Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3382/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə mülki iş üzrə (Açar sözlər: iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-ci il tarixinə hesablanmış 4030 manat məbləğində əsas borcun, 1200 manat məbləğində cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqının və ödənilmiş 70 manat məbləğində mediasiya haqqının və 3 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, yönəltmə borc məbləğini tam ödəməzsə qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1863/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında anbarda saxlama müqaviləsindən yaranan mübahisəyə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbində qalıq borc və faiz borcun cavabdehdən alınıb iddiaçıya verilməsindən başqa borc məbləğinin anbarda saxlanan mallara yönəlməsi və borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbi də qeyd edilmişdir. Qeyd edilən iddia tələbi qiymətləndirilməyən iddialara aiddir. İddiaçı isə qanunvericiliyə əsasən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumundan cəmi 3 manatının ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə etmişdir. İddia ərizəsində iddiaçı iddiasının qiymətləndirilən iddia kimi nəzərdə tutmuş, iddia tələbinə uyğun 73 manat dövlət rüsumu ödənilməli olduğunu qeyd etmiş və “X4” Qanunun 9.1-1-ci maddəsinə istinad edərək, 73 manat məbləğin 70 manatın mediasiya xəcri kimi ödədiyindən həmin məbləği çıxaraq, cəmi 3 manatı dövlət rüsumu ödəmişdir. Kommersiya münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin hazırki iddia kommersiya mübahisəsi hesab edilmədiyindən, iddiaçı yanlış olaraq qanunvericilikdə tələb edilmədiyi halda mediasiyaya müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak etmiş və 70 manat mediasiya xərci ödəmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən “X4” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə istinadı əsassızdır və məhkəmədə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəməlidir. İddiaçı cavabdehə “məhkəməyə qədər nizamlama qaydasında” pretenziya məktubu göndərmiş və hazırki iddia tələbində qeyd edilənləri məktubda tələb etmişdir. Bu isə hazırki iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməsinə kifayət edirdi. İddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Həmin qərardaddan İddiaçı MMC şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsinin tərkibində konkret məbləğli pul tələbi olduğundan iddia qiymətləndirilən iddialara daxildir. Belə ki, xx.xx.2021-ci il tarixli “X4” Azərbaycan RespublikasınınQanununda dəyişiklik edilməsi barədə Qanuna əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin dərc etdiyi Ədliyyə Nazirliyinin 2021-ci il tarixli Metodik Vəsaitin 10-cu səhifəsində birbaşa göstərilmişdir ki, qiymətləndirilməyən iddia ərizələrinə nikahın pozulması, uşaqla görüş, valideynin razılığı olmadan uşağın ölkədən çıxarılması, mənzilə köçürmə, istifadə hüququ ilə bağlı tələblər və s. iddia icraatı qaydasında olan tələblər daxildir. Göründüyü kimi hazırkı icraatda olan iddia ərizəsinin bu qəbildən olan iddialara hər hansı oxşarlığı, eyniliyi, aidliyi yoxdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsində təsbit olunmuşdur ki, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir və İddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. Göründüyü kimi hazırkı iddia ərizəsində də həm əsas, həm cərimə məbləği olduğundan tələblər toplanaraq müvafiq hesablanma aparılmışdır. Bundan əlavə vahidləşmiş məhkəmə təcrübəsinə də müraciət etdikdə aydın görünür ki, birmənalı olaraq əgər iddia tələbində pul tələbi varsa rüsum həmin tələb olunan pul məbləğinə əsasən hesablanır. Məhkəmənin mediasiya sessiyasında ödənilmiş rüsum ilə bağlı arqumentinə gəldikdə isə bildirilir ki, məhkəmənin bu qənaəti tamamilə yanlışdır. Belə ki, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri; ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “X4” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “X4” Qanunun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Göründüyü kimi qanunda “yalnız məcburi mediasiya sessiyası keçirilməli olan işlər üzrə sonradan məhkəməyə müraciət edilən zaman dövlət rüsumundan azad olunma” barədə olan hər hansı norma yoxdur. Azad olunma ümumi mediasiya sessiyası keçirilən bütün növ işlər üzrə tətbiq edilir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 24.3-cü maddəsində qeyd edilir ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
10. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. (Maddə 25.2)
11. Həmin Məcəllənin 26-cı maddəsində qeyd edilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. (Maddə 26.2)
12. Həmin Məcəllənin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.
13. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.
14. Həmin Məcəllənin 40.2.-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. 16 Belə ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən ona istinad etmişdir ki, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilmədiyindən iddiaçı tərəfindən qanunvericilikdə tələb edilmədiyi halda mediasiyaya müraciət edilmiş, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 70 manat mediasiya xərci ödəmişdir. Birinci instansiya məhkəməsi bu səbəbdən hesab etmişdir ki, iddiaçı tərəfindən “X4” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə istinadı əsassızdır və məhkəmədə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu iddiaçı tərəfindən ödənilməlidir.
17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında qeyd edilir ki, “...MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
18. Ali Məhkəmənin Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə əsasən mübahisənin kommersiya mübahisəsi olub olmadığının müəyyən edilməsi zaman 3 meyar - tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın qarşılıqlı bağlılığı tələb olunur.
19. İş materiallarından görünür ki, hazırkı halda tərəflərdən biri hüquqi şəxs, digəri isə fiziki şəxsdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin kommersiya mübahisəsi olmadığı qənaətinə gələrkən fikiki şəxs Cavabdeh fərdi sahibkar statusunun olub olmamasını, mübahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəlib gəlməməsi kimi halları araşdırmamışdır.
20. Elektron informasiya sistemindən müəyyən olunur ki, cavabdeh vergi ödəyicisidir. Məhkəmə tərəflər arasında yaranan münasibətlərin cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlib gəlməməsini araşdırmalıdır. Məhkəmə zərurət olarsa tərəflərin işrtirakı ilə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxa bilər.
21. Bundan əlavə, müqavilənin 6.2-ci bəndinə uyğun olaraq iddia ərizəsinin saxlayıcının hüquqi ünvanı olan Nərimanov rayonu üzrə məhkəmə tərəfindən baxılması nəzərdə tutulmuşdur. Lakin tərəflər yalnız ərazi aidiyyatı barədə razılığa gələ bilərlər.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin olaraq mübahisənin ümumi, yoxsa kommersiya məhkəməsinə aid olması müəyyən edilməli, mübahisənin ümumi məhkəməyə aid olması müəyyən edildiyi təqdirdə iddia ərizəsinin icraata qəbul edilib edilməməsinin mümkünlüyü yenidən araşdırılmalıdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1863/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev