Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3370/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-725/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və bu daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı 31 oktyabr 2003-cü il tarixdən Bakı şəhəri, Talıblı küçəsi, ev 26, mənzil 43-də qeydiyyatdadır. Hüseynova Reyhan Aydın qızı, Cavabdeh, Hüseynov Telman Rizvan qızı həmin mənzildə qeydiyyatdadırlar.
3. İş materiallarında olan 11 iyul 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən müəyyən olunur ki, Məmmədov Rauf Aydın oğlu ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60 m2 olan üçotaqlı evi qardaşı Cavabdeh bağışlamışdır.
4. İş materiallarında olan Bəbirova Alisa Leonidovna, Hacıyeva İradə Qarum qızı tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə qeyd olunur ki, Cavabdeh uzun müddətdir ki, ünvan 2 ünvanında yerləşən mənzildə yaşamır.
5. İş materiallarında olan Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh S.Talıblı (Ə.Əhmədov) küçəsi, 26 saylı evin 43 nömrəli mənzilində qeydiyyatdadır və yaşamır.
6. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, Cavabdeh adına ünvan 4 ünvanı Bakı şəhəri 19 saylı DNK-nın 4ə/525 reyestr nömrəli, xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
7. İş materiallarında olan Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, 34 saylı evin 47 m2 yaşayış sahəsindən ibarət üçotaqlı 30 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 601 saylı reyestr kitabında 30/2606 nömrə ilə xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır.
8. İş materiallarında olan Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, 5- Alatava küçəsi, 34 saylı evin 47 m2 yaşayış sahəsindən ibarət üçotaqlı 30 saylı mənzili Məmmədov Rauf Aydın oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 601 saylı reyestr kitabında 30/24148 nömrə ilə xx.xx.2000-ci il tarixində qeydiyyat aparılmışdır.
9. İş materiallarında olan Vİİ-KГ 321898 seriya nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və Qurbanova Təranə Yusif qızı arasında xx.xx.1999-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu VVAQ Şöbəsində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 88 № ilə qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh Bakı şəhəri, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin, 43 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Talıblı (indiki Əsəd Əhmədov) küçəsi, 26 saylı evin, 43 saylı mənzilinin mülkiyyətçisidir. AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, həmin mənzildə onunla birlikdə qızı xx.xx.1967-ci il təvəllüdlü Hüseynova Reyhan Aydın qızı, oğlu xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh, nəvəsi xx.xx.1997-ci il təvəllüdlü Hüseynov Telman Rizvan oğlu qediyyatdadırlar. Cavabdeh onun oğludur. İddiaçı cavabdehin aşağıdakı əsaslara görə mülkiyyətçisi olduğu mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. Belə ki, cavabdeh 1997-ci il tarixdə nikaha daxil olduqdan sonra 2 il – 1997-1999-cu illərdə qardaşı, iddiaçının vəfat etmiş oğlu xx.xx.1962- ci il təvəllüdlü Məmmədov Rauf Aydın oğlunun mülkiyyətində olduğu Bakı şəhəri, Yasamal rayonu, 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzilində yaşamışdır. Cavabdeh 1999-cu il tarixdə ailəsi ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmış, 2001ci ilədək İsraildə yaşamışdır. 2001-ci ildə ölkəyə qayıdıb yenə də faktiki olaraq özünə, rəsmi olaraq qardaşına məxsus Bakı şəhəri, 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzilində yaşamışdır. xx.xx.2003-cü il tarixdə oğlu, xx.xx.1962-ci il təvəllüdlü Məmmədov Rauf Aydın oğlu mülkiyyətində olduğu Bakı şəhəri, 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzili 19 saylı Notariat Kontorunun notariusu Hüseynov Hüseynağa Süleyman oğlu tərəfindən rəsmiləşdirilən bağışlama müqaviləsinə əsasən qardaşı – Cavabdeh bağışlamışdır. Həmin mənzil iddiaçının vəsaiti ilə alınmış, iki oğul övladı arasında olan şifahi razılaşmaya əsasən, qərar vermişdir ki, hazırki Bakı şəhəri, 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzil cavabdehə bağışlanılsın. Digər mənzil, yəni mübahisə predmeti olan mənzil isə digər oğlu Məmmədov Rauf Aydın oğluna qalsın. Lakin həmin oğlunun xəstə olması və vəfat etməsi səbəbindən sonuncu məqsədi baş tutmamışdır. Cavabdeh 2004-cü il tarixdə yenə də İsrailə getmiş, 2018-ci ilədək orada yaşamış və 2018-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur, iddiaçı ona görə əlavə kommunal xərclər ödəyir, mənzil barədə istədiyi kimi sərəncam verə bilmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış üçün ehtiyacı yoxdur. Çünki onun öz mülkiyyətində olan, qardaşı tərəfindən bağışlanılmış mənzili var. Həyat yoldaşı və övladı da həmin mənzildə qeydiyyatdadır.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilən bəzi hallar təhrif olunduğuna görə iddianı qəbul etmirlər. Cavabdehin yaşadığı ev ona 2004-cü ildə verilmiş və həmin tarixdən orada yaşamağa başlamışdır. Eyni zamanda həmin ev 2000-ci ildə alınmışdır. Lakin cavabdehin adına ayrıca mənzilinin olması faktını qəbul edirlər. Cavabdeh 1999-cu ildə ailə qurub və ailə qurarkən hazırki qeydiyyatda olduğu mənzildə ailəsi ilə birlikdə yaşayıb. Həmin vaxt onların Məmmədov Rauf Aydın oğlunun adına olan mənzildə yaşaması qeyri-mümkündür. Həmçinin cavabdehin 2 il müddətinə İsrailə köçməsinin səbəbi uşağının müalicəsi ilə əlaqədar olmuşdur. Geri qayıtdıqdan sonra hazırki mübahisəli mənzildə yaşamağa davam etmişdir. 2003-cü ildə razılaşmaya əsasən Məmmədov Rauf bağışlama ilə mənzili Cavabdeh adına keçirib. Mənzilin cavabdehin adına keçirilməsinə baxmayaraq mənzildə faktiki olaraq Məmmədov Rauf yaşayıb. Daha sonra cavabdeh uşağının müalicəsi ilə əlaqədar yenidən İsraildə yaşamağa məcbur olub. Həmin xəstəliyin müalicəsi yoxdur, sadəcə yardım göstərilir. Hazırda cavabdeh ona bağışlanılan mənzildə yaşayır. Məmmədov Rauf vəfat edəndən sonra cavabdeh həmin mənzilə köçmüşdür. İddia ərizəsində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsaslanılmışdır. Lakin həmin maddə özü 21 oktyabr 2005-ci ildə qəbul edilmişdir. Əgər həmin normanın tətbiqi ilə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi nəzərdə tutulursa, Mülki Məcəllənin 7.3-cü maddəsini qeyd etmək lazımdır. Həmin maddədə qeyd olunur ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və həmin subyektlərin vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Tərəflər arasındakı münasibətlər 2005-ci ildən əvvəl yarandığına görə və cavabdehin vəziyyətini pisləşdirdiyinə görə həmin maddənin tətbiq edilməsi doğru deyil. Həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsinin şərhi də məhz ailə münasibətləri pozulduqdan sonra keçmiş ailə üzvlərinə münasibətdə tətbiq olunur. Cavabdeh ailənin keçmiş üzvü deyil, faktiki üzvüdür.
13. Məhkəmə iclasında dindirilən şahid Sultanov Eldar Abid oğlu ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur. Cavabdeh özünün evi olduğu halda iddiaçının evində qeydiyyatdan çıxmır. 1963-cü ildən onlar yaxın qonşu olublar. Cavabdeh evi qonşu həyətdədir. O, bəzən onu həmin həyətdə görür. Fəxrəddin iddiaçının evində əvvəllər yaşayıb. Evləndikdən sonra həmin evdən gedib. Əvvəl bir müddət kirayə qaldı. 10 ildən az müddətdir ki, Fəxrəddinin atası ona ev alıb. Həmin evi qardaşı təmir etdirmişdi. Ev alınmamışdan əvvəl də Fəxrəddin kirayə qalırdı. Sonuncu dəfə Fəxrəddini 1-2 ay əvvəl görmüşdür.
14. Məhkəmə iclasında dindirilən şahid Xəlfəyeva Xavər İmaməddin qızı ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur, həm də tibb bacısıdır. 30 ildir ki, orada yaşayır, lakin Fəxrəddini görməyib. Heç İddiaçınin elə bir oğlu olduğunu da bilmirdi. 30 il ərzində Fəxrəddin anasının yanına gəlib-getməyib. Məmmədov Aydın xəstə olan zaman tibb bacısı kimi onların evində bir neçə dəfə olub, lakin həmin vaxt da Fəxrəddini orada görməyib. Məmmədov Aydın vəfat edəndən sonra da Fəxrəddin gəlməyib. İddiaçı ilə yaxın qonşu olublar. 1995-ci ildən həmin ərazidə yaşayıb. Məmmədov Aydın 16 il xəstə oldu. Lakin Fəxrəddin onun yanına gəlmədi.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-725/2023 nömrəli 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 228.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində işi faktiki halları təhrif edilmiş, məhkəmə tərəfindən isə bunlar əhəmiyyətsiz hesab edilərək qətnamədə hüquqi iqymət verilməmişdir. Belə ki, qeyd edilir ki, cavabdeh 1997-ci il tarixdə nikaha daxil olmuş və 2 il qardaşı Rauf Məmmədovun mülkiyyətində yaşamışdır. Bu yalandır, belə ki, nikah 1999-cu il tarixdə bağlanmışdır. İkincisi, 1997-1999-cu illərdə ümumiyyətlə qardaşı Məmmədov Raufun mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzili olmamışdır. Qardaşı Məmmədov Rauf Aydın oğlu Bakı şəhəri, Yasamal rayonu 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzili xx.xx.2000-ci il tarixdə almışdır və rəhmətə gedənə kimi həmin mənzildə yaşmışdır. Bu müddətdə və bundan sonra da cavabdeh həmişə Bakı şəhəri, Yasamal rayonu 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 26 saylı evin, 43 saylı mənzilində yaşamışdır. Cavabdeh 1999-2001-ci il tarixədək Azərbaycandan kənarda yaşadığı qeyd edilmişdr. Cavabdehin qızı Məmmədova Nigar Fəxrəddin qızı anadan olandan müalicəsi olmayan xəstəli vardır ki, həmin xəstələrə yalnız İsraildə kömək olunur. Həmin xəstəlik səbəbindən 2003-cü il tarixdən əlil olması barədə qeydiyat aparılmaqla əlillik vəsiqəsi də verilmişdir. Bu müddətdə cavabdeh xəstəliklə əlaqədar məcburi olaraq daim İsrailə gedib gəlmişdir, həmişə də qeydiyyatda olduğu mənzildə yaşamış, iddiaçı ilə birgə bütün kommunal xərclərin ödənilməsində iştirak etmişdir. Yalnız 2003-cü il tarixdə qardaşı Məmmədov Rauf Aydın oğlu Bakı şəhəri, Yasamal rayonu 5-ci Alatava (indiki Əsəd Əhmədov) küçəsi, 34 saylı evin, 30 saylı mənzili bağışlama ilə cavdehin adına keçirdikdən sonra adında mülkiyyət sənədi olmuşdur. Mənzilin cavabdehə bağışlanmasına baxmayaraq mənzil Məmmədov Rauf Aydın oğlu rəhmətə gedənə kimi istifadəsində olmuşdur. Cavabdeh isə daim qeydiyyada olduğu ünvana gəlib getmişdir, uşağının müalicəsi ilə əlaqədar məcburən İsraildə uzun müddət yaşamışdır. Lakin buna baxmayaraq kommunal xərclərin ödənilməsində iştirak etmiş, mənzilə aid zəruri məişət əşyalarının alınmasını təmin etmişdir. İddiaçıya məxsus mənzil ilkin alınan vaxtdan cavabdeh ailə üzvü kimi yaşamış, pay hüququ olmuşdur. Mənzilə dair Çıxarış 2018-ci il tarixdə alnmasına baxayaraq cavabdeh heç vaxt mənzildə olan əmlak payından imtina etməmişdir. Bundan başqa hazırkı halda işin hallarından da görsənir ki, cavabdeh iddiaçının ailə üzvüdür, keçmiş ailə üzvü deyildir. Hazırkı vəziyyətdə işin faktiki halları budur ki, cavabdehin qeydiyyatda olduğu mənzildən uzun müddət istifadə etməməsi faktı öz təsdiqin tapmamışdır. Cavabdeh qardaşı rəhmətə gedənə kimi məhz uşağının müalicəsi ilə əlaqədar qeydiyyatda olduğu mənzildən uzun müddət istifadə edə bilməmişdir, bu isə kifayət qədər üzrlü haldır. Məhkəmə işin qeyd eilən hallarını ümuiyyətlə araşdırmamaışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, ərizəsində göstərdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.
24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
25. Maddə 152 mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 228.5 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır
29. Həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Həmin qərardan görünür ki, məhkəmənin gəlmiş olduğu qənaətə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-725/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İşin mübahisəsiz qaydada müəyyən olunmuş halından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, ev 26 ünvanında yerləşən 43 saylı mənzil İddiaçı mülkiyyətində olmaqla, onun övladı olan Cavabdeh qeyd olunan ünvanda pasport qeydiyyatındadır.
40. İddiaçı iddia ərizəsində ailə üzvü olan Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüqununa həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdığı üçün kompensasiya ödənilmədən xitam verilməsini məhkəmədən xahiş etmişdir.
41. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərindən müəyyən olunmuşdur ki, Cavabdeh mübahisələndirilən mənzildə yaşamır.
42. İş materiallarında olan 11 iyul 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən müəyyən olunur ki, Məmmədov Rauf Aydın oğlu ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60 m2 olan üçotaqlı evi qardaşı Cavabdeh bağışlamışdır.
43. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin irəli sürdüyü yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
44. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, cavabdeh iddiaçının oğludur və 2003-cü ildən mübahisələndirilən ünvanda yaşamır və faktiki olaraq cavabdehin mülkiyyətində ünvan 6 ünvanında yerləşən 30 saylı mənzili var və hal-hazırda həmin mənzildə yaşayır. Cavabdehin 2003-cü ildə yeni mənzil üzərində mülkiyyət hüququ əldə etməsi və mübahisəli mənzildə daha yaşamaması ilə iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Talıblı (Əsəd Əhmədov) küçəsi, 26 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilməlidir.
45. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-725/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.