Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3389/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-97/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmamış övladı X6 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 97/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmamış uşağı X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, 121 saylı evin 81 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın kirayə haqqı kimi ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7615/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(001)-97/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-541/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7615/2021 saylı, 17 avqust 2021-ci il i tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili V.Əskərova ayrılıqda apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi, həmçinin də iddiaçı tərəfindən göstərilən kirayə haqqının ödənilməsini təsdiq etdilər bildirdilər ki, istifadə hüququna görə kompensasiya hüquqa xitamdan sonrakı dövrə aiddir, ona hgörə də əvvəllər ödənilmiş məbləğ hesaba alına bilməz, onlar kompensasiya kimi ən azı 25-30.000 manat pulun və ya bir otaqlı mənzilin alınıb verilməsini məqbul hesab edirlər, əks halda qətnamənin ləgv edilərək iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi və bildirdi ki, tərəflər arasında istifadə hüququnq xitamla bağlı münasibətlər həll olunmuşdur, tərəflərin qarşılıqlı razılığı ilə iddiaçı 2013-cü ildən 2019-cu ilədək cabavdehin yaşaması üçün kirayəyə ev tutmuş və bütün bu müddət ərzində 25.200 manat kirayə haqqı ödəmişdir, cavabdehin özü də bunu təsdiq edir, lakin tərəflər arasında olan bu münasibətlər rəsmiləşdirilməmiş və cavabdehin qeydiyyatı qalmışdır, əslində istifadı hüququnq kompensasiya müqabilində xitamın məqsədi də bundan ibarətdir ki iddiaçi da buna əməl etmişdir, bununla belə, nə qədər ki, kasassiya instansiyası qərarı ləğv etmişdir, ona görə də əlavə olaraq yenidən 15.000 min manat ödənilməklə cavabdehin istifadə hüququnq xitam verilməsini xahiş etdi və buna dair yazılı ərizəsini məhkəmə kollegiyasına təqdim etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 03 iyul 2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh və 24 iyun 2003-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2005-ci il tarixli, 220 nömrəli sərəncamından çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9- cu mkr., Mir Cəlal küçəsi, 121 saylı binanın 81 saylı mənzilinin əsas icarədarı X5 vəfat etdiyindən mənzilin icarə müqaviləsi dəyişdirilmiş, İddiaçı1 Ağalar oğlu mənzilin əsas icarədarı hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli, 2- 1914/2004 saylı qətnaməsinə əsasən, Bağırova (Nəsirova) Sevinc Təyyar qızının Bakı şəhəri, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 121, mənzil 81-ə istifadə hüquqlarının tanınması və onun bir azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(103)-568/2020 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2- 1914/2004 saylı, 10 sentyabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək X2 Bakı şəhəri, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 121, mənzil 81-ə istifadə hüquqlarının tanınması və onun bir yetkinlik yaşına çatmamış övladı X6 ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(102)-3653/2020 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(103)-568/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. X8 ilə İddiaçı1 arasında bağlanımş 01 iyun 2013-cü il tarixli “daşınmaz əmlakın icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, İddiaçı1 həmin tarixdən ayda 300 manat icarə pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından məlum olur ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilin orta aylıq kirayə haqqı 280-300 manat təşkil edir. İddiaçı tərəfindən Məhkəmə kollegiyasına təqdim olunmuş ərizədən məlum olur ki, o, cavabdehə kompensasiya kimi 15.000 manat ödəməyə hazırdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-541/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, “...Apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməklə, cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü bildirmiş, lakin hesab etmişdir ki, artıq ödənilən məbləğ kompensasiya kimi qiymətləndirilə bilməz, kompensasiya məbləği istifadə hüququ itirilən zaman müəyyən edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması qənaətinə gəldiyi halda, maddi hüquq normalarının tələblərinə əsasən təklif olunmalı kompensasiyanın məbləğini müəyyən etməlidir. Məhkəmə kollegiyaının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, 121 saylı binanın 81 saylı mənzilinin əsas icarədarı X5 olmuş, onun ölümündən sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2005-ci il tarixli sərəncamı ilə mənzilin icarə müqaviləsi dəyişdirilmiş, mənzilin əsas icarədarı İddiaçı1 Ağalar oğlu hesab edilmişdir. Bağırov X4 Rasim Ağalar oğlunun qardaşıdır. İddiaçı2 Ağalar oğlu və Cavabdeh 08 oktyabr 2002-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 1 övladları anadan olmuş, nikahları 2004-cü ildə pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə Bağırova (Nəsirova) Sevinc Təyyar qızının Bakı şəhəri, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 121, mənzil 81-ə istifadə hüquqlarının tanınması və onun bir azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə hazırki iddia üzrə icraat zamanı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək X2 Bakı şəhəri, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 121, mənzil 81-ə istifadə hüquqlarının tanınması və onun bir yetkinlik yaşına çatmamış övladı X6 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qətnaməsinin icrası ilə bağlı tərəflərin qarşılıqlı razılaşması ilə Bağırova (Nəsirova) Sevinc Təyyar qızı 2013-cü ildən kirayə mənzilə köçürülmüş, kirayə pulu isə iddiaçılar tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehin yetkinlik yaşına çatmamış övladı X6 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə» dair xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə olan halda kollegiya qeyd edir ki, tərəflər arasında olan münasibət 2002-ci ildə yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-541/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməklə, cavabdehin istifadə hüququna müvafiq kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyü ilə razılaşmışdır. Məhkəmə kolegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 cavabdehə 15.000 manat kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasına dair yazılı ərizə təqdim etmişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində kompensasiyanın məbləğini 15.000 manat təklif etmişdir ki, Kollegiya həmin məbləği əsaslı, ağlabatan və ədalətli hesab edir, həm də məhkəmə kollegiyası bu vaxt iddiaçı tərəfindən cavabdehə 2013-cü ildə hazırkı vaxtadək kirayədə yaşaması üçün böyük məbləğdə (25.200 manat) kirayə haqqı ödəməsini də nəzərə alır. Nəticə: Göstərilənlərə əsasən Ali Məhkəmənin qərarındakı göstərilərişləri, hazırkı işin hallarını nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddiaçıların təklif olunan kompensasiyanın həcmi ilə bağlı apellyasiya icraaatı zamanı dəqiqləşdirilmiş tələbi təmin edilməli, cavabdehə iddiaçılar tərəfindən 15.000 manat kompensasiya verilməklə, onun və övladı X3 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-97/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 15.000 (on beş min) manat kompensasiya verilməklə, cavabdeh və övladı X3 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Həmid Həmidov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3389/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3389/2022
08.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver