Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3383/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Fatma Məmmədovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qarşı “təhsil haqqının geri qaytarılması və ya növbəti tədris ilinə hesablanması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 2021/2022-ci tədris ili üçün ödənilmiş 1.500 manat təhsil haqqı geri qaytarılsın və ya bu məbləğ 2022/2023-cü tədris ilinin təhsil haqqına hesablansın. Tələb belə əsaslandırılıb ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ödənişli əsaslarla təhsil alır, 2021/2022-ci tədris ilində iddiaçının təhsili uğursuzluqla nəticələnmişdir. Belə ki, iddiaçı təhsil haqqını tədris mövsümunun başlanğıcında deyil, semestr imtahanları ərəfəsində ödədiyi üçün Akademiyanın rəhbərliyi onu dərslərdən kənarlaşdırmışdır. Digər tərəfdən, iddiaçı MMA döyüş növü üzrə peşəkar yarışlarda və təlim məşq toplanışlarında iştirak etdiyi üçün dərslərdə iştirak edə bilməmiş, nəticədə isə qış və yay semestr imtahanlarına buraxılmamışdır. İddiaçıya şifahi olaraq bildirilmişdir ki, 4-cü kursu bitirdikdən sonra 3-cü kursu yenidən oxuyacaq və 2021/2022-ci tədris ili üçün ödədiyi 1.500 manat təhsil haqqı isə “batacaq”. Əsas məsələ ondan ibarətdir ki, iddiaçı 4-cü kursu bitirdikdən sonra ona diplom verilməyəcək və o, 1 il deyil, 1,5 il həqiqi hərbi xidmətə çağırılacaq. Yalnız hərbi xidmətdən qayıtdıqdan sonra təhsil haqqını ödəməklə 3-cü kursu yenidən oxuyacaq, digər fənlərdən olan kəsrləri də verdikdən sonra diplom ala biləcək. Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Fatma Məmmədova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı 2017/2018-ci tədris ilində cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ödənişli əsaslarla bakalavriat ali təhsil səviyyəsinin “Məşqçi (idman növü-sərbəst güləş)” ixtisasına qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli T-143 nömrəli əmrə əsasən tələbə ailə vəziyyəti ilə əlaqədar akademik məzuniyyətə buraxılmış, xx.xx.2020-ci il tarixli T-89 nömrəli əmrə əsasən akademik məzuniyyət 1 il uzadılmışdır. Tələbə 2020/2021-ci tədris ilinin yaz semestrində xx.xx.2021-ci il tarixli T-50 nömrəli əmrlə akademik məzuniyyətdən qayıtmışdır. Tələbə akademik məzuniyyətdən qayıdarkən təhsilində fasilə verdiyi dövrdən dərslərə başlamışdır. 2022/2023-cü tədris ilində tələbə “Məşqçi (idman növü-sərbəst güləş)” ixtisası üzrə 119A24 qrupunda təhsil alıb. Tələbə 2020/2021-ci tədris ilinin yaz semestrinə bərpa olunduqdan sonra və 2021/2022-ci tədris ili üzrə bütövlükdə dərslərdə qeyri-müntəzəm iştirak etmiş, nəticədə fənlər üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etmədiyi üçün 22 fəndən 83 kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü bəndində qeyd olunub: “Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançıtələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır”. Akademiya bildirib ki, Qaydalara uyğun olaraq tələbə həmin fənləri yenidən dinləməli və akademik borclarını ləğv etməlidir. 2021/2022-ci tədris ili üçün ödənilmiş 1.500 manat təhsil haqqının geri qaytrılması və ya bu məbləğin 2022/2023-cü tədris ilinin təhsil haqqına hesablanması barədə tələb əsassızdır. Belə ki, İddiaçı Akademiyaya qəbul olunduqdan sonra xx.xx.2017-ci ildə tərəflərin arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Akademiya üzərinə öhdəlik götürmüşdür ki, tələbəyə ixtisası üzrə bilik verəcək, peşə bacarıqları və vərdişləri formalaşdıracaq, tələbə isə üzərinə öhdəlik götürmüşdür ki, müəyyən edilmiş qaydada təhsil haqqını Akademiyaya ödəyəcək. Müqavilənin 4.1-ci bəndinə görə, tələbə təhsil aldığı bir təhsil ilinə görə Akademiyaya 2.200 manat məbləğində təhsil haqqı ödəyir. Müqavilənin 4.2-ci bəndinə görə, X1 əmrinə əsasən Akademiyaya qəbul olunmuş tələbələr qeydiyyatdan keçdikləri zaman təhsil haqqının 100 faizini ödəməlidirlər. Həmin bənddə daha sonra qeyd olunub ki, növbəti tədris ilində (illərində) tələbə təhsil aldığı tədiris ilinin təhsil haqqını həmin tədris ilinin başlanmasınadək ödəməlidir. İddiaçı 2021/2022-ci tədris ili üçün 1.500 manat təhsil haqqı ödəmiş, qalan 700 manatı ödəməmişdir. Hər tədris ilinə görə təhsil haqqını almaq Akademiyanın hüququdur. Akademiya müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozmadığına, yəni 2021/2022-ci tədris ilində tələbəyə ixtisası üzrə bilik verməkdən, peşə bacarıqları və vərdişləri formalaşdırmaqdan boyun qaçırmadığına görə tələbə təhsil haqqının geri qaytrılmasını və ya bu məbləğin növbəti tədris ilinin təhsil haqqına hesablanmasını tələb edə bilməz. İddiaçının imtahana buraxılmamasına onun öz davranışı səbəb olub. Belə ki, o, dərslərdə qeyri-müntəzəm iştirak edib, nəticədə fənlər üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etmədiyi üçün 22 fəndən 83 kredit borcu yaranmışdır. O cümlədən yuxarıda adı çəkilən Qaydaların 4.3-cü bəndində qeyd olunub: “Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir”. Göründüyü kimi, belə vəziyyətlərdə təhsil haqqının geri qaytarılması və ya növbəti tədris ilinin təhsil haqqına hesablanması nə Qaydalarda, nə də tərəflərin bağladığı müqavilədə nəzərdə tutulmayıb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3383/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3383/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver