Məhkəmə qərarları › İş №2(103)-3385/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3385/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3385/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh13, Cavabdeh11, Cavabdeh12, Cavabdeh5, Cavabdeh10, Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 3.950 manat, Cavabdeh2 7.182 manat, Cavabdeh3 6.325 manat, Cavabdeh6 10.500 manat, Maarif Səfərovdan 3.591 manat, Cavabdeh7dan 11.265 manat, Cavabdeh8 5.460 manat, Cavabdeh13 2.583 manat, Cavabdeh11 1.470 manat, Cavabdeh12 Qasımdan 2.415 manat, Cavabdeh5 54.230 manat, Cavabdeh10 6.762 manat və Cavabdeh9 3.675 manatın məcburi qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə cavabdehlər Cavabdeh3 6.024 manat, Cavabdeh7 480 manat, Cavabdeh9 1.850 manat, Cavabdeh10 1.400 manat, Cavabdeh2 3.840 manat, Cavabdeh12 1.700 manat, Cavabdeh4 3.000 manat, Cavabdeh6 10.000 manat və Cavabdeh1 3.762 manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnanmə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aprılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instanisya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, iddaçı ilə cavabdehlər arasında nisyə un alqı-satqı isə ilə bağlı münasibətlər mövcud olmuşdur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə isə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Hazırda iddiaçı, cavabdehlərin aralarında şifahi şəkildə bağlanmış nisyə alqı-satqı müqavilənəsinin şərtlərini pozaraq, ona tələbdə qeyd olunan məbləğlərdə borcunun yarandığını bildirərək, həmin borc məbləğlərinin və onun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsini tələb edir. İş materiallarından görünür ki, cavabdehlərdən Cavabdeh3 6.024 manat, Cavabdeh7 480 manat, Cavabdeh9 1.850 manat, Cavabdeh10 1.400 manat borcu, Cavabdeh2 3.840 manat, Cavabdeh12 1.700 manat, Cavabdeh1 3.762 manat və Cavabdeh4 3.000 manat məbləğində iddiaçıya borclu olduqlarını yazılı ərizə təqdim edərək etiraf etmişlər. Digər Cavabdeh6 isə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında iddiaçıdan 10.000 manat məbləğində borc almış və xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kollegiya vurğulayır ki, hər hansı hüquqi əsasla yaranmış borcun ödənilməsi ilə bağlı işlərdə borcun olmasını təsdiqləyən mötəbər sübutlar cavabdehin etirafı və ya borc müqaviləsi, yaxud borcun etirafı barədə sənəddir. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçı isə, məhkəməyə cavabdehlərdən iddia tələbini ümumiyyətlə etiraf etməyənlərin (Cavabdeh8, Cavabdeh13, Cavabdeh11 və Cavabdeh5) və tam həcmdə etiraf etməyənlərin (Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4) məhz tələbdə qeyd olunan məbləğdə borcunun olmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini onu qismən etiraf etmiş cavabdehlərə münasibətdə onların etiraf etdiyi hissədə təmin etməklə düzgün qənaətə gəlmişdir. İddia tələbinin borc məbləğlərinin onun gecikdirilməsinə görə cavabdehlərdən illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı isə Kollegiya bildirir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, kreditor gecikdirilmiş vaxt üçün illik beş faizi o vaxt tələb edə bilər ki, borclunun kreditor qarşısında pul məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi mövcud olsun və borclu həmin öhdəliyi müəyyən edilmiş müddətdə icra etməsin. Hazırkı mübahisə üzrə isə, məhkəmə kollegiyasının yuxarıdakı qənaətinə görə cavabdehlərdən bir qisminin iddiaçı qarşısında hər hansı pul öhdəliyi olmadığından, digərlərinə münaisbətdə isə öhdəliyin icrası vaxtı dəqiq müəyyən olunmadığından iddiaçı həmin maddəyə istinad edərək, pul məbləğinin ödənilməsi gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün illik 5%-in ödənilməsini tələb etməkdə haqlı deyil. Odur ki, rayon məhkəməsinin bu hissədə gəldiyi qənaət də əsaslıdır. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5028/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar