Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3374/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – Təhsil İdarəsi) və 220 saylı Məktəb Liseyin (bundan sonra – Məktəb) direktoru Cavabdeh2 qarşı “işə bərpa edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2018-ci il tarixli qətnamədən iş üzrə cavabdeh Təhsil İdarəsinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və nümayəndəsi X11, cavabdeh Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, son nəticədə, Təhsil İdarəsi tərəfindən verilmiş K-367 saylı, 17.05.2018-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il təvəllüdlü iddiaçı ali təhsil aldıqdan sonra 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. 2002-ci ilin sentyabr ayında Nizami rayonunda yerləşən Ə.Mahmudov adına Məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, işlədiyi müddət ərzində öz işini vicdanla yerinə yetirmiş, müəllim adına xələl gətirəcək hər hansı bir fəaliyyətlə məşğul olmamışdır. Lakin buna baxmayaraq, haqsız yerə Təhsil İdarəsinin 367 saylı, 17.05.2018ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Əmrdə qeyd olunmuşdur ki, Təhsil İdarəsinin 07.02.2018-ci il tarixli F-57 saylı əmrinə əsasən Məktəbdə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarət işinin, habelə KİV-də dərc olunmuş məqalələrdə qeyd olunan xüsusatların yoxlanılması ilə bağlı xidməti araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı guya müəyyən edilmişdir ki, cari dərs ilində “Unikal” və “Tufan” kurslarının nümayəndələri Məktəbin ibtidai sinif otaqlarına daxil olaraq keçirəcəkləri sınaq imtahanlarının təbliğini aparmaqla tədris prosesini pozmuşlar. Təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı vəzifə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə Təhsil İdarəsinin müvafiq məktubu ilə xəbərdarlıq edilmişdir. Əvvəla, “Unikal” və “Tufan” kurslarının əmrdə göstərilməsi əmrin birinci bəndi ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin təşkilatlara İddiaçı hüquqi və ya hər hansı əlaqəsi yoxdur, çünki rəsmi qaydada dəvəti də olmamış, lakin bunun nəticəsində ona əsassız olaraq xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıq barədə iddiaçının xəbəri olmamışdır. Xəbərdarlığı olduğu halda belə inzibati məsuliyyət doğurmur və 367 saylı, 17.05.2018-ci il tarixli əmrin verilməsinə aidiyyəti yoxdur. Nəticə etibarilə müvafiq təşkilat keçmişdəki inzibati tənbeh yaratmayan məsələni əmrdə göstərməklə İddiaçı fəaliyyətinə kölgə salmağa və öz qanunsuz əmrini əsaslandırmağa cəhd etmişdir. Hətta Məktəb direktoru qeyd olunan kurslarla bağlı müəllim kollektivindən İddiaçı qarşı məcburi imzalar da toplamışdır. Bundan başqa, 367 saylı, 17.05.2018-ci il tarixli əmrin təsviri hissəsində guya İddiaçı vəzifə öhdəliklərini icra etmədiyinə görə Təhsil İdarəsinin müvafiq məktubu ilə xəbərdarlıq edilməsinə istinad edilmişdir. Halbuki, əmək qanunvericiliyinin tələblərinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmır. İddiaçı tədris prosesini pozması barədə heç bir yazılı və ya şifahi göstərişi olmamış və qeyd edilən məsələ onun vəzifə funksiyalarına aid deyildir. Qaydaların pozulması ilə bağlı direktor müavini İddiaçı intizam məsuliyyətinə cəlb olunmamışdır. Həmçinin, İddiaçı dərs tədris etməməsi ilə bağlı heç bir akt və ya rəsmi sənəd mövcud deyildir. Əmək haqqının uçot tabeli rəsmi qaydada imzalanaraq müvafiq qaydada təsdiq edilmişdir. Əmr bu hissədə əsassızdır. Cavabdeh2 Məktəbə direktor təyin olunana kimi 2 “a” sinfində 20 nəfər şagird olmuşdur. Dərs başlayandan bir müddət sonra sinifdən şagirdlərdən çıxan olmuşdur. Bu səbəbdən də say aşağı düşmüşdür. Həmin sinif də Təhsil Nazirliyinin nəzarətində olan inklüziv sinif olmuşdur. Çünki həmin sinifdə xəstə uşaqlar oxumuşdur. Məktəb direktorunun göstərişi ilə həmin sinif bağlanmasın deyə başqa uşaqların həmin sinfə adlarının yazılması tapşırılmışdır. Nəzərdə tutulmuşdur ki, Məktəbə yeni gələn uşağı həmin sinfə verərək adını jurnaldan çıxaracaqlar. Eyni vəziyyət 2 “f” sinfində adıgedən Nuray Əliyevaya da aid olmuşdur. Buna baxmayaraq ki, Abidə müəllimənin nəvəsi Nuray Əliyeva 2 “h” sinfində oturmuşdur. Sonradan Məktəbə gələn yeni uşaqlardan biri Firdanə müəllimənin sinif rəhbəri olduğu 35 uşaq olan 2 “h” sinfində, biri Rəna müəllimənin sinif rəhbəri olduğu 30 uşaqdan ibarət sinfə, başqa bir uşaq isə Gülyanaq müəllimənin 30 nəfərlik şagirddən ibarət olan sinfə Məktəb direktorunun göstərişi ilə yerləşdirilmişdir. Direktor müavini İddiaçı buna etirazını bildirsə də direktor bildirmişdir ki, özü belə məsləhət görür və belə də olmalıdır. İddiaçı Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olsa da, faktiki olaraq Cavabdeh2 həmin Məktəbə direktor təyin olunduqdan sonra direktor müavini olan iddiaçının səlahiyyətləri məhdudlaşdırılmış, hətta demək olar ki dondurulmuşdur. Çünki məktəb direktorunun özü ilə gətirdiyi təsərrüfat işləri üzrə müavin Gülşən xanım digər müəllimlərə bildirmişdir ki, İddiaçı fəaliyyəti dondurulmuşdur. Hətta sinif jurnallarının İddiaçı təqdim olunmasına belə icazə verilməmişdir. Belə olduğu halda da, İddiaçı sinif jurnallarında olan nöqsanları aşkar edə bilməz və hər hansı tədbir görə bilməzdi. Ümumiyyətlə əmrdə qeyd olunanlar söz yığınından başqa bir şey deyildir, sadəcə formal xarakter daşıyır. Heç bir pozuntu olmamış, bunun əsasında da məktəbin fəaliyyəti 5 dəqiqə də olsun belə nə dayanmamış, nə də normal təhsil ahəngi pozulmamışdır. Göründüyü kimi, iş üzrə qeyri-obyektiv araşdırma aparılmaqla, əmək qanunvericiliyinin tələbləri pozulmaqla qərəzli qərar qəbul olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.07.2018-ci il tarixli qətnamə (iş № 2(006)-4384/2018) ilə iddianın təmin edilməsini, Təhsil İdarəsinin K-367 saylı, 17.05.2018-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya 17.05.2018-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini qət etmişdir. İş üzrə cavabdeh Təhsil İdarəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş etirazda iddiaçının vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirməsi, əmək vəzifələrini kobud şəkildə pozması halları tam təsdiq edilmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş X4 öz ifadəsində iddiaçının müəllimlərin etik davranış qaydalarını pozmasını və digər yol verilmiş nöqsanlarını təsdiq etsə də, məhkəmə onun ifadəsini qətnamədə qeyd etməsinə baxmayaraq, iş üzrə yekun nəticəyə gələrkən həmin ifadəyə əhəmiyyət verməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlər tamamilə əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi, onun 31.01.2018ci il tarixdə keçirilmiş iclas zamanı yol verdiyi və müəllimin etik davranış qaydalarına uyğun gəlməyən hərəkətləri olmuşdur. Belə ki, İddiaçı vəzifə səlahiyyətlərinin dəyişdiriləcəyi təqdirdə protest məqsədilə müəllimləri təlim-tərbiyə prosesini pozmağa çağırması barədə yayılmış məlumatla əlaqədar 31.01.2018-ci il tarixdə Məktəb rəhbərliyi tərəfindən ibtidai sinif müəllimlərinin iştirakı ilə iclas keçirilmişdir. Bu zaman İddiaçı “Müəllimlərin etik davranış Qaydalarına” zidd olaraq təhsilverən adına və nüfuzuna yaraşmayan tərzdə Məktəb rəhbərliyinin və müəssisənin ünvanına təhqiredici ifadələr işlətməklə ümumilikdə iclasın gedişatına mane olmuşdur. İddiaçı fəaliyyətində aşkar edilmiş digər bir nöqsan öz əmək funksiyalarını lazımi qaydada icra etməyərək ibtidai siniflərdə fərdi təhsil proqramının düzgün tətbiqinə nəzarət etməməsi olmuşdur. Belə ki, Məktəbin müəllimi Xədicə Rəcəbova cari tədris ilində 3 “t” fərdi təhsil sinfində fərdi təhsil proqramı ilə deyil, direktor müavini İddiaçı göstərişi ilə ümumtəhsil məktəblərinin tədris planına uyğun tərtib edilmiş proqram əsasında tədris aparmış, bununla da “Fərdi təhsilin inkişafı haqqında Qaydalar” və 2017-2018-ci tədris ilinin fərdi təhsil üzrə nümunəvi tədris planının tələbləri pozulmuşdur. Bu hal izahatı alınmış Məktəbin müəllimi Xalidə Rəcəbova tərəfindən də təsdiq edilmişdir. İddiaçının fəaliyyətindəki digər bir nöqsan isə ona ibtidai siniflər üzrə 6 saat təsviri incəsənət dərslərinin tədrisinin həvalə edilməsinə baxmayaraq, onun dərs saatlarını tədris etməməsi, əvəzində həmin dərslərin onun qeyri-qanuni göstərişi əsasında cari tədris ilinin əvvəlində araşdırma aparılan tarixədək faktiki olaraq ibtidai sinif müəllimləri tərəfindən tədris olunması, lakin İddiaçı həmin dərs saatlarına görə əmək haqqı hesablanması olmuşdur. Təhsil İdarəsi tərəfindən Məktəbdə aparılan araşdırma zamanı bu hal aşkar edilmiş, ibtidai sinif müəllimləri G.Quliyeva, G.Gülalıyeva, Y.Əşrəfova və F.Quliyeva izahatlarında bu halı təsdiq etmişlər. Bundan başqa, İddiaçı nəzarətində olan ibtidai siniflərdə şagirdlərin qanunsuz yerdəyişmələri olmuş və cari tədris ilində onun aylıq fəaliyyət planının olmaması, habelə sinif jurnallarının aparılmasına nəzarətin olmaması aşkar edilmişdir. İddiaçı bu halların Məktəb direktoru Cavabdeh2 göstərişləri əsasında olduğunu qeyd etsə də, Təhsil İdarəsi tərəfindən aparılan araşdırmalar zamanı bu hal öz təsdiqini tapmamış, əksinə Məktəb direktoru Cavabdeh2 və məktəb müəllimlərinin izahatlarında bu hal təkzib edilmişdir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh2 arasında olan mübahisəli vəziyyət 2018-ci ilin yanvar ayının sonlarından etibarən yaranmışdır. Dərs ilinin 15.09.2017-ci il tarixində başlanması nəzərə alınarsa, həmin tarixdən 2018-ci ilin əvvəlinədək olan dövr ərzində İddiaçı sinif jurnallarının aparılmasına nəzarət etməsinə, habelə aylıq iş planlarını tərtib etməsinə nə mane olurdu? Eyni zamanda, iddiaçı tərəfindən Təhsil İdarəsinə heç bir şikayət və ya digər formada müraciət daxil olmamışdır. Əksinə, sözügedən Məktəbin pedaqoji kollektivi Məktəbdə baş vermiş məlum arzuolunmaz hallarla bağlı kollektiv şəkildə Təhsil İdarəsinə müraciətlər edərək İddiaçı Məktəbin normal iş ahəngini pozmasını və digər qanunsuz əməllərini bildirmiş, onun Məktəbdən kənarlaşdırılmasını xahiş etmişlər. Apellyasiya şikayətin əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 19.12.2018-ci il tarixli qətnamə (İş № 2(103)- 12737/2018) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən cavabdeh Təhsil İdarəsinin verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 27.05.2019-cu il tarixli qərar (İş № 2(102)-3902/2019) ilə kassasiya şikayətinin qismən təmin etmiş, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi 19.12.2018-ci il tarixli qətnaməsini ləğv edərək, mülki işi yeni apellyasiya baxışına göndərmişdir. Mülki işə cavabdeh Təhsil İdarəsinin apellyasiya şikayətinə əsasən yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.08.2019-cu il tarixli qətnaməsi (iş № 2(103)-10294/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən cavabdeh Təhsil İdarəsinin verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 14.01.2020-ci il tarixli qərarı (İş № 2(102)-47/2020) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin 09.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini qərara almışdır. Bu səbəbdən, cavabdeh Təhsil İdarəsinin apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən mülki işə yenidən baxılır. İş üzrə cavabdeh Təhsil İdarəsinin nümayəndəsi T.Əhmədov apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi R.Rzayev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. İş üzrə digər cavabdeh olan Məktəbin direktoru Cavabdeh2 apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Belə ki, İddiaçı tərəfindən mübahisələndirilən K-367 saylı, 17.05.2018-ci il tarixli əmrdən görünür ki, Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı fəaliyyəti dövründə bir sıra ciddi nöqsanlara yol vermiş, qanunvericiliklə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyaları və öhdəliklərini keyfiyyətsiz yerinə yetirmiş, habelə əmək vəzifələrini kobud şəkildə pozmuş, nəticədə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi xələl gəlməsinə səbəb olduğuna görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17.05.2018-ci il tarixdən ləğv edilmişdir. Rayon Məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirmişdir ki, o, 8 il laborant kimi bilavasitə idarəedici heyətdə işləmişdir. O, öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı işdən çıxarılması əsassızdır. Təhsil İdarəsindən Nazim və Sərxan adlı şəxslər onu izahat yazmaq üçün çağırmışlar. Ona demişlər ki, izahatda İddiaçı onlara göstərişlər verməsi barədə yazsınlar. Lakin o, razı olmadıqda ondan tələb etmişlər ki, onlar dedikləri kimi yazsın. Rayon Məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, o, 220 saylı məktəb liseyində ibtidai sinif müəlliməsi işləyir. 31 yanvar tarixində keçirilmiş iclas zamanı İddiaçı vəzifəsinin dəyişdirilməsini bilmiş və ondan başqa bir çox müəllimlərin imzaları ilə təsdiq olunmuş ərizə yazaraq Cavabdeh2 təqdim etmişdir. Lakin sonuncu buna etiraz etmişdir. Rayon Məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 1990-cı ildən həmin Məktəbdə ibtidai sinif müəlliməsi işləyir. İddiaçı da 15 ildir ki, həmin Məktəbdə işləyir. Məktəb liseyinin direktoru Cavabdeh2 ilə isə sentyabr ayından bir yerdə işləyirlər. Cavabdeh2 işə gəldiyi ilk gündən onlardan ciddi olmalarını tələb etmişdir. O, vəzifə bölgüsündə dəyişiklik aparılması ilə bağlı İddiaçı başqa binaya keçirilməsini yanvar ayında direktor iclas keçirəndə bilmişdir. İclasda İddiaçı vəzifə bölgüsündə dəyişiklik aparılmasına etiraz etmişdir. İddiaçı işində nöqsanlar olduğu üçün, məktəbin direktoru Cavabdeh2 İddiaçı vəzifə səlahiyyətlərinin dəyişdirilməsini bildirmişdir. 14 №-li otaqda iclas keçirilən zaman məktəbin direktoru Cavabdeh2 müəllimləri yığıb monitorinq nəticələrini elan etmişdir. İddiaçı monitorinq nəticələri ilə razı olmamış və T.Mirzəyevə münasibətdə nalayiq ifadələr işlətmişdir. Həmçinin Aybəniz xanıma qarşı təhqiramiz sözlər demişdir. Göstərilənlərə və işdə olan sənədlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, Təhsil İdarəsi tərəfindən verilmiş 17.05.2018-ci il tarixli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Mövcud mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə görə, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olmuşdur. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla iddiaçının fəaliyyəti dövründə ciddi nöqsanlara yol verilməsi, qanunvericiliklə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyalarının və öhdəliklərinin keyfiyyətsiz yerinə yetirilməsi, habelə əmək vəzifələrinin kobud şəkildə pozulması sübut olunmamışdır. Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Rayon Məhkəməsi həmçinin iddianı “əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması” hissəsində təmin etdiyi üçün, iddianın “iddiaçıya 17.05.2018-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” hissəsini də təmin etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Rayon Məhkəməsi iş üzrə tərəflərin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, işə birtərəfli baxaraq iddiaçının izahatına və onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin ifadələrinə üstünlük vermiş, cavabdeh Təhsil İdarəsi tərəfindən Məktəbdə aparılmış yoxlamanın nəticələrinə dair arayışa heç bir hüquqi qiymət verməmiş, iddiaçının Təhsil İdarəsinə vermiş olduğu izahatda qeyd etdiyi xüsusatları nəzərə almamış və iş üzrə düzgün qənaətə gəlməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: (“a”) töhmət vermək; (“b”) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; (“c”) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; (“ç”) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə görə, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşin mübahisə edilməyən hallarına əsasən, Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. 31.01.2018-ci il tarixdə sinif müəllimlərinin rəhbərliklə birgə keçirilmiş kiçik yığıncağına əsasən qəbul edilmiş “Aktdan” görünür ki, İddiaçı yığıncaq ərzində A.Mirzəliyevanın, G.Vahidovanın və Cavabdeh2 ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bundan başqa, işin mübahisə olunmayan hallarına görə Məktəbin 2017/2018-ci dərs ilində “üm-1” hesabatı üzrə 2 “a” sinif şagirdi olmuş Fatimə Həsənli dərs ilinin əvvəlindən hazırki dövrədək təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı müvafiq göstərişi əsasında 2 “b” sinfində təhsil almışdır. Həmin şagirdin KSQ və BSQ-ləri o cümlədən 1-ci yarımil üzrə qiymətləri 2 “b” sinfinin sinif müəllimi Ramilə Quliyeva tərəfindən qiymətləndirilmiş lakin həmin qiymətləndirmənin nəticələri 2 “a” sinfinin sinif müəllimi Cəmilə Bayramova tərəfindən həmin sinfin jurnalına köçürülmüşdür. Həmçinin işin mübahisə olunmayan halları ilə İddiaçı cari dərs ili üzrə aylıq fəaliyyət planının olmaması müəyyən olunur. Həmçinin Məktəbin Pedaqoji Şurasının 07.02.2018-ci il tarixli növbədənkənar iclasının protokolundan görünür ki, İddiaçı işdən azad olunması ilə bağlı açıq səsvermə keçirilmiş və 88 nəfər lehinə, 3 nəfər əleyhinə səs vermişdir. Lakin Rayon Məhkəməsi işdə olan sübutlara, o cümlədən Təhsil İdarəsinin məhkəməyə təqdim etdiyi sübutlara hüquqi qiymət əhəmiyyət vermədən iddianı təmin etmiş, bununla bağlı mövqeyini əsaslandırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiya baxışı ilə müəyyən edilmiş hallara, habelə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2018-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və 220 saylı Məktəb Liseyin direktoru Cavabdeh2 qarşı “işə bərpa edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3374/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3374/2020
19.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver