Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3374/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Ceyhun Mirtəhməzlinin iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “aktiv borcun olmamasına dair məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-251/2025 nömrəli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh (kredit verən) Cavabdeh ASC ilə Azər Əliyev (kredit alan) və iddiaçı (zamin) İddiaçı arasında xx.xx.2014-cü il tarixli MK/99422/46/27 nömrəli kredit və zaminlik müqaviləsi bağlanıb. 2.Həmin müqaviləyə görə, kredit verən kredit alana 18 ay müddətinə, illik faiz dərəcəsi 30 faiz olmaqla 5.000 ABŞ dolları kredit verməyi, kredit alan müəyyən olunmuş qrafik üzrə krediti qaytarmağı və faizləri ödəməyi öhdəsinə götürüb, zamin isə kredit verənin qarşısında kredit alanın öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürüb. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2025-ci ildə verilib. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçı (zamin) İddiaçı cavabdeh (kredit verən) Cavabdeh ASC-yə xx.xx.2014-cü il tarixli MK/99422/46/27 nömrəli kredit müqaviləsi üzrə aktiv borcunun olmaması barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. 4.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçının xx.xx.2014-cü il tarixli, MK/99422/46/27 nömrəli kredit müqaviləsi üzrə aktiv borcunun olmaması barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia rədd olunsun. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Ceyhun Mirtəhməzli apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 8.Üçüncü şəxs Azər Əliyev məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Zaminlik müqaviləsində onun verilmə müddəti göstərilməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx.xx.2014-cü il tarixli MK/99422/46/27 nömrəli kredit müqaviləsindən əməl gələn öhdəliyin icrası vaxtı xx.xx.2016-cı ildə çatıb. Bu tarixdən sonra bir il ərzində, yəni xx.xx.2017-ci ilədək kredit verən zaminə qarşı tələb irəli sürməyib. Ona görə də zaminlik xx.xx.2017-ci ildə xitam olunub. Zaminlik xitam olunduğuna görə, zaminin (iddiaçının) kredit verənin (cavabdehin) qarşısında icra edilməmiş öhdəliyi yoxdur. 10.Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, kredit verən (cavabdeh) zaminin (iddiaçının) aktiv borcunun olmaması barədə məlumatı Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim etməyə borcludur. 11.Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-251/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3374/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3374/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver