmaq hüququ vardır.

58. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz manat) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)-1334/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz manat) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar