Məhkəmə qərarları › İş №2(103)-3381/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3381/2023

15.05.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3381/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Maraqlı şəxs, Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(001)-10412/2018 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2016-cı il tarixli, **********082700 qeydiyyat nömrəli bildirişdən görünür ki, ərizəçi tərəfindən 28688.25 manat vergi borcunun ödənilməsi barədə maraqlı şəxsə xəbərdarlıq bildirişi göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xaiş etmişdir.

3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyəcisi olan hüquqi şəxslər "xxxx"MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) vergi öhdəliklərini yerinə yetirməmişlər və xx.xx.2018-ci il tarixlə müvafiq olaraq 29888,26 manat və 10912,06 manat məbləğində vergi borcları yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixli **********082700 nömrəli, xx.xx.2014-ci il tarixli **********430100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(001)- 10412/2018 saylı qətnaməsi ilə ərizə təmin edilərək, BUSSOL” MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix - xx.xx.1984, doğulduğu yer – Bakı şəhəri, şəxsiyyət vəsiqəsinin PİN nömrəsi - xxxxxxx, seriya nömrəsi - AZE ********) ölkədən getmək hüququnun məhdudlaşdırılması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş - xx.xx.2016-cı il tarixli **********082700 nömrəli və xx.xx.2014-ci il tarixli **********430100 nömrəli bildirişlərdən görünür ki, ərizəçi tərəfindən vergi borclarının ödənilməsi barədə maraqlı şəxsə xəbərdarlıq bildirişi göndərilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi ödəyicisi olan fiziki şəxsin və ya fiziki şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Məhkəmə tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

6. Məhkəmə gəldiyi nəticəni Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5, 216-220, 355-5 və 355-7-ci maddələrinin tələblərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(001)-10412/2018 saylı qətnaməsinin ləğv edilməsini, Maraqlı şəxs ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, Gulnara Çiftçi əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, sonradan ailə quraraq Türkiyə Respublikasına getmiş, orada yaşamağa davam etmiş, oranın vətəndaşı olmuşdur. Buna baxmayaraq, onun qohumları Azərbaycan Respublikasında yaşayırlar. Çiftçi Gulnara Azərbaycanda yaşadığı vaxt heç bir ticarət fəaliyyəti ilə məşğul olmamış, vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmamışdır. 2023-cü ilin 09 mart tarixində o, “Novruz Bayramı” ilə əlaqədar Azərbaycanda yaşayan qohumları ilə bayramlaşmaq üçün bura gəlmiş, bir neçə gün sonra 15 mart 2023-cü il tarixdə gecə saatlarında ölkəsinə, evinə qayıtmaq istəyərkən hava limanından buraxılmamışdır. O, buraxılmama səbəbini soruşduqda barəsində məhkəmə qətnaməsi ilə ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilmişdir. Qərarın nömrəsini, çıxarılma tarixini öyrəndikdən sonra 17 mart 2023-cü il tarixdə həmin qərarı rəsmi olaraq almış, onunla tanış olarkən müəyyən edilib ki, məhdudlaşdırmaya əsas Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin barəsində şikayət verdikləri 14 dekabr 2018-ci il tarixli, 2(001)-10412/2018 saylı qətnaməsidir. Belə ki, həmin qətnamədən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün həmin MMC-lərin rəhbəri kimi Maraqlı şəxs ölkədən getməkhüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin qətnamə ilə ərizə təmin edilmişdir. Vəkil olaraq apardığı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN – **********) 19 iyun 2012-ci il tarixdə, "xxxx" MMC (VÖEN – **********) isə 21 iyun 2012-ci il tarixdə Maraqlı şəxs adına dövlət qeydiyyatına alınmışdır. Həmçinin, müəyyən edilmişdir ki, 01 iyun 1963-cü il təvəllüdlü X6 adlı şəxs bir neçə MMC-nin, o cümlədən "xxxx" MMC-nin və "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli, 1(004)-34/2016 saylı hökmündən görünür ki, X6 bir neçə MMCnin, o cümlədən "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən həmin cəmiyyətlərin Nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 104.1, 105.1, 155.1, 157, 177.1, 177.2, 219.1 və 220.1-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək, vahid niyyətlə, ümumilikdə külli miqdar təşkil edən 670432,65 manat, o cümlədən 670027,65 manat məbləğində vergiləri dövlət büdcəsinə və 40500 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını Dövlət Sosial Müdafiə Fonduna ödəməkdən yayınmış, bu hökmə əsasən, o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsiin 317- 2.1-ci maddəsi ilə 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 213.2.2-ci maddəsi ilə 03 il müddətinə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətinə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 05 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 1(059)-07/2018 saylı hökmündən görünür ki, X7 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin faktiki rəhbəri olarkən, cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin bir sıra maddələrinin təlbələrini pozaraq, cəmiyyətin adından qeydiyyatda olduğu vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməklə, ümumilikdə xeyli miqdar təşkil edən 28688,25 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bu hökmə əsasən, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətinə dövlət, kommersiya və ya özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, həmin hökmlərdən də göründüyükimi sözügedən MMC-lərin Maraqlı şəxs ilə heç bir əlaqəsi yoxdur, MMC-lərin vergi borcları X4 təqsirli əməllərinə görə yaranmış, buna görə də Ramiz Rəhimov cinayət məsuliyyətinə cəlb edilərək, barəsində həmin Məcəllənin müxtəlif maddələri ilə təqslrli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarılmışdır. Belə olan halda vergi borclarına görə Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas yoxdur. Hazırki yaranmış situasiya isə ondan ibarətdir ki, Gulnara Çiftçi əsassız olaraq öz ölkəsinə, ailəsinin, uşaqlarının yanına qayıda bilmir. Onun uşaqlarının səhhətində problemlər var və bu qətnamənin mövcudluğuna görə o, artıq xeyli müddətdir ki, uşaqlarından ayrı qalmalı olmuşdur. Göründüyü kimi, 01 iyun 1963-cü il təvəllüdlü X6 adlı şəxs bir neçə MMC-nin, o cümlədən"xxxx" MMC-nin və "xxxx" MMC-inn fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş, bu zaman vergi borclarından yayındığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 23 fevral 2016-cı il tarixdə, Siyəzən Rayon Məhkəməsi tərəfindən 08 may 2018-ci il tarixdə ittihamedici hökm çıxarılmasına baxmayaraq, məhkəmə həmin vergi borclarına görə 14 dekabr 2018-ci il tarixdə, yəni bu hökmlər çıxarıldıqdan sonra Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən, mülki iş üzrə ərizəçinin, yəni müvafiq vergi qurumunun yuxarıda göstərilən hökmləri məhkəməyə təqdim etməməsi (gizlədilməsi) başa düşülən haldır. Lakin, bu hal şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına, dolayısıyla onun öz ailəsinin yanına, vətəndaşı olduğu ölkəyə getməsinə maneçiliklə nəticələnməməlidir. Qoyulmuş məhdudiyyətin götürülməsi üçün bu qətnamədən apellyasiya şikayəti vermək zərurəti yaranmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, şikayətin təmin edilməsini xahiş edir.

11. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş izahatında əlavə olaraq bildirir ki, Maraqlı şəxs 2016-cı ildən ailə quraraq Türkiyəyə köçmüş və vətəndaşlıq almışdır. Qardaşı xərçəng xəstəsi olmuş və vəfat etmişdir və ölkəyə qayıtmaq istəyən zaman ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığı bildirilir.Qeyri-qanuni yollarla X6 adlı şəxs "Üfüq SS” MMC və "xxxx" MMC-ni təsis etmiş və cinayət əməlləri törətmişdir. Maraqlı şəxs həmin şirkətlərin necə yaranması barədə məlumatı olmamışdır. Bu barədə məlumatı indi olmuşdur və müvafiq orqanlara şikayətlər ediblər. X6 barəsində hökm çıxarılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən vergi borcu silinmişdir. "xxxx" MMC-nin də müddəti 08 may tarixində bitir. Xanımın 3 övladı var, onların fiziki qüsurları var, övladlarından biri xərçəng xəstəsidir, əməliyyat olunmalıdır. Əməliyyat olunması üçün ananın imzası olmalıdır. Hazırda uşaqlar Türkiyədədirlər, Çiftçi X1 gedə bilmir. Maraqlı şəxs Azərbaycanda yaşadığı vaxt heç bir sahibakarlıq fəaliyyəti ilə məşğul olmamışdır.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Vergi Məcəlləsi

Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: Maddə 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; Maddə 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. Maddə 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.

19. İddiaçı hazırkı iddia tələbində "xxxx" MMC-nin və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir.

21. Maraqlı şəxs məhkəməyə apellyasiya şikayəti verərək qeyd etmişdir ki, onun "xxxx" MMC-nin və "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur, 01 iyun 1963-cü il təvəllüdlü X6 adlı şəxs bir neçə MMC-nin, o cümlədən"xxxx" MMC-nin və "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş, bu zaman vergi borclarından yayındığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 23 fevral 2016-cı il tarixdə, Siyəzən Rayon Məhkəməsi tərəfindən 08 may 2018-ci il tarixdə ittihamedici hökm çıxarılmışdır.

22. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, Siyəzən Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmdən görünür ki, X6 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN **********) faktiki rəhbəri olarkən, cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 17.3, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103.1, 105.1, 130, 130.2, 149.1, 149.2, 149.3, 156.1, 157, 167, 177.1, 177.2 və 218.2-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin adından qeydiyyatda olduğu vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə xeyli miqdar təşkil edən 28 688.25 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Siyəzən Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətində dövlət, kommersiya və ya özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs, mülki cavabdeh X2 28 688,25 manat vergi borcunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin mühasibat, hesabat sənədlərinin cinayət işində saxlanılması hökm edilmişdir.

23. Göründüyü kimi, "xxxx" MMC-nin vergi borclarına görə X4 məsuliyyəti müəyyən edilmiş və barəsində hökm çıxarılmışdır.

24. Ərizəçinin xahişi həmçinin "xxxx" MMC-nin vergi borclarına görə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəyə "xxxx" MMC-nin vergi borcları ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Buna baxmayaraq o hissədə də işə baxan məhkəmə ərizəni təmin etmişdir.

25. Maraqlı şəxsin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, "xxxx" SS MMC-nin 31486,09 manat borcu olmuş, 20474,04 manat azaldılmışdır, 600 manat vaxtı ötmüş borc olmaqla cəmi ödənilməli borc 100 manatdır.

26. Maraqlı şəxsin təqdim etdiyi sənədlərdən o cümlədən müəyyən olunur ki, onun Türkiyə Respublikasında yaşayan xüsusi baxıma ehtiyacı olan övladı vardır.

27. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Ərizənin təmin edilməsi üçün əsaslar yoxdur.

28. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(001)-10412/2018 saylı qətnaməsi ləğv edilməli, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməməlidir.

29. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(001)- 10412/2018 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar