Məhkəmə qərarları › İş №2(103)-3391/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3391/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3391/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi, podrat müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(006)-141/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A-məhəllə ev 4,5 mənzil 33, bina 4 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil (reyestr nömrəsi: **********75-05301-093072) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) 05 noyabr 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. 25 dekabr 2020-ci il tarixli 0012 nömrəli “Təmir xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, icraçı Cavabdeh1 MMC Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi bina 4, "xxxx" yaşayış kompleksi, 8-ci mərtəbədə yerləşən 107 kv.m və 52 kv.m olan mənzillərin təmirinin öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin: - 3.1-ci bəndinə əsasən, icraçı hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş işləri sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini öhdəsinə götürmüşdür; - 4.1-ci bəndinə əsasən, sifarişçi hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün icraçıya smeta dəyərinə uyğun olaraq hər bir iş vahidi müəyyənləşdirməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan təhvil-təslim aktına uyğun olaraq hesablanmaqla 37000 AZN valyutasında ödəniş edir.

3. Müqaviləyə əlavə edilən ödəniş cədvəlindən görünür ki, 25 dekabr 2020-ci ildə 10000 manat, 10 yanvar 2021-ci ildə 7000 manat, 30 yanvar 2021-ci ildə 9000 manat, 10 fevral 2021-ci ildə 9000 manat, təhvil zamanı isə 2000 manat ödəniş edilməsi müəyyənləşdirilmişdir. Müqavilə üzrə görüləcək işlərin siyahısı müqaviləyə əlavə olunmuşdur və həmin işlər aşağıda qeyd olunan həcmdədir: 1. Güzgü üstündə işıq; 1.1 yanında vintelyatorun işığı razetka; 2. Pol minimum aşağı; 3. Balkona metlax keroma qranit; 4. Damafon; 5. Alçipan fiqur kolidor zal; 6. İnternet və telefon çəkilməsi; 7. Rus qapısı içi şüşəli; 8. Plasmas qapıya oxşasın (sanitar qoşvaq); 9. Hamam tualet duş kabine parok mərmər girişə mərmər; 10. Duş ECA; 11. Dunlop qalanları Qrok dunlop; 12. Kombi Hidroterm 24-32; 13. Aboy Valpaper mm – 20 AZN seçim müştəri; 14. Dekor işıq kolidorda -108; 15. Pol Dik 20 laminat 11 mm polski; 16. çanaxqala kafel müştəri seçir; 17. karniz vurulmalı; 18. smistitel şifon kuxna; 19. Pəncərələrə Setka; 20. Pəncərə cif 2+3; 21. Kombi şkafı hər ikisinə və plasmas altdan polka; 22. kafelin rəngini dekor vurmaq müştəri seçir;

23. Plasmas çöl qapının altı panel bütöv; 24. Çöldə kombinin altında trubalara izolyasiya olunur; 25. Hamamın üstündə 30x30 rəngli asma tavan rəngini və fiqurunu müştəri seçir.

4. İddiaçı və digərləri tərəfindən Bakı şəhəri Nəsimi rayon prokurorluğu və Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 19 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, Nəsimi rayonu Hənifə Ələsgərov küçəsində yerləşən ofisdə ev təmir etmək və kirayə vermək fəaliyyətləri ilə məşğul olan Cavabdeh2, X6 və Səid adlı şəxslərin onları aldadaraq külli miqdarda pullarını mənimsəmələri ilə əlaqədar barələrində cinayət işinin açılmasını və qanunamüvafiq qaydada ciddi tədbir görülməsini xahiş etmişlər.

5. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 20 may 2022-ci il tarixli 082-18429 nömrəli məktubda qeyd edilmişdir ki, Nəsimi RPİ-nin İŞ-də toplanmış HK-1/195 nömrəli material üzrə aparılmış araşdırma zamanı Cavabdeh2 və X4 əməllərində cinayət tərkibi olmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Cavabdeh2 və X4 onunla aralarında olan mübahisəli pul məsələsi ilə əlaqədar olaraq mübahisənin mülki qaydada həll olunmasından ötrü aidiyyəti üzrə məhkəməyə müraciət etmək və qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüquqlarının olması izah edilmişdir.

6. Nəsimi RPİ-nin İŞ-nin 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı və digərlərinin müraciətləri əsasında toplanmış material üzrə Cavabdeh2 və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış, mübahisənin mülki qaydada həll olunmasından ötrü məhkəməyə müraciət olunması hüququ izah edilmişdir.

7. 01 may 2022-ci il və 05 may 2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC və Cavabdeh2 23350 manat məbləğdə borcun, 15000 manat məbləğdə cərimənin, ümumilikdə 38350 manat məbləğində borcun 5 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 27 sentyabr 2022-ci il tarixli **********060000 nömrəli cavab məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh1 MMC-nin (VÖEN: **********) vergi ödəyicisi kimi 10 fevral 2020-ci il tarixdə uçota alınması və qeydiyyata alındığı tarixdən bu günədək fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat mövcuddur. Cavabdeh1 MMC-nin (VÖEN: **********) ləğv və ya müflis elan edilməsi barədə məlumat müəyyən edilməmişdir.

9. Sadə yazılı formada tərtib edilmiş 27 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 01 noyabr 2023-cü il tarixə 1 otaqlı 54 kv.m olan mənzilin kafel-metlaxın hazır vəziyyətdə olacağına söz vermiş, digər mənzilə 130 AZN olan materialı da alacağını, sonrakı 5 gün ərzində hamamların qapısını və tavan örtüyünün vurulmasını öhdəsinə götürmüşdür.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və təsisçisi Cavabdeh2 onun xeyrinə rəsmi kassa mədaxil qəbzləri ilə ödədiyi pul vəsaitinin qalan hissəsi olan 23350 manat məbləğdə borcun, 10000 manat məbləğdə cərimənin, ümumilikdə 33350 manat və 191,05 manat ödənilmiş manat məbləğdə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh MMC ilə ilk dəfə telekanalların birində “ev təmiri edən” şirkət kimi fəaliyyət göstərdiyinə dair reklam çarxında məlumatlandıqdan sonra həmin şirkətə müraciət edərək, özünə məxsus ünvan 5 ünvanında ("xxxx" Şirkəti tərəfindən tikilən, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında) yerləşən mənzilin təmir edilməsinə dair 25 dekabr 2020-ci il tarixdə Cavabdeh1 MMC-nin ünvan 6 ünvanında yerləşən ofisində aralarında 0012 nömrəli “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə” bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən, icraçı MMC 3 ay müddətinə qeyd edilən mənzili tam təmir edərək sifarişçi İddiaçı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin 2021-ci ilin yanvar-fevral aylarından sonra təmir işləri icraçı tərəfindən dayandırılaraq müqavilənin şərtləri pozulmuşdur. Qeyd edilən müqavilənin şərtlərinə görə xidmət haqqı 37000 manat təşkil edirdi və həmin məbləğdən müxtəlif tarixlərdə ümumilikdə 31350 manat məbləğində pul vəsaitini iddiaçı cavabdeh MMC-nin təsisçisi Cavabdeh2 nağd şəkildə təhvil verərək, ondan rəsmi qaydada cəmiyyətin imza və möhürü ilə təsdiqlənmiş kassa-mədaxil qəbzlərini təhvil almışdır. Daha sonra məlum olmuşdur ki, vətəndaşı aldatmaq məqsədilə cavabdehlər həmin puldan mənzilin təmirinə cəmi 8000 manata yaxın pul vəsaiti xərcləyiblər və pulun qalan hissəsini şəxsi ehtiyacları üçün xərcləyərək mənimsəyiblər. Hazırda 1 il 7 aydır ki, qeyd edilən mənzilin təmir işləri yarımçıq olaraq cavabdeh tərəfindən dayandırılıbdır və dəfələrlə iddiaçı tərəfindən cavabdeh MMC-nin təsisçisi Cavabdeh2 müraciət olunmasına baxmayaraq, nə mənzilin təmir edilməsi davam etidirilmir, nə də ki ödənilən pul məbləğinin qalan hissəsini qaytarmaqdan boyun qaçırırlar. Cavabdeh MMC-nin təsisçisi Cavabdeh2 iddiaçı kimi bir neçə şəxsi eyni qaydada aldadaraq pullarını mənimsəyib. Bundan əlavə, iddiaçı və digər aldadılmış şəxslər baş vermiş faktla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə 19 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət etmiş və Nəsimi Rayon Polis İdarəsi tərəfindən cavab olaraq işin mülki iş olması və məhkəməyə müraciət edilməsinə dair 16 fevral 2022-ci il tarixli qərar verilmişdir. Cavabdehlər MMC və Cavabdeh2 iddiaçının ödədiyi 31350 manat məbləğdə pul müqabilində mənzilini tam təmir etməmişlər, nə də ki İddiaçı rəsmi qəbzlə ödədiyi pul vəsaitinin qalan hissəsini – 23350 manat məbləğdə pulu sonuncuya geri ödəməmişlər. Buna uyğun olaraq, cavabdehlərin iddiaçıya vurmuş olduqları maddi zərəri, eləcə də tikinti materiallarının qiymətinin qalxdığını nəzərə alaraq cavabdehlərdən 10000 manat məbləğdə dəymiş zərərə görə dəbbə pulunun (təzminat) tutulması məqsədə uyğundur. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət olunaraq cavabdehlərə son olaraq 10 may 2022-ci il tarixində xəbərdarlıq göndərilmiş və həmin məktub 13 may 2022-ci il tarixində cavabdeh tərəfindən imzalanaraq qəbul edilsə də, cavabdeh indiyədək heç bir ödəniş etməmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli 10/6650 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan ümumi sahəsi 54.10 kv.m. olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2944A-məhəllə ev 4,5 mənzil 33, bina 4 (yeni qaydalarla: Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 190, M8, m5) mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 3975 manat, ümumi sahəsi 99.20 kv.m. olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi, 2944Aməhəllə ev 4, 5-də yerləşən 33 saylı (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 190, M8, m4) mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 6275,0 manat məbləğində müəyyən edilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(006)- 141/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1ndən 21100 manat məbləğdə pul vəsaitinin, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 191,05 manat dövlət rüsumunun 122 manat hissəsinin Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pulun 32 manat hissəsinin Cavabdeh1 MMC-dən, qalan 18 manat hissəsinin isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə 31350 manat məbləğdə pul vəsaitini həmin dövrdə Cavabdeh1 MMC-nin direktoru olan Cavabdeh2 ödədiyini və onun tərəfindən yalnız 8000 manat məbləğində pulun təmirə xərcləndiyini, qalan hissəsinin isə mənimsənildiyini iddia edərək, cavabdehlərdən 23350 manat məbləğdə qalıq pulun tutulmasını tələb etsə də, həmin dövrdə MMC-nin direktoru olan Cavabdeh2 tərəfindən də etiraf edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə cəmi 31350 manat ödəniş edilmiş, lakin onun hamısı təmirə xərclənməmiş, bir hissəsi mənfəət kimi götürülmüşdür. Ödəniş məbləğinin hansı hissəsinin təmir işlərinə sərf edildiyini müəyyən etmək məqsədilə tərəflərin vəsatətinə əsasən məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, mənzillərdə aparılan təmir işlərinin ümumi dəyəri cəmi 10250 manat təşkil etmişdir. Cavabdeh2 izahatı məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilmişdir. Çünki iddiaçı ilə müqavilə bağlanan dövrdə MMC-nin direktoru Cavabdeh2 olmuş, bütün sənədlərdə MMC-nin qanuni təmsilçisi kimi o imza etmiş, sənədlər MMC-yə məxsus möhürlə təsdiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinə qiymət verərək məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin qəbzlər əsasında iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə ödəniş edilməsi müəyyən edilə bilmir. Çünki MMC-nin 27 fevral 2021-ci il tarixli ödəniş qəbzindən (kassa mədaxil) görünür ki, 3000 manat əsas məbləğin hamısı İddiaçı tərəfindən ödənilmiş, Cavabdeh2 tərəfindən qəbul edilmiş, qalıq borc qalmamışdır. Lakin buna baxmayaraq, tərəflərin izahatlarından da aydın olduğu kimi, İddiaçı tərəfindən müqavilə üzrə ödənişin bir hissəsi ödənilmiş, müəyyən məbləğdə qalıq borc qalmışdır. Müəyyən edilmişdir ki, cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində iddiaçıya 21100 manat məbləğdə ziyan dəymiş və onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında olan müqavilədə cərimənin ödənilməsi ilə əlaqədar razılaşma qeyd edilmədiyinə görə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisənin yaranmasına əsas olan müqavilədə Cavabdeh2 deyil, onun direktoru olduğu Cavabdeh1 podratçı qismində öhdəliklər daşıması müəyyən edilmişdir. Belə ki, müqavilənin sifarişçi qismində çıxış edən tərəfi İddiaçı, podratçı qismində çıxış edən tərəfi isə Cavabdeh1 MMC olmuşdur və məhz Cavabdeh1 MMC tərəfindən iddiaçıya ziyan vurulmuşdur. Buna görə də Cavabdeh2 əsl cavabdeh olmadığından iddia ona münasibətdə təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 386.1, 442, 445, 448.1, 462.1, 752.1, 753.1, 759.2, 777.4, 779.1, 779.2, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qismən – cavabdehlər Cavabdeh1 MMC-dən və təsisçisi Cavabdeh2 İddiaçı xeyrinə rəsmi kassa - mədaxil qəbzləri ilə ödədiyi pul vəsaitinin qalan hissəsi olan 23350 manat məbləğdə borcun, 10000 manat məbləğdə cərimənin ümumilikdə 33350 manat və 191,05 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutulmaması hissəsində ləğv edilməsi, iş üzrə cavabdehlərə qarşı iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayətin dəlillərinə görə, iş üzrə Cavabdeh2 Cavabdeh1 MMC-nin təsisçisi və direktoru olduğunu bildirsə də mülki işin materialları ilə bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə işə baxarkən Cavabdeh2 MMC-nin təsisçisi və direktoru olmasını təsdiq edən sənədləri cavabdehdən tələb etməmiş, nə də ki, Dövlət Vergi Xidmətinə sorğu verərkən bu halı aydınlaşdırmamşdır. Cavabdeh2 özünü ona Cavabdeh1 MMC-nin direktoru kimi təqdim etmiş, onunla MMC-nin direktoru kimi müqavilə bağlamış və ondan pul məbləğlərinin alınmasına dair qəbzləri də MMC-nin rəhbəri kimi imzalamışdır və MMCnin möhürü ilə təsdiq etmişdir. Halbuki, Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən əldə etdikləri çıxarışda Cavabdeh1 MMC-nin 10 fevral 2020-ci il tarixdə təsis olunduğu və həmin tarixdən X1 da MMC-nin direktoru olduğu qeyd edilir. Yəni, həqiqət ondan ibarətdir ki, Cavabdeh2 onunla müqavilə bağladığı 25 dekabr 2020-ci il tarixdə Cavabdeh1 MMCnin direktoru olmamışdır, onunla MMC arasında hər-hansı bir əmək müqaviləsi bağlanmamışdır, o, MMC-ni rəsmi təmsil edən şəxs olmamışdır. Burdan belə çıxır ki, Cavabdeh2 səlahiyyəti olmadığı halda Cavabdeh1 MMC-nin adından mənimlə saxta müqavilə bağlamış və bütün pulları öz mənimsəmişdir. Onun özü həm Nəsimi rayon Polis idarəsində izahatında, həm də Məhkəmə iclasında 31350 manat pulu ondan aldığını etiraf etmişdir. Belə olduğu təqdirdə ona vurulmuş zərərə görə həm Cavabdeh1 MMC, həm də X8 məsuliyyət daşıyır. Lakin, məhkəmə işə baxarkən X5 MMC-nin qanuni təmsilçisi olmamasını aydınlaşdırmamış, onun məsuliyyətini MMC-nin üzərinə yükləməklə madi hüquq normasınını tələblərini pozmuşdur. Bundan başqa qətnamənin gələcəkdə icrasını də səmərəsiz etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə. 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia rədd olunan və Cavabdeh2 münasibətdə təmin olunmayan hissədə ləğvi xahiş edildiyindən, mübahisənin predmeti bölünən olduğu, cavabdehlər iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onlar tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia rədd olunan və Cavabdeh2 münasibətdə təmin olunmayan hissələrdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında 25 dekabr 2020-ci il tarixdə “Təmir xidmətlərinin göstərilməsinə dair” müqavilə imzalanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıya məxsus 2 ədəd mənzili təmir edib təhvil verməyi, iddiaçı isə əvəzində 37000 manat məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən həmin müqavilə üzrə cavabdehə ümumilikdə 31350 manat məbləğdə ödəniş edilmiş, cavabdeh tərəfindən isə həmin mənzillərdə cəmi 10250 manat məbləğdə təmir işləri aparılmışdır.

25. İddiaçı iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, iş üzrə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli 10/6650 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçının evlərində təmirə xərclənmiş cəmi məbləğ 10250 manat təşkil edir. Birinci instansiya məhkəməsi bunu nəzərə almaqla, tərəflər arasında iddiaçı tərəfindən ödənilməsi mübahisələndirilməyən 31350 manatın geri qalan 21100 manat hissəsini cavabdeh MMMC-dən tutmaqla düzgün nəticəyə gəlmişdir.

26. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan, hazırkı işdə isə tərəflər arasında belə bir yazılı razılaşma mövcud olmadığından, birinci instansiya məhkəməsi 10000 manat məbləğdə dəbbə pulunun tutulmasının rədd edilməsi hissədə də doğru nəticəyə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsinə münasibətdə məhkəmə xərclərinin müəyyənləşdirilməsi forması da düzgün olmuşdur.

27. İddiaçı iddianın Cavabdeh2 münasibətdə təmin olunmalı olması barədə mövqeyini onunla əsaslandırmışdır ki, sonuncu Cavabdeh1 MMC-nin təsisçisi və direktoru olduğunu bildirsə də mülki işin materialları ilə bu fakt öz təsdiqini tapmamışdır. Cavabdeh2 özünü ona MMC-nin direktoru kimi təqdim etmiş, onunla MMC-nin direktoru kimi müqavilə bağlamış və ondan pul məbləğlərinin alınmasına dair qəbzləri də MMC-nin rəhbəri kimi imzalamışdır və MMC-nin möhürü ilə təsdiq etmişdir. Halbuki, Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən əldə etdikləri çıxarışda Cavabdeh1 MMC-nin 10 fevral 2020-ci il tarixdə təsis olunduğu və həmin tarixdən X1 da MMC-nin direktoru olduğu qeyd edilir. Yəni, həqiqət ondan ibarət olmuşdur ki, Cavabdeh2 onunla müqavilə bağladığı 25 dekabr 2020-ci il tarixdə MMC-nin direktoru olmamışdır, onunla MMC arasında hər-hansı bir əmək müqaviləsi bağlanmamışdır, o, MMC-ni rəsmi təmsil edən şəxs olmamışdır. Cavabdeh2 səlahiyyəti olmadığı halda MMC-nin adından onunla saxta müqavilə bağlamış və bütün pulları öz mənimsəmişdir.

28. Kollegiya bu dəlilə münasibətdə ilkin olaraq qeyd edir ki, Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən əldə edilən çıxarışda məlumatın çıxarıldığı tarixdə hüquqi şəxsin təsis olunduğu tarix və həmin dövrdə qanuni təmsilçisi barədə məlumatlar qeyd olunur. Yəni, çıxarışda tarixin və qanuni təmsilçinin adının qeyd olunması təmsilçinin məhz təsis tarixindən həmin vəzifəsi tutması anlamına gəlmir. Digər tərəfdən Mülki Məcəllənin 360.1ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Hazırkı müqavilədə isə, Cavabdeh2 belə bir səlahiyyəti olmasaydı belə, MMC tərəfindən müqaviləyə möhür vurulmaqla əqd hər iki tərəfdən bəyənilmiş, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmış və iddiaçı tərəfindən MMC-yə ödənişlər aparılmışdır. Müqavilə üzrə iddiaçıya məxsus mənzillərdə təmir işləri də məhz MMC tərəfindən aparılmışdır.

29. Müqavilənin tərəfi Cavabdeh2 deyil. Cavabdeh1 MMC olduğundan bu müqavilə şəxsən onun üçün öhdəliklər yarada bilməz, çünki o, fiziki şəxs olaraq öhdəliyin tərəfi deyildir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeni əsaslı hesab edir.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(006)- 141/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(006)- 141/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar