Məhkəmə qərarları › İş №2(103)-3387/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3387/2023

25.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3387/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi barədə tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X16 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi tələbinə dair ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2(001)-610/2023 nömrəli qətnaməsindən cavabdehlər X11 və Cavabdeh4 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2009-cu il tarixli, 2(001)1094/2009 nömrəli qətnaməsinə əsasən 28 mart 2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 nömrəli evin 10 nömrəli mənzilinin 17/30 hissəsi onun birinci növbə vərəsələri-oğlu X12, qızları İbrahimova (Hüseynova) Natella Mübariz qızı və Məmmədova (Hüseynova) Afət Mübariz qızı, həmçinin onun mərhum oğlunun qızı X15 arasında payları bərabər olmaqla bölünməsi, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 nömrəli evin 10 nömrəli mənzilinin 17/120 hissəsinə X10, 17/120 hissəsinə X3 vərəsəlik hüququ tanınmış, miras mənzilin İbrahimova (Hüseynova) Natella Mübariz qızı və Məmmədova (Hüseynova) Afət Mübariz qızına çatası payın, yəni 34/120 hissəsinin mərhum X2 adında açıq saxlanılması, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 nömrəli evin 10 nömrəli mənzilinin (17/120 hissəsi miras payı+3/30 hissəsi öz payı olmaqla) 29/120 hissəsinə dair X10, 17/120 hissəsinə dair X3 adına, 40/120 hissəsinə dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmaqla, yeni çıxarış verilməsinin Azərbaycan Respbublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə tapşırılması və iddiaçı X15 və X14 paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 nömrəli evin 10 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir.

2. Azərbaycan Respbublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,25 kv.m olan 10 nömrəli mənzilin 29/120 hissəsi X10, 17/120 hissəsi X3, 40/120 hissəsi X7 adına 23 yanvar 2010-cu il tarixdə qeydiyyata alınmış, 34/120 hissəsi isə X2 adına açıq saxlanılmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1087 nömrəli reyestr kitabının 98248 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, e-2(001)- 5178/2022 nömrəli qərardadından görünür ki, iddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilin X2 adında açıq saxlanılmış 34/120 hissəsinə vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə), mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2009-cu il tarixli, 2(001)-1094/2009 nömrəli qətnaməsinə əsasən X1 miras qalmış əmlak artıq vərəsələr arasında bölünmüşdür.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(001)- 2793/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər X8 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 okyabr 2020-ci il tarixli, 10/2255 nömrəli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi ev 17, 10 nömrəli mənzilin tərəflərin paylarına müvafiq olaraq naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-Texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

5. "xxxx" MMC-nin 28 avqust 2021-ci il tarixli hesabatı ilə ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilin bazar qiymətinin 30000 manat olduğu müəyyən edilmişdir.

6. "xxxx" MMC-nin 16 yanvar 2023-cü il tarixli hesabatı ilə ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilin bazar qiymətinin 33500 manat məbləğdə olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 10 nömrəli mənzilin 29/120 hissəsi ona, 17/120 hissəsi cavabdeh X8, 40/120 hissəsi digər Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında məxsusdur. Mənzilin 34/120 hissəsi isə cavabdehlər İbrahimova (Hüseynova) Natella Mübariz qızı və Məmmədova (Hüseynova) Afət Mübariz qızına çatası pay mərhum X2 adında açıq saxlanılmışdır. Həmin mənzildə hazırda cavabdehlərdən X12 öz ailəsi ilə yaşayır, o, isə öz mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir, ailəsi ilə, körpə övladları ilə ya ərinin yaxınlarının evində, ya kirayələrdə yaşayır. Cavabdehlərə dəfələrlə müraciət edərək, öz payının onlara satılmasını, buna razı olmadıqları təqdirdə isə, onlara məxsus payın ona satılmasını təklif etsə də, etdiyi təkliflər cavabsız qalmışdır. O, paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 12 noyabr 2020-ci il tarixli, 2(001)-2793/2020 nömrəli qətnaməsi ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2255 nömrəli rəyinə əsasən, mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı səbəbi ilə iddiası təmin edilməmişdir. Hazırkı iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daha əvvəl müraciət etmişdir. Həmin məhkəmənin 2(001)-2308/2021 nömrəli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Səbəb isə sözügedən mülki iş üzrə cavabdeh olan X3, iş üzrə tərəflərin yaxın qohum olduqlarını, mübahisənin öz aralarında həll etmək niyyətinin olduğunu göstərməsi, onun isə bu hala inanaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizə ilə müraciət etməsinə səbəb olmuşdur. Bundan başqa mərhum nənəsi X2 adında açıq saxlanılmış paya münasibətdə qeyd edir ki, tərəfindən Miras payının tamamlanması tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, həmin məhkəmənin e2(001)-5178/2022 nömrəli qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Məhkəmə bu nəticəyə gələrkən X1 miras qalmış əmlakın artıq vərəsələr arasında bölünməsinə dair Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2009-cu il tarixli, 2(001)- 1094/2009 nömrəli qətnaməsini əsas kimi göstərmiş, açıq saxlanılmış paya münasibətdə isə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, miras əmlakın 34/120 hissəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mülkiyyəti hesab olunduğunu göstərmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2(001)- 610/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəsi gedən mənzilə sahiblik və ondan istifadədə tərəflər arasında razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçının istifadə etməsinə maneələr yaradıldığı, tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri, habelə mübahisəli mənzilin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir; tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməsi mümkün olmamışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 215.2, 215.4, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehlər X11 və Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilb, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Həm K.M.Hüseynov, həm də Cavabdeh4 şikayətlərini onunla əsaslandırmışlar ki, mübahisəli mənzilə görə kompensasiya ödənilməsi üçün iddiaçı tərəfindən Kamran Hüseynov və Cavabdeh4 heç bir müraciət olunmamışdır. İş materiallarında belə bir müraciəti təsdiq edən sübut mövcud deyil. Yalnız bu müraciət edildikdən sonra, əgər Kamran Hüseynov və Afət Məmmədov iddiaçıya ona məxsus payın əvəzini ödəməsə idi, yaxud təklif etdiyi qiymət barədə razılaşma olmasa idi, məhkəmə paylı mülkiyyətin hərraca çıxarılmasını təmin edə bilərdi. İşə baxan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı dəqiq araşdırmadan və işdə kompensasiya təklifi barədə hər hansı sübut olmadan iddianı təmin edə bilməzdi. Həmçinin sözügedən xüsusatın araşdırılması üçün Kamran Hüseynov və Cavabdeh4 məhkəmə iclaslarında iştirakı da təmin olunmamışdır. İş materiallarından görünür ki, iddiaçının paylı mülkiyyətdəki payı 29/120 hissə təşkil edir. Məhkəmə tərəfindən mənzilə 33500 manat qiymət qoyulmuşdur. Bu məbləğin 29/120 hissəsi 8095 manat edir və onlar iddiaçıya düşən payın dəyərini, yəni 8095 manatı ödəməyə həmişə hazırdırlar. Göründüyü kimi, paylı mülkiyyətçi öz payına düşən əşyaya, digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Əgər bu tələb varsa və digər mülkiyyətçilər bu tələbi təmin etməyiblərsə, bu zaman hərracda satıla bilər. Lakin bu tələb yoxdursa və bu prosedur mərhələyə əməl edilməmişdirsə, mənzilin hərracda satılması sözügedən maddələrin pozulması hesab olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər; Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir; Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; Maddə 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər;

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.”

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətləri ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməməsi halı mövcuddur ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

23. Belə ki, işdən müəyyən olunur ki, hazırkı iddia tələbi ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi barədədir və iddiaçı bu tələbin əsası kimi ona istinad etmişdir ki, haqqında mübahisəsi olan mənzil paylı mülkiyyətdədir və həmin mənzil üzrə payların naturada müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur. Belə olan halda, öz payının cavabdehlərə satılması barədə dəfələrlə onlara müraciət etsə də, təklifləri cavabsız qalmışdır.

24. Məhkəmə kollegiyası işin bu hallarına münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi işin halları baxımından düzgün qətnamə çıxarmamışdır.

25. İlk öncə qeyd olunmalıdır ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

26. Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması mərhələli formada həyata keçirilməlidir. Belə ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

27. Hazırkı iş üzrə əmlakın naturada bölünməsinin mümkünsüzlüyü məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır.

28. İddiaçı növbəti addım olaraq isə, öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etməli idi. Lakin, işin halları ilə bu fakt təsdiqini tapmır. Birinci instansiya məhkəməsi qətnaməsində tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməsinin mümkün olmaması qənaətinə gəlmişdir, lakin belə mümkünsüzlüyün nəyə əsasən təsbit olunduğu göstərilməmişdir. İddiaçı tərəfindən də bu halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

29. Halbu ki, cavabdehlər iddiaçının payına uyğun kompensasiya verilməsinə razı olduqlarını bildirirlər və onların apellyasiya şikayətinin dəlillərini də məhz bu fakt təşkil edir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, iddiaçı tərəfindən öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək barədə sübut təqdim olunmamışdır və hazırda cavabdehlər kompensasiyanın ödənilməsinə razılıqlarını bildirirlər, belə olan halda hazırkı iddia təmin oluna bilməz.

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuş, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e-2(001)- 610/2023 nömrəli qətnaməsindən cavabdehlər X11 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e-2(001)- 610/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib bölünməsi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar