Məhkəmə qərarları › İş №2(103)-3393/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3393/2022

26.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3393/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(010)-83/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmişov Sübhan Fərman oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki, 3 otaqlı 172 saylı mənzilindən cavabdeh Əmişov Sübhan Fərman oğlunun ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(010)-83/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 172 saylı mənzilindən cavabdeh Əmişov Sübhan Fərman oğlu ailə üzvlərinin ilə birlikdə çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Əmişov Sübhan Fərman oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9191/2019 nömrəli, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Əmişov Sübhan Fərman oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-508/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçı Əmişov Sübhan Fərman oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9191/2019 nömrəli iş üzrə 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək iddiadan imtina etməsini bildirmiş və bu barədə ərizənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiadan imtina barədə ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, iddia üzrə iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtinası barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(010)-83/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar